Məhkəmə qərarları › İş №2(103)-1552/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1552/2023

10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1552/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(007)-2792/2022 nömrəli qətnaməsindən cavabdehlərin verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Prokurorluğunun 02 iyun 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə fondunun Abşeron rayon şöbəsinin pensiya şöbəsinin müdiri işləmiş Cavabdeh2 və qohumu Cavabdeh1 aldatma yolu ilə onun pulunu ələ keçirmələri barədə İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

2. Abşeron Rayon Polis İdarəsinin 27 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

3. "xxxx"ın ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı hesabına xx.xx.2015-ci il tarixdə 17500 manat yüklənmiş, xx.xx.2015-ci il tarixdə bu məbləğdən 15500 manat məxaric edilmiş, xx.xx.2015-ci il tarixdə 17500 manat yüklənmiş, xx.xx.2015-ci il tarixdə 17500 manat məxaric edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 08 noyabr 2017-ci il tarixli, 2-1(102)-1799/2017 №-li qərarından görünür ki, İddiaçı təminat xərcliyinə sonradan artımlar, habelə prokurorluq işçilərinə hər məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinatı və hər il verilən əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım məbləğləri, habelə müharibə veteranı kimi aylıq müavinat məbləği nəzərə alınmaqla pensiya ödənilməsinin Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərarına əsasən iddia təmin olunmuş və yuxarı instansiya məhkəmələrinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22000 manat məbləğdə pulun, ona vurduqları maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğdə pulun, 187 manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 32187 manat məbləğdə pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, 11 mart 2013-cü il tarixdə təqaüdə çıxdıqdan sonra hesabında yığılmış 100000 manat pulu ala bilmək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etməyinə baxmayaraq həmin məbləği ala bilməmişdir. 2015-ci ilin yay aylarında həmkəndlisi Cavabdeh1 həmin məbləğin 50% müqabilində ona köməklik edə bilcəyini bildirmiş, o, isə sonuncu ilə 35%-ə razılaşmışdır. Hicran onu Abşeron DSMF-nin pensiya şöbəsinin müdiri İkramla tanış etmişdir. 08 iyul 2015-ci ildə təqaüd kartına 17500 manat pul köçürülmüş, həmin puldan ona 6500 manat verilmiş, 11000 manatı İkram və Hicran tərəfindən götürülmüşdür. O, buna etiraz etsə də, həmin vaxtlar müəyyən şəxslərə borcunun olduğundan razılaşmışdır. xx.xx.2015-ci ildə onun hesabına yenidən 17500 manat köçürülmüş, yenə də həmin məbləğin 11000 manatı İkram və Hicran tərəfindən götürülmüş, sonuncular ona avqust ayına qədər gözləməyini məsləhət görmüşlər. 2015-ci ilin avqust ayında onun hesabına 1000 manat pul köçürmüşlər. Həmin vaxt onun borclu olduğu şəxslər Hicranın onu aldatdıqlarını bildrmişlər. O, Hicranla birlikdə İkramın iş yerinə getmiş, sonuncu artıq həmin vaxt Nizami rayon DSMF-də işləmişdir. İkram ona pulunun ona növbəti ay vurulacağını bildirmişdir. Sentyabr-oktyabr ayında ona təqaüddən əlavə pul vurulmamışdır. O, Hicranla birlikdə İkramın yanına getmiş, borclu olduğu şəxslərin məsləhəti ilə həmin görüşü telefona çəkmişdir. Çünki həmin şəxslərdə onun tərəfindən aldanıldıqlarını, pullarının alınıb onlara verilmədiklərini düşünmüşlər. Həmçinin bank işçiləri də digər tərəfdən borcun ödənilməsini tələb etmişdir. O, dəfələrlə Hicran və İkramla görüşmüş, aralarında olan razılığa əsasən ona çatan təqaüdün məbləğinin yarısından çoxunun özünə verilməli olduğunu, pulu götürdüklərini, onu isə banklarla üz-üzə qoyduqlarını bildirmişdir. Lakin həmin vaxtdan hazırkı vaxta kimi İkram onun pulunu verməmişdir. Sonuncu Abşeron DSMF-nin pensiya şöbəsinin rəisi vəzifəsində işləmiş, onu əvvəllər tanımamış, onu həmkəndlisi Cavabdeh1 vasitəçiliyi ilə tanımışdır. Dövlət tərəfindən ona ödəniləcək təqaüd məbləği ödənilmiş, lakin həmin məbləğin 22000 manatı İkram və həmkəndlisi Cavabdeh1 tərəfindən sui-istifadə edilməklə ələ keçirilmişdir. O, ilkin aldığı təqaüdü həmkəndlisi Cavabdeh1 Abşeron rayonu, Masazır qəsəbəsində vermiş, buna dair Cavabdeh1 imzalı kağız almış, həmin pulları Hicran İkrama vercəyini bildirmişdir. İddiaçı müalicəyə ehtiyacının olduğunu bildirməklə tələbinin pulunun Hicran və İkramdan alınıb ona verilməsindən ibarət olduğunu göstərmişdir. Cavabdehlər onu aldatmış, əmək pensiyasının alınmasında köməklik göstərilməsini deyib onun 22 min manat pulunu almış, lakin heç nə etməmişlər. Pulu almaları barədə Hicran tərəfindən yazılı olaraq sənədə imza edilmişdir.

7. Cavabdeh1 işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir.

8. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı 100000 manat pulu almış və hər hansı bir problem yaranmamışdır. Onun belə bir səlahiyyəti olmamışdır ki, İddiaçı pensiya məsələsini həll etsin. Bəbir ödədiyi 5500 manat pulun həmin pula aidiyyəti olmamışdır. Bəbir onun qardaşının qaynıdır. Bəbir tərəifndən ona 22 min manat pul verilməmişdir.

9. Cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, 1995-ci ildən sosial müdafiə sahəsində işləmişdir. 2015-ci ilin may-iyun aylarında 2 nəfər gəlmiş, bunlardan biri -Hicran müəlim formada olmuş, sonradan onun Ədliyyə orqanlarında işlədiyini bilmişdir. Hicran müəllim ona Bəbirin onun yaxın qohumu olduğunu, pensiyasını ala bilmədiyini, evinin girovda, borclarının çox olduğunu demiş və imkan daxilində ona köməklik göstərməsini xahiş etmişdir. O, istiqamət verdikdən sonra həmin şəxslər sənədləri gətirib təqdim etmişlər. Ödəniş vaxtı 2015-ci ilin iyun ayında onun iş yerini Nizami rayonuna dəyişmişlər. Əvvəllər vəsait o qədər qıt olmamış, alınmamış məbləği ödəmək mümkün olmuşdur. İddiaçının qeyd etdiyi 17500 manat məsələsi düzdür. Sonradan pensiyaların ödənilməsində problemlər yaradığına görə dövlət sosial müdafiə fondunun kollegiyasının qərarına əsasən, əgər vətəndaşın aylığı nə qədərdirsə, keçmiş dövrdən o qədər məbləğ verirdilər. Əgər səhv etmirsə iddiaçının pensiyası 2000 manat olmuş, deyəsən 2000 manat da əlavə vermişdirlər, sonra pensiyada yubanma olmuş, iddiaçı əlində siyahı ilə gəlib onun borcu olduğunu və borcu verməli olduğunu, ona hörmət edəcəyini, çörək yeməyə getmələrini demiş, o da ehtiyac olmadığını demişdir. İddiaçının pensiyası aybaay bölünmüş, arada pensiya gecikəndə iddiaçı ona gecikdiyi üçün zəng etmişdir. O da hamının pensiyasının gecikdiyini demişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 15500 manat və dövlət rüsumuna görə ödənilmiş 187 manat vəsaitin əvəzinin tutulması qət edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında pul münasibəti 2015-ci il tarixdə yaranmış, həmin vaxtdan sonra cavabdehlər tərəfindən ona pensiyasının ödəniləcəyi barədə vədlər verilmiş, iddiaçı onların vədlərinə inanaraq pensiya məbləğinin ona köçürüləcəyini gözləmiş, həmçinin bununla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon Şöbəsinə qarşı təminat xərcliyinə sonrakı artımlar, habelə prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və s. ödənişlər nəzərə alınmaqla pensiya ödənilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də xx.xx.2017-ci il tarixli qərar ilə qüvvədə qalmışdır. Ali Məhkəmənin qərarından sonra 2019-cu ildə iddiaçıya ödənilməli olan pensiya məbləği onun hesabına köçürülmüşdür. İddiaçı cavabdehlərə müraciət edərək, pulunu tələb etmiş, eyni zamanda 2021-ci il və 2022-ci il tarixlərdə qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon Prokurorluğuna müraciət etmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda həmin iş üzrə materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbz və ərizədən, xx.xx.2021-ci il tarixli qəbzdən, xx.xx.2021-ci il tarixli ərizə və qəbzdən, xx.xx.2022-ci il tarixli ərizədən göründüyü kimi Hicran və İkram İddiaçı müəyyən qədər pulun geri qaytarıldığı qeyd edilmişdir. Bu fakt isə özlüyündə cavabdehlərin 6500 manat məbləğdə pul vəsaitinin iddiaçıya qaytarılmasına dair etiraf edici hərəkətləri kimi qəbul edilməlidir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Eyni zamanda Mülki Məcəllənin 553.1.1-ci maddəsinə əsasən müddətin axımı mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə kəsilir. Göründüyü kimi, iddiaçı tərəfindən müxtəlif vaxtlarda məhkəmə və digər aidiyyəti orqanlara müraciət edildiyindən, yekun məhkəmə qərarı əsasında pul məbləği 2019-cu ildə onun hesabına ödənildiyindən, cavabdehlər tərəfindən müəyyən məbləğlər 2021-ci və 2022-ci illərdə ona geri qaytarıldığından iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Cavabdeh1 22000 manat, İddiaçı 13000 manat pul qəbul etmələri barədə olan yazılı əlyazmanın Cavabdeh1 tərəfindən imzalanması və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş CD diskində görüntülənən şəxslərin və səslərin cavabdehlərə məxsus olması işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh1 əlyazmadakı imzanın ona məxsus olmasını inkar etməmiş, həmçinin hər iki cavabdeh diskdəki həmin görüntülərin və səslərin onlara məxsus olmasına etiraz etməmişlər. Həmçinin, iddiaçı tərəfindən də məhkəmə iclasında Cavabdeh1 ona 6500 manat ödədiyini bildirmişdir. Cavabdeh1 qaytarılmış 6500 manat məbləğin bu məsələyə aidiyyəti olmadığını, hər iki cavabdehin iddiaçıdan heç bir məbləğ almadıqlarını bildirsələr də, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh2 və Cavabdeh1 İddiaçı ilə pensiyasının təmin olunması və qarşılığında onun 35%-nin, yəni, 35000 manatının alınması barədə razılığa gəlmələri, həmin vəsitlərdən müəyyən qisminin iddiaçıya qaytarmaları müəyyən olunmuşdur. İddia tələbi 3000 manatdan yuxarı olsa da, müqavilə yazılı formada bağlanmamış, tərəflər arasında şifahi formada razılaşma olmuşdur. Yəni, tərəflər MM-nin 740.2-ci maddəsinin qeyd olunan tələbinə riayət etməmişdirlər. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən həmin borc məbləğinin tələb edilməsi mümkündür. Belə ki, MM-nin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırda mülki işə əlavə olunmuş materiallar və tərəflərin izahatları əsasında məhkəmə araşdırılması ilə cavabdehlərin iddiaçıdan 22000 manat pul alması və onun 6500 manat vəsaitinin qaytarılması öz təsdiqini tapdığından cavabdehlərdən iddiaçının xeyrinə 15500 manat vəsait tutulması qənaətinə gəlmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 337, 373, 377.1, 380, 553, 740, 882.1, 882.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamə ilə razılaşmayan cavabdehlər apellyasiya şikayətləri verərək, qətnamənin qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Hər iki şikayətinin dəlillərinə görə, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisənin qanuni əsasını müəyyən edərkən yanlışlığa yol verərək tərəflər arasındakı münasibətin borc münasibətlərinin olması kimi qiymət vermişdir. Lakin, nə iddiaçının iddia tələbindən ona borc verməsi, nə də o izahatında aralarında hər hansı borc münasibətlərinin olması barədə heç bir fikir irəli sürməmişlər. Belə ki, iddiaçı iddia tələbində yığılmış pensiya məbləği olan 100000 manatın alınmasında cavabdehlərin kömək edəcəyi təqdirdə onlara 35 faizi miqdarında pul verəcəyini vəd etmiş və bu vəddən 22000 manatını verdiyini iddia etmiş, o və digər cavabdeh isə ümumiyyətlə ondan bu məsələ ilə bağlı heç bir pul məbləğini almadıqlarını bildirmişlər. Belə olan halda, məhkəmənin iddia tələbini təmin etmək üçün hazırkı maddi hüquq normasına istinad etməsi maddi hüquq normasının pozulmasına gətirib çıxarmışdır. Aralarında heç bir borc münasibətləri olmadığından məhkəmənin borcun etirafına dair mücərrəd müqaviləyə istinad etməsi maddi hüququ normasının tətbiqində kobud səhv etməsinə gətirib çıxarmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş tarix və rəqəmlər göstərilən kağız parçası heç bir məbləğin nə etiraf edilməsi nə də verilməsini sübut edən borcun etirafına dair mücərrəd müqavilə hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsi, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Borcun etirafı üçün də, qanunverici borc müqaviləsi ilə eyni formanı, yazılı formanı müəyyən etmiş və bu formaya riayət edilməməklə bağlanan hər hansı əqdinin hüquqi qüvvəsinin olmadığını müəyyən etmişdir. Lakin məhkəmə bu xüsusatlara fikir vermədən, nəyin bahasına olur-olsun iddia tələbini təmin etmək arzusundan çəkinməmiş və maddi hüquq normasını pozmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 25 iyun 2020-ci il tarixli “Ödəniş kartı üzrə çıxarış”ının surətindən görünür ki, iddiaçıya 08 iyul 2015-ci il tarixdə 17500 manat məbləğdə ödəniş edilmiş, 10 iyul 2015-ci il tarixdə onun tərəfindən kartdan 15500 manat məbləğdə pul çıxarılmışdır. Daha sonra, 13 iyul 2015-ci il tarixdə iddiaçının kartına 17500 manat pul məbləği mədaxil edilmiş və 15 iyul 2015-ci il tarixdə onun tərəfindən məxaric edilmişdir. İddiaçının təqdim etdiyi və guya cavabdehlərə verdiyi pulu təsdiq edən qəbzdən görünür ki, birinci dəfə 08 iyul 2015-ci il tarixdə ona 11000 manat, ikinci dəfə isə 10 iyul 2015-ci il tarixdə 11000 manat pul vermişdir. Belə olan halda iddiaçı onda olmayan pulu necə çıxarıb, belə bir qəbzlə onlara verdiyini məhkəmə araşdırmamış və qəbzdə olan məlumatların başqa sübutlarla təsdiqini tələb etməmişdir. Məhkəmənin istinad etdiyi cinayət işi başlanmasının rədd edilməsi qərarının 4-cü səhifəsinin sonuncu abzasından da görünür ki, İddiaçı etdiyi müraciətində və izahatında onların 22000 manat pulunu ələ keçirdiyini bildirsə də, bu hal onun öz izahatından başqa digər istintaq sənədləri ilə sübuta yetmir. Belə olan halda məhkəmə toplanmış materiala baxış keçirmək üçün hansı səbəblərə görə sorğu verib tələb etmədiyi məlum deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehlər məhkəmə iclasında apelyasiya şikayətləri ilə eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını məhkəmədən xahiş etdilər.

17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 2 1.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarı: “Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. ... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir.”

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər;

Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. ... Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Cavabdehlər tərəfindən qətnamə qismən – iddia təmin olunan hissədə mübahisələndirilsə də, MPM-in 372.7-ci maddəsinə müvafiq olaraq maddi və prosessual hüquq normalarının tətbiqinin yoxlanılması zərurətindən məhkəmə aktı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

23. İlk öncə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edilməlidir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

24. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

25. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

26. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir.

27. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir.

28. Mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır.

29. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz.

30. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Belə ki, MPM-in 53-cü maddəsinə uyğun olaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Burada nəzərə alınmalıdır ki, həmin maddədə qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər.

31. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.

32. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

33. Dispozitivlik prinsipi baxımından pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız MPM-in 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir.

34. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. MPM-in 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.

35. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.

36. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün ilkin olaraq iddianın hüquqi əsası müəyyən olunmalıdır.

37. İddiaçı iddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 443.1, 445.1, 448.1 və 449.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi isə hüquqi əsas kimi Mülki Məcəllənin 740, 882-ci maddələrinə istinad etməklə münasibətlərə borcun etirafı kimi qiymət vermişdir. Lakin qeyd olunan normalar öhdəlik münasibətlərini tənzimləyən normalar olduğundan hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki, tərəflər arasında öhdəlik, borc münasibətləri mövcud deyildir.

38. Hazırkı iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar mövcud olduğundan hüquqi baxımdan deliktlərdən irəli gələn öhdəlik kimi də qiymətləndirilə bilməz.

39. İddianın faktiki əsasını müəyyənləşdirərkən isə aydın olur ki, iddiaçı ona məxsus 22000 manat məbləğdə pulun cavabdehlər tərəfindən heç bir əsası olmadan ələ keçirildiyini irəli sürür. İddianın təsviri hissəsindən o da aydın olur ki, tərəflər arasında ümumiyyətlə hər hansı borc münasibəti olmamış, nə də iddiaçı belə bir borc münasibətinin yarandığını irəli sürmüşdür. Belə olan halda birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin yarandığına istinad edib, iddiaçının mübahisə etmədiyi predmet barədə qətnamə qəbul etməklə düzgün nəticəyə gəlməmişdir.

40. İddianın mahiyyəti üzrə hüquqi dəyərləndirmə apararkən isə müəyyən olunur ki, mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları hazırkı iddianın hüquqi əsasını təşkil edir. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

41. Göründüyü kimi tərəflər arasında nə hər hansı müqavilə münasibəti yaranmış, nə də bu münasibətlər hansısa qanuni əsasa söykənmişdir. Bu halların istisna olmağı həm işin ümumi halları, həm də tərəflərin izahatları ilə dəqiq təsbit olunur.

42. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2015-ci ildə təqaüd kartına köçürülmüş 17500 manat pulun 11000 manatı, daha sonra xx.xx.2015-ci il tarixdə kartına yenidən köçürülmüş 17500 manatın bu dəfə də 11000 manatının cavabdehlər İkram və Hicran tərəfindən götürüldüyünü iddia edir.

43. Göründüyü kimi əsassız varlanma halının iddiaçıya 2015-ci ildə məlum olduğu işin mübahisəsiz halıdır. MM-in 1095-ci maddəsinə əsasən isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

44. İddiaçı ərizəsində də qeyd etmişdir ki, “10 iyul 2015-ci ildə mənim hesabıma yenidən 17500 manat köçürülmüş, yenə də həmin məbləğin 11000 manatı İkram və Hicran tərəfindən götürülmüş, sonuncular mənə avqust ayına qədər gözləməyimi məsləhət görmüşlər. 2015-ci ilin avqust ayında mənim hesabıma 1000 manat pul köçürmüşlər. Həmin vaxt mənim borclu olduğum şəxslər Hicranın məni aldatdıqlarını bildirmişlər.” Yəni, iddiaçı tərəfindən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür və cavabdeh tərəfindən müddətin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsində ərizə verilmişdir.

45. Belə olan haldada məhkəmə kollegiyası qeyd edir ki, əsassız varlanma faktı mövcud olsa da, qanunvericiliklə müəyyən edilən müddətin keçməsi nəticəsində iddiaçı bu hüququnu itirmişdir.

46. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayətləri təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(007)- 2792/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(007)- 2792/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar