Məhkəmə qərarları › İş №2(103)-1538/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1538/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1538/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (üçüncü şəxs: "xxxx" MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: borcun olmamasına dair arayışın verilməsi və s) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə cavabdeh "xxxx" ASC-nin “28 May” filialı arasında bağlanmış 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 12 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdehin 2 saylı Nəsimi rayon filialı tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə iddiaçı tərəfindən cavabdehdən 5000 manat məbləğində götürülmüş kredit xx.xx.2009-cu ildə tam bağlanmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1295 manat, faiz məbləği 3352,14 təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə Mərkəzləşdirlmiş kredit reyestrinə və Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumatın verilməsi və buna dair Arayışın ona verilməsi, kredit tarixçəsinin korlanmasının təkzib edilməsi barədə Arayışın ona təqdim edilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi ziyana görə 10000 manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildə cavabdehin Yasamal Flilalına müraciət edərək 5000 manat məbləğində kredit götürmüşdür. Müqavilə üzrə öhdəliklərini icra etmiş, sonuncu ödənişi xx.xx.2011-ci il tarixdə etməklə banka olan kredit borcunu tam qaytarmış, heç bir borcu qalmamışdır. 2021-ci il tarixdə sahibkarlıq fəaliyyəti üçün kredit götürülməsi məqsədi ilə başqa banklara müraciət edilmişdir. Kredit verilməsindən imtina edilmişdir və səbəbi araşdırıldıqda bildirilmişdir ki, kredit reyestrində gecikmiş kredit borcunun olması səbəbindən kredit tarixçəsi qənaətbəxş hesab edilməmişdir. Qeyd edilən tarixdə borcun olmaması bildirilsə də, buna əhəmiyyət verilməmişdir. Bununla əlaqədar Kredit Bürosuna müraciət olunaraq çıxarış əldə edilmişdir. Çıxarışdan məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixdə adına kredit verilmişdir, kredit borcu üzrə 1295 manat, faiz borcu üzrə 3352,14 manat borc olması qeyd edilmişdir. Qeyd edilən kreditin verilməsindən, məbləğindən məlumatı yoxdur. Bununla əlaqədar cavabdehə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, 2008-ci il tarixli kredit müqaviləsi üzrə borc qaldığı qeyd edilmişdir. 2008-ci il tarixli kredit müqaviləsi üzrə heç bir bocu qalmamış, götürülmüş kredit üzrə bütün borclar ödənilmişdir. Bu günədək də hər hansı borcun olmasına dair bir dəfə belə olsun ona müraciət edilməmişdir. Təkrar olaraq banka müraciət edilərək adına kredit borcu yazan şəxslərin araşdırılaraq barələrində müvafiq tədbir görülməsi və buna dair arayış təqdim edilməsi, Mərkəzləşmiş kredit reyestrində gecikmiş kredit borcumun olmamasına dair qeydlər aparılmasının təmin edilməsi və buna dair arayış verilməsi, adına yeni kredit götürülməsi üçün köməklik edilməsi və buna dair zəmanət verilməsi xahiş edilmişdir. Cavab məktubunda qeyd edilmişdir ki, Müqavilə üzrə ödənilmiş borc 14 yanvar 2016-cı il tarixdə ümidsiz aktivlərə aid edilərək balansdan kənar hesaba silinmişdir. Sual olunur söhbət hansı borcdan gedir, hansı borcu ümidisiz aktivlərə aid etmisiz. Olmayan hansı borcdan yazılır. Bankın bu hərəkəti nəticəsində kredit tarixçəsi korlanmış, sahikarlıq fəaliyyəti üçün götürmək istədiyi kreditlərdən bütün banklardan imtina edilir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4090/2022 saylı, 23 noyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2008-ci il tarixli 2335 nömrəli kredit müqaviləsi üzrə cavabdehə əsas kredit məbləği üzrə 1295 manat, faiz üzrə 3352,14 manat borcunun olması müəyyən olunmuşdur ki, həmin borcun da iddiaçı tərəfindən ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bankın 2 saylı Nəsimi rayon filialı tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə iddiaçı tərəfindən cavabdehdən 5000 manat məbləğində götürülmüş kredit xx.xx.2009-cu ildə tam bağlanmışdır. Məhkəmə həmin arayışı nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

11. İddiaçı ərizə göndərərək birinci instansiya məhkəməsində kredit müqaviləsinə xitam verilməsi barədə yeni iddia qaldırdığını bildirmiş və həmin əsasla hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası baxılan işlər arasında hər hansı asılılıq müəyyən etmədiyindən icraatın dayandırılmasını mümkün saymadı və ərizəni rədd etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

20. Birinci instansiya məhkəməsi iddiaçının kredit müqaviləsi üzrə qalıq borcunun olması barədə Azərbaycan Kredit Bürosunun verdiyi hesabdan çıxarışa əsaslanaraq iddianı rədd etmişdir.

21. İddiaçı bununla razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2023-cü il tarixli, 9/2051 saylı ekspert rəyi ilə xx.xx.2022-ci il tarixinə - hesabdan çıxarışın hesabat tarixinə 1164,16 manat əsas, 631,56 manat faiz borcu olduğu müəyyən edilmişdir.

22. Göründüyü kimi, iddiaçının kredit borcunun olmaması barədəki dəlilləri öz təsdiqini tapmamışdır.

23. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bankın 2 saylı Nəsimi rayon filialı tərəfindən mübahisələndirilən kredit müqaviləsi üzrə borcunun olmaması bildirilsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə həmin məlumat təsdiq olunmamışdır. Digər tərəfdən, iddia tələbinin əsası kimi istinad olunan "xxxx" ASC-nin 2 saylı Nəsimi rayon filialı tərəfindən verilmiş arayışda xx.xx.2008-ci il tarixdə iddiaçı tərəfindən götürülmüş 5000 manat məbləğində kreditin xx.xx.2009-cu ildə tam bağlandığı qeyd edilsə də, iddiaçının özü iddia ərizəsində sonuncu ödənişi xx.xx.2011-ci il tarixdə etməklə banka olan kredit borcunu tam qaytardığını göstərmişdir.

25. Bu fakt da özlüyündə arayışın mötəbərliyini şübhə altına alır.

26. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

27. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

28. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar