Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1557/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh Şəfiyeva Elmirə Firudin qızının iştirakı ilə, İddiaçı cavabdeh Şəfiyeva Elmirə Firudin qızı qarşı “borcun qaytarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 2330 manat borc və pul vəsaitini uzun müddət ərzində qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə və ona vurduğu maddi ziyana görə 1601 manat olmaqla, ümumilikdə 3931 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı pul verilməsi ilə bağlı cavadehlə aralarında whatsapp vasitəsilə aparılmış səs yazılarına qulaq asılmasını və aralarında borcun qaytarılması ilə bağlı olan müzakirələrdə iştirak edən şəxslərin şahid kimi dinirilməsini xahiş etsə də, məhkəmə buna ehtiyac olmadığını qeyd etmişdir. Cavadeh izahatında iddiaçının ona borcunun olmasını və Polis İdarəsinə şikayət etməsini qeyd etsə də, bu barədə heç bir araşdırma aparılmamış və cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin bu məsələ qətnamədə cavadehin sübutu kimi şərh edilərək ədalətsiz qərar qəbul edilmiş, iddiaçının təklif etdiyi sübutlar isə dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh isə, apelyasiya şiakyətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, cavabdehdən onun xeyrinə 2330 manat borcun və həmin məbləğin qaytarılmadığı müddət üçün 5 faizlə hesablanmış 1601 manatın tutulmasını tələb edir. Cavabdeh isə, iddia tələbini qəbul etməyərək, iddiaçıya heç bir borcunun olmadığını, əksinə cavabdehin ona borclu olduğunu bildirmişdir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tələbin hüquqi əsası ola biləcək normanın məzmununa görə, kreditor, pul vəsaitini borcluya verməli, sonuncu isə aldığı pulu qaytarmalıdır. Borclunun pul vəsaitini kreditora qaytarmaq öhdəliyinin yaranması üçün həmin predmetin ona verildiyi sübut olunmalıdır. Bu baxımdan, mübahisə halında borcun tutulmasını tələb edən iddiaçı ilk növbədə cavabdehə borc verdiyini sübuta yetirməlidir. Baxılan işdə İddiaçı, Cavabdeh tələbdə göstərilən məbləğdə pul vəsaitini verməsini (və ya cavabdehin ona həmin məbləğdə borclanmasını) təsdiqləyən mötəbər sübutları təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, borc münasibətində pulun verilməsini təsdiqləyən mötəbər sübutlar cavabdehin etirafı və ya borc müqaviləsi, yaxud borcun etirafı barədə sənəddir. Qeyd olunduğu kimi, bu işdə cavabdeh, iddiaçıdan borc aldığını etiraf etmir. İddiaçı isə, apelyasiya şikayətində pulun verilməsi ilə bağlı təsdiqedici dəlil kimi birinci instansiya məhkəməsinə cavabdehlə aralarındakı whatsapp yazışmalarının əks olunduğu disk təqdim etməsinə və şahid ifadələrinin dinlənilməsi barədə vəsatət verməsinə baxmayaraq, məhkəmə tərəfindən heç bir səbəb göstərilmədən həmin sübutun və vəsatətin qəbul edilmədiyinə istanad edərək, diskin iş materiallarına əlavə edilməsini və şahid ifadələrinin dinlənilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 271.1-ci və 271.2.10-cu maddələrinə görə, məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Məhkəmə iclasının protokolunda şahidlərin ifadələri göstərilir. Həmin Məcəllənin 273-cü maddəsinə görə, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Göründüyü kimi, iddiaçının hüququ olmuşdur ki, məhkəmə iclas protokolu ilə tanış olsun və qeyd olunan sübutun məhkəmə tərəfindən qəbul edilməməsi və vəsatətin rədd olunmasının əks olunması üçün həmin protokol barədə qeyd versin. Lakin iş materiallarında iddiaçı tərəfindən məhkəmə iclasının protokoluna qeyd verilməsi aşkar olunmur. Belə ola halda, Kollegiya, whatsapp yazışmalarına dair sübutun qəbul edilməsini və şahidlərin apelyasiya baxışında dinlənilməsini mümkün hesab etmir. Çünki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, iddiaçı, MM-in 739.1-ci maddəsinin zəruri dispozisiya şərtini-cavabdehə pul vəsaitləri verməsini təsdiqləyən mötəbər və kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, sübutetmə yükü baxımından bu halları sübut etmək iddiaçının vəzifəsidir. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, iddinı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3326/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1557/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1557/2021
03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver