Məhkəmə qərarları › İş №2(103)-1538/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1538/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1538/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 6.514,18 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,15 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus “X2” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçıya məxsus “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. İddiaçı, ona məxsus avtomobilin təmiri və istismara yararlı vəziyyətə gətirilməsi üçün “X1” MMC-yə müraciət etmiş və həmin MMC-nin mütəxəssisləri müəyyən etmişlər ki, avtomobilin təmiri 11.480 manata başa gələcəkdir. Bununla bağlı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" verilmişdir. İddiaçıya dəymiş ziyana görə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 4.965,82 manat məbləğində sığorta ödənişi verilmişdir. Qalan 6.514,18 manat ödənilməmiş qalmışdır. Cavabdeh həmin məbləği ödəmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 85,15 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdeh tərəfin iddia tələbinə aid münasibəti barədə məlumat.

3. Cavabdehin vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçıya məxsus və yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş avtomobilin təmiri üçün 11.480 manat deyil, 6.250 manat tələb olunur ki, həmin məbləğdən 4.965,82 manat "xxxx" DSKŞ tərəfindən iddiaçıya ödənilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 3.784,18 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 57,84 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinin əvəzinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobil zədələnmişdir. İşin bu halı, yəni cavabdehin delikt törətməsi iş üzrə tərəflər arasında mübahisə doğurmur. Eyni zamanda, hadisənin baş verməsində cavabdeh təqsirli bilinmişdir. Delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçı cavabdehdən ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. İş üzrə tərəflər arasında mübahisə doğuran hal cavabdehin törətdiyi delikt nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı, “X1” MMC-nin verdiyi “Qüsur aktına” əsaslanaraq bildirir ki, ona dəymiş zərər 11.480 manat təşkil edir və dəymiş ziyana görə "xxxx" DSKŞ tərəfindən ona 4.965,82 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd edilənləri nəzərə alan iddiaçı (11.480 - 4.965,82=) qalan 6.514,18 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh tərəf isə bildirir ki, iddiaçıya məxsus və yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş avtomobilin təmiri üçün 11.480 manat deyil, 6.250 manat tələb olunur ki, həmin məbləğdən 4.965,82 manat "xxxx" DSKŞ tərəfindən iddiaçıya ödənilmişdir. Bunu nəzərə almış məhkəmə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini almışdır. Həmin rəydən görünür ki, iddiaçıya məxsus və yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş avtomobilin təmiri üçün 8.750 manat tələb olunur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir, çünki rəyi şübhə altına ala biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda müəyyən edilir ki, "xxxx" DSKŞ tərəfindən iddiaçıya ödənilmiş 4.965,82 manat nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə (8.750 - 4.965,82=) 3.784,18 manat məbləğində pul tutulmalıdır. İddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun yalnız bir hissəsi cavabdehə aid edilməli və bu məqsədlə cavabdehdən iddiaçının xeyrinə 57,84 manat məbləğində pul tutulmalıdır. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin törədilməsində və tərəflər arasındakı mülki mübahisəsinin yaranmasında cavabdeh təqsirli olduğundan iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci cavabdehdə aid edilməli və bu məqsədlə 50 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ondan iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği ilə razı deyil. Belə ki, Azərbaycanda ən böyük avtomobil satış saytı olan “turbo.az” saytına baxan zaman 2009-cu il buraxılışlı “Volkswagen Passat CC” markalı avtomobilin real bazar qiymətinin təqribən 12.000- 13.000 manat məbləğində olduğu görünür. Belə olan halda “X1” MMC-nin verdiyi “Qüsur aktında” qeyd edilən məbləğin (11.480 manat) tam saz vəziyyətdə olan avtomobillə demək olar eyni məbləğdə olması müəyyən edilir ki, bu da ona dəlalət edir ki, "xxxx" əsasızdır. Təbii ki, bu cür şişirdilərək hazır edilmiş “Qüsur aktına” uyğun olaraq ekspert məcburi olaraq dəymiş ziyanın məbləğini 8.750 manat müəyyənləşdirmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, avtomobili təmir etdirməmiş və 5.000 manat dəyərində ehtiyat hissəsi olaraq satmışdır. Belə olan halda, məhkəmə qətnaməsində qeyd edilən və iddiaçıya ödənilməli olan 3.784,18 manat pul, iddiaçının avtomobilin ehtiyat hissələrini sataraq əldə etdiyi həmin 5.000 məbləğindən az olduğu üçün, cavabdeh iddiaçıya dəymiş zərəri ödəməməli və iddia tələbi təmin edilməməli idi. Qüsur aktı tərtib edilərkən cavabdehin və ya sığorta əməkdaşının iştirakı təmin edilməmişdir. Bu isə iddiaçıya məbləği süni şəkildə artırmaq imkanı vermişdir. Həmçinin iddiaçının həmin MMC-də işləməsi faktı da onu göstərir ki, "xxxx" tərtib edilərkən MMC obyektivlikdən kənar olmuşdur. Lakin Rayon Məhkəməsi bu hallara qiymət verməmişdir. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi işi hərtərəfli araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, səhv nəticəyə gəlmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

9. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Rayon Məhkəməsinə verdiyi izahatda da bildirmişdir ki, “Volkswagen Passat CC” markalı avtomobili, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsindən bir neçə ay əvvəl 15.000 manata almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobili zədələnmiş və tam sıradan çıxmışdır. Ekspertiza tərəfindən verilmiş rəydən də görünür ki, onun avtomobilinin təmiri məqsədəmüvafiq və rentabelli hesab edilmir. Belə olan halda nəzərə alınmalıdır ki, "xxxx" DSKŞ tərəfindən ona sığorta ödənişi kimi verilmiş 4.956,82 manat, avtomobilin satışından əldə etdiyi 5.000 manat və Rayon Məhkəməsinin tutulmasını qət etdiyi 3.784,18 manat cəmi 13.741 manat təşkil edir ki, bu avtomobilin alınması üçün çəkdiyi xərcdən (15.000 manatdan) xeyli azdır. Lakin o, bu işdən artıq yorulduğundan qətnamədən apellyasiya şikayəti verməmək qərarına gəlmişdir. f) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır.

12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh özünə məxsus “X2” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçıya məxsus “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobil istismara yarasız vəziyyətə düşmüşdür.

15. “X1” MMC-nin xx.xx.2022-ci il tarixli “Qüsur aktından” görünür ki, iddiaçıya məxsus avtomobilin təmiri və istismara yararlı vəziyyətə gətirilməsi üçün 11.480 manat vəsait tələb olunur.

16. "xxxx" DSKŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02854 nömrəli “Sığorta ödənişi ilə bağlı aktdan” və xx.xx.2022-ci il tarixli, 34953 nömrəli “Ödəniş tapşırığından” görünür ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya dəymiş maddi zərərin bir hissəsinin əvəzi olaraq DSKŞ tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 4.956,82 manat sığorta ödənişi verilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 9/4091 saylı rəydən görünür ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12.500 manat olmuş 2009-cu il tarixli buraxılışlı “Volkswagen Passat CC” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyan məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 8.750 manat (12.500 (30%)) manat müəyyən edilir.

18. Göstərilənlərə əsasən müəyyən edilir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinmişdir. İşin bu halı, yəni cavabdehin delikt törətməsi iş üzrə tərəflər arasında mübahisə doğurmur.

19. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

20. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, iddiaçı, cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsini tələb edə bilər və işə baxmış Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur.

21. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğlə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı, “X1” MMC-nin verdiyi “Qüsur aktına” əsaslanaraq bildirir ki, ona dəymiş zərər 11.480 manat təşkil edir və dəymiş ziyana görə "xxxx" DSKŞ tərəfindən ona 4.965,82 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd edilənləri nəzərə alan iddiaçı qalan 6.514,18 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh tərəf isə bildirir ki, iddiaçıya məxsus və yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş avtomobilin təmiri üçün 11.480 manat deyil, 6.250 manat tələb olunur ki, həmin məbləğdən 4.965,82 manat "xxxx" DSKŞ tərəfindən iddiaçıya ödənilmişdir.

22. Yuxarıda qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyini almışdır. Həmin rəydən görünür ki, iddiaçıya məxsus və yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş avtomobilin təmiri üçün 8.750 manat tələb olunur.

23. Rayon Məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iş üzrə qətnamə qəbul edərkən həmin rəyə əsaslınmış və "xxxx" DSKŞ tərəfindən iddiaçıya ödənilmiş 4.965,82 manat nəzərə almaqla cavabdehdən iddiaçının xeyrinə (8.750 - 4.965,82=) 3.784,18 manat məbləğində pul tutulmasını qət etmişdir.

24. Cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçıya məxsus avtomobilə dəymiş və rəydə qeyd edilən ziyanın miqdarı şişirdilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

25. Bunu bildirən cavabdeh, iddiaçıya dəymiş və ekspert rəyi ilə müəyyən edilmiş ziyanın məbləğini şübhə altına ala biləcək hər hansı sübutu (məsələn: avtomobillərin təmiri ilə məşğul olan hər hansı müəssisəsinin və ya mütəxəssisin rəyini) Məhkəməyə təqdim edilməmişdir.

26. Bunu nəzərə alan Məhkəmə hesab edir ki, müzakirə edilən bu dəlil sübuta söykənmədiyi üçün əsaslı hesab edilə bilməz (MPM-in 14.2 və 77.1-ci maddələri), ekspert rəylərində göstərilənlər işdə olan digər sənədlər ilə təsdiq edildiyindən etibarlı sübut kimi qəbul edilməlidir (MPM-in 88 və 103-cü maddələri).

27. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 3.784,18 manat məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

28. Apellyasiya şikayətində cavabdeh həmçinin bildirir ki, məhkəmə baxışı iclasında iddiaçı bildirmişdir ki, o, avtomobili təmir etdirmdən 5.000 manata satmışdır. Belə olan halda, Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən və iddiaçıya ödənilməli olan 3.784,18 manat pul, iddiaçının satışdan əldə etdiyi həmin 5.000 məbləğindən az olduğu üçün, iddia tələbi təmin edilməməli idi. Çünki iddiaçıya məxsus olmuş avtomobilə uyğun avtomobillərin qiyməti təxminən 12.000-13.000 manatdır.

29. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, işin hallarından müəyyən edilir ki, "xxxx" DSKŞ tərəfindən iddiaçıya 4.956,82 manat məbləğində sığorta ödənişi verilmiş, iddiaçı qəzaya uğramış avtomobilini təmir etmədən 5.000 manata satmışdır. Göründüyü kimi cavabdehin əldə etdiyi məbləğ 9.956,82 manat təşkil edir.

30. Rayon Məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etdiyi məbləğin 3.784,18 manat olması nəzərə alındıqda müəyyən edilir ki, qətnamə gələcəkdə icra edildiyi halda iddiaçının əldə edəcəyi məbləğ 13.741 manat təşkil edəcək. Bu isə azad bazar şəraitində ağlabatan və realdır. h) apellyasiya baxışının nəticəsi

31. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Qeyd edilən nəticəyə gəlmiş Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun – cavabdehin özünə aid edilməlidir.

33. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz (MPM-in 402-ci maddəsi). Hazırkı işdə isə bu məbləğ 3.784,18 manat təşkil edir.

34. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar