Məhkəmə qərarları › İş №2(103)-1501/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1501/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1501/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4265/2022 saylı 21 noyabr 2022ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 150 saylı müqavilənin surətindən görünür ki, MTK Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə həmin qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulan dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T,Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə ünvanda "xxxx" MTK-nın payçısı İddiaçı kooperativə 3 saylı binada, 139 kv.m.-lik qeyri-yaşayış sahəsinin tam dəyərini 417.000 manat ödəmişdir.

3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli işəmuzd əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin «Nizami» rayon filialı direktor vəzifəsinə işə qəbul edilmişdir.

4. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş və "xxxx" qismində İddiaçı ilə "xxxx" qismində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyriyaşayış sahəsini xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə icarəyə verməyə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə bunun müqabilində İddiaçı ayda 2.200 manat olmaqla icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə münasibətləri xx.xx.2021-ci il tarixdən qüvvəyə minir.

5. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş və "xxxx" qismində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 ilə "xxxx" qismində X7 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx.xx.2021-ci il tarixli 3M862 reyestr saylı icarə müqaviləsinə əsasən İddiaçıa oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyri-yaşayış sahəsinin 39 kv.m.-lik hissəsini «Subicarəçi» X1 verilmişdir. Subicarə müddəti xx.xx.2021-ci il tarixindən qüvvəyə minir və subicarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. «Subicarəyə götürən» X7 "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aylıq 300 manat subicarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

6. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müqavilə öhdəliklərinn yerinə yetirilməsi haqqında pretenziyanın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişçəsindəki 2453-cü məhəllə, 3 saylı biinanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şirkəti tərəfindən icarəyə müqaviləsinə xitam verilməsi üçün xx.xx.2021-ci il tarixdə müraciət edilmişdir. Nəzərinə çatdırmaq istərdi ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Sığorta Şirkəti tərəfindən icarə haqqı ödənilməmişdir. Bundan başqa müqaviləyə xitam verilməsi çünü müraciət etdiyi vaxtından bu günə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əşyaları icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmamışdır.Bu səbəbdən o (İddiaçı), istifadəsində olan qeyri-yaşayış sahəsini icarəyə verə bilmir. Göstərilənləri nəzərə alaraq Sığorta Şirkəti tərəfindən ödənilməmiş icarə haqqlarının ödənilməsini və hüquqi şəxsə məxsus əşyaların Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılmasını 3 gün ərzində təmin etməsini xahiş olunmuşdur.

7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli siyahın surətindən görünür ki, Tofiq Abbasov küçəsi, 24-də 6 adda inventar xx.xx.2022-ci il tarixdə götürülmüşdür.

8. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin e-2(006)-2212/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və s» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 100,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlat Sığorta Kommersiya Şirkətinin Nizami filialının direktoru Cavabdeh1 tərəfindən icarə müqavilasinə xitam verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ila müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olan icarə haqqı bu günə kimi ödənilməmişdir. Bundan başqa müqaviləyə xitam verilməsi üçün müraciət edildiyi vaxtdan bu günə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əşyaları icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmamışdır. Bu səbəbdən iddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsini icarəyə verə bilmir və bununla da ona zərər dəyir. İcarə haqqının ödənilməsi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2212/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə ididaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adından Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 100,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti öz işçisinin müqavilə bağlanması barədə məlumatlı olmuş, bunu qəbul etmişdir. Cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə edəndən sonra həmin sahəni tərk etmiş və ödəniş edilməmişdir. Bununla da iddiaçıya ziyan vurulmuşdur. Göstərilənlərə əsasən cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh1 10.000 manat dəymiş zərərin və 123 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4265/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə vurulmuş ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (yüz iyirmi üç) manat, cəmi 10.123 (on min yüz iyirmi üç) manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.5, 1096, 1097.1, 1115-ci maddəsinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını, iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,40 (altmış üç manat, 40 qəpik) dövlət rüsumunun iddiaçıdan cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi Şirkətə aid olan əsassız olaraq təmin edilmişdir və bu səbəbdən qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, Cavabdeh1 hazırkı müqavilə münasibəti üzrə təmsilçi olduğu və müqaviləni təmsilçilik səlahiyyətini aşmaqla bağladığından, vurulmuş zərərin əvəzinin ödənilməsi bilavasitə həmin şəxsə aiddir. Məcəllənin istinad olunan normalarının hazırkı işə tətbiqi baxımından, iddia tələbinin qanuni əsası vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Bağlanmış icarə müqaviləsi məhkəmə qətnəmasi əsasında etibarsız hesab edildiyindən, Şirkətin iddiaçı qarşısında müqavilə üzrə hər hansı öhdəliyi mövcud olmadığı kimi, dolayısı ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkətə qarşı qaldırılmış iddia da tam əsassızdır. Bu səbəbdən, hazırda iddiaçıya dəymiş zərərə görə Şirkət deyil, filialın direktoru vəzifəsində çalışmış Cavabdeh1 delikt məsuliyyəti daşıyır. Hazırkı mübahisənin hüquqi əsası məhz deliktdən əmələ gələn öhdəliklərə aid olduğundan, zərərin əvəzinin ödənilməsi təmsilçilik səlahiyyətini aşan bilavasitə delikt törətmiş şəxsin, yəni Cavabdeh1 üzərinə qoyulmalıdır. Birinci instansiya məhkəməsində iş üzrə iki dəfə hazırlıq iclası keçirilmişdir. İddiaçı iddiasını sübuta yetirməsi üçün əhəmiyyət kəsb edən sənədləri hazırlıq iclası yekunlaşana qədər təqdim etməli idi. İddiaçının nümayəndəsi və vəkili tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixində akt əlavə edilmişdir. İstinad olunan maddənin tələbi baxımından, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixində keçirilmiş baxış iclasında həmin aktın nə üçün hazırlıq iclasında deyil də, baxış iclasında təqdim etdiyini əsaslandırmalı olduğu halda heç bir əsaslandırma gətirməmiş, buna baxmayaraq məhkəmə həmin aktı sübut qismində qiymətləndirərək iş materiallarına əlavə etmiş, habelə qətnamə çıxarılarkən istinad etmişdir. Buna görə də hesab edilir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən prosessual hüquq normasının tələbləri pozulduğundan, baxış iclasında verilmiş akta istinad edilə bilməz. İşin yuxarıda qeyd olunan halları, o cümlədən Şirkətin iddiaçı qarşısında hər hansı öhdəliyi olmadığından, dolayısı ilə mülki qanunvericiliyin istinad olunan normaları baxımından vurulmuş zərərin digər cavabdehdən tutulmalı olduğu işə birinci instansiya məhkəməsində baxıldığı zaman məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəmə iddia tələbini Şirkətə aid hissədə əsassız olaraq təmin etmişdir. Məhkəmə gəldiyi əsaslandırmaq üçün bir sıra hallara istinad etmişdir. Qətnamədə obyektdə olan əşyaların Şirkətin mülkiyyətinə aid olduğu göstərilir. Lakin iş materiallarında həmin əşyaların Şirkətə aid olduğunu təsdiq edən hər hansısübut olmadığı kimi, məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 verdiyi izahatında həmin əşyaların özünə məxsus olduğunu etiraf etmişdir. Bu halda, məhkəmə həmin əşyaların əsassız olaraq Şirkətə aid olduğu qənaətinə gəlmişdir. Qətnamədə qeyd olunur ki, (25-ci bənd) “iddiaçıya etibarsız müqavilənin bağlanması nəticəsində ziyan dəymişdir”. Lakin MM-nin 360.1-ci maddəsindən də məlum olduğu üzrə, etibarsız müqavilənin bağlanmasından dolayı vurulmuş zərərin əvəzinin ödənilməsi təmsilçiyə aid edilir. Belə olan halda, hesab edilir ki, məhkəmə etibarsız müqavilənin hüquqi nəticəsini doğru qiymətləndirməmişdir. Qətnamədə qeyd olunur ki, (32-ci bənd) “cavabdeh Şirkət müqavilə bağlayarkən əmək funksiyalarını və işçinin səlahiyyətlərini dəqiq göstərməməklə ona etibar etmişdir”. Qeyd edilməlidir ki ,Şirkətin Cavabdeh1 müqavilə bağlaması üçün etibar etməsi məsələsi müqavilə etibarsızlığı tələbi üzrə əvvəlki məhkəmə mübahisəsinin predmeti hesab olunur. Məhkəmə işin hallarını araşdırmış, Şirkətin həqiqətən də Cavabdeh1 etibar etmədiyini müəyyən edərək, müqaviləni etibarsız hesab etmişdir. Digər tərəfdən, Şirkətin nizamnaməsində agentliklərin vəzifə və funksiyaları dəqiq müəyyən olunduğundan, əmək müqaviləsində filial direktorunun səlahiyyətlərinin sadalanması tələb olunmur. Bu səbəbdən, məhkəmənin araşdırılmış məsələni təkrar nəzərdən keçirməsi və ona istinad etməsi əsassızdır. Qeyd olunanlara istinadən, məhkəmənin iddia tələbini təmin edərkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıdan icarəyə götürülmüş qeyri-yaşayış sahəsində məhz Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin faəliyyəti həyata keçirilmiş və orda olan əşyalar da Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus olmuşdur.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2 hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

25. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz».

26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 121.1 məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ona münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4265/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış icarə müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilməsinə baxmayaraq, iddiaçıya etibarsız müqavilənin bağlanması nəticəsində maddi ziyan dəymişdir. Bu maddi ziyan özündə, mülkiyyətçinin icarəyə vermiş olduğu sahə ilə əlaqədar icarə haqqının və daha sonradan sonuncu cavabdehin qeyriyaşayış sahəsində qalan əmlakları nəticəsində öz sahəsini 3-cü şəxs(lər)ə verə bilməməsi zərərini ehtiva edir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh1 hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, Cavabdeh1 ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh1 verilmiş səlahiyyətlər, əmək funksiyaları boşluq formasında qeyd edilməklə, məhdud çərçivədə sadalananmamışdır. Bu halın özü isə deməyə əsas verir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müqavilə bağlayarkən əmək funskiyalarını və işçinin səlahiyyətlərini dəqiq göstərməməklə ona etibar etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək funskiyalarının və səlahiyyətlərinin əmək müqaviləsində dəqiq göstərilməməsi riskini işə götürən özü daşımalıdır.

40. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır və təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası həmçinin dəymiş maddi ziyanın hesablanması ilə bağlı qeyd edir ki, apellyator şikayətindən ümumiyyətlə həmin məbəği mübahisələndirməmiş, mübahisənin əsası ondan ibarət olmuşdur ki, tələb olunan məbləğ onlardan deyil digər Cavabdeh1 tutulmalıdır. Hazırkı halda dəymiş ziyan mübahisələndirilmədiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə vurulmuş ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (yüz iyirmi üç) manat, cəmi 10.123 (on min yüz iyirmi üç) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

42. Belə ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin faktiki olaraq hüququ əsaslar olmadan (məhkəmə qətnaməsi ilə icarə müqaviləsi etibarsız hesab edildiyi üçün) zəbt edərək 2(iki) ay fəaliyyət göstərmiş, daha sonradan əmlaklarını iyun 2022-ci il tarixə yəni dekabr 2021-dən iyun 2022-ci il tarixədək səbəbsiz yerə məşğul etməklə iddiaçıya heç bir haqq verməmişdir. Bu səbəbdən aylıq icarə haqqı 2200 manat olduğundan 8 ay hesablanmaqla (2 ay faktiki fəaliyyət+ qeyri-yaşayış sahəsi 6 ay istifadəsiz qalmışdır) 17.600 manat məbləğində orta məbləğlə ziyan dəyməsi müəyyən edilmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4265/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar