Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1521/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(006)-1079/1999 saylı qərardadından cavabdeh "xxxx" QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 25.050.000 rubl ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2(006)-1079/1999 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dəmiryol İdarəsindən 68556000 manat alınaraq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Dəmiryol İdarəsindən 10.283.400 manat dövlət rüsumu alınaraq Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamə xx.xx.1999-cu il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2(006)-1079/1999 saylı qətnaməsindən "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda-cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə təqdim edərək, xx.xx.1999-cu il tarixli, 2(006)-1079/1999 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, sözügedən qətnamə barədə, o cümlədən onun təqdim olunması ilə bağlı "xxxx" QSC-nin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin bu 23 il ərzində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən könüllü icra barədə hər hansı bildiriş daxil olmamış, yalnız Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildiriş əsasında qeyd edilən qətnamənin mövcudluğu barədə "xxxx" QSC-nin məlumatı olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, "xxxx" QSC-nin adıçəkilən qətnamədən məlumatı olmamış, ona görə də apellyasiya şikayəti vermə müddətini ondan asılı olmayan səbəblərdən ötürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(006)-1079/1999 saylı qərardadı ilə, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2(006)-1079/1999 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1079/1999 nömrəli qərardadının ləğv olunmasını, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə apellyasiya instansiya məhkməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1079/1999 nömrəli qərardadı təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətində qeyd edir ki, məhkəmənin ADY-nin nümayəndəsinin məhkəmə iclasında iştirak etmiş olmasını əsas gətirərək qətnamənin mövcudluğundan xəbərdar olmaqları qənaətinə gəlməyi və bununla da buraxılmış müddətin bərpası ilə bağlı ərizəni təmin etməməyi qanunvericiliyə ziddir. Belə ki, Mülki Prosessual Məcəlləyə uyğun olaraq tərəfin apellyasiya şikayəti vermək hüququ onun məhkəmə iclasında iştirak etməsindən deyil, rəsmi qaydada qətnamənin ona təqdim edildiyi vaxtdan yaranır. Məhkəmə həmçinin qərardadda xx.xx.1999-cu il tarixli 2(006)- 1079/1999 saylı qətnamənin cavabdehə təqdim edilib-edilmədiyi ilə bağlı məlumatın əldə edilməsinin mümkün olmadığını etiraf etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2(006)-1079/1999 saylı qətnaməsinin məzmunundan göründüyü kimi Azərbaycan Respublikası Dəmiryol İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında iştirak etməklə izahat vermişdir ki, bu hal cavabdehin məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdər olmasını təsdiq edir. Göründüyü kimi, cavabdeh mübahisələndirilən qətnamədən məlumatlı olmuş, mövcud qətnamənin qəbul edilməsindən 23 il olmaqla uzun müddət keçdikdən sonra həmin qətnaməni mübahisələndirmişdir. Məhkəmə qətnaməsinin cavabdehə təqdim olunub-olunmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 10/94 saylı məktubundan göründüyü kimi 1999-cu ilin mülki işləri, qətnamə, qərardadlar, qərarlar, icra edilmiş icra vərəqələri saxlanılmaq şərti ilə məhv edilmişdir. Buna görə də qeyd olunan halın aydınlaşdırılması mümkün olmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq 23 il sonra "xxxx" QSC-nin arxivində qətnamənin təqdim ediməsilə bağlı məlumatın aşkar olunmamasını, müddətin ötürülməsinin üzürlü səbəbi hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyəthüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı ərizə düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(006)- 1079/1999 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1521/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1521/2023
01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver