Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1501/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3421/2023 nömrəli 16 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2672/2020 nömrəli xx.xx.2020-ci il qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh X4 xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsində aliment tutulması qət edilmişdir.
2. 2 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışa əsasən Cavabdeh 1-ci dərəcəli əlilliyə görə 303,75 manat məbləğində əmək pensiyası, 1-ci dərəcəli əlilliyə görə 200 manat məbləğində Prezident təqaüdü alır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə övladları xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2672/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin artırılaraq hər ay 220,0 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 2010-cu ilin may ayında faktiki olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2672/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi ilə nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra onun yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsində aliment tutulması qət edilmişdir. Hazırda oğlunun 11 yaşı var, orta məktəbdə təhsil alır. Bundan başqa oğlu orta məktəbdən əlavə hazırlıqlara gedir, buna görə 60 manat pul ödəyir. Həmçinin aylıq 35 manat sürücüyə ödənilir. Bundan başqa övladı fasiləsiz müalicə alır, belə ki, o, beyin təzyiqindən əziyyət çəkir. Uşaq üçün xərclərə sağlam qidalanma, geyim, dərmanlar və s. digər xərclər daxildir. Bütün bunlara kifayət qədər pul lazımdır və təyin olunmuş təxminən 100 manat aliment məbləği əslində xərclərin yarısına belə çatmır. Həmçinin onda olan məlumata görə cavabdehin qazancı 500 manata qədərdir, lakin hansısa səbəbə görə daha az məbləğdə aliment alır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 noyabr 2023-cü il tarixli 2(003)-3421/2023 nömrəli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2672/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün cəmi 220,0 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəyə bilməsi üçün kifayət qədər gəlirinin olmasını sübuta yetirə bilmədi, uşağın mənafeyini uşağın təminatının mümkün qədər maksimal saxlanması və cavabdehin maddi imkanlarını nəzərə alaraq, hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 112.1-ci maddəsi, «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlər sadalanmaqla, heç bir yerdə işləmir. Əvvəllər salonda xadimə işləyirdi, həmin obyekt bağlandıqdan sonra işsizdir. Anası rəhmətə gedib, atası ilə kirayədə qalır. Yeganə gəlir yeri atasının məşğul olduğu fəhləlikdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
23. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
24. Məhkəmə sonuncu aliment məbləğinin təyin edilməsindən 3 ilə qədər müddət keçməsini və bu müddət ərzində yaşayış şərtləri dəyişməsini nəzərə alaraq 2020-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin ödənilmə qaydasını dəyişdirərək sabit pul şəklində hər ay 150 manat müəyyən etmişdir.
25. İddiaçı isə alimentin 220 manat müəyyən edilməsini tələb edir.
26. Bununla bağlı məhkəmə göstərmişdir ki, iddiaçı cavabdehin qeyd olunan aliment məbləğini ödəməyə kifayət qədər imkanının olduğunu göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
27. Göründüyü kimi cavabdeh 1-ci dərəcəli əlilliyi olmaqla pensiya və təqaüd alır.
28. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, məhkəmənin alimentin məbləğinin 150 manat məbləğində müəyyən edilməsi barədə qəanəti düzgün olmuşdur.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3421/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.