Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1547/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1094/2024 saylı, 3 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank 34 ay müddətinə illik 1.9167 % ödəmək şərti ilə 8.000 manat məbləğində kredit verməyi, Cavabdeh2 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 7.128,57 manat əsas borcu, 6.391,1 manat faiz borcu və 6.611,45 manat cərimə borcu yaranmışdır.
2. Həmçinin cavabdeh-borc alanın xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası eyni tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 7.128,57 manat məbləğində kredit bоrcu, 6.391,1 manat məbləğində faiz bоrcu, 6.611,45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20.131,12 manat məbləğində bоrcun və ödənilmiş 150.39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 001A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 34 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 871.43 manat ödəniş etmiş və iddiaçıya 7.128,57 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 1380 gün üçün hesablanmış faiz borcu 6391,1 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 1380 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 6611,45 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.
5. AR Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli 9/964 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc üzrə - 6.755,93 manat, faiz borcu üzrə - 3.327,86 manat, cəmi 10.083,79 manat borcu müəyyən edilir.
6. AR Məhkəmə Ekspertizası Mərkəzinin 2 avqust 2024-cü il tarixli 9/5573 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il (müqavilənin müddətinin bitdiyi) tarixə əsas borc üzrə - 6.755,95 manat, faiz borcu üzrə - 3.327,93 manat müəyyən edilir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1094/2024 nömrəli, 3 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 6.755,95 (altı min yeddi yüz əlli beş manat doxsan beş qəpik) manat əsas, 3.327,93 (üç min üç yüz iyirmi yeddi manat doxsan üç qəpik) manat faiz, 338 (üç yüz otuz səkkiz) manat cərimə borcu olmaqla, cəmi 10.421,88 (on min dörd yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat məbləğində pulun alınaraq İddiaçı QSC-yə verilməsi; ödənilmiş dövlət rüsumunun 77 (yetmiş yeddi) manat hissəsinin Cavabdeh2 alınaraq İddiaçı QSC-yə verilməsi, dövlət rüsumunun qalan hissəsinin İddiaçı QSC-yə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam və vaxtında icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirildiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Məhkəmə Cavabdeh2 tutulan kedit borcunun məbləği ilə bağlı iş üzrə sonuncu ekspet rəyini mötəbər hesab etmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki iddiaçının zamin Cavabdeh1 qarşı xx.xx.2023cü il tarixinədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməməsi, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməməsi, bu hüququnu məhz xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə həyata keçirməsi müəyyən edilmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.2, 448.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 477.0.4, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
11. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1094/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin olunmuş hissəsində ləğv edilməsini, iddia müddətinin keçməsi barədə ərizənin tətbiq edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə üzrə cərimənin məbləğini 338 manat məbləğinədək azaltmış olsa da hesab edir ki, cərimə olaraq həmin məbləğ də özlüyündə böyük məbləğdir. Ona görə də həmin məbləğ miniumuma endirilməli və ya ümumiyyətlə cərimə borcu hesablanmamalıdır. Məhkəmədə üzrlü səbəbdən iştirak etməmişdir. Bir azyaşlı uşağı var. Onun səhhəti ilə bağlı məhkəməyə gələ bilməmişdir. Amma iştirak etmək arzusunda olmuşdur. İddiaçı illər öncə kredit müqaviləsi bağlamış; kredit müqaviləsi üzrə müəyyən qism ödəniş etsə də sonradan maddi vəziyyəti bank ödənişlərini ödəməyə imkan vermirdi. Bununla yanaşı bankdan kredit müqaviləsi üzrə kredit götürdüyü vaxtdan uzun illər keçməsinə baxmayaraq iddiaçı bank tərəfindən pulun ödənilməsi ondan tələb olunmurdu. Amma təbii ki, maddi vəziyyəti imkan versəydi kredit borcunu ödəyib başa çatdıracaqdı. Bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Məhkəmə baxışına gələrək iddia müddətinin keçməsinin tətbiqi ilə əlaqədar nəzərdə tutuduğu ərizəni üzrlü səbəblərdən verə bilmədi.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh2 birinci instansiya məhkəməsində prosesində iştirak etməmişdir və iddia müddətinin ötürülməsi ilə bağlı üzrlü səbəblərdən ərizə verə bilməmişdir. Cavabdeh1 münasibətdə qanunvericiliyin tələbinə əsasən məhkəmə müddət tətbiq edərək, hətta ərizə olmadan iddianı həmin hissədə təmin etməmişdir. Cavabdeh2 münasibətdə isə iddia qismən təmin edilmişdir. İddia müddətinin keçməsinin tətbiq olunmasını xahiş etmişdir. MM-nin 745.4-cü maddəsində 1 illik müddət göstərilmişdir. Müqavilə bağlandığı dövrdə 745.4-cü maddə qüvvədə olmasa belə, yüngülləşdirici hallarda geriyə tətbiq oluna bilər. Hüquqlarını müdafiə etdiyi şəxsin uşaqlı olmasının da nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh hazırlıq iclasında iştirak etmiş, digər iclaslarda iştirak edə bilməmişdir.Cərimənin ödənilməsi tələbinin də cavabdehin vəziyyətini nəzərə alaraq təmin olmamasını xahiş etmşdir. 15.Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh2 münasibətdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 22.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 23.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 24.377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 25.380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 26.324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 27.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 30.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 32.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 33.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 34.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
36.«X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”
37.Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
38.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 39.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank 34 ay müddətinə illik 1.9167 % ödəmək şərti ilə 8.000 manat məbləğində kredit verməyi, Cavabdeh2 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
43. İddiaçı QSC müqavilə ilə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə Cavabdeh2 üçün kredit versə də, o, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə xx.xx.2023-cü il tarixə 7.128,57 manat əsas borcu, 6.391,1 manat faiz borcu və 6.611,45 manat cərimə borcu yaranmışdır.
44. Cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir.
45. İş materiallarından da göründüyü kimi, borc məbləğinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli 9/964 nömrəli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borcunun - 6.755,93 manat, faiz borcunun - 3.327,86 manat; 2 avqust 2024-cü il tarixli 9/5573 nömrəli ekspert rəyinə əsasən - əsas borcunun - 6.755,95 manat, faiz borcunun - 3.327,93 manat təşkil etdiyi müəyyən edilmişdir.
46. Beləliklə, birinci instansiya məhkəməsi Cavabdeh2 tutulmalı olan kedit borcunun məbləğinin müqavilə müddətinin bitdiyi tarixə nə qədər təşkil etdiyini müəyyən etmiş, iş üzrə tərtib edilmiş iki ekspet rəyindən sonuncunu daha mötəbər sayaraq müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddia ərizəsində qeyd edilən kimi deyil, ekspert rəyi ilə daha az məbləğdə müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğdə tutmuşdur.
47. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
48. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və məhkəmənin əsas götürdüyü ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlir.
49. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğinin 338 manat həddində müəyyənləşdirilməsini də ağlabatan və ədalətli hesab edir.
50. Belə ki, mülki qanunvericiliyə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulunun аzаldılа bilməsi mümkündür. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır.
51. Göründüyü kimi kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti də ondan ibarətdir ki, dəbbə pulu qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötmür.
52. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, həm də borclu şəxsin maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Belə ki, dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
53. Hazırki işdən göründüyü kimi tərəflər müqavilədə dəbbə pulu formasında məsuliyyət tədbirini nəzərdə tutmaqla, əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
54. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 338 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiyanın qənaətinə görə də həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilər. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır.
55. Cavabdehin apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməli olduğuna dair istinadı ilə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər kredit müqaviləsində və hazırda müraciət etdiyi apelyasiya şikayətində cavabdehin göstərdiyi ünvana göndərilmiş, o, həmçinin bu barədə apelyasiya şikayətində göstərilən telefon nömrəsinə ünvanlanmış SMS-bildirişi vasitəsilə məlumatlandırılmışdır. Beləliklə məhkəmə cavabdehi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmaqla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında iştirakını təmin etmişdir. Cavabdehin digər məhkəmə iclaslarında isə heç bir üzrlü səbəb təqdim etmədən iştirak etmədiyi müəyyən edilmişdir.
56. Belə olan halda kollegiya cavabdehin iddia müddətinin tətbiqi barədə ərizənin birinci instansiya məhkəməsində təqdim edə bilmədiyi barədə arqumentini əsassız hesab edir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
57. Qeyd edilməlidir ki, Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə məhkəmə tərəfindən tətbiq edilmiş kəsici müddətdən fərqli olaraq iddia müddəti cavabdehin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Cavabdeh2 müvafiq prosessual imkanlara malik olduğu təqdirdə vaxtında iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədiyi üçün hazırda onun bu hala istinad etməsi kollegiya tərəfindən yolverilən hesab edilə bilməz. Bu səbəbdən istinad olunan ərizənin məzmununa münasibət bildirilmədən, iddia müddətinin tətbiqinidən imtina edilməlidir.
58. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
59. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1094/2024 nömrəli, 3 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev