Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1518/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə cavabdeh arasında onlayn (mobil SMS xidməti vasitəsilə) xx.xx.2023-cü il tarixdə GTZK4571550B299 saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24.5% olmaq şərtilə, 48 ay müddətinə 2516 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 82,72 (sonuncu ay üzrə 84,81) manat müəyyən edilmişdir.
2. “İcra vaxtı” məlumatlarına əsasən kredit müqaviləsinin bağlanması ilə bağlı elektron əməliyyatlar +**********65 saylı mobil telefon nömrəsi vasitəsilə (şəxsiyyət vəsiqəsinin FİN nömrəsi xxxxxxx), “iPhone OS 16” markalı mobil telefon üzərindən, Azərbaycan vaxtı ilə xx.xx.2023-cü il tarixdə, saat 17:03:12-də həyata keçirilmişdir. Həmin telefon nömrəsi X4 məxsus olmuşdur.
3. X9 və X7 barəsində Daxil İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi tərəfindən AR CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri əsasında cinayət işi başlanılmışdır. Cinayət işinin başlanmasına əsas təqsirləndirilən şəxslərin tamah niyyəti ilə və özgənin əmlakını ələ keçirmək məqsədilə nitq qüsurlu tanışlarını aldadaraq onların anket məlumatlarından və foto-şəkillərindən istifadə edərək İddiaçı ASC-dən kredit əldə etmələri olmuşdur. Cinayət işi materialı sonradan aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə göndlərilmişdir. Nərimanov RPİnin istintaq şöbəsinin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərara əsasən cavabdeh də həmin cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır.
4. Cavabdeh üçüncü qrup əlildir, ona iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı dioqnozu qoyulmuşdur, həmçinin o, nitq qüsurludur.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
5. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2516 manat əsas, 317,09 manat faiz olmaqla, cəmi 2833,09 manat pul vəsaitinin və 48,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTZK4571550B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 24,5 faiz dərəcəsi ilə 2516 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2516 manat əsas; 317,09 manat faiz, cəmi 2833,09 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5033/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh eşitmə və nitq qüsurlu şəxsdir. Cavabdeh, onun kimi sağlamlıq imkanları məhdud şəxs olan X9 ilə sosial şəbəkə vasitəsilə tanış olmuş və xx.xx.2023-cü il tarixdə onunla görüşmüşdür. X9 DİN Korrupsiya Mübarizə Baş İdarəsinə verdiyi yazılı izahatında qeyd etmişdir ki, cavabdehlə tanış olan zaman məqsədi onu aldadaraq adına pul vəsaitini nağdlaşdırmaq olmuşdur. O, cavabdehlə görüşən zaman hər hansısa əyləncə saytından qeydiyyatdan keçmək məqsədilə ondan şəxsiyyət vəsiqəsini verməsini istəmiş, birlikdə avtomobildə olan zaman cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları əsasında kredit vəsaitinin əldə edilməsi məqsədilə iddiaçı Banka elektron müraciət ünvanlanmışdır. Kreditin əldə edilməsi üçün kredit alan şəxsin görüntüsünün lazım olduğunu bilirdi, buna görə də, cavabdehin video görüntüsünü çəkərək, qeydiyyatı tamamlamışdır. Bir neçə dəqiqə sonra cavabdehin adına 2516 manat məbləğində kreditin gəlməsi barədə bildiriş gəlmiş, həmin pul vəsaitini dərhal özünə məxsus kart hesabına köçürərək nağdlaşdırmış, həmin pul vəsaitinin 500 manat hissəsini əlbir olduğu Sədran Baxşıyevə vermiş, qalan pulu isə şəxsi tələbatlarına xərcləmişdir. Elgün Cəfərovun bu əməlinə görə barəsində cinayət işi başlanılmış, Nərimanov RPİ İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət işi üzrə cavabdeh təqsirləndirilən şəxs qismində tanınmışdır. Elgün Cəfərovun izahatında qeyd edilənlər iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə CD daşıyıcıda təqdim olunmuş cavabdehin məsafədən kredit vəsaitinin əldə edilməsi üçün müraciəti zamanı çəkilmiş video görüntüləri əsasında da öz təsdiqini tapır. Belə ki, video görüntüdən görünür ki, cavabdeh avtomobildə əyləşmiş və onun yanında başqa bir şəxs də var, video görüntünü aparan isə cavabdeh deyil, həmin şəxsdir. Mülki Məcəllənin 324.5-ci maddəsi tələb edir ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İşin şərh edilən hallarından görünür ki, iddiaçı ilə onlayn qaydada (mobil SMS xidməti vasitəsilə) xx.xx.2023-cü il tarixdə rəsmləşdirilmiş GTZK4571550B299 saylı kredit müqaviləsinin bağlanmasında cavabdehin iradə ifadəsi olmamışdır. Cavabdeh öz təşəbbüsü ilə, şəxsən, öz istəyi ilə müqavilənin bağlanmasında iştirak etməmişdir. X9 DİN Korrupsiya Mübarizə Baş İdarəsinə verdiyi yazılı izahatında da bildirmişdir ki, cavabdehlə tanış olan zaman məqsədi onu aldadaraq adına pul vəsaitini nağdlaşdırmaq olmuş, buna görə ondan hər hansısa əyləncə saytından qeydiyyatdan keçmək adı ilə şəxsiyyət vəsiqəsini almış, məlumatlarını elektrom qaydada daxil etməklə cavabdehin adına kredit rəsmləşdirilməsinə nail olmuşdur. İş materiallarından da görünür ki, kreditin rəsmləşdirilməsi və video call Elgün Cəfərovun istifadəsində olan mobil telefonu “iPhone” markalı (işdə olan “Məlumatlar İcra vaxtı İP ünvanı” başlıqlı sənədə əsasən) vasitəsi ilə, habelə ona məxsus mobil telefon nömrəsi üzərindən ("xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu) həyata keçirilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli, GTZK4571550B299 saylı kredit müqaviləsi cavabdeh tərəfindən bağlanmamış, kredit müqaviləsi üzrə iddiaçının əmlakının (pul vəsaitinin) ələ keçirilməsi üçün Elgün Cəfərov tərəfindən cavabdehin şəxsi məlumatlarından və məsafədən video görüntüsündən yalnız vasitə kimi istifadə edilmişdir. Qaydaların 6 nömrəli Əlavəsinin göstərilən müddəalarından da göründüyü kimi, iddiaçı yeni müştəri kimi cavabdehlə kredit müqaviləsini video çəkiliş yox, video zəng vasitəsi ilə bağlanmasını təmin etməli idi. İddiaçı hətta kredit müqaviləsinin video çəkiliş vasitəsi ilə bağlanması zamanı da qanunla müəyyən edilmiş qaydaların tələblərini pozmuşdur. Belə ki, Qaydaların 6 nömrəli Əlavəsinin 6.2-ci bəndinə görə video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehə aid video çəkilişdən görünür ki, kreditin rəsmiləşdirilməsi zamanı cavabdeh bu tələbə də əməl etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 324.4, 324.5, 337.1, 337.3, 339.2, 404.1, 404.2, 405.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.
10. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5033/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, bank tərəfindən qanuna uyğun müqavilə bağlanmışdır.Müqavilənin düz bağlanması məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmiş sorğunun cavabı ilə də öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının verdiyi xx.xx.2024-cü il tarixli məktubu ilə də təsdiq edilir ki, bank krediti şərtlərə uyğun olaraq rəsmiləşdirilmişdir. Müştəri ilə onlayn qaydada müqavilə bağlanmış, 10 saniyəlik video rolik vasitəsi ilə şəxsiyyət müəyyən edilmiş və OTP kodu müştəriyə göndərilmiş, müştəri isə şərtlərlə razılaşdığından təsdiq verdikdən sonra pul qeyd edilən kart hesabına köçürülmüşdür. Məhkəmə hər hansı bir əlavə sənəd, heç bir sübut istəməmişdir. Buradan da görünür ki, məhkəmə bankın təqdim etdiyi sübutlara deyil, öz mülahizələrinə əsaslanmışdır. Bundan başqa cavabdehin cinayət işi ilə bağlı zərərçəkmiş qismində tanınması ilə bağlı bildirmişdir ki, əgər əqd etibarsızdırsa onda nə üçün istintaq zamanı iş üzrə cavabdeh zərəçəkmiş şəxs kimi tanınmışdır. Əgər müştəri kredit bağlamamışdırsa, müqavilə etibarsızdırsa onada cinayət işi ilə bağlı cavabdehə hansı zərər dəymişdir və nə üçün zərərçəkmiş kimi işə cəlb edilmişdir. Məhkəmə bildirmişdir ki, cavabdeh üçüncü qrup əlildir, ona iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur, həmçinin o, nitq qüsurludur. Bildirmişdirlər ki, qanunda elə bir qadağa yoxdur ki,eşitmə azlığı diaqnozu qoyulmuş, həmçinin nitq qüsurlu şəxslərə kredit verilməsi qadağandır. Burada iradə ifadəsi qanuna uyğun olaraq şərtlərdə qeyd edilmiş video rolik vasitəsi ilə həyata keçirilmişdir. İş üzrə cavabdeh bank tərəfindən deyil başqa şəxs tərəfindən aldadılmışdırsa onun iddiaçı tərəfə heç bir aidiyyəti yoxdur, bank müqavilə cavabdehlə bağlamış, bank tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Müştəri başqa şəxs tərəfindən aldadılıbsa bunun hazırda mübahisəli olan iddia ilə heç bir bağlılığı yoxdur, bu cinayət işidir, gələcəkdə cavabdeh tərəfə reqres qaydada iddia qaldırmaq hüququ verir. Çünki cavabdeh bank tərəfindən aldadılmamışdır. Müqavilə isə tam qanuna uyğun olaraq bağlanmışdır. İki tərəfin iradə ifadəsi tərəflər arasında olar video roliklə öz təsdiqini tapır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
12. İddiaçı ASC-nin nümayəndəsi X3 izahatında bildirir ki, iddiaları tam əsaslıdır. Cinayət işi açılmışdır və cavabdeh zərərçəkmiş şəxs kimi cəlb edilib. Bank olaraq humanist mövqeyini göstərərək rəhbərlik cavabdehin nitq-eşitmə qüsurlu olduğuna görə borcun güzəşt olunmasını məqsədəuyğun hesab etdi. Qeyd edilənlərə əsasən iddiadan imtina edilməsi barədə ərizənin qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirir ki, iddiaçının ərizəsinin qəbul edilməsini və icraata xitam verilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 52.1 İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
15. Maddə 52.5 İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
16. Maddə 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
17. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
18. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
19. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Kapital Bank” ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, iddiadan imtina edildiyini və icraata xitam verilməsini xahiş etmişdir.
22. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 23 Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı ASC-nin iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov