Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1540/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdehlər X4 və X5 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X17 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X14, cavabdeh X3 iştirakı ilə, iddiaçı X7 cavabdehlər X4 və X5 qarşı “pul və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 saylı 25 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X1 Ceyhun Böyükağa oğlu (bundan sonra – birinci cavabdeh) ilə aralarında əldə olunmuş razılaşmaya əsasən Gürcüstan Respublikasından avtomobillərin alınması üçün Bakı şəhərində yaşayan X22 və Böyükağa Cavadovun (bundan sonra – ikinci cavabdeh) vasitəsilə X5 pul göndərmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X13 cavabdehlər X4 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7700 ABŞ dolları, maddi zərərin əvəzi kimi 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 130 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı həmkəndlisi X8 "xxxx" ASC-dən götürdüyü kreditlə o, 2020-ci ilin dekabr ayında Qəbələ şəhər sakini Səbuhi ilə danışarkən minik avtomobili əldə etmək istədiyini bildirdiyini demişdir. Səbuhi də onun tələbə yoldaşı olmuş, Gürcüstan Respublikasında yaşayan, Azərbaycan Respublikasına minik avtomobillərinin gətirilməsi ilə məşğul olan Ceyhun Cavadovla tanış edərək onun telefon nömrəsini ona vermişdir. O, Ceyhunla telefon vasitəsi ilə əlaqə yaradaraq “CHEVROLET MALİBU” və “CHEVROLET CRUZE” almaq istədiyini bildirmişdir və bu barədə razılığa gəlmişlər. Ceyhun özünün Azərbaycan Respublikasında olmamasını səbəb gətirərək, onun avtomobillərinin alınması üçün pulu atası Böyükağa Cavadova verməli olduğunu bildirmişdir. O, da öz növbəsində xx.xx.2020-ci il tarixində 6200 ABŞ dolları məbləğində pulu cavabdeh Ceyhun Cavadovun atası Böyükağa Cavadova çatdırmaq məqsədi ilə Bakı şəhərində yaşayan X22a göndərmişdir. X22 bildirdiyi kimi, 6200 ABŞ dolları məbləğində pulu ünvan 1 ünvanda yerləşən Aptekdə, digər cavabdeh Ceyhun Cavadovun atası Böyükağa Cavadova çatdırmışdır. İkinci avtomobilin əldə edilməsi üçün də eyni qaydada xx.xx.2021-ci ildə X22 vasitəsi ilə onun göndərdiyi 1500 ABŞ dolları məbləğində pulu ünvan 1 ünvanda yerləşən Aptekdə, cavabdeh Böyükağa Cavadova çatdırmışdır. Hər iki halda pul göndərildikdən sonra Ceyhun atası Böyükağa Cavadovla əlaqə saxlayaraq göndərilən pulun onun tərəfindən alınmasının təsdiqi barədə məlumat almışdır. Lakin Ceyhun pulları əldə etdikdən sonra avtomobilləri gətirə bilmədiyini bildirmişdir. Onunla +**********5 mobil nömrəsi ilə əlaqə yaradaraq ona verilmiş pulu geri tələb etdikdə o, müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehlər ümumilikdə ona 7700 ABŞ dolları və 100 AZN maddi ziyan vurmuşlar. Cavabdeh Ceyhun Cavadov bütün bunlardan əlavə Covid-19 pandemiyası səbəbindən həm virusa yoluxması, həm də Karantin rejimi ilə əlaqədar dövlət sərhədlərinin bağlı olmasını bəhanə gətirmiş və adı çəkilən avtomobilləri göndərməmişdir. Lakin dövlət sərhədləri bağlı olsa belə, Xaricdən avtomobil göndərmək mümkündür və bu açıq-aşkar pulun mənimsənildiyinin sübutudur. Bu günədək ondan aldadılaraq alınmış ümumilikdə 7700 ABŞ dolları və 100 manat məbləğində pul geri qaytarılmamışdır. Cavabdehin ona qarşı etdiyi hərəkətlərin tərkibində cinayət xarakterli əlamətlər olduğu üçün onun barəsində polisə şikayət etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Təhqiqat zamanı cavabdeh özü də etiraf etmişdir ki, ondan 7700 ABŞ dolları pul almışdır. Lakin, bütün bunlara baxmayaraq bu günədək cavabdehlər tərəfindən ona heç bir pul qaytarılmamışdır. Sonradan həmin qərar prokuror tərəfindən ləğv olunsa da, müstəntiq yenə də araşdırma apardıqdan sonra eyni qərarı qəbul etmiş və həmin qərarda pulun götürülməsi faktı öz təsdiqini tapsa da, mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, o, hesab edir ki, cavabdehlər Cavadov Böyükağa və Cavadov Ceyhun adlı şəxslərin ona avtomobil satmaq adı ilə aldıqları 7700 ABŞ dolları məbləğində pulu alaraq üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmədikləri üçün onlar mülki məsuliyyət daşıyırlar.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının izahatı və Xətai Rayon Polis İdarəsində cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, cavabdeh X9 ümumilikdə 7700 ABŞ dollarını X6 avtomobillərin gətirilməsi ilə bağlı almış və digər cavabdeh, oğlu X5 göndərmişdir. Həmin məbləğ hazırki günədək geri qaytarılmamışdır.
6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
7. Cavabdeh X9 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1413/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi ziyanın əvəzi olaraq cavabdehlər tərəfindən iddiaçıya 100 (bir yüz) manat məbləğində maddi ziyanın vurulması qənaətinə gəlinsə də, məhkəmə qəbul etdiyi yekun məhkəmə aktında maddi ziyanın nədə öz əksini tapması, hansı dəlillər əsasında iddaçıya maddi ziyanın vurulmasını sübuta yetirməsi məsələsini əsaslandıra bilməmişdir. Belə ki, sözü gedən normadan aydın olduğu kimi vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hüququ pozulmuş şəxs bununla bağlı xərc çəkə, yaxud da gəlir əldə edə bilərdi. Hər iki fakt hazırki mübahisə üzrə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə bu hissədə də iddia tələbini təmin etməməli idi. Göründüyü kimi cavabdehin qanunla müəyyən edilmiş hüquqları məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. O, hazırki mülki iş üzrə ümumiyyətlə tərəf deyil; yalnızca ona verilmiş pul məbləğini digər cavabdehə göndərmiş (digər cavabdeh də bu faktı təsdiq edə bilər), iddiaçını isə ümumiyyətlə tanımamışdır. Belə olduğu təqdirdə hansı halda məhkəmə onu da cavabdeh kimi qiymətləndirmiş, ondan əsassız yerə tələb olunan borc məbləğinin ödənilməsi qənaətinə gəlmişdir. Böyükağa Cavadov ümumiyyətlə əlaqəsinin olmadığı, tanımadığı iddiaçıya qarşı hər hansı bir pul vəsaitini ödəmək öhdəliyini öz üzərinə götürməmişdir. Məhz bu səbəbdən məhkəmə mülki işi araşdırarkən işə hərtərəfli baxmalı idi. O, məhkəmə prosesində iştirak etməsə də, 36-cı PB-ə verdiyi izahatlarda bu faktı təsdiq edərək şəxsi tanımadığını, hər hansı bir öhdəlik götürmədiyini qeyd etmişdir. Məhkəmə baxış iclasında onun iştirakının təmin edilməməsi nəticəsində prosessual hüquqlarını həyata keçirməyinə maneə yaradılmışdır. Böyükağa Cavadov məhkəmə prosesi zamanı məhkəmə iclası barədə məlumatlandırılsaydı tərəfindən zəruri sübutlar məhkəməyə təqdim olunardı. Belə ki, o, digər cavabdehə pul verilməsi məqsədilə mübahisə predmeti olan vəsaiti almış, öz adından və başqa şəxslərin adından digər cavabdehə göndərmişdir. Belə ki, həmin məbləğ birdəfəlik cavabdehin adından göndərilməsi mümkün olmadığı üçün o, başqa şəxslərin köməkliyi ilə ödənişi digər cavabdehə göndərmişdir. Onun tərəfindən ödənişin tam şəkildə köçürülməsi faktını digər cavabdeh X11 da təsdiq edir. Onun məhkəmə prosesində iştirakının təmin edilməməsi ilə məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum olmuşdur. Belə olduğu təqdirdə əsassız olaraq onun əleyhinə yekun akt qəbul edilmişdir. Əgər o, məhkəmə prosesində iştirak etmək imkanı əldə etsəydi özünü lazimi şəkildə müdafiə edər, məsələ ilə əlaqəli olmadığına dair zəruri sübutları məhkəmənin diqqətinə çatdırardı. Odur ki, bütün bunlar Böyükağa Cavadovun hüquqlarının pozulmasının bariz nümunəsidir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan da aydın olduğu kimi o, yalnızca digər cavabdehə pul vəsaitini köçürmək üçün ödənişi almış, iddiaçıya qarşı isə hər hansı bir öhdəlik üzərinə götürməmişdir. Məhz bu səbəbdən məhkəmə bütün halları dərindən araşdırmalı, obyektiv qərar qəbul etməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçının nümayəndəsi-vəkili elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, maddi ziyanın əvəzi olaraq onlardan iddiaçıya 100 (bir yüz) manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmə obyektiv araşdırma aparmamış və həmin zərər sübuta yetirilməmişdir. Cavabdehin bu mövqeyi ilə bağlı qeyd etmək istəyirik ki, iddiaçıya məxsus 7700 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdən guya nəqliyyat vasitəsi almaq adı ilə ondan alınmış və həmin vaxtdan iddiaçının pul vəsaitini geri qaytarmamışdır. Cavabdehlər müxtəlif bəhanələrlə 2020-ci ildən bəri iddiaçının pulunu özlərində saxlamaqla ona həm maddi, həm də mənəvi zərər vurmuşlar. Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq 2021-ci ildə uçot dərəcəsi 6.5-7.25%, 2022-ci ildə isə 7.5-8.25% dərəcələri arasında olmuşdur. Bu baxımdan cavabdeh 2 ildən artıqdır ki, iddiaçıya məxsus 7700 ABŞ dolları məbləğində pulu mənimsəyərək geri qaytarmaqdan boyun qaçırırlar. Bunun nəticəsində də iddiaçı uzun müddətdir ki, nə özünə başqa nəqliyyat vasitəsi ala bilmiş, nə də pulunun geri qaytarılmasına nail ola bilmişdir. Ölkəmizdə və dünyada baş verən iqtisadi çətinlikləri, infilyasiyanı və manatın məzənnəsi nəzərə alsaq, cavabdehlərin iddiaçıya vurduqları zərər nəinki 100 manat, bəlkə də 2000 manatdan yuxarıdır. Bu baxımdan məhkəmə maddi zərərin məbləğini əsaslı hesab etmiş, əlavə sübut etməyə ehtiyac duymadan maddi zərərin məbləği ağlabatan olduğunu qənaətinə gələrək həmin hissədə iddianı təmin etmişdir. Cavabdeh B.Cavadovun iddiaçı F.Tağıyevdən 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti alması 30 sentyabr 2021-ci il tarixdə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüqar Həsənov tərəfindən və 19 iyun 2021-ci il tarixdə Xətai RPİnin 36-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Məftun Şirinov tərəfindən qəbul edilmiş prosessual qərarlarla öz təsdiqini tapmışdır. Eləcə də, cavabdeh tərəfindən verilmiş və imzalanmış 09 may 2021-ci il tarixli izahatda cavabdeh B.Cavadov iddiaçı F.Tağıyevdən 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitini aldığını etiraf etmişdir. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsində keçirilmiş proseslərdə iştirak etmədiyini, məhkəmənin onun iştirakı olmadan məhkəmə baxışı keçirərək qeyri-obyektiv qərar çıxardığını qeyd etmişdir. Bu hal ilə bağlı qeyd edirlər ki, məhkəmə tərəfindən cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin hazırlıq iclası və baxış prosesləri barədə xəbərdarlıq edilmiş, cavabdeh məhkəmə proseslərinin keçirilməsindən xəbərdar olduğu halda heç bir prosesdə iştirak etməmişdir. Hazırda da cavabdehin apelyasiya şikayəti verməkdə məqsədiə süni vaxt uzatmaqdan və məhkəmə qərarının icrasını ləngitməkdən başqa bir şey deyil. Cavabdeh hər vəchlə qətnamənin icrasını ləngitmək və məsuliyyətdən boyun qaçırmağa çalışır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X19 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1413/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, etirazın məzmununa uyğun izahat vermişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavadeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Apellyasiya baxışının hədləri 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilsə də, şikayətin məzmunundan qətnamənin ona aid hissədə ləğv olunması və ona aid hissədə iddianın rədd olunmasının xahiş edilməsi aydın olur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin X4 aid hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.1 və 21.2-ci maddə)
18. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (385.1-ci maddə) 19.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (386.1-cı maddə) 20.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442ci maddə) 21.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (443.1 və 443.2-ci maddələri) 22.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (448.1-ci və 448.2-ci maddələri) 23.Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (777.1 və 777.2-ci maddə) 24.Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. (778.1-ci maddə) 25.Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. https://www.e-qanun.az/framework/46944(779.1-ci maddə)
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X4 münasibətdə ləğv edilməli, iddia ona aid hissədə rədd edilməlidir. 27.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 28.Mülki işin hallarından göründüyü kimi iddiaçı X13 ilə cavabdeh X10 arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh X10 iddiaçının verdiyi pul vəsaiti müqabilində sonuncuya avtomobil almağı və Azərbaycan Respublikasının ərazisinə gətirməyi öhdəsinə götürmüşdür. Tapşırıq alan cavabdeh Respublikanın hüdudları kənarında olduğu üçün mübahisə predmeti olan pul məbləği ona cavabdeh X9 vasitəsilə çatdırılmışdır. Pulun ikinci cavabdeh vasitəsilə birinci cavabdehə çatdırılmasına iddiaçının etirazı olmamışdır. Bu hallar işin mübahisələndirilməyən hallarına aiddir. 29.Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər (iddiaçı X13 ilə cavabdeh X10) arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tapşırıq müqaviləsinə görə də, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 30.Hazırki apellyasiya şikayətinə əsasən işə baxan məhkəmə kollegiyası hesab edir ki, ilk öncə iddiaçı ilə cavabdeh X9 arasında öhdəlik hüquq münasibətlərinin yaranıbyaranmamasına hüquqi qiymət verilməlidir. Belə ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. 31.Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. 32.İş materiallarından göründüyü kimi, mübahisə predmeti olan pul vəsaiti müvafiq tapşırığı icra etmək müqabilində iddiaçı tərəfindən tapşırıq alan X5 verilməsi nəzərdə tutulmuşdur. Sonuncu Respublikanın hüdudları kənarında olduğu üçün onun öz göstərişinə əsasən və məhz ona çatdırılması üçün həmin məbləğ cavabdeh X4 verilmişdir. Bu hal məhkəmə araşdırması zamanı nə iddiaçı, nə də ki cavabdehlər tərəfindən mübahisələndirilmişdir. 33.Beləliklə işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə X9 arasında hər hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır və belə olan halda da iddiaçı ödənilmiş pul məbləğini ikinci cavabdehdən tələb emək hüququna malik deyildir. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 34.Həmçinin qeyd edilməlidir ki, iki cavabdeh arasında yaranmış münasibətlərdən göründüyü kimi cavabdeh X9 iddiaçı tərəfindən verilmiş pul vəsaiti cavabdeh X5 göndərməyi öhdəsinə götürmüşdür. Bu öhdəliyin onların arasında mövcud olan razılaşmaya əsasən tapşırığa uyğun şəkildə lazımi qaydada icra edilməməsi, yəni pul vəsaitinin tapşırıq verənə (hazırki halda X5) göndərilməməsi və bununla da onun zərərə uğraması nəticəsində göndərilməmiş pul məbləği həddində zərərin ödənilməsini X2 tələb etmək hüququ yalnız X5 məxsus olacaqdır. 35.Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən baxılan işdə işin faktiki halları düzgün araşdırılmamış, tərəflər arasında müqavilə və müqavilə bənzəri hüquq münasibətlərinin olub-olmamasına hüquqi qiymət verilməmiş, müvafiq maddi hüquq normalarının şərtləri tətbiq edilməklə işin faktiki halları yoxlanılmamışdır. 36.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçı tərəfindən ona ödənilməlidir. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1413/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi cavabdeh X4 aid hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X7 cavabdehlər X4 və X5 qarşı “pul və maddi zərərin ödənilməsi” tələbinə dair iddiası cavabdeh X4 münasibətdə rədd edilsin. 65 (altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı X6 tutularaq cavabdeh X4 ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov