Məhkəmə qərarları › İş №2(103)-1542/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1542/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1542/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 birgə qaydada 2670,32 (iki min altı yüz yetmiş dollar otuz iki sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə faiz borcu 1533 (bir min beş yüz otuz üç dollar) faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 252,34 (iki yüz əlli iki dollar otuz dörd sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildıyinə görə hesablanmış 1414,97 (bir min dörd yüz ön dörd dollar doxsan yeddi sent) ABŞ dollar cərimə borcunun, cəmi isə 5870,63 (beş min səkkiz yüz yetmiş dollar altmış üç sent) ABŞ dollar borcun və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan "İddiaçı’ ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) % ödəmək şərti ilə 2860 (iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafıkə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 398 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq, borcunu gecikdirmiş, ödəniş etməmiş və beləlik də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 2670.32 ABŞ dolları (iki min altı yüz yetmiş dollar 32 sent), kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 14 10.2017-cı il tarixinə faiz borcu 1533 (bir min beş yüz otuz üç dollar) ABŞ dolları, müqavilə müddətı bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 252 34 (iki yüz əlli iki dollar otuz dörd sent) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1414,97 (bır min dörd yüz on dörd dollar doxsan yeddi sent) ABŞ dolları, cəmi isə 5870,63 (beş min səkkiz yüz yetmiş dollar altmış üç sent) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən bu günədək borcun ödənilməsi üçun heç bır tədbir görülməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 2670,32 ABŞ dolları əsas borc, 1533 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 252,34 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildıyinə görə hesablanmış 400 ABŞ dollar cərimə borcu olmaqla, cəmi isə 4855,66 ABŞ dollar (dörd min səkkiz yüz əlli beş dollar 66 sent) borc pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ayaz Məmmədov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan ‘'İddiaçı” ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə 24 (iyirmi dörd) ay müddətinə, illik 28% (iyirmi səkiz) faiz ödəmək şərti ilə 2.860 (iki min səkkiz yüz altmış) ABŞ dollan məbləğində kredit müqaviləsi bağlansa da, tələbkar borcluya göstərilən məbləğdə pulu dollarla deyil, manatla vermiş, borclunu aldatmışdır. Borclu götüdüyü 2.860 (ikki min səkkiz yüz altmış) ABŞ dollarından 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları komissiya haqqını çıxdıqdan sonra 2631 (iki min altı yüz otuz bir) ABŞ dolları məbləğində pul götürmüş, 1722 (iyirmi yeddi yüz iyirmi iki) ABŞ dolları kredit müqaviləsindən ödəmiş, 1138 (min yüz otuz səkkiz) ABŞ dolları məbləğində borcu qalmışdır.Tələbkar borclunu 3 (üç) ay ödəniş etmədikdən sonra məhkəməyə müraciət etməli olduğu halda (yəni, xx.xx.2016-cı il tarixdə bunu etməmiş 2020-ci ilin yanvar ayında məhkəməyə müraciət etmiş, hansı ki, “İddiaçı** ASC artıq ləğv edilmiş, buna baxmayaraq hakim ləğv prosesində olan “İddiaçı" ASC-nin iddia tələbində əsas borcu və faizi xx.xx.2017-ci il tarixdən müqavilənin bitdiyi andan sonra qanunsuz olaraq əsas borca 5% hesablamış (yəni 252.34 (iki yüz əlli iki dollar, otuz dörd sent), cərimə borcu 1414.97 (min dörd yüz on dörd dollar, doxsan yeddi sent), cəmi 5170,63 (beş min səkkiz yüz yetmiş dollar, altmış üç sent) ABŞ dollan təşkil etməsini qeyd etmişdir. İş üzrə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda hakim bunu təmin etməmişdir. Tələbkar bağlanmış müqavilənin vaxtı bitdikdən 2 (iki) il 2 ay keçdikdən sonra məhkəməyə müraciət etmiş, borcludan əsas borca, faizi və cəriməyə görə artıq pul vəsaiti tələb edərək qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Borclu dəfələrlə bağlanmış “İddiaçı'’ ASC-nə müraciət etsə də bildirmişlər ki, “gözləyin lazım olanda biz sizə xəbərdarlıq edəcəyik” ancaq heç bir xəbərdarlıq edilmədən bankın ləğvedici komissiyası məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı Ləğv prosesində olan “İddiaçı" ASC birinci və ikinci devalvasiyanı nəzərə almamış, Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin bu barədə verdiyi sərəncamı nəzərə almamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Rəsulova apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) % ödəmək şərti ilə 2860 (iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, eyni tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit alanın öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 2670,32 (iki min altı yüz yetmiş dollar otuz iki sent) ABŞ dolları əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə 1533 (bir min beş yüz otuz üç dollar) faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 252,34 (iki yüz əlli iki dollar otuz dörd sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildıyinə görə hesablanmış 1414,97 (bir min dörd yüz ön dörd dollar doxsan yeddi sent) ABŞ dollar cərimə borcu olmaqla, cəmi isə 5870,63 (beş min səkkiz yüz yetmiş dollar altmış üç sent) ABŞ dollar borcu yaranmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, qismən ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışına (i.v. 18) əsasən müəyyən edilir ki, Cavabdeh1 banka 2670,32 (iki min altı yüz yetmiş dollar otuz iki sent) ABŞ dolları əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə 1533 (bir min beş yüz otuz üç dollar) faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 252,34 (iki yüz əlli iki dollar otuz dörd sent) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildıyinə görə hesablanmış 1414,97 (bir min dörd yüz ön dörd dollar doxsan yeddi sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 5870,63 (beş min səkkiz yüz yetmiş dollar altmış üç sent) ABŞ dolları borcu yaranmışdır. Buna baxmayaraq, cavabdeh qeyd edilən borc məbləğini ödəməməklə həm tərəflər arasında olan İKM 398 saylı, xx xxxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsinin, həm də Mülki Məcəllənin tələblərini pozmuşdur. Kredit məbləğinin dollarla deyil, manatla alınmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh kreditin manatla alınmasını bildirsə də bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilmədiyindən apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh apellyasiya şikayətində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olması halına istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə hesab edir ki, hazırda mübahisələndirilən borc məbləği iş maeriallarında olan kredit müqaviləsi və maliyyə arayışında öz əksini tapdığından onun müəyyən edilməsində hər hansı xüsusi bilik tələb edən anlaşılmazlıq mövcud deyildir. Belə olan halda, kollegiya məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət görmür. Eyni zamanda, kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zərurətinin mövcudluğunu əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbində qeyd edilən 1414.97 ABŞ dolları cərimə borcunu azaldaraq 400 ABŞ dolları məbləğində müəyyən etməsi tənasübsüz surətdə yüksək olmuşdur. Bu səbəbdən, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cərimə məbləğinin 70 ABŞ dolları məbləğində müəyyən edilməsi həm borclunun, həm də kreditorun mənafeyi baxımından məqsədəmüvafiq hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq, müəyyən olunmuş cərimə məbləğinin azaldılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi cərimə borcu hissəsində dəyişdirilsin. Cavabdeh1 müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 70 ABŞ dolları cərimə borcu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar