Məhkəmə qərarları › İş №2(103)-1507/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1507/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1507/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil Əsgər oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6431/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-də verdiyi izahatda bildirmişdir ki, o, Cavabdeh 1 il müddətində hissə-hissə 1250 manat məbləğində borc pul almışdır. Həmin pulları Həmidə ona faizlə vermişdir. Ona Həmidə 6 dekabrda 400 manat, 27 dekabrda 300 manat, 29 yanvarda 1250 manat, 11 fevralda 100 manat, 9 martda 100 manat, 30 martda 100 manat və 6 apreldə isə 100 manat faizlə pul vermişdir. Həmidəyə 3800 manat borcu olmadığını bildirmişdir.

2. Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55-1/2-N-4879 №-li məlumata əsasən, İradə adlı şəxs tərəfindən 3800 manat pul borcunun geri qaytarılmaması ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh ona verilmiş borc puldan 34 saylı polis bölməsində izahat verərək etiraf etdiyi 1250 manat məbləğində pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2023-cü il tarixində işlədiyi çörək zavodunda Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh iddiaçıya pula ehtiyacı olduğunu bildirmiş və 5000 manat məbləğində borc istəmişdir. İddiaçı onlar arasında olan dostluq münasibətlərinə və səmimiyyətə inanaraq 3800 manat məbləğində borc pul vermişdir. Daha sonra iddiaçı cavabdehin çox adama borcu olduğunu bilmiş və verdiyi borc pul məbləğini ondan tələb etmişdir. Lakin, cavabdeh hər dəfə müxtəlif yalanlar danışmaqla borc pul məbləğini ödəməkdən boyun qaçırmışdır.

5. Cavabdeh iddia ərizəsinə etiraz verərək hazırda iddiaçıya qalan borcunun 252 manat olduğunu və iddianın qalan hissədə qəbul etmədiyini bildirmiş, məhkəmədən iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6431/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1205 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,05 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X2).

7. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçı iddia tələbində cavabdehin Xətai RPİ-nin 34-cü PŞ-də verdiyi izahatda etiraf etdiyi 1250 manat məbləğində borc məbləğinin cavbdehdən tutularaq ona qaytarılmasını tələb etmişdir. Həmin izahdan da məlum olur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda pul almış, mart, aprel, may aylarında müəyyən məbləğlərdə faiz olaraq pul ödədiyini qeyd etmiş, 1250 manatı imkansızlıq səbəbindən ödəyə bilmədiyini qeyd etmişdir. Eyni zamanda, iddiaçı məhkəmə iclasında cavabdehin polis şöbəsində izahat verdikdən sonra ona 45 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia 1205 manat məbləğində olan hissədə təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 448-ci, 739.1-ci, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 88-ci, 89-cu, 213-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın qismən, yəni 252 manat həcmində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ona hissə cəmi 1.250 manat borc pul vermiş, onu da faizlə birlikdə qaytarmış, ondan tələb etdiyi 1.250 manatı hakim faizə hesablamışdır ki, o, özü faizi məhkəmə iclasında qəbul etmiş, lakin bunun əksinə olaraq onun qaytardığı pulları məhkəmə qanunsuz və əsassız olaraq faiz kimi hesablamışdır, bu da qanunla yolverilməzdir. Onlar arasında borcun faizlə qaytarılmasına dair işdə sübut yoxdur. 1.250 manat borcdan tam olaraq 1.002 manat qaytarmış, hazırda iddiaçıya olan borcu 252 manat təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin dilməməsini xahiş etdi.

d) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Cavabdeh tərəfindən qətnamə iddianın qismən, yəni 252 manat həcmində təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən,qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-də verdiyi izahatda etiraf etdiyi 1250 manat məbləğində borc məbləğinin cavbdehdən tutularaq ona qaytarılmasını tələb etmişdir. Həmin izahatdan da məlum olur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda pul almış, mart, aprel, may aylarında müəyyən məbləğlərdə faiz olaraq pul ödədiyini qeyd etmiş, 1250 manatı imkansızlıq səbəbindən ödəyə bilmədiyini bildirmişdir. Eyni zamanda, iddiaçı məhkəmə iclasında cavabdehin polis şöbəsində izahat verdikdən sonra ona 45 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini 1205 manat məbləğində olan hissədə təmin etmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş ziyanın əvəzinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

23. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6431/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar