Məhkəmə qərarları › İş №2(103)-1551/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1551/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1551/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı Ələkbərov Kamil Balaməmi oğlu, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 6636 manat borcun, 2000 manat dəymiş mənəvi zərərin, 3000 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə 6336 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə cavabdehin xx.xx.2020-ci il tarixli Xətai RPİ-nin İŞ-nın baş müstəntiqi polis mayoru Tofiq Namazova verdiyi izahatına əsasən iddiaçıya 6636 manat borcunun olması qənaətinə gəlsə də, aralarında heç bir borc müqaviləsi bağlanmamış və iddiaçı onun qeyd olunan məbləğdə borc almasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, apelyasiya şikayətini özü tərtib etməmiş, buna görə də orada yazılanları tam oxumadan imza etmişdir. Hazırda iddiaçıya tələbdə qeyd olunan məbləğdə borcunun olduğunu qəbul edir və məhkəmə kollegiyasından borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı isə, apelyasiya şikayətinə və cavabdehin izahatına etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, İddiaçı Cavabdeh xahişi ilə “xxxx” ASC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, öz adına 10.000 manat məbləğində kredit götürmüşdür. Aralarındakı razılığa əsasən, kredit formal olaraq iddiaçının adına götürülsə də, faktiki olaraq cavabdeh tərəfindən ödənilməli idi. Lakin cavabdeh tərəfindən kredit üzrə bir müddət ödənişlər edilsə də, sonradan öhdəlik pozulmuş və 7186 manat məbləğində icra edilməmiş kredit öhdəliyi iddiaçının hesabına ödənilmişdir. Bankın xx.xx.2020-ci il tarixli arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcud deyil. Bundan sonra cavabdeh iddiaçıya olan borcundan müəyyən məbləğdə ödənişlər etmiş və hazırda 6336 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, Xətai RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surəti, “xxxx” ASC tərəfindən verilmiş Xat 114 saylı, xx.xx.2020-ci il tarixli arayış və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, borc münasibətində pulun verilməsini təsdiqləyən mötəbər sübutlar cavabdehin etirafı və ya borc müqaviləsi, yaxud borcun etirafı barədə sənəddir. Baxılan işdən görünür ki, Cavabdeh İddiaçı borc alıdığını və ona tələbdə qeyd olunan məbləğdə borcu qaldığını etiraf etmişdir. Belə ki, o, həm Xətai RPİ-də, həm birinci instansiya məhkəməsində (xx.xx.2020-ci il tarixli məhkəmə iclasında), həm də apelyasiya instansiya məhkəməsində eyni məzminda izahatlar verməklə, bu faktı təsdiq etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə qətnamədə qeyd olunan məbləğdə borcun tutulması barədə gəldiyi qənaət əsaslıdır. Kollegiya, apelyasiya şikayətinin iddiaçı ilə aralarında borc müqaviləsinin bağlanmaması və ona borcunun olmaması barədə dəlilləri üzrə hər hansı araşdırma aparmağa zərurət görmür, ona görə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında şikayət tərəfindən imzalansa da, qeyd olunan dəlillərin iradəsini əsk etdirmədiyini və həqiqi iradəsinin iddiaçıya borcunun olması istiqamətində olduğunu bildirmişdir. Cavabdehin borcun hissə-hissə tutulması barədə xahişinə münasibətdə isə məhkəmə kollegiyası vurğulayır ki, bu məsələ hazırkı məhkəmə baxışının predmetinə aid olmamaqla, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası mərhələsində qətnamənin hissə-hissə icra edilməsi və ya möhlət verilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edə bilər. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1070/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar