Məhkəmə qərarları › İş №2(103)-1518/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1518/2022

30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1518/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə 10,68 kv.m və 3,32 kv.m olan 2 balkon sahəsinin və əlavə hesablanmış 4,56 kv.m sahənin, ümumilikdə 18,6 kv.m sahənin dəyərini təşkil edən 26.040 manat məbləğində pulun, mala işlərinə görə 3.500 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə 10,68 kv.m və 3,32 kv.m olan 2 balkon sahəsinin və əlavə hesablanmış 4,56 kv.m sahənin, eyni zamanda ekspert rəyinə əsasən əlavə olaraq hesablanmış 20 kv.m sahənin, toplamda 38,6 kv.m sahəsinin dəyərini təşkil edən 1.400 x 38,6 = 54.040 manat məbləğində pulun, mala işlərinə görə 2.833 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 56.903 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-1008/21) iddia qismən təmin edilərək cavabdeh ”Halal” MTK-dan İddiaçı xeyrinə 2.833 (iki min səkkiz yüz otuz üç) manat əbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 28 fevral 2014-cü il tarixli müqavilə yenidən 15 avqust 2016-cı il tarixində təzələnmişdir. Bu müqavilə üzrə təhvil veriləcək mənzilin ümumi ölçüsü 210 kv.m təşkil edir. Lakin, otaq izahından və layihədən göründüyü kimi mənzilin ümumi sahəsi 205,44 kv.m-dir və bundan əlavə 10,68 və 3,32 kv.m olmaqla 2 balkonun sahəsi də ümumi sahəyə daxil edilmişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş 3500 manat məbləğində, yəni 2500 manat usta pulu və 1000 manat da material olmaqla (ağdağ suvaq) mala işlərini Cavabdeh MTK aparmalı idi. Lakin MTK üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, məcbur qalıb iddiaçı özü etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh MTK-nın qanuni təmsilçisi X3 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MTK İddiaçı ilə bağlanmış 28 fevral 2014-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş və iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahəyə uyğun, yəni 210 kv.m sahədə mənzil inşa edərək təhvil vermişdir. Belə ki, mübahisəli mənzil 13-cü mərtəbədə yerləşir. Həmin mənzildən bir neçə mərtəbə aşağıda yerləşən bir sıra mənzillərə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu halı təsdiq edən müvafiq çıxarışlarda həmin mənzillərin sahəsinin ümumi ölçüsünün 201,30 kv.m. olduğu göstərilmişdir. Belə olan halda bu mənzillərdən yuxarıda yerləşən mübahisəli mənzilin ümumi sahəsinin 191,44 kv.m. və ya ekspert rəyində göstərildiyi kimi 190,20 kv.m. olması qeyri-mümkündür. Həmin mənzillərin sahəsinin 201,30 kv.m. göstərilməsi də mülkiyyət hüququnu dövlət qeydiyyatına almış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bu sahəni tənzimləyən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq mənzildə olan balkonların sahəsini 0,3 azaltma əmsalına vurmaqla hesablaması ilə bağlıdır. Belə ki, balkonların sahəsi 10,8 kv.m. və 4,2 kv.m. olmasına baxmayaraq, qeyd edilən əmsala uyğun olaraq balkonların sahəsinin ölçüsü müvafiq olaraq 3,2 kv.m. və 1,3 kv.m. kimi göstərilmişdir. Digər tərəfdən, mübahisəli mənzilin sahəsi ondan aşağıda yerləşən mənzillərdən ölçüsü baxımından bir dəqər də böyük olmalıdır. Belə ki, 12-13-cü mərtəbələrdən başlayaraq, mənzillərin dayaq divarlarının qalınlığı azalır. Bu da həmin mənzillərin ölçüsünün artmasına səbəb olur. Həmçinin, iddiaçının mənzili artıq təmir edilmişdir. Bu da həmin mənzilin sahəsinin ölçüsünün azalmasına səbəb olur. Belə ki, təmir zamanı divarlar üzərində görülən suvanma, mala işlərinin qalınlığı divarların əyrilik dərəcəsindən asılı olaraq 2-3 sm artıq olur ki, bu da nəticədə mənzilin ümumi sahəsinin bir neçə kv.m. azalmasına səbəb olur. Bununla belə, iddiaçıya onunla bağlanmış müqavilədə göstərilən sahəyə uyğun sahə təhvil verilmişdir. Bu səbəbdən iddia tələbini bu hissədə əsassız hesab edir. İddia tələbini mala işlərinin görülməsinə çəkilmiş xərcin əvəzinin tutulması hissəsində də əsassız hesab edir. Belə ki, mübahisəli mənzilin yerləşdiyi binanın hər hansı mənzilində cavabdeh tərəfindən mala işləri görülməmişdir və bu işlər cavabdeh tərəfindən yerinə yetirilməli deyil. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və Cavabdeh MTK-dan İddiaçı xeyrinə 10,68 kv.m və 3,32 kv.m olan 2 (iki) balkon sahəsinin və əlavə hesablanmış 4,56 kv.m sahənin, eyni zamanda ekspert rəyinə əsasən, əlavə olaraq hesablanmış 20 kv.m. sahənin, toplamda 38,6 kv.m sahənin dəyərində 1400 x 38,6 = 54 040 (əlli dörd min qırx) manat pulun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara hüquqi qiymət verilməmişdir. İş materiallarına “tikinti-texniki obyektlərin tədqiqi” növündə 09 iyul 2021-ci il tarixdə keçirilmiş 10/1469 nömrəli ekspert rəyinin əlavə olunmasına baxmayaraq, məhkəmə tərəfindən ekspert rəyi mötəbər sübut qismində dəyərləndirilməmiş və İddiaçı Cavabdeh MTK tərəfindən əlavə haqqın tutulması halı pozuntu kimi qiymətləndirilməmişdir. Halbuki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 28 fevral 2014-cü il tarixli müqaviləyə və mövcud ekspert rəyinə əsasən 20 kv.m əlavə hesablandığını görmək mümkündür. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi H.Əsədov apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə iddianın təmin edilən hissəsində cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən də qətnamənin əsaslılığı yalnız mübahisələndirilən hissədə (iddianın rədd olunan hissəsində) yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə təmin edilməyən tələbi Cavabdeh MTK-dan onun xeyrinə 10,68 kv.m və 3,32 kv.m olan 2 balkon sahəsinin və əlavə hesablanmış 4,56 kv.m sahənin, eyni zamanda ekspert rəyinə əsasən əlavə olaraq hesablanmış 20 kv.m sahənin, toplamda 38,6 kv.m sahəsinin dəyərini təşkil edən 1.400 x 38,6 = 54.040 manat məbləğində pulun tutulması barədədir. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən cavabdeh ”Halal” MTK tərəfindən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Cavabdeh ”Halal” MTK ilə İddiaçı arasında bağlanmış 28 fevral 2014-cü il tarixli, 05-5 bina nömrəli müqaviləyə əsasən cavabdeh inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m. olan 4 otaqlı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin müqavilə ilə şərtləndirilmiş dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilmiş və mənzil ona təhvil verilmişdir. İddiaçı iddia edir ki, ona müqavilədə nəzərdə tutulduğundan az ölçüdə sahəsi olan mənzil təhvil verilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə texniki-tikinti ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.2021-ci il tarixli, 10/1469 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, H.Salmani küçəsi, 1197-ci məhəllə, 1 saylı evin 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 69 saylı mənzilində görülmüş mala işlərinin ümumi dəyəri 2.833 manat məbləğindədir, mənzilin faktiki sahəsi isə 190,2 kv.m. təşkil edir. Tərəflər arasında bağlanmış 28.02.2014-cü il tarixli müqavilədə mənzilin ölçüləri (ayrı-ayrı tikililərin ölçüləri, eni, uzunluğu və s.) qeyd olunmadığından, həmin müqavilədə göstərilən sahə ilə sözügedən mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablanmış ümumi sahəsi arasında yaranmış fərqin səbəbini müəyyən etmək mümkün olmamışdır. Rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti X4 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilərkən 09.07.2021-ci il tarixli, 10/1469 nömrəli ekspert rəyini müdafiə etmiş və bildirmişdir ki, mənzildə aparılan suvanma işlərinin dəyəri bu işlərin görülməsi vaxtı əsas götürülməklə müəyyən edilmişdir. Mübahisəli mənzilin sahəsi ölçülərkən bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzildə olan balkonlar 0,3 azaltma əmsalına vurulmaqla hesablanmış və nəticədə ümumi sahəsi 10,78 kv.m. və 4,2 kv.m. olan balkonların sahəsi müvafiq olaraq 3,2 kv.m və 1,3 kv.m. kimi hesablanmışdır. Nəticədə mənzilin sahəsinin 190,2 kv.m. olduğu müəyyən edilmişdir. Eyni zamanda, qeyd etmişdir ki, 12-ci - 13-cü mərtəbələrdən başlayaraq, mənzillərin dayaq divarlarının qalınlığı azalır və nəticədə həmin mənzillərin ümumi sahəsi 1-2 kv.m. artmış olur. Mənzillərdə suvanma işlərinin aparılması isə həqiqətən də mənzilin divarlarının 2-3 sm qalınlaşmasına səbəb olur. Bunun nəticəsində də mənzilin ümumi sahəsi 4-5 kv.m azalır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi “mənzilin müqavilədə göstərilən sahədən əskik olması ilə baglı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə uyğun olaraq ona 210 kv.m. sahəsi olan mənzilin təhvil verilmədiyini, mənzildə olan 10,68 kv.m. və 3,32 kv.m. ölçüdə balkonların da əsassız olaraq təhvil verilmiş sahəyə daxil edildiyini və nəticədə ondan təhvil verilməmiş 38,6 kv.m. sahənin də dəyərinin əsasız olaraq alındığını bildirir. Qeyd olunmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində yaşayış binalarında mənzillərin ümumi sahəsinə daxil olan sahələrin siyahısı göstərilmişdir. Bu siyahıya balkon daxil edilməsə də, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndində balkon yuxarıda göstərilən maddədə qeyd edilən terras kimi mənzilin ümumi sahəsinə daxil edilən bir sahə kimi qeyd edilmiş və mənzilin ümumi sahəsinin hesablanması zamanı bu sahələrin də xüsusi hesablanması qaydası müəyyən edilmişdir. Bununla belə, balkonlar da mənzillərin ümumi sahəsinə daxil olan bir sahədir və bu səbəbdən əsaslı olaraq cavabdeh tərəfindən mənzilin ümumi sahəsinə daxil edilmişdir və real (faktiki) olaraq iddiaçıya təhvil verilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının bu sahənin mənzilin ümumi sahəsinə daxil edilməli olmaması ilə bağlı dəlilləri ilə razılaşmamış və onları əsassız saymışdır. Mənzilin ümumi sahəsinin iddiaçı tərəfindən təqdim edilmiş sxemdə 205,44 kv.m., ekspert rəyində isə 190,2 kv.m. göstərilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus mübahisəli mənzil 13-cü mərtəbədə yerləşir. Həmin mənzildən bir neçə mərtəbə aşağıda yerləşən və cavabdehin qanuni təmsilçisi X2 məxsus olan 9 saylı və 21 saylı mənzillərlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlarda bu mənzillərin hər birinin ümumi sahəsinin 201,30 kv.m. olduğu göstərilmiş və hesablama yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun olaraq mənzillərdə olan 2 ədəd balkonun sahəsinin 0,3 azaltma əmsallarına vurulmaqla aparılmışdır. Həmin balkonların real sahəsi də nəzərə alındığı təqdirdə qeyd edilən mənzillərlə bağlı tərtib edilmiş plana (texniki pasporta) əsasən onların hər birinin ümumi sahəsi (31,8 +24 +23+47,2+23,5+20,5+8,1+3,7+5,5+9,5+10,8+4,2=211,8) 211,8 kv.m. təşkil edir ki, bu ölçü də müqaviləyə əsasən təhvil verilməli olan sahənin (210 kv.m.) ölçüsündən də artıqdır. Hər bir halda, həmin mənzillərlə eyni girişdə, eyni tərəfdə, alt-üst vəziyyətdə yerləşən iddiaçıya məxsus mübahisəli mənzilin fərqli qaydada və fərqli sahədə inşa edilməsi tikinti qaydaları və şərtləri baxımından qeyri-mümkündür və mübahisəli mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınan zaman onun sahəsi də eyni qaydada hesablanacaq və iddiaçıya veriləcək çıxarışda mənzilin məhz 201,30 kv.m. sahədə olduğu göstəriləcəkdir. Digər tərəfdən, iddiaçının mənzilinin yerləşdiyi mərtəbədə aşağıda olan mərtəbələrlə müqayisədə dayaq divarının qalınlığının cuzi olsa da azalması müşahidə olunur (bu halı bilavasitə tikinti normalarından və tikinti işindən məlumatlı olan həm cavabdeh tərəf, həm də məhkəmə eksperti bildirir). Bu da iddiaçının sahəsinin ən azı 1-2 kv.m. artmasına səbəb olur. Digər tərəfdən iddiaçının mənzili təmirlidir və onun mənzilində suvanma işlərinin aparılması divarların (nisbi əyriliyi nəzərə alınmaqla) 2-3 sm qalınlaşması (qabağa gəlməsi) ilə nəticələnmişdir ki, bu da öz növbəsində mənzilin ümumi sahəsinin ən azı 5 kv.m. azalmasına səbəb olur (həm cavabdeh, həm də məhkəmə eksperti bu mövqeydən çıxış edir. Həmçinin, bu qənaətə gəlmək üçün xüsusi biliyə malik olmağa da hər hansı ehtiyac yoxdur. Sadə məntiqlə də bu qənaətə gəlmək mümkündür). Bununla belə, mübahisəli mənzilin ümumi sahəsinin iddiaçının istinad etdiyi sxemdə göstərildiyi kimi 205,44 kv.m., xüsusilə də ekspert rəyində göstərildiyi kimi 190,2 kv.m. olması qeyrimümkündür. Məhkəmə ekspert rəyi ilə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mənzilin planı ilə müqayisədə ekspert rəyində balkonlar istisna olmaqla bütün digər sahələrin daha az ölçüdə olduğu göstərilmişdir. Lakin mənzildaxili bütün sahələrin ölçüsündə fərqin yarandığı bir halda, yalnız balkonlarda bu fərqin yaranmaması texniki şərtlər baxımından qeyri-mümkündür. Belə bir yanaşmanın sərgilənməsi ən azı tikinti qaydaları ilə ziddiyyət təşkil edir. Belə ki, həmin sahələrin tələb olunan ölçüdən az olması səbəbləri balkonların sahəsində də özünü biruzə verməli idi. Bu səbəbdən məhkəmə ekspert rəyini bu hissədə mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə ekspert rəyi ilə bağlı o halı da qeyd etmişdir ki, həmin rəydə də balkonların sahəsi hesablanarkən 0,3 azaltma əmsalı tətbiq edilmişdir. Həmin balkonların da real sahəsi nəzərə alındığı təqdirdə ekspert rəyinə əsasən mübahisəli mənzilin ümumi sahəsi (29,2+7,7+17,5+21,6+22,5+22,1+18,9+46,2+10,78+4,2=200,68) 200,68 kv.m. təşkil edir. Görülmüş suvanma işləri nəticəsində divarın qalınlaşması və nəticədə ümumi sahənin ən azı 5 kv.m. azalması nəzərə alındığı halda, ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi təxminən (200,68 + 5 = 205,68) 206 kv.m. təşkil etmiş olur. Nəticədə həm iddiaçının təqdim etdiyi sxemdə (205,44 kv.m.), həm də ekspert rəyində göstərilən sahə ölçü etibarı ilə müqavilədə göstərilən sahə ilə demək olar ki, eynilik təşkil edir (məhkəmə bu halı müqayisə üçün qeyd edir və artıq yuxarıda nümayiş etdirilmiş hüququ mövqeyi baxımından məhkəmə ekspertinin rəyini və həmin sxemi əsas götürüb, sahənin bir neçə kv.m. ölçüdə az təhvil verilməsi qənaətinə gəlmir). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi halda məhkəmə Mülki Məcəllənin 385.1, 425, 442-ci və MPM-nin 88-ci maddəsinin tələblərini pozaraq iddia tələbini mübahisələndirilən hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 28 fevral 2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m. olan 4 otaqlı mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş və mənzil ona təhvil verilmişdir. İddiaçının mübahisələndirdiyi sahə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hələ qeydə alınmamışdır və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sahə ölçüldükdən sonra veriləcək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ümumi sahənin nə qədər göstəriləcəyi hələ bəlli deyil. İddiaçı tələbini əsaslandırarkən mənzilin sahəsinin ölçüləri barədə ilkin sənəd kimi lazımi qaydada təsdiq olunmamış plan-sxemə istinad etmişdir. Məhkəmə kollegiyası həmin plan-sxemin lazımi qaydada təsdiq olunmadığını və bu baxımdan MPM-nin 89.3-cü maddəsinin tələblərinə cavab vermədiyini nəzərə alaraq hesab edir ki, adı çəkilən sənəd həmin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan yazılı sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator iddianın təmin edilməyən hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni mənzilin ona müqavilədə nəzərdə tutulduğundan daha az ölçüdə təhvil verilməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın rədd olunan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar