Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1505/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.000 manat borcun, 5.000 manat mənəvi zərərin, 5.000 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-1771/20) iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli «Kredit Müqavilələri»nə əsasən 23.000 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin 1000 manat pul tutulması hissəsində ləğv edilməsini və iddia tələbi qismən təmin olunmaqla ondan cəmi 22000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə xx xxxxxx 2018-ci il tarixdə və xx xxxxxx 2019-cu il tarixdə kredit müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən iddiaçı cavabdehə 23.000 manat məbləğində borc vermişdir. Müqaviləyə əsasən cavabdeh həmin borcu müqavilədə müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış və X1 Xidmət mərkəzinin notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş xx xxxxxx 2018-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən borc verən borc alana 8.000 manat məbləğində borc verir, borc alan isə həmin məbləği xx xxxx 2019-cu il tarixədək borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış və X1 Xidmət mərkəzinin notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş xx xxxxxx 2019-cu il tarixli «Kredit Müqaviləsi»nə əsasən borc verən borc alana 15.000 manat məbləğində borc verir, borc alan isə həmin məbləği xx xxxxxxxx 2019-cu il tarixədək borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya 23000 manat məbləğində borcunun olmasını qəbul edir, lakin qətnamə çıxmamışdan qabaq xx.xx.2020ci il tarixdə o, borcundan 1000 manat ödəmiş, iddiaçıya da bu barədə məlumat vermişdir. Lakin məhkəmə tələsik qətnamə qəbul etdiyinə görə məhkəməyə məlumat verə bilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə deyil, yalnız iddianın təmin olunan hissəsində qismən mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixli kredit müqavilələrindən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 23.000 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da müqavilənin 8-ci bəndinin ona izah edilməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini yalnız müqavilə üzrə borca münasibətdə əsaslı saymış və təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386, 739.1, 740.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili xx.xx.2020-ci il tarixdə, yəni məhkəmə tərəfindən qətnamə çıxarılanadək iddiaçıya olan borcundan 1000 manatı ödəməsi və qətnamə çıxarılarkən bunun Səbail Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamasından ibarətdir. İşdən göründüyü kimi, cavabdeh xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməyərək ödəniş barədə heç bir məlumat verməmiş, apellyasiya şikayətində iddiaçını xəbərdar etdiyini bildirsə də, iddiaçı da məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim etməmiş, ona ödəniş olması barədə məlumat verməmişdir, qətnamə qəbul edilənədək məhkəməyə 1000 manat ödəniş edilməsi ilə bağlı heç bir məlumat təqdim edilməmişdir. Belə olan halda məhkəmə əsaslı olaraq cavabdehdən tam borc məbləğini tutlmuşdur. MPM-nin 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası cavabdehə izah edir ki, 1000 manat borcun ödənilməsi ilə bağlı sənədləri (qəbzi) icra mərhələsində və icra qaydasında təqdim etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1505/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1505/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver