Məhkəmə qərarları › İş №2(103)-1550/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1550/2022

28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1550/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzilə su axıdılması nəticəsində dəymiş ziyan, natamam ekspert rəyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) X3 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz bağlanmış şaxta bacalarının açılması, kanalzasiya xəttindən mənzilə axan çirkab sızıntılarının aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsində yerləşən 2 nömrəli evin 9 saylı mənzili iddiaçıya, həmin evin 13 saylı mənzili Cavabdeh1, 14 saylı mənzili Cavabdeh2 məxsusdur.

2. Bakı Qarnizonu MİH-nin 2 saylı MİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda, İddiaçı müraciəti əsasında onun mənzilinə keçirilmiş baxış zamanı su sızıntısı nəticəsində mətbəxin və hamam otağının tavanının yararsız vəziyyətə düşdüyü, divarların suvaqlarının töküldüyü, mətbəx mebelinin və döşəmənin parketlərinin sıradan çıxdığı müəyyən olunmuş, yuxarı qonşuların (mənzil 11 və 12) mənzillərinə də baxış keçirildiyi, həmin mənzillərdə də mətbəx və hamam otaqlarının tavanlarına ziyan dəydiyi, 11-ci mənzilin şaxta pəncərəsindən baxarkən su sızmasının daha yuxarı mərtəbədən axmasının aşkar göründüyü, lakin 3-cü mərtəbədə (mənzil 13 və 14) tikinti qaydalarına zidd olaraq şaxta pəncərələri hörüldüyü üçün su sızmasının dəqiq hansı mənzildən oimasını aşkar etməyin mümkün olmadığı, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin mənzillərin sahiblərinin şaxta pəncərələrini açmaqdan imtina etdikləri qeyd olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Kəngərli X1 Samirə Siyavuş qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsində yerləşən 2 nömrəli evin 9 saylı mənzilinin xx.xx.1995-ci il tarixdən mülkiyyətində olduğunu, həmin evin 13 saylı mənzilinin Cavabdeh1, 14 saylı mənzilinin Cavabdeh2 məxsus olduğunu, təxminən 2 ildir ki, cavabdehlərin tikinti qaydalarını kobud şəkildə pozaraq binanın ümumi istifadəsində olan şaxtanın bacalarını öz mənzillərində qanunsuz hörüb bağlamaları və bununla mənzillərinin kanalizasiya xəttindən şaxtaya, oradan da onun mənzilinə çirkabın axmasına səbəb olduqları, eləcə də çirkab axıntısının qarşısını almağa imkan verməmələri nəticəsində mənzilinin mətbəxinin və hamam otağının tavanının tamamilə yararsız vəziyyətə düşdüyünü, divarların süvağının qopub töküldüyünü, mətbəx mebelinin və döşəmənin parketinin sıradan çıxdığını, həmin vaxtdan etibarən şaxtaya axan çirkab sızıntıların qarşısını almaq üçün cavabdehlərdən öz mənzillərinin kanalizasiya xəttlərini təmir etdirməyi və ya şaxta bacalarını açıb "xxxx" ASC-nin işçilərinə kanalizasiya xəttini təmir etməyə imkan yaratmalarını dəfələrlə tələb etsə də, tələblərinə məhəl qoyulmadığını, müraciətinə əsasən "xxxx" ASC-dən kanalizasiya xəttini təmir etmək üçün gəlmiş işçilərin şaxta bacalarını açmaq tələblərinin də cavabdehlər tərəfindən yerinə yetirilmədiyini, bu halların 2 saylı MİS tərəfindən mənzilə keçirilmiş baxışın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktla da təsdiq olunduğunu bildirmiş, cavabdehlərin mənzillərində qanunsuz bağlanmış şaxta bacalarının açılması, cavabdehlərin üzərinə mənzillərinin kanalizasiya xəttindən onun mülkiyyətində olan mənzilə axan çirkab sızıntılarının qarşısının alınması öhdəliyinin qoyulması və cavabdehlərdən vurduqları maddi zərərin əvəzi olaraq 3000 manatın müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 2872 (iki min səkkiz yüz yetmiş iki) manatın və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsi 2 nömrəli evin Cavabdeh1 məxsus 13 saylı və Cavabdeh2 məxsus 14 saylı mənzillərində qanunsuz bağlanmış şaxta bacalarının açılması, həmin mənzillərin kanalizasiya xəttindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsi 2 nömrəli evin 9 saylı mənzilinə axan çirkab sızıntılarının qarşısının alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcini təşkil edən 50 (əlli) manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur.

5. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə, tədqiq olunan mənzillərin planlı yerləşməsi, yəni iddiaçıya məxsus 9 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 13 və 14 saylı mənzillərin isə binanın 3-cü mərtəbəsində yerləşdiyi, 9 saylı mənzilin dəhliz, sanitar qovşağı və mətbəx tikililərində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya aid olduğu, həmçinin mülki iş materiallarının məlumatları nəzərə alınaraq, 9 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 13 saylı mənzildən su axıdılığı və nəticədə 9 saylı mənzilin dəhliz, sanitar qovşağı və mətbəx tikililərinə ziyan vurulduğu, 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 2872 manat olduğu, 13 saylı mənzilin sanitar qovşağında yerləşən şaxta bacalarının cavabdeh tərəfindən təmir olunaraq hörüldüyü və üzərinə metlaq vurulduğu müəyyən olunmuşdur. ...Göründüyü kimi, Cavabdeh1 tərəfindən İddiaçı 2872 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

6. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 23-cü və 1096-cı maddələrinə istinad etmişdir.

7. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun özünə aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, saxta ekspert rəyi əsasında qərar çıxardığı, iddiaçının mənzilinə onun mənzilindən su axdığının sübuta yetirilmədiyini, mənzilinin şaxtasının 1995-ci ildən bağlı olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin qeyd etmişdir ki, ekspert onun mənzilinə ümumiyyətlə baxış keçirməmiş, buna baxmayaraq saxta rəy tərtib edərək guya ona məxsus mənzildə tədqiqat apardığını və iddiaçının mənzilinə suyun onun mənzilindən axdığını göstərmişdir.

9. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Toğrul Babayev apellyasiya şikayətini müdafiə etdiyini göstərməklə yanaşı bildirmişdir ki, apellyasiya baxışı zamanı alınmış ekspert rəyi mübahisəyə tam aydınlıq gətirməmişdir və Fövqalədə Hallar Nazirliyi tərəfindən şaxta bacaları sökülərək hərtərəfli araşdırma aparılmalıdır.

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirməklə iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

11. Məhkəmə iclaslarında iştirak edən digər Cavabdeh2 nümayəndəsi Nümayəndə mübahisənin ədalətli həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

16. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

21. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

24. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin, iddiaçının iddiasının Cavabdeh1 münasibətdə təmin edilən hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin edilməsinə baxmayaraq iddiaçı qətnaməni mübahisələndirməmiş, eləcə də Cavabdeh2 qşikayət verməmiş, Cavabdeh1 isə yalnız qətnamənin özünə aid hissəsindən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

28. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsində yerləşən 2 nömrəli evin 9 saylı mənzili iddiaçıya, həmin evin 13 saylı mənzili Cavabdeh1, 14 saylı mənzili Cavabdeh2 məxsusdur; iddiaçı məhz cavabdeh(lər)in mənzilindən onun mənzilinə su axıdılması nəticəsində ziyana məruz qaldığını iddia etmiş, bunun, cavabdehlərin tikinti qaydalarını kobud şəkildə pozaraq binanın ümumi istifadəsində olan şaxtanın bacalarını öz mənzillərində qanunsuz hörüb bağlamaları və bununla mənzillərinin kanalizasiya xəttindən şaxtaya, oradan da onun mənzilinə çirkabın axmasına səbəb olduqları, eləcə də çirkab axıntısının qarşısını almağa imkan verməmələri nəticəsində baş verdiyini irəli sürmüşdür.

30. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin xx.xx.2021-ci il tarixli rəyində, iddiaçıya məxsus 9 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 13 və 14 saylı mənzillərin binanın 3-cü mərtəbəsində yerləşdiyi, 9 saylı mənzilin dəhliz, sanitar qovşağı və mətbəx tikililərində su sızmaya aid qüsurlar əmələ gəldiyi vurğulanaraq, 9 saylı mənzilə 13 saylı mənzildən su axıdılığı, yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun təqribi dəyərinin 2872 manat təşkil etdiyi, 13 saylı mənzilə baxış keçirilərkən mənzilin sanitar qovşağında yerləşən şaxta bacalarının təmir olunaraq hörüldüyü və üzərinə metlaq vurulduğu göstərilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

32. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

33. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz Cavabdeh1 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir.

34. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçının mənzilinə suyun Cavabdeh1 mənzilindən sızdığı müəyyən edilmiş, sadəcə bunun texniki səbəbi konkret göstərilməmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş təkrar ekspertizanın rəyində isə, 9 saylı mənzilə (iddiaçının mənzilinə) həmin mənzilin üst mərtəbəsində yerləşən 13 və 14 saylı mənzillərdən su axdığının müəyyən edildiyi, susızmanın texniki səbəbinin binanın şaxta boşluğunda yerləşən su və kanalizasiya xətlərində olan nasazlıqdan əmələ gəlməsinin mümkün olduğu, lakin şaxta pəncərələri bağlı olduğundan bunu dəqiqliklə müəyyən etməyin mümkün olmadığı, 9 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün 2872 manat tələb edildiyi göstərilmişdir.

35. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin həm də Cavabdeh1 mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi Cavabdeh1 üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır.

36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

37. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2973/2021 saylı iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 2872 (iki min səkkiz yüz yetmiş iki) manatın və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsi 2 nömrəli evin Cavabdeh1 məxsus 13 saylı mənzilində qanunsuz bağlanmış şaxta bacalarının açılması, həmin mənzilin kanalizasiya xəttindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsi 2 nömrəli evin 9 saylı mənzilinə axan çirkab sızıntılarının qarşısının alınması öhdəliyinin onun üzərinə qoyulması, ekspertiza xərcini təşkil edən 50 (əlli) manatın müştərək qaydada həmçinin Cavabdeh1 tutulub Dövlət büdcəsinə köçürülməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın dəyəri qismində 50 (əlli) manat manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar