Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1554/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC (Bank) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit xətti müqaviləsinə əsasən bank Borcalana maliyyə ehtiyaclarının ödənilməsi məqsədilə 26 yanvar 2016-cı il tarixədək qaytarmaq şərtilə 16000 (on altı min) manat məbləğində kredit xətti açır. Kreditdən istifadəyə görə Borcalan Banka illik 24 % olmaqla faiz ödəməlidir. İddiaçı ASC (Bank) ilə Cavabdeh (Girov qoyan) arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/15 AK nömrəli sabit girov müqaviləsinə əsasən Girov qoyan 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan “Mercedes Benz C-280” minik markalı **-CO-*** dövlət nömrə nişanlı minik avtomobilini Bank qarşısında girov qoymuşdur.
2. Müqavilə üzrə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 40,24 manat məbləğində ödəniş edilmiş, xx.xx.2016-cı il tarixdə bank cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə ilk dəfə Şərur Rayon Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə bank məcburi ləğv edilərək, ləğvedici təyin edilmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, bank xx.xx.2022-ci il tarixdə həmin məhkəmə işi üzrə yekun qərarın surətinin ona göndərilməsi ilə bağlı məhkəməyə müraciət ünvanlamış, məhkəmə xx.xx.2023-cü il tarixli məktubla həmin qərardadı banka göndərmişdir.
3. Bundan sonra bankın ləğvedicisi xx.xx.2024-cü il tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
4. Bankın ləğvedicisi xx.xx.2024-cü il tarixdə cavabdehə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinin təmin edilməsi ilə üçün bildiriş, xx.xx.2024-cü ildə müvafiq orqana ipoteka predmetinə tutma yönəldilməsi üçün bildirişin qeydiyyata alınması məqsədilə məktub göndərmiş, nəhayət, xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Maliyyə arayışına əsasən 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC-yə ödənilməmiş 12.947,62 manat əsas, 535,76 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 12.164,65 manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə, 5.239,80 manat AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5 % borcu olmaqla, ümumilikdə 30.887,83 manat borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/1KX nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 12.947,62 manat əsas, 535,76 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 12.164,65 manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə, 5.239,80 manat AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5 % borcu olmaqla, ümumilikdə 30.887,83 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 182,66 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın kredit müqaviləsinin təminatı olaraq olaraq bağlanmış 26 yanvar 2015-ci il tarixli 04/15 AK nömrəli sabit girov müqaviləsinə əsasən Cavabdeh məxsus “Mercedes-Benz C-280” minik markalı, **-CO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş və bu səbəbdən Banka tələb olunan məbləğdə borcu yaranmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Abidova) iddia rədd edilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, müqavilə xx.xx.2015-ci il tarixdə 12 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2016-cı ildə başa çatmışdır. Müqavilə üzrə sonuncu dəfə xx.xx.2015-ci ildə - elə müqavilə müddətində ödəniş edilmişdir. xx.xx.2016-cı ildən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2016-cı ildə bankın cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə iddia müddətinin axımı kəsilmiş (5 ay 16 gün keçdikdən sonra), lakin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanıldığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. xx.xx.2019-cu ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, bank iddia müddəti bitəndən (xx.xx.2019-cu ildən) 4 il 3 aydan çox vaxt keçəndən sonra hazırkı iddia ərizəsi ilə əvvəlcə Şərur Rayon Məhkəməsinə, həmin məhkəmə tərəfindən ərizə geri qaytarıldığına görə isə (ondan 6 ay sonra) xx.xx.2024-cü ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra isə iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut və müddətin bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir. Bank 2016-cı ildə baxılan iş üzrə qətnamə qəbul edildiyini hesab etdiyini, buna görə hərəkətsiz qaldığını bildirsə də, bu hallar məhkəməyə iddia müddətinin üzrlü səbəbdən ötürülməsi və ya ümumiyyətlə, ötürülməməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296, 270.1, 372, 373.2, 375, 376, 377, 378, 380, 381.1, 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 462.1, 465.2, 739, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 4.1-ci müddəası müqavilənin qüvvədə olması müddətini bütün öhdəliklərin borclu tərəfindən icra edilməsi ilə şərtləndirmişdir. Qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1-377.2. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı:
“İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. 18.Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
19.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı:
“Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
20.Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı: “İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq olunmaması, kredit müqaviləsinin 4.1-ci bəndində müqavilənin qüvvədə olma müddətinin bütün öhdəliklərin borclu tərəfindən icra edilməsi ilə şərtləndirməsinin nəzərə alınmaması barədədir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən həmin müqavilənin cavabdehin Bank qarşısında bütün öhdəlikləri yerinə yetirilənədək qüvvədə olması barədə şərti müqavilədən irəli gələn tələblərə iddia müddətinin tətbiqini istisna edə bilməz. Belə ki, mülki qanunvericilik iddia müddətinin başlanmasını müqavilənin qüvvədən düşməsi anından deyil, icra müddətinin bitdiyi andan asılı etmişdir. Baxılan işdə kredit müqaviləsi üzrə bütün öhdəliklər üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir.
26. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq edib iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımaqla iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayır və hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.