Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-150/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5356/2023 saylı, 31 oktyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 108804- 423142/7 nömrəli kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə illik 16,5 % ödəmək şərti ilə 20.000 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun (maliyyə arayışının tərtib edildiyi tarixə) kredit müqaviləsi üzrə 17.774,18 manat əsas borcu, 2.374,71 manat faiz borcu, cəmi 20.148,89 manat borcu yaranmışdır.
2. İşin apellyasiya baxışı zamanı tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/9958/2024 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 108804-423142/7 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Banka xx.xx.2023-cü il tarixə (pretenziya bildirişinin çatdırıldığı tarixə) olan əsas borcunun 17.810,66 manat, faiz borcunun 636,73 manat təşkil etdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.774,18 (on yeddi min yeddi yüz yetmiş dörd manat, on səkkiz qəpik) manat məbləğində əsas borc, 2.374,71 (iki min üç yüz yetmiş dörd manat, yetmiş bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 20.148,89 (iyirmi min yüz qırx səkkiz manat, səksən doqquz qəpik) manat borc və 150,85 (yüz əlli manat, səksən beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı “ExpressBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclanan Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 108804-423142/7 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 7 iyul 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 17.774,18 manat məbləğində əsas borc və 2.374,71 manat faiz borcu olmaqla, ümumilikdə 20.148,89 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5356/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmiş, bunulada iddiaçını kredit müqaviləsi bağlayan zaman ümid etiklərinə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5356/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin əsas borcun və faiz borcun tutulması hissəsində dəyişdirilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10 avqust 2022-ci tarixli 108804- 423142/7 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona illik 16.5 % olmaqla 36 ay müddətinə 20.000 (iyirmi min) manat kredit verilmiş, həmin kredit vəsaitindən ödəmələr olunmuş, lakin iddiaçı tərəfindən əsassız olaraq 17.774,18 manat borc hesablanmışdır. O, qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından imtina etməmiş, lakin hesab edir ki, müqavilə üzrə borc və borca görə hesablanmış faiz borcu düzgün hesablanmamışdır. Qeyd olunan məsələ məhkəmə baxışı zamanı düzgün araşdırılaraq, hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının əsassız və yalan məlumatlarına, saxta kredit müqaviləsinə əsaslanmaqla qərar qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə işə çəkişmə prinsipi əsasında onu məhkəmə prosesinə cəlb etmədən baxmışdır. Nəticə yalnız iddiaçının təqdim etdiyi əsassız müqavilə əsasında qətnamə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi məhkəmə müvafiq əmttəəşünaslıq və mühasibatlıq ekspertizası təyin edərək, kredit müqaviləsi üzrə əsas borcun həqiqətən də iddia ərizəsində qeyd olunduğu kimi olmasını araşdırmamışdır. Bundan başqa iddiaçı tərəfindən tələb olunan məbləğin əsaslı olubolmamasını və faiz borcunun düzgün hesablanmasını təmin etməmişdir. Yalnız iddiaçının verdiyi məlumatlara əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi nəticədə məhkəmə iş üzrə öz təşəbbüsü ilə ekspertiza təyin etmədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərini pozaraq işə obyektiv baxılmasını təmin etməmişdir. Onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Nəticədə, o, özünün haqlı olmağını təsdiq edən sübut və məlumatları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və onun hüquqları pozulmuşdur.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsas borcun və faiz borcunun tutulması hissəsində dəyişdirilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 20.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
21. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 22.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 24.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 25.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 26.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
27.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 28.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə). 29.Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (58-ci maddə).
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.
32. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin tərəfi olduğu kredit müqaviləsində qeyd edilən, habelə rəsmi yaşayış yeri olan ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.
33. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir.
35. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildiyi kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 108804- 423142/7 nömrəli kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə illik 16,5 % ödəmək şərti ilə 20.000 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun (maliyyə arayışının tərtib edildiyi tarixə) kredit müqaviləsi üzrə 17.774,18 manat əsas borcu, 2.374,71 manat faiz borcu, cəmi 20148,89 manat borcu yaranmışdır.
36. Beləliklə də, hazırda cavabdehin müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilir. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə borc verənin kredit verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir.
38. Bununla belə kollegiya iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspert qarşısında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 108804- 423142/7 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-cü il tarixinə (pretenziya bildirişinin çatdırıldığı tarixə) əsas və faiz borcu nə qədər təşkil etdiyi barədə rəy verilməsi xahiş edilmişdir.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-9/9958/2024 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 108804-423142/7 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Banka xx.xx.2023-cü il tarixə (pretenziya bildirişinin çatdırıldığı tarixə) olan əsas borcunun 17.810,66 manat, faiz borcunun 636,73 manat, cəmi borcunun 18.447,39 manat təşkil etdiyi müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Nəzərə alınsa ki, Bank tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam vermək niyyətində olduğunu xx.xx.2023-cü il tarixində (pretenziya bildirişinin çatdırıldığı tarix) müvafiq qaydada məktub göndərməklə bildirmişdir, müqaviləyə həmin tarixdə xitam verilmiş müəyyən edilməli, annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlər) isə kredit müqaviləsinin qüvvədə olma müddətinə xitam verilənədək mövcud olmuş məbləğdə tutulmalıdır.
41. Məhkəmə kollegiyası baxmayaraq ki, ekspert rəyi ilə bankın-kreditorun Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsi barədə birtərəfli iradə ifadəsini bildirdiyi tarixə müqavilə müddəti üçün hesablanmış əsas borcun məbləği (17.810,66 manat) iddia ərizəsində qeyd ediləndən daha yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, birinci instansiya məkəməsi cavabdehdən əsas borc üzrə 17.774,18 manat məbləğində pul tutmaqla haqlı olmuşdur. Həmçinin ekspert rəyi ilə borclunun faiz borcu 2.374,71 manat deyil, 636,73 manat məbləğində müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə borclunun xx.xx.2023-cü il tarixədək (pretenziya bildirişinin çatdırıldığı tarixədək) yaranmış məbləğdə faiz borcu cavabdehdən tutulmalıdır.
42. Beləliklə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5356/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi “faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 avqust 2022-ci il tarixli, 108804-423142/7 nömrəli kredit müqaviləsinə əsasən yaranmış faiz borcu üzrə 636,73 manat məbləğində pul tutulmalıdır.
43. Habelə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 150,85 manatın 91 manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 76 manatın 7 manatı İddiaçı ASC-dən tutularaq Cavabdeh, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manatın 4 manatı İddiaçı ASC-dən, 46 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 44.Mülki-Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 45.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5356/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi “faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh 10 avqust 2022-ci il tarixli, 108804-423142/7 nömrəli kredit müqaviləsinə əsasən yaranmış faiz borcu olaraq 636,73 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 150,85 manatın 91 manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 76 manatın 7 manatı İddiaçı ASC-dən tutularaq Cavabdeh ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manatın 4 manatı İddiaçı ASC-dən, 46 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev