Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1541/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)-4278/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Şifarişçi İddiaçı ilə icraçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli XM seriyalı 2023 saylı xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçini Litvada sürücü kimi işlə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilədə aparılmış qeyddən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş məbləğ 600 Euro təşkil edir. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı pretenziyadan görünür ki, onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü ildə “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi” haqqında XM №/2023 xidmət müqavilə bağlanmışdır. Müqaviləyə görə “icraçı” (X4”MMC) “sifarişçi”yə (İddiaçı) xaricdə işə düzəltmə xidməti göstərməyi, “sifarişçi”isə qarşılığında “icraçı”ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilənin şərtinə əməl etmiş və Cavabdeh MMC-yə xx.xx.2023-cü ildə ona 600 Euro xidmət haqqı ödənişi etmişdir. Lakin Cavabdeh MMC müqavilə əsasında üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və ona xaricdə işlə təmin etməmişdir. Cavabdeh MMC göndərişi əsasında xx.xx.2024-cü ildə Monteneqro Respublikasına getmiş, lakin həmin ünvanda 4 gün qalsa da işlə təmin olunmamışdır. Monteneqro Respublikasında qaldığı müddət ərzində 183 euro xərcləmişdir. Həmçinin gediş-gəlişə görə 930 manat pul xərcləmişdir. Müqavilənin şərtlərini pozduğuna görə xahiş edir ona 783 euro və 930 manat pulun ödənilməsini 10 gün müddətinə təmin edilsin, əks-təqdirdə məhkəməyə müraciət edəcəkdir. xx.xx.2024-cü il tarixli təyyarə biletindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə uçuş saatı 02:50-yə Bakıdan İzmirə, həmin tarixdə İzmirdən Podqoritsaya 11:00-a uçuşu olmuşdur. Səyahət sığortası şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər 50 euro məbləğində sığortalanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, 20 noyabr 2023-cü il tarixli, XM №/2023 saylı “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi" haqqında xidmət müqaviləsinin şərtlərini pozduğuna görə Cavabdeh MMC-dən 660 (altı yüz altmış) euro məbləğində pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi” haqqında XM №/2023 xidmət müqavilə bağlanmışdır. Müqaviləyə görə “icraçı” (Cavabdeh MMC) “sifarişçi”yə (İddiaçı) xaricdə işə düzəltmə xidməti göstərməyi, “sifarişçi” isə qarşılığında “icraçı”ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin şərtinə əməl etmiş və Cavabdeh MMC-yə 20 noyabr 2023-cü ildə 600 (altı yüz) euro xidmət haqqı ödənişi etmişdir. Lakin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, iddiaçını xaricdə iş ilə təmin etməmişdir. Cavabdehin göndərişi əsasında iddiaçı xx.xx.2024-cü ildə Monteneqro Respublikasına getmiş, lakin həmin ünvanda 4 gün qalsa da işlə təmin olunmamışdır. Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Podqoritsa şəhərində yaşayış yerinə görə 1 gün üçün 15 euro ödəmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)- 4278/2024 nömrəli qətnaməsinə əsasən, iddianın təmin edilməsi, 20 noyabr 2023-cü il tarixli, XM №/2023 saylı “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi"nə dair müqavilə üzrə vurulmuş zərərə görə Cavabdeh MMC-dən 660 (altı yüz altmış) euro məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında podrat müqaviləsi imzalanmış və həmin müqavilə üzrə cavabdeh iddiaçını xaricdə işlə təmin etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı, Cavabdeh MMC-dən müqavilə şərtlərinə əməl olunmadığına görə ona vurulmuş olan maddi zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, cavabdeh tərəf ona 660 euro məbləğində zərər vurmuşdur: Bunlardan 600 euro müqavilə üzrə ödənilmiş xidmət haqqı, 60 euro isə Monteneqro Respublikasının Podqoritsa şəhərində işlə təmin olunmasını gözlədiyi müddətdə yaşayış yeri üçün sərf etdiyi vəsaitdir (1 gün*15 euro). Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müəyyən edir ki, Cavabdeh MMC İddiaçı Litva Respublikasında sürücülük işi ilə (eləcə də, yaşayış yeri ilə) təmin etməyi öhdəsinə götürmüş, bunun müqabilində iddiaçı cavabdeh şirkətə 600 euro məbləğində xidmət haqqı ödəmişdir. Cavabdeh sözügedən podrat münasibətləri çərçivəsində öhdəsinə götürmüşdür ki, müqavilə üzrə xidmət haqqı ödənildiyi tarixdən 90-180 gün sonra iddiaçını işlə təmin edəcəkdir. Cavabdeh həmçinin öhdəsinə götürmüşdür ki, işə düzəltmə ilə bağlı problem yaranarsa, ödənilmiş xidmət haqqı məbləği geri qaytarılacaqdır. Bundan başqa məhkəmə müəyyən edir ki, İddiaçı Cavabdeh MMC-nin təlimatına əsasən xx.xx.2024-cü il tarixində Monteneqro Respublikasının Podqoritsa şəhərinə yollanmış və orada öz şəxsi vəsaiti ilə məskunlaşaraq 4 gün ərzində işlə təmin olunmağını gözləmişdir. Lakin, bu baş tutmadığından iddiaçı Azərbaycan Respublikasına geri qayıtmışdır. Məhkəmə daha sonra qeyd etmişdir ki, işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı Cavabdeh MMC ilə aralarında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi cavabdehə qanunvericiklə tələb olunan qaydada müraciət etsə də, bu da, nəticə verməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli, XM №/2023 saylı “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi"nə dair müqavilə üzrə vurulmuş zərərə görə Cavabdeh MMC-dən 660 (altı yüz altmış) euro məbləğində pul vəsaiti, dövlət rüsumuna görə 45 manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 404. 442, 448.1, 448.2, 752.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)-4278/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını (20 noyabr 2023-cü ildə “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi” haqqında XM №/2023 xidmət müqavilənin şərtlərini pozduğuna görə Cavabdeh MMC-dən 930 (doqquz yüz otuz) manatın və ödəniş gününə olan kursa əsasən 783 (yeddi yüz səksən üç) euro pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)-4278/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 20 noyabr 2023-cü il tarixli, XM №/2023 saylı “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi”nə dair müqavilə üzrə vurulmuş zərərə görə Cavabdeh MMC-dən 660 (altı yüz altmış) euro məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iş üzrə qəbul olunmuş qətnamədən narazı olduğunu bildirir. Hesab edilir ki, qətnamə MPM-nin 4, 9, 14, 88-ci, MM-nin 739 və 740-cı maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddiaçı iddia tələbində iddiaçı ilə cavabdeh arasında 20 noyabr 2023-cü ildə “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi” haqqında XM №/2023 xidmət müqaviləsinin şərtlərini pozduğuna görə Cavabdeh MMCdən 930 (doqquz yüz otuz) manatın və ödəniş gününə olan kursa əsasən 783 (yeddi yüz səksən üç) euro pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırma aparmamış, qətnamə qəbul edilərkən qətnamədə göstərilmişdir ki, iddia tələbi təmin edilsin və iddiaçıya 660 (altı yüz altmış) euro məbləğində pul vəsaiti ödənilsin. İddia etdiyi 930 (doqquz yüz otuz) manatın və ödəniş gününə olan kursa əsasən 783 (yeddi yüz səksən üç) euro pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnamə qəbul etməmişdir. Qeyd edilir ki, bu iş üzrə qəbul olunmuş qətnaməni 28 dekabr 2024-cü ildə iddiaçı məhkəmədən rəsmi şəkildə götürmüşdür. MPM-nin 14-cü maddəsinə görə “Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır”. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə “qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır”. Hesab edilir ki, məhkəmənin qəbul etdiyi qətnamə iddiaçının konstitusion hüququnun pozulmasına səbəb olmuşdur. Ona gprə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)-4278/2024 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi (20 noyabr 2023-cü ildə “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi” haqqında XM №/2023 xidmət müqavilənin şərtlərini pozduğuna görə Cavabdeh MMC-dən 930 (doqquz yüz otuz) manatın və ödəniş gününə olan kursa əsasən 783 (yeddi yüz səksən üç) euro pulun və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53.İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı sonuncunun 20 noyabr 2023-cü il tarixli, XM №/2023 saylı “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi" haqqında xidmət müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün 930 manatın, 783 euro-nun və dövlət rüsumuna görə 45 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddiaçı MPM-in 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbini dəqiqləşdirərək cavabdehdən xidmət haqqına görə 600 euro, 4 gün üçün ödədiyi 60 euro olmaqla cəmi 660 euro-un tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbinin həcmini azaltmaq hüququndan istifadə etməkdə haqlı olduğundan, apellyasiya şikayətində qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən baxılmayan tələb üzrə iddiaçının məhkəməyə müraciət etmək hüququ olduğundan, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin yalnız formal mülahizələrə görə ləğv edilməsi mümkün olmadığından apellyasiya şikayəti təmin edilə bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(010)- 4278/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1541/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1541/2025
19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver