Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1524/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 Yusif qızı, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(009)-2367/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X5 ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə imzalanmış Kredit müqaviləsinə əsasən bank tərəfindən X4 illik 29% hesablanmaqla 23 ay müddətinə 2.500 manat məbləğində kredit ayrılmışdır.
2. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
3. 8 saylı Bakı ASAN Xidmət Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 vəfatından sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2020-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş, 61/2020 nömrəli vərəsəlik işi açılmışdır.
4. "xxxx" ASC-nin maliyyə arayışına əsasən hazırda cavabdehlərin bank qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu 1.780,89 manat, faiz borcu 645,57 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu 336,14 manat olmaqla, ümumilikdə 2.762,6 manat borcu yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1.780,89 manat məbləğində əsas, 645,57 manat məbləğində faiz borcu, 336,14 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu, ödənilmiş 47,63 manat dövlət rüsum və 0,8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə X5 arasında bağlanmış BPM**********39 nömrəli xx.xx.2019-ci il tarixli kredit müqaviləsinə əsasən müştəriyə 23 ay müddətinə 2.500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə edilən məlumata əsasən, X5 xx.xx.2019-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1.780,89 manat əsas, 645,57 manat müqavilə müddətində ödənilməmiş faiz, 336,14 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, cəmi 2.762,6 manat borcu qalmışdır. Cavabdehlər mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə 6-2-22/2-36229/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
7. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Ərizədə qeyd olunmuşdur ki, X3 kreditindən məlumatsız olmuşlar. O, vəfat etdikdən sonra kredit ödənişi ilə bağlı bankın zəngindən sonra Ölüm haqqında şəhadətnamə banka təhvil verilmişdir. Həmin vaxt bank kreditin ödənilmədiyini bilirdi. Bank qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.
8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(009)- 2367/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia qismən təmin edilmiş, 1.780,89 manat məbləğində əsas, 645,57 manat məbləğində faiz borcu, 336,14 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, cəmi 2.762,6 manat məbləğində pul vəsaitinin Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, borclu Kredit Sazişi üzrə yaranmış borcunu qanunla nəzərdə tutulmuş qaydada qaytarmamış, bununla da həmin Sazişdən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir.
10. Məhkəmə eyni zamanda hazırki iş üzrə cavabdehlərin hazırki iddia tələbinə cavab verməsi, yəni T.Mirzoyevin hüquqi varisi olduğuna münasibətdə qeyd etmişdir ki, T.Mirzoyev vəfat etdikdən sonra cavabdehlər miras əmlakın qəbulu ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmiş və artıq hüquqi varis statusu qazanmışdırlar.
11. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin cavabdehlərə qarşı hazırki tələblə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan 8 saylı Bakı ASAN Xidmət Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı ən geci xx.xx.2023-cü il tarixdə artıq borclunun vərəsələri barədə məlumatlı olmuşdur. Bundan başqa müqavilə 23 ay müddətinə olmaqla 2020-ci ilin dekabr ayına kimi bağlanmışdır. Borclu isə 2019-cu ilin oktyabr ayında vəfat etmişdir. Bank ən geci müqavilənin müddətinin bitdiyi tarixdə, yəni 2020-ci ilin dekabr ayında müqavilə üzrə öhdəliyin borclu tərəfindən yerinə yetirilmədiyindən məlumatlı olmuşdur. Notariat ofisinin məktubundan isə bəlli olur ki, hazırki cavabdehlər vərəsə qismində xx.xx.2020-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə müraciət etmişdirlər. Bank 2021, 2022-ci illər ərzində vəfat etmiş borclunun vərəsələri barədə məlumat əldə etmək imkanına malik olmasına baxmayaraq, bunu yalnız 2023-cü il tarixdə etmişdir. Həmin tarixdə isə vərəsələr barəsində məlumata malik olmasına baxmayaraq məhkəməyə kredit müqaviləsinin bitdiyi tarixdən (xx.xx.2020) 3 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki tələblə iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, tələb Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
13. Məhkəmə göstərilənlərə əsasən yekun olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, 1.780,89 manat məbləğində əsas, 645,57 manat məbləğində faiz borcu, 336,14 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş faiz borclu Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375, 385.1, 421.2, 442, 445.1, 448.1, 449.1, 449.2, 449.3, 445.7, 739.1, 1133.1, 1151.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 119.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxıldığı zaman, işdə iştirak edən cavabdehlər bacıları Cavabdeh3 daimi olaraq Qazaxıstan Respublikasında yaşamasını bildirmişlər. Məhkəmə işin bu halını özü də elektron məhkəmə sistemi vasitəsi ilə yoxlaya bilərdi. Belə ki, məlum olduğu kimi, məhkəmənin vətəndaşın respublika hüdudlarından kənra çıxıb-çıxmamasını elektron sistem vasitəsi ilə sorğu verərək yoxlama səlahiyyəti olsa da, məhkəmə bunu etməmişdir. Belə olduğu təqdirdə, Cavabdeh3 qeydiyyatda olduğu ünvanına göndərilmiş məhkəmə bildirişlərini heç bir formada ala bilməzdi. Digər tərəfdən o da qeyd olunmalıdır ki, Cavabdeh3 qardaş və bacıları ilə münasibətləri pozulduğundan, onlar da aparılan məhkəmə iclasları barəsində ona məlumat verməmişlər. Hazırki tələb üzrə Cavabdeh3 münasibətdə də iddia müddəti ötürülmüşdür. İş üzrə sübutlardan əsasında verilən digər cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizə olsa da, məhkəmə iddia müddətinin tətbiqini Cavabdeh3 münasibətdə də tətbiq edə bilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində şikayət olunan qətnamənin alınma tarixini xx.xx.2025-ci il olaraq qeyd etmiş və apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Apellyasiya şikayətinə əlavə olunan sənədlərdən də göründüyü kimi elektron vəkil orderi xx.xx.2025-ci il tarixli, vəkilə verilən etibarnamə xx.xx.2025-ci il tarixlidir, həmin etibarnamə Cavabdeh3 əvəzinə xx.xx.2017-ci il tarixli etibarnamə əsasında Cavabdeh4 tərəfindən verilmişdir. Belə ki, Cavabdeh3 hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunması və apelyasiya şikayəti verilməsi Cavabdeh4 iştirakı və ona verilən xx.xx.2017-ci il tarixli etibarnamə əsasında həyata keçirilmişdir. Məhkəmə prosesi zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyi zaman da həmin etibarnamə əsasında Cavabdeh3 adından çıxış edə, ərizə verilə bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alsaq cavabdeh apellyasiya şikayəti üçün nəzərdə tutulan 1 ay müddəti ötürmüşdür.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, vərəsələrin öhdəliyidir ki, ölən şəxsin kreditorlarına vərəsəlik barədə məlumat versinlər. Vərəsələr öz vəzifələrini icra etməmişdirlər. Birinci instansiya məhkəməsi icraatı zamanı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz olaraq ərizə təqdim etmişlər. Bank iddia müddəti daxilində vərəsəlik işinin açıldığı 8 saylı notariat ofisinə sorğular vermişdir. Lakin sorğulara notariat ofisi tərəfindən natamam cavablar verilmişdir. Şəxsə qarşı məhkəmədə iddia ilə müraciət etmək üçün onun şəxsiyyət vəsiqəsi məlumatları və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi olmalıdır. Notariat ofisi sorğulara cavabda şəxslərin yalnız adı, ata adı və soyadını qeyd etmiş, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etməmişdir. Hətta dəfələrlə bankın vəkili tərəfindən notariusa sorğular verilmiş, notariusun həmin sorğulara cavab verməməsinə görə Ədliyyə Nazirliyinə şikayətlər olunmuşdur. Ən sonda Ədliyyə Nazirliyinin tapşırığı əsasında şifahi formada cavabdehlərin şəxsiyyət vəsiqəsinin seriya nömrələri bildirilmişdir. Hesab edir ki, iddia müddətini ötürməmişlər. Çünki vərəsələr dairəsi barədə məlumatlı deyildilər. Belə olan halda, iddia müddətinin axımı dayanmalı idi. İş materiallarına əlavə edilmiş 2017-ci il tarixli Cavabdeh3 Cavabdeh4 verdiyi etibarnamə mövcuddur. Cavabdehlər Cavabdeh3 adından çıxış edə bilərdilər. Hesab edir ki, burada da müddəti ötürüblər. İddia müddətinin ötürülməsinə dair ərizə yalnız məhkəmə qətnaməsi çıxarılanadək verilə bilər. Cavabdehlər bacı-qardaşdırlar və təbii olaraq məhkəmə mübahisəsindən məlumatları olmuşdur. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməməsinin səbəbi budur ki, bank üçün vacib olan məsələ həmin pul məbləğinin tutulmasıdır və həmin məbləğ də qətnamə ilə tutulmuşdur. Birinci instansiya məhkəməsi icraatı dövründə iddia müddətinin tətbiqi barədə ərizə Cavabdeh4 tərəfindən tərtib olunmuş və imzalanmışdır. O, bacısı Cavabdeh3 adından çıxış edə və ərizəni imzalaya bilərdi. Kredit müqaviləsi müddəti bitdikdən sonra bankın 5% tutmaq hüququ var. Habelə, bank kredit verən zaman yaxın qohumlara məlumat vermir. Cavabdehlər əgər banka yaxınlaşıb, ölüm haqqında şəhadətnaməni təqdim etsəydilər, bank yalnız ölənədək olan faizi saxlayar, qalan faizi silərdi.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq Yasamal Rayon məhkəməsində cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində çıxış edəcəyindən hazırki məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Məhkəmənin əvəlki iclasında iştirak etmiş Cavabdeh3 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən hüquqlarını təmsil etdiyi cavabdehin hüquqlarını pozmuşdur. İddiaçı tərəf öz etirazında cavabdehin qardaşının etibarnaməsinin olduğunu və onu iş üzrə birinci instansiya məhkəməsində təmsil edə biləcəyini qeyd etsə də, cavabdeh sonradan müəyyənləşdirmişdir ki, qardaşına vaxtı ilə etibarnamə vermişdir. Həmin etibarnamə birinci instansiya məhkəməsi icraatı zamanı qardaşı tərəfindən təqdim edilməmiş və təmsil olunmamışdır. Bu səbəblə hüquqlarını təmsil etdiyi cavabdehin qardaşı cavabdehin adından müddətin ötürülməsi ilə bağlı ərizə verməmişdir. Cavabdeh ailəsi ilə daimi olaraq Almata şəhərində yaşayır. Yaşadığı dövlətin vəsiqəsi apellyasiya şikayətinə əlavə olunmuşdur. Qətnamənin mövcudluğu barədə cavabdeh sonradan məlumat əldə etmişdir. Belə ki, qohumları tərəfindən vəsaitin ondan tutulduğu bildirilmişdir. Qətnaməni mübahisələndirmək üçün özü tərəfindən etibarnamə vermək istəsə də bu alınmamışdır. Zamanında qardaşına verdiyi etibarnamə əsasında vəkilə etibarnamə verilmiş və müqavilə bağlanılmışdır. Hesab edir ki, iddiaçı bank qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddiaçı tərəf iddia müddətinin ötürülməməsi barədə məhkəməyə dəlillər təqdim etsə də, məhkəmə digər cavabdehlərə münasibətdə iddianı rədd etmiş və iddia müddətinin ötürüldüyünü qeyd etmişdir. İddiaçı qətnamənin həmin hissəsini mübahisələndirməmiş və apellyasiya şikayəti verməmiş, qətnamə ilə faktiki olaraq razılaşmışdır. Hazırda eyni əsaslarla iddianın təmin edilməsinə istinad olunması absurddur. Əgər Cavabdeh4 bacısından ona verilmiş etibarnamənin mövcudluğunu bilsəydi, sözsüz ki, bacısını təmsil edə bilərdi. Cavabdeh4 bacısını təmsil etməsi ilə bağlı birinci instansiya məhkəməsində hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh3 ölkə xaricində yaşayır və aralarında münasibət yoxdur. Bildirişlərin Cavabdeh3 çatması barədə hər hansı sənəd yoxdur.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1133. Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia qismən təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
26. İşdən görünür ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, daha sonra xx.xx.2019-cu il tarixdə X5 vəfat etmişdir. Onun vəfatından sonra cavabdehlər miras əmlakın qəbulu ilə bağlı xx.xx.2020-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət etmişlər və vərəsəlik işi açılmış, miras əmlak onlar tərəfindən qəbul edilmişdir. Bu müddət ərzində sözügedən müqavilə üzrə borcalanın öhdəlikləri cavabdehlər tərəfindən icra edilməmişdir.
27. Hazırda Cavabdeh3 apelyasiya şikayəti verərək iddiaçı tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddətinin ötürüldüyünü bildirmişdir.
28. Kollegiya ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o halda verilə və ərizə o halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin. Həmçinin, sözügedən ərizə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
29. İşdən görünür ki, cavabdeh Quliyeva X1 Respublikasında yaşayır və işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə bildirişin ona çatdırılması barədə sənədlər iş materiallarında mövcud deyil.
30. Bundan başqa, işdə Cavabdeh3 tərəfindən digər Cavabdeh4 məhkəmədə hüquqlarının təmsil olunması ilə bağlı etibarnamənin mövcudluğuna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Cavabdeh4 onun prosessual hüquq və vəzifələrini izah etməmiş, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir.
31. Halbuki, Cavabdeh4 digər cavabdehlərlə birlikdə iddia müddətinin tədbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə həmin ərizənin həmçinin Cavabdeh3 nümayəndəsi qismində də sonuncunun adından verilibverilmədiyi aydınlaşdırılmamışdır.
32. Məhkəmə hazırki mübahisə üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun əsaslandırması ilə razılaşır və bunun yenidən təkrarlanmasına zərurət görmür.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh3 münasibətdə də iddia müddəti tədbiq edilməklə iddia rədd edilməlidir.
34. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(009)-2367/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.