Məhkəmə qərarları › İş №2(103)-1510/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1510/2022

16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1510/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndələri X2, X6, X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X3 birbaşa təqsiri üzündən ona məxsus 5 baş iri buynuzlu mal-qaranın (cöngə, inəyinin) ölməsi səbəbindən dəymiş zərərə görə 5.800 manat pulun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov, iş №2(006)-5213/21) İddia qismən təmin olunaraq vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 5.600 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdə Siyəzən rayonunda doğulmuşdur və 2010-cu ildən Siyəzən rayonu Yenikənd kəndində yaşayır. Hal-hazırda Zöhrabkənd kəndində təsərrüfatında 12 baş iribuynuzlu mal-qara (4 inək, 3 iri cöngə, 3 düyə, 2 körpə dana) var. 07.06.2021-ci il tarixdə Zöhrabkənd kəndində ona məxsus 5 baş (1 başı qara rəngdə iri cöngə, 4 başı isə qırmızı rəngdə – 1 iri cöngə, 2 inək, 1 düyə) iribuynuzlu mal-qarası otlayarkən elektrik transformatorundan təxminən 1-2 metr məsafədə elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Tələf olan inəklərdən 2 başı boğaz idi. Hadisə günorta 15.00-16.00 radələrində baş verən vaxt X5 zəng etmişlər, sahə montyoru Ceyhuna demişlər ki, işıqları tez söndürsün, 2 cöngə, 1 inək hələ sağdır, xilas etmək olar. Belə ki, yerötürücüsü olmadığı üçün inəklərə yaxın dura bilmirdilər. Amma işıqları söndürən olmamışdır. 4 nəfər elektrik montyoru təxminən 18.00 radələrində hadisə yerinə gəlmiş, baxış keçirmişlər. Onlara transformatora yaxın durmamağı, heç yerə şikayət etməməyi, dəyən ziyanın idarə tərəfindən ödəniləcəyini bildirmişlər. Həmin gün gecə kəndin işıqlarını söndürmüşlər, səhər isə briqada gəlib yer ötürücüsünü qazıb, xətləri sahmana salmışlar. Onlar yaxınlaşanda sonuncular onlara işıq transformatorunun qaydasında olduğunu, problemin işıq idarəsi ilə bağlı olmadığını bildirmişlər. Lakin bütün bu prosesləri kənd əhalisi hamı təsdiq edə bilər. "xxxx" ASC-nin X3 təqsiri üzündən onlara külli miqdarda ziyan dəymişdir. 09.06.2021-ci il tarixdə Çuxurzəmi baytar məntəqəsinin müdiri X4, o və 4 nəfər kənd sakininin iştirakı ilə hadisənin baş vermə səbəbi barədə akt tərtib olunmuş və Azərbaycan Respublikası KTN yanında Aqrar Xidmətlər Agentliyi Şabran rayon Baytarlıq İdarəsinin möhürü ilə təsdiqlənmişdir. İnəklərin diri çəkisi orta hesabla – 2 cöngə 380 kq, 2 inək 640 kq, düyə 180 kq olmaqla, cəmi 1.200 kq idi. Bundan əlavə 2 boğaz inəyin sentyabr ayında balası olacağını, süd verməsini də nəzərə aldıqda, ümumilikdə onlara 5.800 manat zərər dəymişdir (2 cöngə, 1 düyə – diri çəkisi 280 kq x 10 manat = 2.800 manat; 2 boğaz inək 2 x 1.500 manat = 3.000 manat; cəmi 5.800 manat). Zöhrabkənd İƏD nümayəndəsindən təsərrüfatları barədə arayış istədikdə, onlar məhkəmənin rəsmi sorğusu olduqda veriləcəyini bildirmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Xaçmaz rayon mal bazarının direktoru Kamil Orucov tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1 yaş 2 aylıq sağlam yerli cins cöngənin - 190 kq heyvanın indiki bazar dəyəri 1.600-1.800 manatdır. 3 yaş sağlam yerli cins boğaz inəyin – 320 kq heyvanın indiki bazar dəyəri 1.000-1.200 manatdır. 1 yaş 2 aylıq sağlam yerli cins düyənin – 180 kq heyvanın indiki bazar dəyəri 1.400-1.600 manatdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmiş və şikayətini işin hallarının düzgün müəyyən olunmaması, sübutların düzgün qiymətləndirilməməsi, maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırmışdır. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi 07.06.2021-ci il tarixdə ona məxsus beş baş iri buynuzlu mal-qaranın elektrik cərəyanı vurması nəticəsində tələf olması ilə bağlı məruz qaldığı zərərin əvəzinin ödənilməsindən ibarətdir. İddiaçı məruz qaldığı zərərin həcmini 5800 manat dəyərində qiymətləndirmiş və bu məbləğin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymışdır. Məhkəmənin qənaətinə görə elektrik enerjisinin verilməsi ilə məşğul olan cavabdeh təşkilat aidiyyəti qurğuda təhlükəsizliyə riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik cərəyanı vurması nəticəsində mal-qara tələf olmuş və iddiaçıya 5.600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, yəni ziyanın vurulduğunu və bu ziyanın vurulmasında cavabdehin təqsiri olduğunu düzgün müəyyən etmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ziyanın məbləğini müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, məhkəmə tələf olmuş iki baş boğaz inəyin hər birini 1500 manatdan qiymətləndirmişdir. Yəni, iki baş boğaz inəyə görə iddiaçıya 3000 manat ziyan vurulduğu qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin sorğusu əsasında verilən mütəxəssis rəyində (i.v.33) bir baş boğaz inəyin qiyməti 1000- 1200 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi bu mütəxəssis rəyinin mötəbərliyini qəbul etsə də, qeyd olunan inəklərlə bağlı qiymət fərqi olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bir baş boğaz inəyin bazar dəyəri orta qiymət götürülməklə 1100 manat və bu hesabla iki baş boğaz inəyin dəyəri 2200 manat müəyyən edilməli, yaranan qiymət fərqi, yəni 800 manat (3000-2200=800) ümumi qət edilən 5600 manatdan çıxılmaqla cavabdehdən tutulmalı olan qəti məbləğ müəyyən edilməlidir. Yəni, 5600-800=4800 manat. Məhkəmə kollegiyası gəldiyi nəticəni İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələbinə uyğun sayır. Həmin maddəyə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qətnamənin dəyişdirilməsi nəticəsində cavabdehdən tutulmalı olan məbləğ, eləcə də iddianın təmin olunmayan hissəsi 5000 manatı aşmadığından MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi vurulmuş zərərin əvəzinə görə cavabdehdən iddiaçının xeyrinə 5600 manat pul tutulması hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş zərərin əvəzinə görə iddiaçının xeyrinə tutulan pulun məbləği 4800 (dörd min səkkiz yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar