Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1500/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta hadisəsinin nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin fakt üzrə hesablanaraq müəyyən edilməsi, dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(006)-7035/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta hadisəsinin nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin fakt üzrə hesablanaraq müəyyən edilməsi, dəymiş zərərəin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(006)- 7035/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə istinad etməklə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı X2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o iddia ərizəsindəki çatışmazlıqları aradan qaldıraraq əvvəlki məzmuna uyğun şəkildə yenilənmiş iddia ərizəsi ilə müraciət etmiş, lakin dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. O, ödənilmiş rüsumun həcmindəki uyğunsuzluqla bağlı bütün çatışmazlıqları məhkəmə prosesində aradan qaldıracağını bildirmişdir. Bundan başqa, iddia ərizəsinə tələbini əsaslandıracaq kifayət qədər mötəbər sübut əlavə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması düzgün olmuşdur. Belə ki, iddia ərizəsi qanunvericiliyin “iddia ərizələrinə dair forma və məzmun” tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb hissəsində iddiaçı “sığorta hadisəsi nəticəsində ona məxsus olan nəqliyyat vasitəsinə dəymiş zərərin fotoşəkillərlə deyil, fakt üzrə hesablanma aparılaraq müəyyən edilməsi, ona dəymiş zərərin ödənilməsini” xahiş etmişdir. Göründüyü kimi, iddiaçının ərizəsində tələbi qeyri-müəyyəndir, iddiaçı cavabdehə qarşı yönələn tələbini düzgün formada müəyyən etməmiş, iddianın təmin ediləcəyi təqdirdə cavabdehdən ona dəymiş ziyanın əvəzi olaraq tələb etdiyi məbləğin miqdarının nə qədər olmasını ərizəsində göstərməmişdir. İddiaçı özünün istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir (nəqliyyat vasitəsinə dəyən ziyanla bağlı qüsur aktı və s). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, 398.0.3-cü maddəsinə əsasən isə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(006)- 7035/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1500/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1500/2022
27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver