Məhkəmə qərarları › İş №2(103)-1537/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1537/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1537/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “borcun ödənilməsi” tələbinə dair, iddiaçı Cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 qarşı “müqavilənin ləğv edilməsi, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 676/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar "xxxx" MMC və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 29.05.2018-ci il tarixli, 1785 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobilə görə 26.539,00 (yirmi altı min beş yüz otuz doqquz manat) manat əsas borc pulun, 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqı, 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimənin və 31 manat dövlət rüsumun Cavabdeh ‘'Okean Avto-2011” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh şifahi vəsatəti əsasında X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 "xxxx" MMC-nin təsisçisidir. "xxxx" MMC maşınların satışı ilə məşğuldur. Onun mülkiyyətində olan “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ811JBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobilin 29.05.2018-ci il tarixli, AR-İ 621713 nömrəli etibarnamə ilə idarə edilməsini "xxxx" MMC-ə etibar etmişdir. "xxxx" MMC onun razılığı ilə "xxxx" MMC ilə cavabdeh arasında “Hyundai Samafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil üçün "xxxx" MMC ilə bağlanmış 29.05.2018-ci il tarixli, 1785 saylı nisyə alqısatqı müqaviləsinə əsasən ilkin ödəniş 4.000,00 (dörd min manat) manat, 36 ay müddətinə hər ay 857,00 (səkkiz yüz əlli yeddi manat) manat ödəniş etməklə, 34.824,00 (otuz dörd min səkkiz yüz yirmi dörd manat) manata satılmışdır. Lakin Cavabdeh “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMİ1SJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil üçün "xxxx" MMC ilə bağlanmış 29.05.2018-cİ il tarixli, 1785 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4.000,00 (dörd min manat) manat, 05 ay üzrə yəni 29.10.2018-ci il tarixədək 4.285,00 (dörd min iki yüz səkksən beş manat) manat, cəmi 8.285,00 manat ödəniş etmişdir. Cavabdeh 29.10.2018ci il tarixdən "xxxx" MMC-ə heç bir ödəniş etməyərək 26.539,00 (yirmi altı min beş yüz otuz doqquz manat) manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Qalan 26.539,00 (yirmi altı min beş yüz otuz doqquz manat) manat borc pulu, 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqı, 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimənin dəfələrlə şifahi və 13.10.2020-ci il tarixdə yazılı xəbərdarlıq etmələrinə baxmayaraq heç bir ödəniş etməmişdir. 29.05.2018-ci il tarixli, 1785 saylı Nisyə alqı-satqı Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirdiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50,00 (əlli manat) manat məbləğində icarə haqqı ödənilməlidir. Cavabdeh “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil ödənişini 29.10.2018-ci il tarixdən iddia verildiyi günədək, 620 gün istifadə edərək təhvil verilmədiyindən, gecikdirildiyi hər gün üçün 50,00 (əlli manat) manat məbləğində icarə haqqı, yəni 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqı ödənilməlidir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişinin gecikdirdiyi hər gün üçün ödəməli olduğu ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir. Cavabdeh “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMİ1SJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil ödənişini 29.10.2018-ci il tarixdən iddia verildiyi günədək, 620 gün istifadə edərək iddia verildiyi günədək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 857,00 (səkkiz yüz əlli yeddi manat) manat pul ödənişin 1%-i məbləğində cərimə, yəni 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimə ödənilməlidir. Bununla yanaşı iddiaçı Cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış 29.05.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 10000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29.05.2018-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC iddiaçıya Hyundai Santafe markalı ** NF *** markalı avtomobili təhvil verməyi, iddiaçı isə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində pul ödənilmişdir. Həmin məbləğin 8235 manat məbləğində hissəsini cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsində etiraf edilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı iddiaçıya heç bir etibarnamə verilməmiş və nəqliyyat vasitəsi onun mülkiyyətinə verilməmiş, daha sonra isə isfadəsindən və sahibliyindən alınaraq X4 verilmişdir. Bu barədə BDYPİ-nin 05.04.2021-ci il tarixli məktubunda qeyd olunur ki, X4 04.12.2018-ci il tarixli etibarnamə verilmişdir. Həmin vaxtdan nəqliyyat vasitəsi onun istifadə və sahibliyində deyil, həmçinin cavabdehlər ona 29.05.2018-ci il tarixli müqavilənin ləğv edilməsini bildirmişdilər. Lakin bu yaxında cavabdehlər Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq nəqliyyat vasitəsinin dəyərini ondan tələb etmişlər. Halbuki nəqliyyat vasitəsi artıq uzun müddətdir ki, onun istifadə və sahibliyində deyil. Bu halı cavabdehlər özü də bilir, qərəzli olaraq ona qarşı iddia qaldırır və əsassız varlanmaq niyyətindədirlər. Belə ki, Xətai RPİ-nin 37-ci PŞ-nin 17.03.2021-ci il tarixli qərarından müəyyən olunur ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı2 (həmçinin "Okean Avto"-nun təsisçisi) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək nəqliyyat vasitəsinin X6 tərəfindən qaçırıldığını bildirmişdir. Cavabdehlər tərəfindən həm 04.12.2018-ci il tarixində Nodar Əhmədova etibarnamə verilməsi, həm şikayət ərizələri bir daha təsdiq edir ki, nəqliyyat vasitəsi iddiaçının sahibliyindən və istifadəsindən alınmışdır. Müqavilə 2018-ci il tarixində ləğv edildiyi halda rəsmiləşdirilmə aparılmamış, cavabdehlər də bundan istifadə edərək iddiaçıya qarşı Nərimanov məhkəməsində iddia qaldırmışlar. Məhz bu zərurətə görə hazırda müqavilənin ləğv edilməsi ilə bağlı pretenziya ərizəsi göndərsələr də cavabdeh pretenziyanı qəbul etməkdən imtina etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(011)-5940/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı İddiaçı2 da üçüncü şəxs qismində cəlb olunduğu “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair 2(011)-5940/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işlə birləşdirilərək, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-676/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ‘'Okean Avto- 2011” MMC-nin xeyrinə 999 manat məbləğində pul tutulması, qalan hissədə iddianı təmin edilməməsi, iddiaçı Cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 qarşı “müqavilənin ləğv edilməsi, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış 29.05.2018-ci il tarixli müqavilənin ləğv edilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılaraq 26.539,00 manat əsas borcun, 31.000 manat məbləğində cərimə pulunun, 34.875,00 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 46,40 (qırx altı manat qırx qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə ədalətli qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından məlum olur ki, Cavabdeh "xxxx" MMC ilə 29.05.2018-ci il tarixli, 1785 saylı nisyə alqı-satqı müqaviləsinə və həmin müqavilə üzrə təhvil-təslim “Akt”-ına əsasən sözügedən avtomobil ona təhvil verilmiş və 5 ay müddətində ödəniş etmişdir. Bu fakt Xətai RPİ-nin 37-ci PŞ-nin 17.03.2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Lakin cavabdehin vəkilinin məhkəməyə verdiyi izahatında qeyd olunan nəqliyyat vasitəsinə dair heç bir etibarnamənin verilmədiyini və avtomobilin onun mülkiyyətinə verilmədiyini bildirmiş bununla da məhkəməni aldatmışdır. Belə olan halda cavabdehin təhvil-təslim “Akt”-ını imzalamasını və 05 ay müddətinə aylıq ödəniş etməsini açıqlaya bilməməsi diqqətdən yayınmamışdır. Eyni zamanda cavabdeh avtomobili X1 bildirsə də buna dair hər hansı sənədləşmə işi aparılmamışdır. Halbuki belə hal nisyə alqı-satqı müqaviləsində də nəzərdə tutulmuş və alıcı avtomobili digər şəxsə satarsa avtosalon tərəfindən ondan ərizə alınaraq müqavilənin dəyişdirilməsi təmin edilir. Lakin cavabdehlə X8 adlı şəxs arasında keçən alqı-satqıdan məlumatlarının olmaması ilə yanaşı avtomobilin də hal-hazırda kimin istifadəsində olması qeyri müəyyən olaraq qalmaqdadır. Məhkəmənin iddianın təmini tədbiri qismində sözügedən avtomobilin üzərinə həbsin qoyulmasına dair müraciətlərini təmin etməməsi hüquqlarının kobud şəkildə pozulmasına və onlara dəymiş zərənin qarşılanmamasına gətirib çıxarmışdır. Həmçinin, qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən “Cavabdeh “Okean Avto 2011” MMC-nin xeyrinə 999 manat məbləğində pulun tutulması” və Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi” hissəsində ləğv olunması, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 iddia ərizəsinin təmin edilməməsi və iddiaçı Cavabdeh iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh nəqliyyat vasitəsinin dəyərini hər ay ödədiyi halda mülkiyyətçi tərəfindən ona etibarnamə verilməmişdir. Məhkəmə Mülki Məcəllənin 385-ci maddəsini iddiaçılara münasibətdə tətbiq edərək cavabdehdən 999 manat məbləğində pul tutulmasını qət edib, halbuki iş materiallarından aydın görünür ki, iddiaçılar da öz öhdəliklərini yerinə yetirməyib, nəqliyyat vasitəsini Cavabdeh mülkiyyətinə və qanuni istifadəsinə verməyib, Cavabdeh adına etibarnamə də təqdim edilməyib. Belə olan halda məhkəmə tərəfindən AR MM-nin 441-ci maddəsi tətbiq edilməli və qarşılıqlı icra həyata keçirilmədiyi üçün Cavabdeh heç bir pul məbləği tutula bilməzdi. Alqı-satqı münasibətləri olmasına baxmayaraq nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətinə verilməmişdir. İddiaçı1 MMC və İddiaçı2 qərəzli olaraq əsassız iddia qaldırması, 04.12.2018-ci il tarixdən Əhmədov Nodara etibarnamə verməsi işin mübahisəsiz mübahisəsiz halı olmasına baxmayaraq Cavabdeh qərəzli olaraq 100 000 manata yaxın məbləğdə pul tələb edilməsi iddiaçıların əsassız varlanmaq istəyindən xəbər verir. Cavabdeh aylardır iddiaçıların əsassız və qərəzli şəkildə qaldırdıqları iddialarına görə məhkəmə çəkişmələrindən mənəvi əziyyət çəkir. Bütün bu hallar mənəvi ziyanın cavabdehlərdən tutulması üçün əsasdır. Satıcı yəni iddiaçılar nəqliyyat vasitəsini Cavabdeh mülkiyyətinə və qanuni istifadəsinə vermədiyinə görə nəqliyyat vasitəsinə görə ödənilmiş 10000 manat məbləğində pul Cavabdeh geri qaytarılmalıdır. Həmin məbləğin 8285 manat hissəsini iddiaçılar etiraf edir və bu hal işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən bütün hallar araşdırılıb, məhkəmə yetəri qədər hərtərəfli araşdırma aparıb, lakin bu araşdırmanın nəticəsinə uyğun olaraq qətnamə tam əsaslandırılmayıb. Məhkəmə müqaviləni ləğv etsə də, müqavilə üzrə Cavabdeh tərəfindən ödənilmiş pulun ona geri qaytarılmasını qət etməyib, əksinə iddiaçılar tərəfindən də icra edilməyən müqavilə üzrə Cavabdeh pul tutulmasını qət edib. Birinci instansiya məhkəməsi tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinin ilkin olaraq iddiaçılar tərəfindən pozulduğu müəyyən edilmiş, həm də sübut edilmiş, lakin məhkəmə bu halı nəzərə almamışdır. Mülki Məcəllənin 567-ci maddəsi iddiaçılara deyil Cavabdeh münasibətdə tətbiq edilməlidir. Alqı-satqı müqaviləsinin şərtləri ilk olaraq iddiaçılar tərəfindən icra edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qətnamənin ləğv edilməsi və 26.539,00 manat əsas borcun, 31.000 manat məbləğində cərimə pulunun, 34.875,00 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 46,40 (qırx altı manat qırx qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qətnamənin qismən “Cavabdeh İddiaçı1 MMC-nin xeyrinə 999 manat məbləğində pulun tutulması” və Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi” hissəsində ləğv olunması, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 iddia ərizəsinin təmin edilməməsi və iddiaçı Cavabdeh iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirakının qeyri-mümkün olmasını bildirməklə, işə onun iştirakı olmadan baxılması və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir, digər tərəflər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçı və cavabdehin apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 17.03.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ811JBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobilin 05 gün müddətinə "xxxx" MMC-ə geri qaytarasınız, əks təqdirdə “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" MMC-ə geri qaytarılması, 26.539,00 (yirmi altı min beş yüz otuz doqquz manat) manat əsas borc pulun, 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqının, 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimə pulun ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq məhkəməyə müraciət ediləcəyinə və məhkəməyə müraciət edildiyi vaxtda əlavə məhkəmə xərcləri də tutulacağına dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçisi İddiaçı2dur. Cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər bviri 5 manat olmaqla 2 paydan ibarətdir. İddiaçı2 payı 10 manat, 2 pay, 100% pul şəklindədir. İş materiallarında olan 20.05.2018-ci il tarixli satıcı-"xxxx" MMC ilə alıcı- Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobili alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Müqaviləyə əsasən avtomobilin alqı-satqı dəyəri ilkin ödəniş 4000 manat, 36 ay müddətinə hər ay 857,00 manat ödəniş etməklə, 34824,00 manat müəyyən edilmişdir. İş materiallarında olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilkin ödəniş 4000 manat olmaqla, 36 ay müddətinə hər ay 857,00 manat (son ay üçün 829,1455) ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı2 mülkiyyətindədir. 621713 №-li etibarnamədən görünür ki, etibar edən-İddiaçı2, etibar edilən "xxxx" MMC-yə etibarnamə üzrə ona məxsus olan “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə etməyi və bu bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsini 05.04.2021-ci il tarixli 016-36285-1221 № məktubundan görünür ki, DİN-in Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə sorğu edilmiş “Hyundai Santafe” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.05.2018-ci il tarixdən ünvan 2 ünvanından qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı2 adına qeydiyyatdadır. Qeyd olunan avtomobilin 04.12.2018-ci il tarixdə 02.09.2024-ci il tarixədək X2 istifadəsinə verilməsi barədə DİN-in Baş X9 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. İş materiallarında olan "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə vətəndaş Cavabdeh arasında bağlanmış 29.05.2018-ci il tarixli 1785 saylı nisyə alqısatqı müqaviləsinə əsasən “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil üçün ilkin ödəniş 4000 min manat, 36 ay müddətinə, hər ay 857 manat ödəniş etməklə, 34824 manata satılmışdır. Vətəndaş Cavabdeh sözü gedən avtomobil üçün 4000 manat və 5 ay, hər ay üzrə 857 manat ödəniş etməklə, cəmi 8285 manat məbləğində ödəniş etmişdir. Cavabdeh 29.10.2018-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 26539 manat məbləğində əsas borc qalaraq ödənilməmişdir. İş materiallarında olan Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı polis baş leytenatı Kamran Muxtarovun 17.03.2021 tarixli qərarından görünür ki, vətəndaş İddiaçı2 daxil olmuş məlumatı əsasında cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən edilir ki, 19.01.2021-ci il tarixə vətəndaş İddiaçı2 verilmiş olduğu izahatında 2011-ci il tarixdə "xxxx" MMC-ni təsis etdiyini və həmin vaxtdan rəhbərlik etdiyini bildirmişdir. 2020-ci ildə problemli kreditlər məsələlərini şəxsi nəzarətinə götürdükdən sonra özünə məxsus bir neçə avtomobilin heç bir yerdə qeydiyyata alınmayaraq digər şəxlərin istifadəsində olduğunu aşkar etmişdir. Bununla bağlı müvafiq sənədləşməni arxivdən qaldıraraq bir-bir həmin şəxlərə zəng etdikdə sonuncular ona məxsus avto salondan aldıqları avtomobilləri qaytardıqlarını bildirmişlər...Təhqiqat araşdırması zamanı Cavabdeh vermiş olduğu izahatında Xətai Rayonu Babək prospektində yerləşən “Okean” avtosalonundan “Hyundai Santafe” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etdiyini bildirmişdir. Həmin avtomobilin aylıq kreditini vaxtı-vaxtında ödədiyini bildirən Cavabdeh, 2018-ci ildə avtomobili satdığını bildirmişdir. Belə ki, Cavabdeh “Okean” avtosalonun qarşısında həmin avtosalonda işləyən iki nəfər şəxsin iştirakı ilə avtomobili Nodar adlı şəxsə satdığını və həmin vaxtdan avtomobildən xəbəri olmadığını bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 17.05.2021-ci il tarixli "xxxx" MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, iki gün ərzində 29.05.2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə razılığa gəlməyiniz və nəqliyyat vasitəsinə görə geri qaytarılmasını xahiş edilir. Əks halda müqavilənin ləğv edilməsi, ödənilmiş pulların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı2 "xxxx" MMC-nin təsisçisidir və MMC maşınların satışı ilə bağlı fəaliyyət göstərir. Hazırkı tələb üzrə “Okean Avto-2011" MMC ilə Cavabdeh arasında 29.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır və müqaviləyə əsasən Cavabdeh ilkin ödəniş 4.000,00 (dörd min manat) manat etdikdən sonra 36 ay müddətinə hər ay 857,00 (səkkiz yüz əlli yeddi manat) manat ödəniş etməyi, ümumilikdə 34.824,00 (otuz dörd min səkkiz yüz iyirmi dörd manat) manata ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası ilk olaraq "xxxx" MMC-nin iddia tələbi və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Hyundai Santafe” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.05.2018-ci il tarixdə Cavabdeh satılsa da, avtomobil alıcının adına rəsmiləşdirilməmiş, eyni zamanda satıcı tərəfindən avtomobilin idarə edilməsi üçün Cavabdeh etibarnamə verilməmişdir. Bununla belə həmin avtomobilə dair 04.12.2018-ci il tarixdə X2 adına etibarnamə verilmişdir. "xxxx" MMC apellyasiya şikayətində Cavabdeh ilə X8 adlı şəxs arasında keçən alqı-satqıdan məlumatlarının olmamasını qeyd etsə də, DİN-in BDYPİ-nin Qeydiyyat imtahan kompüter uçot bazasından çıxarışdan müəyyən edilmişdir ki, məhz "xxxx" MMC tərəfindən X4 04.12.2018-ci il tarixdə “Hyundai Santafe” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı 02.09.2024-cü il tarixədək etibarnamə verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin 17.03.2021 tarixli qərarından müəyyən edilmişdir ki, Cavabdeh təhqiqat araşdırması zamanı verdiyi izahatında “Hyundai Santafe” markalı,**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2018-ci il tarixdə avtosalonda işləyən 2 nəfərin iştirakı ilə Nodar adlı şəxsə satdığını bildirmişdir. Göründüyü kimi müqavilə əsasında Cavabdeh təhvil verilmiş “Hyundai Santafe” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil sonradan 04.12.2018-ci il tarixdən etibarən avtomobilin mülkiyyətçisi İddiaçı2 tərəfindən X2 istifadəsinə verilmişdir. Həmin tarixdən avtomobil Cavabdeh istifadəsində olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC Cavabdeh avtomobilin sonuncunun istifadəsində olduğu müddət ərzində edilməmiş ödənişləri tələb edə bilər ki, birinci intansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh sonuncu ödəniş tarixindən (29.10.2018-ci il) avtomobilin X4 verildiyi etibarnamənin tarixinədək (04.12.2018-ci il) arada qalan 1 ay 5 gün üçün ödənilməmiş qalan pulu ödəməli, iddia qalan aylara nisbətdə ödənişlərin edilməsi hissəsində isə avtomobil artıq Cavabdeh istifadə və sahibliyində olmadığından rədd edilməlidir. Yəni Cavabdeh 999 manat (1 aylıq ödəniş olan 857 manat + 5 gün üçün hesablanmış ödəniş 142 manat (857x5:30)=999 manat) iddiaçıların xeyrinə tutulmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, “Hyundai Santafe” markalı,**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.12.2018-ci il tarixdən Cavabdeh istifadə və sahibliyində olmadığından birinci intansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC-nin iddia tələbi - icarə haqqının və cərimənin ödənilməsi hissəsində əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı2 "xxxx" MMC-nin təsisçisidir, "Hyundai Santafe" minik markalı, 2009-cu il buraxılışlı, minik tipli, KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi və bu tapşırıqlaarın yerinə yetirilməsi üçün digər hərəkətləri etməyi "xxxx" MMC-yə etibar etmişdir, bundan sonra 20.05.2018-ci il tarixli satıcı - "xxxx" MMC ilə alıcı - Cavabdeh arasında qeyd olunan avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iş üzrə iddiaçılar, Cavabdeh tərəfindən avtomobilə görə sonuncu ödənişin 29.10.2018-ci il tarixdə edilməklə ümumilikdə, 8285 manat ödəniş edildiyini iddia edirlər. Bu səbəbdən müqavilə üzrə ödənilməmiş qalan 26539 manatın, avtomobilin icarə haqqı kimi 31000 manatın və ödənişin gecikdirilməsinə görə hesablanmış 34875 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edirlər. Halbuki İddiaçı2 "Hyundai Santafe" markalı avtomobilin artıq Cavabdeh olmadığını bilmişdir, belə ki, İddiaçı2 Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək, qeyd olunan avtomobilin Nodar Əhmədov tərəfindən avtosalondan sürülüb yoxlama adı ilə götürülməsini bildirmişdir. Eyni zamanda işdən görünür ki, həmin avtomobilə dair 04.12.2018-ci il tarixdə X2 adına etibarnamə verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2, Cavabdeh icarə haqqının və cərimənin ödənilməsini tələb etməklə hüquqdan suiistifadə etmişdir, halbuki Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası Cavabdeh iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında 29.05.2018-ci il tarixdə avtomobilin alqı-satqı müqavilə bağlansa da, hazırda müqavilənin predmeti olan avtomobil müqavilə üzrə alıcı Cavabdeh sahiblik və istifadəsində deyil. Avtomobilə dair 29.05.2018-ci il tarixdə alqı-satqı müqavilə bağlandıqdan sonra, qeyd edilən avtomobil 04.12.2018-ci il tarixli etibarnamə əsasında X4 verilmişdir. Göründüyü kimi, hazırda "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə, müqavilə üzrə öhdəliklərin icrasının hər iki tərəf üçün mümkünsüz hal alması səbəbindən öz hüquqi əhəmiyyətini itirmişdir. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, hazırki işdə bu halın mövcudluğu ümumiyyətlə mübahisələndirilmir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Hazırkı mübahisə baxımından həmin halın mövcud olubolmadığının xüsusi araşdırılmasına ehtiyac yoxdur – çünkü, “müqavilənin ləğvi” tələbinin bir qanuni əsasının mövcudluğu artıq müəyyən edilmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Eyni Məcəllənin 424.4-cü maddəsinə görə isə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Göründüyü kimi Cavabdeh iddia tələbi - müqavilənin ləğv edilməsi hissəsində əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh iddia tələbinin - 10000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində əsassız olması barədə gəldiyi qənaəti ilə də razılaşır. Belə ki, Cavabdeh - iddiaçıların nəqliyyat vasitəsini Cavabdeh mülkiyyətinə və qanuni istifadəsinə verməməsinə istinad etməklə nəqliyyat vasitəsinə görə ödənilmiş 10000 manat məbləğində pulun ona geri qaytarılmasını qeyd etsə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, müqavilə predmeti olan avtomobil müvafiq akt tərtib edilməklə Cavabdeh təqdim edilmiş və sonuncu tərəfindən də müqavilə ilə nəzərdə tutulmuş ödənişləri həyata keçirmişdir, lakin sonradan avtomobil başqa şəxsə verilmişdir, belə olan halda Cavabdeh həyata keçirdiyi ödənişi geri tələb edə bilməz, çünki Mülki Məcəllənin 424.4-cü maddəsinə görə isə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Hazırki vəziyyətdə də tərəflər arasında bağlanmış müqavilənin ləğvini məhz Cavabdeh tələb etmiş və iddia tələbi həmin hissədə əsaslı olmaqla tərəflər arasında olan müqavilə ləğv edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, “Okean Avto-2011" MMC ilə Cavabdeh arasında bağlanmış 29.05.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin alıcının vəzifələri sırasında göstərilmişdir ki, (müqavilənin 6.2.3-cü bəndi) alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz satıcıya təhvil vermək, avtomaşın yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin özünün əmlakına yönəldilməsi və avtomaşına görə ödənilmiş pulun satıcı tərəfindən geri qaytarılmayacağı şərtini qəbul edir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə də Cavabdeh aylıq ödəniş pulunun gecikdiriləcəyi halda avtomaşına görə ödənilmiş pulun satıcı tərəfindən geri qaytarılmayacağı şərtini qəbul etmişdir. Belə olan halda iddiaçı Cavabdeh 10000 manat məbləğində maddi ziyanı tələb etməsi əsassız olmuşdur. Digər tərəfdən Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə Mülki Məcəllənin 385-ci maddəsini iddiaçılara münasibətdə tətbiq edərək cavabdehdən 999 manat məbləğində pul tutulmasını qət edib, halbuki iş materiallarından aydın görünür ki, iddiaçılar da öz öhdəliklərini yerinə yetirməyib. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin qeyd olunan halları ilə müqavilə predmeti olan avtomobil müvafiq akt tərtib edilməklə Cavabdeh təqdim edilməsi müəyyən edilmişdir ki, avtomobil Cavabdeh istifadəsində olduğu müddət ərzində müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam həyata keçirməli idi. Həmçinin Cavabdeh fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olunmadığından iddia mənəvi zərərin tutulması hissəsində də təmin edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı "xxxx" MMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-676/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar