Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1543/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “müəyyən edilmiş aliment miqdarının artırılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müəyyən edilmiş aliment miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-6691/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahdan xx.xx.2006-ci il tarixdə X11 və xx.xx.2009-cu il tarixdə X13 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1467/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqlar İddiaçı yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Cavabdeh1 "xxxx" ASC-də xəzinədar vəzifəsində çalışır, onun rəsmi aylıq əmək haqqı 990 manat təşkil edir, İddiaçı "X10 Mərkəzi" MMC-də stomatoloq vəzifəsində çalışır və onun rəsmi aylıq əmək haqqı 100 manat təşkil edir (elektron məhkəmə informasiya sisteminin məlumatı). Cavabdeh1 xx.xx.2024-cü il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Onların münasibətindən xx.xx.2020-ci il tarixdə X12 doğulmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı qız Cavabdeh1 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə ayrı-ayrılıqda 220 manat, ümumilikdə 440 manat, xx.xx.2024-cü il tarixdən isə hər birinə ayrı-ayrılıqda 235 manat, ümumilikdə 470 manat məbləğinin Cavabdeh1 tutulması və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birgə nikahdan doğulmuş Aylin 2022-ci il ildə orta məktəbi bitirib Gəncə şəhəri Aqrar Universitetinin ödənişli fakultəsinə qəbul olduğuna görə uşaqların maddi xərcləri artmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləği təyin olunandan sonra aliment dövlət tərəfindən artırılsa da o, məhkəməyə müraciət etməmişdir. O, məhkəməyə müraciət edən zaman bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumu 220 manat olmuş, 2024-cü ildən isə artıq 235 manat təşkil edir. Hesab edir ki, bu məbləğ uşaqların saxlanılması üçün cavabdehdən tutulmalıdır.
4. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ondan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarda alimentin cavabdeh İddiaçı xeyrinə tutulması və İddiaçı alimentin artırılması barədə ilk iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı da tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, İddiaçı məhkəmədə aliment tələbi barədə iddia qaldırarkən onun iş yeri və əmək haqqı barədə məlumatı olmuş, lakin bunu məhkəmədən gizlətmişdir. O, hazırda faktiki nikaha girməklə yenidən başqa xanımla ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2020-ci il tarixdə X12 anadan olmuşdur. O, xx.xx.2005-ci il tarixdən "xxxx" ASC-də əmək fəaliyyətinə başlamış, xx.xx.2019-cu il tarixdən hazıradək “Gənclik” filialının Müştəri Xidmətləri şöbəsinin Xəzinə bölməsinin rəhbəri vəzifəsində işləyir, aylıq əmək haqqı 990 manat təşkil edir. Digər gəlir yeri yoxdur, vergilər çıxılmaqla 880 manat maaş alır. İddiaçı hazırda stomatoloji klinikaya rəhbərlik etməklə, həmin klinakada stomatoloq vəzifəsində çalışır, aylıq qazancı və kifayət qədər maddi imkanı vardır. Eyni zamanda AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən İddiaçı adında xx.xx.2021-ci il tarixdən (yəni, iddiaçı Cavabdeh1 ilə aralarındakı nikah pozulduqdan sonra yeni aldığı) “TOYOTA C-HR” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmin avtomobilin dəyəri təxminən 45.000 manat təşkil edir. Bu da özlüyündə ilk iddianın açıq-aydın əsassız olduğunu sübut edir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 6691/2023 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1467/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının artırılması, xx.xx.2006-ci il tarixdə doğulmuş X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. (hakim X7)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşaqların maraqları pozulduğundan, onların maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab etmişdir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılımış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi günsən hesablanaraq tutulmalıdır. Eyni zamanda, məhkəmə vurğulamışdır ki, uşaqların saxlanılması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmasın, qətnamənin icrası mümkün olsun. Bu səbəbdən məhkəmə hər ay hər uşaq üçün tutulmalı olan alimentin məbləğinin 220 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin azaldılması üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun azaldılması zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Nəticədə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə, Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 88-ci, 217-ci, 233.-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa və işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun vəziyyəti kifayət qədər dəyişmiş, o, ailəsinin saxlanılması və əvvəlki miqdarda təyin olunmuş alimenti ödəməkdə çətinlik çəkir. Belə ki, cəmi 880 manat əmək haqqı almaqla, həm birinci evlilikdən olan 2 uşağa 340 manat aliment ödəyir, həm də ikinci evliliyindən doğulmuş 3 yaşında olan azyaşlı övladı Əlizadə Aynelin saxlanılmasına, uşağın xəstəliyi ilə bağlı, eyni zamanda nitqində problem olduğundan və danışa bilmədiyindən loqopedə müraciət edilməsi ilə bağlı xərclərə və ailəsinin ay ərzində maddi ehtiyaclarına, kommunal xərclərə ümumiyyətlə maddi vəsait qalmır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçı uşaqlara münasibətdə cavabdehlə bərabər vəzifələr daşıyır və o da valideyn kimi uşaqlarını saxlamağa borcludur. Qanunvericilik uşağın saxlanılmasını vəzifə kimi təkcə atanın üzərinə deyil, hər iki valideynin, yəni, o cümlədən ananın da üzərinə vəzifə kimi qoymuşdur. Belə olan halda, qarşı tərəf də uşaqları saxlamağa, onlara maddi vəsait ayırmağa borcludur. Hazırki nikahdan doğulmuş X12 da onun birinci nikahından doğulmuş uşaqlarla bərabər hüquqlara malik olduğundan 3 uşağın saxlanılması üçün hər ay 440 manat vəsait tələb olunmalıdır. Lakin məhkəmə aliment məbləğini müəyyən edərkən, bu uşağın mənafeyini nəzərə almamışdır. Bu uşaq balaca olduğundan hazırki həyat yoldaşı işləmir. Qarşı tərəfin mülkiyyətində mənzil və avtomobil vardır. Gəlirləri kifayətqədərdir. Lakin məhkəmə onun qazancından alimentin hissə ilə tutulmasının qeyri-mümkünlüyünü və tutulan məbləğin tərəflərin əmlak və ailə vəziyyətinə uyğun olduğunu əsaslandırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, valideynlərin birinin mülkiyyətində əmlakın olması, habelə onun əmək fəaliyyəti ilə məşğul olması digər valideyni aliment ödəmək öhdəliyindən azad etmir. Habelə qarşı tərəfin uşaqların yetkinlik yaşına çatanadək yaşayış minimumu həddində aliment ödəmək öhdəliyinin onun yenidən ailə həyatı qurmasına və həmin ailədən bir uşağın olmasına hər hansı aidiyyəti yoxdur. Uşaqların sayının çoxluğu da aliment məbləğinin azaldılması üçün əsas deyil. Qarşı tərəf uşaqların gündəlik yaşayışı, təhsili və səhhəti ilə maraqlanmamış, müəyyən edilmiş aliment məbləğini isə 2023-cü ilin oktyabr, dekabr və 2024-cü ilin yanvar ayı üzrə ödəməmişdir. Qarşı tərəfin mövqeyi baxımından iki uşaq üçün aliment məbləği 293 manat təşkil etmiş olur. Lakin bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləği 2023-cü və 2024-cü illər üzrə müəyyən edilmişdir. Bu məbləğin azaldılması uşaqların maksimum normal şəraitdə yaşaması və böyüməsini təmin etmiş olmur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması xahiş olunduğundan, qətnamə ilk iddianın qismən rədd olunması hissəsi istisna olmaqla digər bütün hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.
25. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, onun maddi vəziyyətində müsbət mənada heç bir dəyişikliyin olmadığını, əksinə maddi vəziyyətinin daha aşağı düşdüyünü, məhkəmə tərəfindən müəyyən olunan aliment məbləğini çətinliklə ödədiyini, yeni ailə həyatının olduğunu və bu nikahdanda bir uşaqının olduğunu bildirir və əksinə qarşılıqlı iddia üzrə müəyyən edilmiş aliment miqdarının azaldılmasını tələb edir.
26. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflərin birgə nikahından doğulmuş hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2020-ci il) qəbul edilməsindən 3 ildən artıq müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2023-cü ildə bir uşaq üçün 220 manat təşkil etmişdir. Bununla belə, artıq 2021-ci və növbəti illərin tələbləri baxımından uşaqlara ödənilən alimentin miqdarı yaşayış minimumuna uyğun olmamışdır. Belə olan halda, alimentin əvvəlki miqdarda saxlanılması uşaqları həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır.
27. Eyni zamanda qeyd olunmalıdır ki, aliment öhdəliyi müəyyən edildikdən sonra Cavabdeh1 ailə vəziyyətində həqiqətən də dəyişiklik olmuşdur. Belə ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə digər bir şəxslə nikaha daxil olmuş, bundan əvvəl isə, yəni xx.xx.2020-ci il tarixdə onların faktiki münasibətlərindən X12 doğulmuşdur. Lakin belə bir dəyişikliyin baş verməsi özü-özlüyündə qeyri-şərtsiz və birmənalı şəkildə müəyyən edilmiş alimentin miqdarının artırılmasını istisna etmir. Hər bir halda, bu mövqedən çıxış edən cavabdeh ailə vəziyyətində baş vermiş bu dəyişikliyin onun maddi vəziyyətinə alimentin miqdarının artırılmasını istisna edəcək səviyyədə (əhəmiyyətli dərəcədə) təsir etməsini sübut etməli idi. Lakin cavabdeh bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, aliment məbləğinin artırılması hər bir halda Cavabdeh1 əlavə vəsait ödəməsi ilə nəticələnir və bu hal da onun maddi vəziyyətinə təsir etmiş olur. Bu halın, habelə rəsmi əmək haqqının əsas götürülməsi ümumiyyətlə müəyyən edilmiş hər bir alimentin miqdarının artırılmasını (bu əsaslar olan belə işlərdə) istisna etmiş olur. Digər tərəfdən həmin uşağın artıq 4 yaşı var. Buna baxmayaraq, ötən dövr ərzində Cavabdeh1 müəyyən edilmiş aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu da öz növbəsində onun həm həmin uşağın maddi baxımdan təmin edilməsi, həm də 2020-ci ildə məhkəmə qaydasında müəyyən edilmiş ümumilikdə 340 manat məbləğində alimentin ödənilməsi üçün vəsaitə malik olmasını təsdiq edir.
28. Bununla bağlı, məhkəmə kollegiyası o halı da nəzərə alır ki, xx.xx.2020-ci il tarixdə X12 doğulan zaman Cavabdeh1 hər ay hər uşağa münasibətdə 170 manat məbləğində aliment ödəmək öhdəliyi artıq yaranmışdır. Hər bir halda, uşaq barədə qərar həmçinin, ailənin maddi imkanları, o cümlədən alimentin ödənilməsi öhdəliyin olması ilə yanaşı, bu uşağın maddi cəhətdən saxlanılmasının mümkünlüyü nəzərə alınmaqla qəbul edilmişdir. Həmin uşağın saxlanılması üçün də Cavabdeh1 məhkəmə qaydasında aliment tələb edilməmiş və tutulmur. Özünün izahatından başqa, onun bu uşağı maddi baxımdan təmin edə bilməməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bu da öz növbəsində həmin uşağın ən pis halda müəyyən edilmiş yaşayış minimumundan az olmayan maddi təminat almaq hüququnun cavabdeh tərəfindən təmin edilməsini təsdiq edir, eyni zamanda birinci nikahdan doğulmuş uşaqların da həmin hüququnun təmin edilməsini şərtləndirir.
29. Hazırda Cavabdeh1 ödənilməsi tələb edilən aliment məbləği hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat təşkil edir. Bu məbləğ isə onun əvvəlki aliment öhdəliyindən cəmi 100 manat artıqdır. Lakin Cavabdeh1 apellyasiya şikayətində və izahatında həmin 100 manat məbləğində artımın onun maddi imkanlarına hansı qaydada mənfi təsir göstərəcəyini də əsaslandıra bilməmişdir. Bu da öz növbəsində həmin miqdarın azaldılmasını istisna edir və əksinə, artırılmasını şərtləndirir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan fərqli olaraq Cavabdeh1 bu məsələdə öhdəliyi yalnız hər uşağa münasibətdə 220 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir (aydın məsələdir ki, uşaq üçün 220 manat məbləğində alimentin ödənilməsinə razılıq verməyən və ondan hazırda tutulan 170 manat aliment miqdarının azaldılmasını tələb edən Cavabdeh1 bu məbləği qarşılayan deyil). Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır. Nəzərə alınmalıdır ki, uşaqlardan birinin 8 aydan sonra artıq 18 yaşı tamam olmuş olur. Hazırda isə yaşına uyğun olaraq ali təhsil müəssisəsinin tələbəsi olaraq bu uşağın aylıq xərcləri daha yüksəkdir və bilavasitə iddiaçı tərəfindən qarşılanır. Hər bir halda, 220 manat tələb olunan və ya maksimum deyil, 2023-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına da uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.
31. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməlidir.
32. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (220 – 170 = 50 x 2 = 100 x 12 = 1200) 1.200 manat təşkil etdiyindən və məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-6691/2023 saylı qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.