Məhkəmə qərarları › İş №2(103)-1532/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1532/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1532/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3821/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.763 manat 42 qəpik əsas borc, 598 manat 47 qəpik faiz və 90 manat 87 qəpik cərimə olmaqla, cəmi 5.452 manat 76 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun X5 qanun üzrə vərəsəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, 09 yanvar 2020-ci il tarixli 6-Y-2-0-273-20 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) illik 17 faizlə 36 ay müddətinə 6.000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 02 aprel 2021-ci il tarixədək X5 banka 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.763 manat 42 qəpik əsas borc, 598 manat 47 qəpik faiz və 90 manat 87 qəpik cərimə olmaqla, cəmi 5.452 manat 76 qəpik borcu vardır. X1 19 iyul 2020-ci il tarixdə vəfat etmişdir. 19 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinə ünvanlanmış sorğuya əsasən bildirmişdir ki, 19.07.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində 19.08.2020-ci il tarixdə açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyənləşmiş və mirası Cavabdeh qəbul etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəf borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3821/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC ilə X6 arasında bağlanmış 09.01.2020-ci il tarixli, 6-Y-2-0-273-20 saylı istehlak kredit müqaviləsinin ləğv edilməsi, 09 yanvar 2020-ci il tarixli istehlak kredit müqaviləsi üzrə 1.800 (min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3821/2021 saylı, 31.08.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib Mülki Məcəllənin 1306.1 maddəsi alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iddianı qismən təmin edərkən məhz bu maddəyə əsaslansa da, maddənin şərhini düzgün qiymətləndirməmişdir. Belə ki, cavabdehin vərəsə olaraq əldə etdiyi avtomobili 1.800 manata satmasını, mirasın o həddə qəbulu kimi qiymətləndirmişdir. Mirasın qəbulunun avtomobilin satış qiyməti ilə müəyyən olunması tamamilə absurddur. Belə ki, şəxs öhdəlikdən azad olmaq üçün alğı-satqı müqaviləsini formal olaraq bağlaya və yaxud əmlakı dəyərindən aşağı qiymətə sata bilər. X6 19 iyul 2020-ci il tarixdə vəfat etmiş, ondan vərəsəyə keçmiş avtomobil 26.01.2021-ci il tarixdə alğı satqı müqaviləsinə əsasən başqa şəxsə satılmışdır. Avtomobilin satış qiyməti yox, sırf miras olaraq qəbul edildiyi vaxt üzrə real bazar qiymətinin müəyyən edilməsi mirasın qəbulu kimi qiymətləndirilməlidir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə MM-in 390.1-ci maddəsini tətbiq etməmiş, vərəsənin avtomobili istədiyi qiymətə sata biləcəyini nəzərə almamışdır. Bu da öhdəlik üzrə faktiki borcun məhkəmə qətnaməsində aşağı qiymətə müəyyən olunmasına gətirib çıxarmışdır. Avtomobilin 1.800 manata satılması heç inandırıcı deyil və əmlakın dəyərindən aşağı qiymətə satılması qanun üzrə vərəsə kimi cavabdehin kreditor qarşısında öhdəliyinə təsir göstərməməlidi. Avtomobilin satış qiyməti yox, sırf miras olaraq qəbul edildiyi vaxt üzrə real bazar qiymətinin müəyyən edilməsi mirasın qəbulu kimi qiymətləndirilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 09 yanvar 2020-ci il tarixli 6-Y-2-0-273-20 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında 36 ay müddətinə, illik 17% ödəmək şərti ilə, 6.000 manat məbləğində kredit verilmişdir. 02.04.2021-ci il tarixli maliyyə arayışında X5 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 4.763 manat 42 qəpik əsas borc, 598 manat 47 qəpik faiz və 90 manat 87 qəpik cərimə olmaqla, cəmi 5.452 manat 76 qəpik borcunun mövcud olduğu göstərilmişdir. X6 19 iyul 2020- ci il tarixdə vəfat etmişdir. X3 miras qalmış «QAZ 31105 120» markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil, qanun üzrə vərəsəlik hüququ haqqında 21.01.2021-ci il tarixli şəhadətnamə üzrə irsdən tam pay almaq hüququ olan Cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin avtomobil Cavabdeh tərəfindən 26 yanvar 2021-ci il tarixdə 1.800 manata satılmışdır. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, mərhum X5 həyat yoldaşı, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, X6 yuxarıda qeyd olunan müqavilə üzrə kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, Cavabdeh isə əri X5 qanun üzrə vərəsəsi olmaqla öz miras payına mütənasib surətdə, yəni 1.800 manat məbləğində iddiaçı (kreditor) qarşısında borc öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, iddia tələbinin qismən təmin edilməsi hissəsi və təmin edilməyən hissəsi üzrə apellyatorun dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə hesablanmış borcun həcmi onun ərinin sağlığında iddiaçı qarşısında üzərinə götürdüyü borc münasibətləri əsasında yaranmışdır. İddiaçı isə cavabdehdən borc məbləğini tələb edərkən onun A.Şirinovun qanun üzrə vərəsəsinin miras yükünə mütənasib surətdə qəbul etdiyi həcmi nəzərə almamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, 16 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan aydın olur ki, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir....Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur....Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. 04 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan aydın olur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbini qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, sırf miras olaraq qəbul edildiyi vaxt üzrə real bazar qiymətinin müəyyən edilməsi mirasın qəbulu kimi qiymətləndirilməsi mülki qanunvericiliyinin müddəaları ilə tənzimlənmir. Odur ki, apellyatorun bu dəlilləri formal xarakter daşıyır və onun mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3821/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi “iddianın təmin edilmiş hissəsində” dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar