Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1509/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: borcun tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5186/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 68.000 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh isə xx.xx.2022-ci il tarixədək həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu (bildiriş) ilə cavabdehə xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin müqavilə üzrə öhdəliyin xx.xx.2024-cü il tarixədək icra edilməsi təklif edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq məsələ ilə bağlı məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 68.000 manat məbləğində borc pulun, 294 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, borcun qaytarılmasına dair kredit müqaviləsində göstərilən müddətin xx.xx.2022-ci il tarixdə başa çatmasına baxmayaraq, cavabdeh müqavilənin icrası ilə bağlı heç bir tədbir görməmişdir. Borcun qaytarılması ilə əlaqədar olaraq, dəfələrlə onunla apardığı danışıqlar müsbət nəticə verməmişdir. Belə ki, cavabdeh hər dəfə yalan vədlər verərək, onu aldatmağa cəhd etmişdir. Bununla əlaqədar olaraq, ilk öncə borcluya pretenziya məktubu göndərmişdir. Lakin, borclu yenə də, borcun qaytarılması istiqamətində hər hansı addım atmamışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5186/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 68.000 manat məbləğində pul vəsaiti və 294 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmuşdur (hakim X4).
5. Məhkəmə iddianı təmin edərkən bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı 68.000 manat məbləğində borc pul alaraq, xx.xx.2022-ci il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, hazırki günədək həmin məbləği tam şəkildə geri qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya 5.300 ABŞ (9.010 manat) dolları və 7.700 ABŞ dolları (13.090 manat) ödəniş olunduğunu bildirsə də, həmin hal məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq edilməmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməməsi sübut edildiyi üçün məhkəmə hesab etmişdir ki, Cavabdeh 68.000 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386-cı, 442-443-cü, 445-ci, 448-ci, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən borc müqaviləsi üzrə 5.300 ABŞ (9.010 manat) dolları və 7.700 ABŞ dolları (13.090 manat) ödəniş edilmişdir. Bununla bağlı şahid də vardır. Lakin şahid məhkəmə iclasında iştirak etməmişdir. O, iddia tələbinin 45.900 manat hissəsini qəbul etmişdir. Bununla bağlı dəfələrlə məhkəməyə disk və flaş kart təqdim edilsə də, qəbul edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının özünə və onun qaynatasına 9.010 manat və 13.090 manat məbləğində pul qaytarmışdır. İddiaçı özü cavabdehə tapşırmışdır ki, pulu onun qaynatasına versin. Lakin qaynataya verilən pulun sonradan onun tərəfindən iddiaçıya ötürülüb-ötürülməməsi barədə məlumatı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh borc qismində götürdüyü puldan iddiaçıya hər hansı məbləğdə ödəniş etməmişdir. Eyni zamanda, iddiaçı borc müqaviləsi üzrə ödənişlərin onun qaynatasına edilməsi ilə bağlı cavabdehə hər hansı tapşırıq verməmişdir. Birinci instansiya məhkəməsində də cavabdeh pulun qaytarılması ilə bağlı şahidinin olduğunu, hətta iddiaçının qaynantasının da şahid kimi dindirilməsi üçün məhkəmə iclasına gətiriləcəyini bildirsə də, bunu etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; əvvəlki redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; əvvəlki redaksiyada 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; əvvəlki redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Hazırda apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin dəlilləri ilə qətnamə borcun məbləği hissəsində mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 68.000 manat məbləğində pul borc verilmişdir. Cavabdeh həmin məbləğdə pulu qəbul etmiş və müqavilə ilə müəyyən edilmiş müddətdə onun qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş (pretenziya məktubu) göndərilərək, müqavilə üzrə borc barədə məlumat verilmiş və bu məbləğin xx.xx.2024-cü il tarixədək ödənilməsi təklif edilmiş, əks halda kredit müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Hazırda da iddiaçı həmin müqavilə üzrə cavabdehin 68.000 manat məbləğində borcunun olduğunu iddia edərək, bu məbləğin, habelə bu məbləğə uyğun olaraq ödənilmiş 294 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir.
19. Cavabdeh müqavilə üzrə 68.000 manat pulu borc aldığını və ümumilikdə borcunun olduğunu etiraf edir, lakin həmin borcun 5.300 ABŞ dolları (9.010 manat) hissəsini iddiaçıya, 7.700 ABŞ dolları (13.090 manat) hissəsini isə iddiaçının qaynatasına qaytardığını, 45.900 manat məbləğində borcunun qaldığını bildirir və bununla bağlı iddiaçının qaynatasına aid olduğunu bildirməklə, səs yazısına istinad edir. Həmin səs yazısı işə birinci instansiya məhkəməsində baxılan zaman işin məhkəmə iclasında baxılması (baxış iclası) mərhələsində təqdim edilmiş və bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir.
20. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
21. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
22. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
23. Bu baxımdan iddiaçı cavabdehə 68.000 manat məbləğində pulu borc verməsini sübut etməli idi. İddiaçı da öz mövqeyinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə cavabdehlə aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş kredit müqaviləsini təqdim edir. Cavabdeh də öz növbəsində iddiaçının ona 68.000 manat məbləğində borc pul verdiyini etiraf etməklə iddiaçını qeyd edilən halı sübutetmə yükündən azad edir. Başqa sözlə, iddia üzrə tələb edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi işdə olan sübutlarla yanaşı, cavabdehin özünün etirafı ilə də öz təsdiqini tapır.
24. Lakin cavabdeh həmin borc məbləğinin 5.300 ABŞ (9.010 manat) dolları hissəsini iddiaçıya, 7.700 ABŞ dolları (13.090 manat) hissəsini isə iddiaçının tapşırığı əsasında onun qaynatasına qaytardığını bildirir və bununla da bu halın (22.100 manat pulun) sübuta yetirilməsi yükü məhz onun üzərinə düşür. Lakin cavabdeh bu məbləğin qaytarılmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. İddiaçının özü də qətiyyətlə cavabdehin ona hər hansı məbləğdə borc qaytarmadığını, habelə borcun hər hansı hissəsinin onun qaynatasına ödənilməsi barədə cavabdehə tapşırıq vermədiyini və bu məqsədlə qaynatası tərəfindən ona hər hansı məbləğin verilmədiyini bildirir. Nəticə etibarı ilə borc məbləğinin onun qaynatasına ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə hər hansı tapşırığın verilməsi müəyyən edilmir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının qaynatasına hər hansı məbləğdə pul verilmişdirsə də, bu halın mövcudluğu, verilmiş həmin məbləğin iddia edilən məbləğdən silinməsi üçün əsas yaratmır.
25. Digər tərəfdən mötəbər sübut kimi qəbul edildiyi halda belə, cavabdeh tərəfindən təqdim edilmiş səs yazısı iddia edilən borc məbləğindən hər hansı məbləğin silinməsini şərtləndirmir. Belə ki, həmin səs yazısının məhz hazırda mübahisə predmetini təşkil edən borc məbləğinə aid olması öz təsdiqini tapmır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri qismində göstərildiyindən şahidin ifadəsinin alınması ilə bağlı vəsatətin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən bu barədə vəsatət mülki prosessual məcəllə ilə müəyyən edilmiş müddətdə verilmədiyindən və vəsatətin məhkəmə baxışı zamanı verilməsi üçün əsaslar müəyyən edilmədiyindən vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh belə bir vəsatət versə də, fiziki olaraq iddiaçının qaynatasının iştirakını da hər hansı mərhələdə təmin etməmişdir.
27. Bununla belə, məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatını, habelə digər sübutları müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 68.000 manat məbləğində pulu borc vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almış, lakin bu məbləğin xx.xx.2022-ci il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürsə də, bugünədək qaytarmamış, bununla da həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, kredit müqaviləsinin şərtlərini pozmuşdur. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 68.000 manat məbləğində borcunu eyni zamanda, bu məbləğə uyğun olaraq, 294 manat məbləğində dövlət rüsumunun əvəzini iddiaçıya ödəməlidir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmək qənaətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5186/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.