Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1536/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3487/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2(003)-41/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X2 anası, X3 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015ci il tarixdən başlayaraq Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq hər ay 220 manat aliment sabit pul məbləğində alimentin və 60 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, azyaşlı övladları Leylanın onun himayəsində saxlanılması və cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 108 manat sabit pul məblğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda aliment məbləğinin artırılması zərurəti vardır. Belə ki, 108 manat sabit pul məbləğində alimentin təyin olunmasından 7 il ötür. Bu müddət ərzində bazar qiymətləri artmış və bunun nəticəsində uşağın saxlanılması çətinləşmişdir. Uşaq böyüdükcə xərcləri də çoxalır. Onun geyim, yemək və təhsil xərcləri 108 manat hesabına qarşılamaq mümkün deyil. Cavabdehin rəsmi iş yeri var. Belə ki, o, "xxxx" MMC-də çilingər vəzifəsində çalışır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3487/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-41/2016 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 33,44 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 100.2, 112.1, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarı, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndinə, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, alimentin miqdarının 158 manat müəyyən edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, Ailə Məcəlləsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətlərində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin tədqiq olunmuş halları ilə müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir və əmək haqqı 627 manat təşkil edir. O isə həmin müəssisədə çilingər-alətçi vəzifəsində işləyir, aylıq əmək haqqı 714 manat təşkil edir, ailəlidir, himayəmdə Jasmin və Vaqif adlı iki azyaşlı uşaq vardır. Məhkəmə mübahisə edən tərəflərin əmlak vəziyyətini, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ona aid sossial qayğıların artmasını diqqətəlayiq hal kimi qiymətləndirməmişdir. Məhkəmə iclasında könüllü olaraq gəliri və əmlak vəziyyəti nəzərə alınmaqla 50 manat alimenti artıra biləcəyini bildirib, lakin məhkəmə bu dəlilə əhəmiyyət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, 108 manat sabit pul məbləğində alimentin təyin olunmasından 7 il ötür. Bu müddət ərzində bazar qiymətləri artmış və bunun nəticəsində uşağın saxlanılması çətinləşmişdir. Uşaq böyüdükcə xərcləri də çoxalır. Onun geyim, yemək və təhsil xərclərini 108 manat hesabına qarşılamaq mümkün deyil. Övladını təhsili ilə əlaqədar əlavə kurslara qoyub. Bu müddət ərzində cavabdeh 108 manat aliment məbləğindən başqa övladının heç bir xərci ilə maraqlanmamış və qarşılamamışdır. 1 ad günündə hədiyyə belə olsun övladı üçün göndərməmişdir. xx.xx.2023-cü il tarixdə öz vəsaiti hesabına qıznı burun əti əməliyyatı etdirib. Bunların heç birində cavabdehin iştirakı olmayıb. Azərbaycan Respublikası Cavabdehin göstərdiyi dəlillər, o cümlədən ikinci dəfə nikah bağlaması alimentin artırılmasının rədd edilməsi üçün birmənalı əsas ola bilməz. Çünki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2023-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 220 manat olmuşdur və bu məbləğin azaldılması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Cavabdehin ikinci dəfə ailə qurması faktı nəinki məhkəmənin qanuni və ədalətli qətnaməsinin ləğvi üçün əsas ola bilməz, hətta mənəvi baxımdan da müsbət qarşılanmayan haldır. Belə ki, bu fakt uşağın qanuni və mənəvi haqqı olan alimentdən yayınmaq üçün vasitə olmamalıdır. Əksinə övladının təməl xərclərini qarşılamaq üçün kifayət qədər maddi imkanı olmadığını bəyan etməsi ilə cavabdehin yenidən ailə qurması bir-birinə uyğun olmayan, yəni bir-birini tamamlamayan hallar sayılır.
Proses iştirakçılarının izahatı
9. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirir ki, ailəlidir, 2 övladı var. Alimentin ancaq 50 manat artırılmasına razıdır. 220 manat aliment ödəməyə maddi imkanı çatmır. Uşağı da görə bilmir. Əmək haqqı azdır, 714 manatdır.
10. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2016-cı ildə aliment 108 manat təyin edilmişdir. Hazırda uşağın 10 yaşı var, təhsili, geyimi xərcləri çoxdur. Burun əməliyyatı da olunmuşdur. Cavabdeh 108 manat ödəməklə valideyn borcunun yerinə yetirdiyini güman edir. Cavabdehin ikinci dəfə ailə qurması da iddianın təmin edilməməsini əsas verə bilməz. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
22. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2(003)- 41/2016 saylı qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh hər ay 108 manat sabit sabit pul məbləğində aliment tutulmasını müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.
23. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
24. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsini qanunauyğun hesab edir.
25. Elektron məhkəmə informasiya sistemi vasitəsi əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də çilingər-alətçi vəzifəsində işləyir və əmək haqqı 714 manat təşkil edir. Cavabdeh, X1 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından iki uşaqları- xx.xx.2022-ci il təvəllüdlü Jasmin Mirzəyeva və xx.xx.2019-cu il təvəllüdlü Vaqif Mirzəyev adlı uşaqları vardır.
26. Cavabdehin yenidən nikaha daxil olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.
27. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.
32. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3487/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev