Məhkəmə qərarları › İş №2(103)-1519/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1519/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1519/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-2688/21) iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23.942,92 ABŞ dolları əsas, 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.12.2019-cu il tarixdən 22.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1197,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 62590 (altmış iki min beş yüz doxsan) ABŞ dolları məbləğində borcun məzənnə üzrə manatla tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 89550 (səksən doqquz min beş yüz əlli) manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 ümumi qaydada tutulması, daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı "xxxx" ASC və Cavabdeh2 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 16 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" İKB ASC-nin Mxd filialından illik 25%-lə 60 ay müddətinə 45000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 46.04 kv.m. ümumi, 30.14 kv.m. yaşayış sahədən İbarət 64 nömrəli mənzili 16 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecİkdirİlən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 22-dək Cavabdeh2 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 25453.77 ABŞ dolları əsas, 37274.22 ABŞ dolları faiz, 3323.68 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 66051.67 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetiııə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı "xxxx" ASC, həm də Cavabdeh2 apellyasiya şikayəti vermişlər. İddiaçı "xxxx" ASC apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi Bank qətnaməni əsasən cərimə borcu ilə bağlı hissədə mübahisələndirir və cərimə borcunun düzgün hesablanmadığını qeyd edir. Apellyasiya şikayətində həmçinin göstərilir ki, məhkəmə ekspert rəyinə əsaslanmaqla əsas, faiz və cərimə borcunu azaltmaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin qismən təmin olunmuş faiz, cərimə və digər şişirdilmiş məbləğlərlə bağlı hissələrinin ləğv edilərək əsassız hesab edilməklə həmin məbləğlərin cavabdehin adından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırmaları zamanı cavabdehlərin iddiaçı banka pul ödəməkdə davam etməsi və bankın ədalətsiz olaraq şişirdilmiş əsas, faiz və cərimələri artırmaqda davam etməsi ödənilmiş məbləğlər çıxılmadan saxlanılması 1-ci instansiya məhkəməsi tərəfindən araşdırılmamış saxlanılmış, ekspert rəylərinin bankın əlehinə verilməsi məhkəmə tərəfindən nəzərə alınmayaraq iddiaçı bankın xeyrinə birtərəfli olaraq yozulmuşdur. Məhkəmənin ədalətsiz mövqedən yanaşaraq birtərəfli və ədalətsiz, şişirdilmiş əsas məbləğ və faiz və cərimələri cavabdehin üzərində saxlaması barədə qətnamə çıxarması cavabdehləri xəyal qırıqlığına uğratmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi Bankın apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi də öz apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən, cavabdeh tərəfindən isə təmin edilən hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ciil tarixli qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 ilə borcverən "xxxx" İKB ASC arasında bağlanmış 16.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 60 müddətinə, illik 25% ödəmək şərtilə 45000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 2 otaqlı, 46,04 kv.m ümumi, 30,14 kv.m yaşayış sahəsindən ibarət 64 nömrəli mənzili 16 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan 22.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 həmin tarixə banka 25453,77 ABŞ dolları əsas, 44730,73 ABŞ dolları faiz, 3323,68 ABŞ dolları cərimə, 1490,70 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 73508,18 ABŞ dolları borcu mövcuddur. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23.942,92 ABŞ dolları əsas, 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.12.2019-cu il tarixdən 22.01.2021- ci il tarixədək gecikdirilnıiş vaxt üçün illik 5 faizlə hesablanmış 1197,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 62590 ABŞ dolları məbləğində borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 89550 manat müəyyən edilməsini və s. qət etmişdir. Cavabdehin dəlillərinə görə faiz borcu şişirdilmiş, iddiaçının dəlillərinə görə məhkəmə əsas, faiz və cərimə borcunu azaltmaqda səhvə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09/6094 saylı, 30 sentyabr 2021-ci il tarixli espert rəyinə əsasən cavabdehin iddiaçıya müqavilə müddətinin sonuna, yəni 16.12.2019-cu il tarixə əsas borcu 28276,69 ABŞ dolları, faiz borcu 5358,48 ABŞ dolları təşkil edir. Göründüyü kimi, ekspert rəyi ilə faiz borcu 5358,48 ABŞ dolları təşkil etsə də, məhkəmə iddia tələbinə uyğun olaraq 37.067,87 ABŞ dolları faiz borcu tutmuş və bunu lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti faiz borcuna münasibətdə əsaslı olduğundan təmin edilməli, tutulmuş faiz borcunun məbləği 5358,48 ABŞ dolları müəyyən edilməlidir. İddiaçının şikayətinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı dəbbə pulu qismində 3323.68 ABŞ dolları dəbbə pulu tələb etmiş, məhkəmə isə dəbbə pulunun məbləğini azaldaraq 382,06 ABŞ dolları pul vəsaitini cavabdehdən tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi məhkəmə dəbbə pulunun məbləğini azaldarkən kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə almamış və onu hədsiz dərəcədə azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti dəbbə puluna münasibətdə qismən təmin edilməli, tutulacaq dəbbə pulunun məbləği 1500 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi “Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh2 tutulacaq faiz borcunun məbləği 5358,48 (beş min üç yüz əlli səkkiz dollar qırx səkkiz sent) ABŞ dolları, cərimə borcunun məbləği isə 1500 (bir min beş yüz) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri digər hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar