Məhkəmə qərarları › İş №2(103)-1515/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1515/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1515/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair, həmçinin iddiaçı Cavabdehlər Bakı şəhər 53 saylı Notariat ofisinə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» barədə iddiaya dair birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(007)-2553/2021 saylı qətnaməsindən cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, 1-ci cavabdeh) qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 32000 manat borcun, vurulmuş mənəvi ziyana görə 1000 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 24 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 53 saylı notariat konturunda bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 32000 manat pul vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə əsasən borcalan krediti 24 yanvar 2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyərək müqavilədə göstərilən müddətin bitməsinə baxmayaraq ona olan borcunu indiyədək ödəməmişdir. Aralarında bağlanmış kredit müqaviləsinin 8-ci bəndinə əsasən «borcalan» müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, Cavabdehlər Bakı şəhər 53 saylı Notariat ofisinə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» barədə iddia ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə 24 yanvar 2019-cu ildə Bakı şəhəri 53 saylı notariat ofisində 3M-188 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 24 yanvar 2019-cu ildə cavabdeh İddiaçı ilə Bakı şəhəri 53 saylı notariat ofisində 3M-188 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 32000 manat olaraq göstərilməsinə baxmayaraq faktiki olaraq İddiaçı ona pul verməmişdir. Onunla kredit müqaviləsi bağlamasına səbəb isə Rafael adlı tanışının ona faizə pul verməsidir. Belə ki, Rafael DTX-da məsul vəzifədə çalışır. Bu səbəbdən də faizə verdiyi pulun təminatı olaraq özü ilə deyil, tanışı İddiaçıla aralarında kredit müqaviləsi bağlamağı ona bildirmişdir. Həmçinin, 2018-ci ildə də eyni motivdə, 53 saylı notariusda Rafaelin ona verdiyi faiz pula görə 50000 manat məbləğində kredit müqaviləsi bağlamışdır. Yuxarıda da qeyd etdiyi kimi bu müqavilələri bağlamağına səbəb Rafaelin faizə verdiyi pulların təminatı olmuşdur. İddiaçı sadəcə notariat ofisində görmüşdür və orada onun tərəfindən ona heç bir vəsait verilməmişdir. Eyni zamanda, Rafael adlı şəxsə 40 ay, hər ay 4000 manat olmaqla ümumilikdə 160000 manatdan çox pul ödəmişdir. Lakin o, pulu tam ödəməyinə baxmayaraq onun istək və tələbləri dayanmamışdır. Bir müddət sonra isə artıq vəzifəsindən istifadə edərək onu və ailəsini təhdid etməyə başlamışdır. Bir neçə gün öncə isə ona məlum olmuşdur ki, İddiaçı kredit müqaviləsinə əsasən ona qarşı əsassız iddia qaldırmışdır. Buna görə də sözügedən kredit müqaviləsini məhkəmədə mübahisələndirmək zərurəti yaranmışdır. Xüsusilə qeyd etmək istəyir ki, İddiaçı vəkildir və Vəkillər Kollegiyasının üzvüdür. O, indiyədək və kredit müqaviləsi bağlanarkən Rüfətin vəkil olduğunu bilməmişdir. Sadəcə olaraq Rafaelin tanışı olaraq gəlmişdir. Burada sual doğuran məqam isə həyatda bir dəfə o da müqavilə bağlanarkən gördüyü şəxs hansı əsasla ona 32000 manat məbləğində borca pul vermişdir? Həm də bu şəxs vəkildir, hüquqlarını da çox yaxşı bilir, borcun qaytarılma tarixi müqavilədə 24 yanvar 2020-ci il qeyd olunmasına baxmayaraq 18 aydır ki, bu şəxs niyə həmin pulu ondan tələb etməmişdir? Göründüyü kimi, onun İddiaçı ilə pul alış-verişində olacağı hər hansısa yaxınlığı olmamış, hətta indiyədək kim olduğunu bilməmişdir. Daha bir maraqlı fakt isə İddiaçı Nizami Rayon Məhkəməsindəki pul tələbinə dair paralel olaraq, yenə də eyni motivdə kredit müqaviləsi bağladığı Hacı-zadə Toğrul Rafiq oğlunun da ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Həmin işdə də iddiaçının vəkili və nümayəndəsi İddiaçıdur. Yuxarıda qeyd olunanlardan da açıq-aşkar görünür ki, bu müqavilə sadəcə formal olaraq vəkil İddiaçı ilə bağlanmışdır. Əslində isə onun tərəfindən ona heç bir vəsait ödənilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(007)- 2553/2021 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) Cavabdeh 32000 (otuz iki min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə, həmçinin iddiaçı Cavabdehlər Bakı şəhər 53 saylı Notariat ofisinə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» barədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsində qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ilk iddianın əsassız, qarşılıqlı iddianın əsaslı olması, borc müqaviləsində göstərilən pul vəsaitinin rəsmi qaydada notariusun bank hesabına köçürülüb-köçürülməməsinin araşdırılmaması, notariat işinin tələb olunaraq tədqiq olunmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, suala cavab olaraq əqdin etibarsızlığı üzrə irəli sürdükləri dəlillər üzrə məhkəməyə konkret sübut təqdim edə bilmədiklərini göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, borc müqaviləsində göstərilmiş pul vəsaiti tərəfindən rəsmi qaydada depozit hesaba köçürülmüş, cavabdeh isə bankdan həmin pulu çıxartmışdır. Cavabdeh işi süni yolla uzatmaq üçün əsassız iddia və apellyasiya şikayəti vermişdir. Cavabdeh bildirdikləri üzrə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhər 53 saylı Notariat ofisinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, İddiaçı iddiası qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanaraq Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M- 188 nömrə ilə qeyd edilmiş 24 yanvar 2019-cu il tarixli «Kredit müqaviləsi»ndən görünür ki, borc verən borc alana 32000 manat məbləğində pul borc verir, borc alan krediti 24 yanvar 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir; İşdə olan xəbərdarlıq məktubundan və ona əlavə edilmiş 16 may 2021-ci il tarixli poçt qəbzindən görünür ki, Cavabdeh 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 32000 manat borcun qaytarılması, əks halda qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət olunacağı barədə İddiaçı tərəfindən xəbərdar olunmuşdur. İşdə olan 08 iyun 2021-ci il tarixli prentenziyadan görünür ki, Cavabdeh 24 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi zərurətinin yaranması, həmin müqavilədə nəzərdə tutulan borcu tam ödədiyi barədə İddiaçı xəbərdar etmiş və həmin müqavilənin 3 iş günü müddətində ləğv edilməsini tələb etmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə sonuncuya xəbərdarlıq etmişdir. Kredit (borc) müqaviləsindən göründüyü kimi, tələb hüququ yaranmış, borcun qaytarılması müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdə olan sübutlarla cavabdehin iddiaçıya kredit (borc) müqaviləsinə əsasən 32000 manat pul vəsaitinin qaytarmalı olması müəyyən olunur. Çünki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh etirazının əsası kimi həmçinin borc müqaviləsində göstərilən pul vəsaitinin faktiki olaraq ona verilməməsini, pulun rəsmi qaydada notariusun bank hesabına köçürülüb-köçürülməməsinin araşdırılmamasını, notariat işinin tələb olunaraq tədqiq olunmaması göstərmişdir (cavabdehin bu istiqamətdə dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün iddiaçının da razılığı ilə Bakı şəhəri 53 saylı Notariat Ofisindən notariat işi tələb olunmuşdur). Məhkəmə kollegiyası cavabdehin bu istiqamətdə dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış borc müqaviləsinin 6-cı bəndinə əsasən “borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödəməlidir. Borc müqaviləsinin bağlanması zamanı qüvvədə olan “Notariat haqqında” Qanunun 74-cü maddəsinə əsasən - daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Notariat işində olan 24 yanvar 2019-cu il tarixli xəzinə mədaxil orderinin təsdiq olunmuş surətindən və Bakı şəhəri 53 saylı Notariat Ofisinin 24 yanvar 2019-cu il tarixli məktubunun surətindən görünür ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş 32000 manat pulu notariusun "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. Göründüyü kimi, borc müqaviləsinə əsasən müvafiq pul vəsaitinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun bankda açdığı depozit hesaba köçürülməklə həyata keçirilmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını ümumi sözlərlə ifadə etmişdir. Bununla yanaşı, cavabdehin əqdin formal əsaslarla bağlanması, əqdin etibarsız olması barədə dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi həmin iddianın əsassız olması nəticəsinə gələrkən, əqdin etibarsızlığına səbəb ola biləcək halların müəyyən olunmamasına, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə olunmamasına və s. istinad etmişdir. Məhkəmə kollegiyası həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MMnin 389, 390 və s. maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Yuxarıda da qeyd edildiyi kimi borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (MM-nin 739.1-ci mad.) MM-nin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. İşdə olan sübutlardan aydın olur ki, kredit (borc) müqavilələri notariat qaydasında təsdiq olunmaqla, əqdin iştirakçıları tərəfindən imzalanmışdır. Əqdin etibarsızlığı dedikdə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Cavabdeh əqdin formal bağlanmasını, bu istiqamətdə Mülki Məcəllənin 340-cı maddəsinə istinad etsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, məhkəmə baxışı zamanı isə əqdin istinad olunan əsaslar üzrə etibarsızlığı halı müəyyən olunmamışdır. Cavabdehin izahatı isə iddiasının əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, cavabdeh tələbini və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və onları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onu əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair, həmçinin iddiaçı Cavabdehlər Bakı şəhər 53 saylı Notariat ofisinə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» barədə iddiaya dair birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(007)-2553/2021 saylı qətnaməsindən cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(007)-2553/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar