Məhkəmə qərarları › İş №2(103)-1515/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1515/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1515/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi və ərizənin geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və iş iddia ərizəsinin icraata qəbulu məsələsinin yenidən müzakirə olunması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən iddia ərizəsində cavabdehin şəxsiyyətinin eyniləşdirmə məlumatlarının qeyd olunmadığına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. Nəzərə alınmalıdır ki, 149.2.2-ci maddənin əsas məqsədi iddia ərizəsində tərəflər və digər şəxslər barədə bir sıra məlumatların göstərilməsi ilə onların şəxsiyyətinin müəyyənləşdirilməsi və həmin şəxslərlə əlaqə yaratmaq üçün vasitələrin olmasını təmin etməkdir. Həmin maddənin mətnində qeyd edilən şəxsiyyəti eyniləşdirməyə imkan imkan verən məlumatlar dedikdə şəxsin adı, soyadı, ata adı doğum tarixi, qeydiyyatda olduğu yer və digər məlumatlar nəzərdə tutulur. Qanunun məzmunundan göründüyü kimi, bu məlumatların tələb olunmasında məqsəd şəxslərin eyniləşdirilməsinə imkan verən bütün mümkün məlumatları əldə etməklə onların şəxsiyyətlərini müəyyən etmək və məhkəmə iclaslarında iştiraklarını təmin etməkdən ibarətdir. Hazırkı işdə iddiaçı tərəfindən cavabdehə münasibətdə mümkün olan eyniləşdirmə məlumatları – sonuncu yaşayış yeri və telefon nömrəsi təqdim olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin iddia ərizəsində qeyd olunmaması iddia ərizəsinin icraata qəbulundan imtina üçün əsas kimi qəbul edilməməlidir. MPM-ə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər (maddə 36.1). İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-43xx-xx/2023 saylı məktubundan görünür ki, cavabdeh Rusiya Fedarasiyasının vətəndaşıdır, xx.xx.1994-cü il təvəllüdlüdür, sonuncu dəfə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri göstərilən əsasla geri qaytarmaqda haqlı olmamuşdur. Ona görə də şikayət təmin edilməli, qərardad ləğv olunmalı və iş iddia ərizəsinin icraata qəbulu məsələsinin yenidən müzakirə olunması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzıərə alır ki, tərəflər arasındakı nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və cavabdeh haqqında digər məlumatların həmin işdən də götürülməsi mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərardadı ləğv olunsun və iş iddia ərizəsinin icraata qəbulu məsələsinin yenidən müzakirə olunması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar