Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1557/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("xxxx" ASC və Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı mülki iş (Açar sözlər: «dəymiş ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-211/2024 saylı, 05 noyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Buraxılış ili 2013-cü il olan “Honda Civic (Hibrid)” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r (qeydiyyat tarixi: xx.xx.2019).
2. İstehsal tarixi 2022-ci il olan “Audi A6” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır (qeydiyyat tarixi: xx.xx.2022).
3. İddiaçı mülkiyyətində olan “Audi A6” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən 1 il müddətinə - xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta edilmişdir.
4. ƏN-Vİ seriyalı 321262 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamə ilə X3 buraxılış ili 2013-cü il olan “Honda Civic (Hibrid)” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2031-ci ilədək Cavabdeh etibar etmişdir.
5. X1 mülkiyyətində olan “Honda Civic” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən 1 il müddətinə - xx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən icbari sığorta edilmişdir.
6. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli, həmin tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 11:00-da Bülbül prospekti-Z.Əliyeva küçəsi kəsişməsində idarə etdiyi “Honda Civic (hibrid)” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir.
7. xx.xx.2023-cü il tarixli 59905 №-li ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən **-UT-*** təyinatı və "xxxx" - **- VD-*** qeydi ilə 830 manat məbləğində pul İddiaçı hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş 10.000 (on min) manat ziyanın ödənilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiada göstərilir ki, Cavabdeh, xx.xx.2023-cü il tarixində idarə etdiyi **-VD-*** dövlət qeydiyyat nişanlı “Honda Civic” markalı avtomobillə Bakı şəhəri, Bülbül prospekti- Z.Əliyeva küçəsi kəsişməsində hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq həmin kəsişmədə hərəkətdə olan İddiaçı idarə etdiyi **-UT-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilə çırpılmışdır. Nəticədə iddiaçının idarə etdiyi avtomobilin ön sağ tərəfinə əhəmiyyətli dərəcədə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə gələn Bakı şəhər Baş X10 İdarəsinin əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) pozduğuna görə xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında eyni tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləlikə, Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə müşaiyət olunan iddiaçının avtomobilinə çırpılması və ona maddi zərər vurması öz təsdiqini tapmışdır. Cavabdehin avtomobilinin icbari sığortası üzrə xidmət göstərən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş ziyanın və təmir işlərinin dəyərinin müəyyən edilməsi məqsədi ilə aparılmış müayinə zamanı iddiaçının avtomobilinə ümümi olaraq 830 (səkkiz yüz otuz) manat dəyərində təmir-bərpa işlərinin zəruri olduğu bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində “Audi” avtomobil markasının Azərbaycanda rəsmi dileri olan "xxxx" MMC-yə müraciət edərək, yol nəqliyyat hadisəsindən avtomobilinə dəymiş zərərin aradan qaldırılması xidmətlərinin dəyərinin müəyyən edilməsini xahiş etmişdir. Rəsmi diler tərəfindən əvəzlənməli ehtiyat hissələri və görüləcək işlərin smetası hazırlanaraq, ümumilikdə 7.018 (yeddi min on səkkiz) manat xərcin olduğu müəyyən edilmişdir. Belə ki, hadisə nəticəsində iddiaçının avtomobilnin ön sağ farası, təkər diski sıradan çıxmışdır. Həmin avtomobilin ön sağ farasının rəsmi dilerin servisində satış qiyməti 3500 (üç min beş yüz) manat dəyərində, təkər diskinin satış qiyməti isə 2250 (iki min iki yüz əlli) manat dəyərində müəyyən edilmişdir. Bundan əlavə, cavabdehin vurduğu ziyan nəticəsində avtomobilin təmir olunmasına (ön sağ qanadın təmiri, rənglənməsi, sağ güzgünün üst qapağı təmiri və s.) zərurət yaranmışdır ki, həmin təmirin də xərcləri rəsmi diler tərəfindən 1268 (min iki yüz altmış səkkiz) manat məbləğində müəyyən edilmişdir. Belə ki, iddiaçının avtomobili 2022-ci ildə rəsmi dilerdən alınmaqla, ona qulluq olunması üçün yalnız rəsmi dilerin avtomobil servisinə müraciət edilmişdir. Hər hansı mənşəyi məlum olmayan avtomobil təmiri mərkəzlərində və müvafiq ixtisası olmayan avtomobil ustaları tərəfindən iddiaçının avtomobilinə xidmət göstərilməyib. İddiaçının avtomobilinin ixtisaslaşmayan avtomobil təmiri yerlərində təmir olunmasını və istehsal mənbəyi məlum olmayan ehtiyat hissələri ilə təmin edilməsini iddiaçı məqsədəmüvafiq hesab etmir və vurulmuş zərərin aradan qaldırılmasının yalnız “Audi” rəsmi brendi tərəfindən original və mənşəyi mötəbər hesab edilən ehtiyat hissələri ilə təmin olunaraq, eləcə də həmin model avtomobil üçün ixtisaslaşmış rəsmi avtoservis mərkəzlərində təmir edilməsi uyğun hesab olunur. Qeyd olunan qaydada zərərin aradan qaldırılmasını həyata keçirə biləcək şirkət də “Audi” avtomobillərinin Azərbaycandakı rəsmi dileri Maraqlı şəxs MMC-dir ki, həmin şirkətə də iddiaçı tərəfindən müraciət edilib, müvafiq xərclər smetası əldə olunmuşdur. İddiaçının avtomobili 2022-ci il buraxılışı olmaqla cəmi 5.500 kilometr yürüşü olmuşdur. Analoji texniki xüsusiyyətlərə malik, həmin buraxılış ilinin və oxşar yürüşdə olan avtomobillərin hazırda bazar qiyməti 62.000-65.000 ABŞ dolları (105.400 – 110.500 manat) civarında qiymətləndirilir. Lakin nəzərə almaq lazımdır ki, avtomobil, toqquşma nəticəsində sıradan çıxmış hissələrinin təmirindən sonra belə, istehsalçı zavodun ilkin olaraq istehsal edib buraxdığı vəziyyətindən fərqli olacaqdır ki, bu da avtomobilin bazar dəyərinin əhəmiyyətli dərəcədə enməsinə səbəb olur. Belə ki, dəyəri 105.000 - 110.000 manat olan 2022-ci il buraxılışlı avtomobilin sağ ön farasının və təkər diskinin dəyişilməsi, sağ ön qanad və buferində rəngləmə və dəmirçi işlərinin aparılması onun yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətində hesab olunduğu “yeni” və “təmir olunmamış” statusunu aradan qaldırmış olur. Belə olan halda, həmin avtomobil, dəyərini nəzərə almaqla, artıq onunla analoji xüsusiyyətlərə malik olan “təmir olunmamış” avtomobillərə nisbətdə öz dəyərini ən azı 3000-5000 manat arası itirmiş olacaqdır. Beləliklə, vurulmuş zərəri hesablayarkən, İddiaçı ümumilikdə 7.018 manat (avtomobilin təmir və bərpa xərcləri) + 3000 manat (avtomobilin bazar dəyərinin düşməsi nəticəsində əldən çıxmış minimum fayda) = 10.000 manat məbləğində zərər vurulduğu müəyyən edilir. Cavabdeh tərəfindən İddiaçı avtomobilinə vurulmuş zərərin aradan qaldırılması üçün çəkiləcək xərclər və həmin avtomobilin itirilmiş dəyərinin əvəzi tam həcmdə ödənilməlidir.
10. İddia tələbi iki dəfə dəqiqləşdirilmiş və son olaraq, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək, iddia tələbinin ilkin verilmiş redaksiyada qəbul edilməsini, 10.000 (on min) manat məbləğində ziyanın ödənilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-211/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 3.000 (üç min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi; iddianın qalan hissədə təmin edilməməsi; iş üzrə ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi, qalan hissəsinin İddiaçı aid edilməsi; iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 60 (altmış) manat hissəsinin Cavabdeh, 140 (bir yüz qırx) manat hissəsinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh “Honda Civic (Hibrid)” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərək İddiaçı mülkiyyətində olan və həmin vaxt onun özü tərəfindən idarə edilən “Audi A6” markalı, 90UT-066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmışdır. Hadisə zamanı hər iki avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə müvafiq olaraq "xxxx" ASC-də (cavabdehin idarə etdiyi) və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (iddiaçıya məxsus) sığortalı olmuşdur. Hadisədə cavabdeh təqsirli bilinmiş və onun barəsində Bakı şəhər DYPİ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, cavabdeh həmin qərar üzrə cəriməni ödəmişdir. Cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçıya məxsus avtomobilə zərər dəymiş, həmin zərərin məbləği fiziki şəxs X5 - “Qrand Servis” tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktı ilə 830 manat müəyyənləşdirilmiş, həmçinin, iddiaçı həmin tarixdə “Audi” markalı avtomobillərin rəsmi satış və təmir-diaqnostika mərkəzi kimi fəaliyyət göstərən Maraqlı şəxs MMC-yə də müraciət etmiş, MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilin ön sağ farasının dəyəri 3.500 manat, təkər diskinin dəyəri 2.250 manat, işçilik üçün tələb olunan məbləğ 1.268,50 (1.132,80) manat olmaqla, avtomobilə dəymiş zərərin məbləği cəmi 7.018,50 (6.882,80) manat müəyyən edilmişdir (iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında ilk yazılan məbləğlər, MMC tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktında isə ikinci məbləğlər qeyd olunmuşdur). İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə yazılı qaydada müraciət edərək, 830 manat zərər məbləği ilə razı olduğunu bildirdiyindən, xx.xx.2023-cü il tarixdə 830 manat məbləğində sığorta ödənişi Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qaydalar”a əsasən, Şirkət tərəfindən onun hesabına köçürülmüşdür. Maraqlı şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, qüsur aktında qeyd edilən işlər – ön sağ fara və təkər diskinin dəyişdirilməsi/təmiri iddiaçının tələbi ilə icra edilməmiş, ümumilikdə isə avtomobil üzərində dəmirçi işinə görə 118 manat, armatur işinə görə 177 manat olmaqla, cəmi 295 manat və təmir, rənglənmə, elektron diaqnostika və şinomontaja görə cəmi 837,80 manat iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırmaları dövründə təyin edilmiş müvafiq ekspertizalar nəticəsində təqdim edilmiş ekspert rəylərinə əsasən, avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiymətinin 80.000 manat, təmir-bərpa xərcinin 6.788,50 manat olması müəyyən edilmiş, avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin dəyərindən 10 % - 8.000 manat aşağı olmasının istisna edilməməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyində isə avtomobilin ön sağ farasında və təkər diskində zərbə zamanı yaranmış daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr ola bildiyindən, avtomobil ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən oluna bilməsi, nəqliyyat vasitələrinin zədələnmiş hissələrini dəyişdirmədən təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından, bu barədə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatının aparılmadığı, nəzəri hesablama yolu ilə Maraqlı şəxs MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 7.018,50 manat olması, o cümlədən: dəyişilməli hissələrin qiymətinin – 5.750 manat, təmir-bərpa işlərinin qiymətinin – 1.268,50 manat, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6.788,50 manat olması, o cümlədən: dəyişilməli hissələrin qiymətinin – 5.520 manat, təmir-bərpa işlərinin qiymətinin – 1.268,50 manat; nəzəri hesablama yolu ilə X5 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1.550 manat olması, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 0 manat, təmir-bərpa işlərinin qiyməti – 1.550 manat göstərilmişdir. Hazırda iddiaçı Maraqlı şəxs MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına istinadən avtomobilinə dəymiş 10.000 manat məbləğində ziyanın (7.018 manat dəyişilməli ehtiyat hissəsi, təmir-bərpaya və 3.000 manat əmtəə dəyərini itirməsinə görə) cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh və üçüncü şəxs isə iddiaçının sığorta məbləği ilə razı olduğuna dair ərizəsini əsas gətirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, cavabdehin təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi faktı müvafiq sübutlarla öz təsdiqini tapan, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. İddia tələbinin “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin əmtəə dəyərinin 3.000 manat aşağı düşməsi səbəbindən həmin məbləğin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, işdə olan ekspert rəyi əsasında baş vermiş hadisə nəticəsində avtomobilin, həqiqətən də, əmtəə dəyərini itirməsi faktı (10 % azalması) təsdiq edilmişdir. İddia ərizəsinin əsaslandırma hissəsindən müəyyən edilir ki, iddiaçı tələbinin yalnız 3.000 manat hissəsini əmtəə dəyərinin azalması ilə əsaslandırır. Avtomobilin 2022-ci il istehsallı – yeni avtomobil olması, qanunvericiliyin tələbinə görə, əmtəə dəyərinin azalmasının icbari sığorta ilə əhatə olunmaması nəzərə alındıqda məhkəmə hesab edir ki, iddiaçı 3.000 manat məbləğində həmin ziyanı cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticə belədir ki, cavabdehin təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin itirilmiş əmtəə dəyəri olan və iddiaçı tərəfindən tələb edilən 3.000 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı avtomobilin ön sağ farasının və təkər diskinin yenisi ilə əvəz olunması, həmçinin, təmir-bərpa işləri üçün tələb edilən 7.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manat sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağı, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyi təsbit edilmişdir. İşin hallarından görünür ki, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş hər iki sığorta şirkətindən (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qaydalar”a əsasən, iddiaçının öz sığorta şirkəti sığorta ödənişini iddiaçıya ödəyir, sonra cavabdehin sığorta şirkəti həmin sığorta ödənişini iddiaçının şirkətinə verir) 5000 manatadək sığorta ödənişi tələb etmək hüququna malik olan mülki məsuliyyətini sığortalamış iddiaçı Şirkətin müəyyənləşdirdiyi 830 manat zərər məbləği ilə razılaşmış, avtomobilinə dəymiş ziyanın 830 manat olması ilə bağlı tərtib olunmuş aktı imzalayaraq göstərilən məbləği qəbul etmişdir. Halbuki, əgər iddiaçı avtomobilinə dəymiş ziyan məbləğinin 830 manatdan artıq olduğunu mübahisələndirirdisə, onda müvafiq sığorta aktı ilə razılaşmamalı, sığorta şirkətindən ən azı 5.000 manat həddində olan ziyan məbləğini tələb etməli idi. Lakin iddiaçı məhz hadisə baş verən tarixdə başqa bir MMC-dən 7.000 manat həddində zərərlə bağlı qüsur aktını əldə etsə də, həmin tarixdən 3 gün sonra 830 manat məbləğlə razılaşmasına dair ərizəni imzalamış, növbəti ay isə həmin məbləği qəbul etmişdir. Belə olan halda, onun hazırda dəyişilməli hissələr və təmir-bərpa işlərinə görə tələb edilən məbləğin cavabdehdən tutulması barədə tələbi məhkəmə tərəfindən əsassız hesab olunur. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı məhkəməyə təqdim etdiyi qüsur aktına istinadən sağ faranın və təkər diskinin dəyişilməli olmasını iddia etsə də, həmin hissələrin yararsız olmasını və ya yenisi ilə dəyişdirilməsinin zəruriliyini məhkəmə araşdırmaları zamanı heç nə ilə sübuta yetirməmişdir. İddiaçı bu tələbini avtomobilin yeni istehsal olunmuş və az istifadə edilmiş olması ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, bu hallar məhz avtomobilin əmtəə dəyərini itirməsi faktının müəyyən edilməsi zamanı nəzərə alınmışdır. Belə ki, iş materiallarında olan ekspert rəyində farada və təkər diskində yalnız avtomobil ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə biləcəyi qeyd edilən qüsurlar (əgər varsa), habelə həmin hissələrin səthində olan cızıqlar avtomobilin əmtəə dəyərini itirməsi ilə birbaşa əlaqəlidir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında dindirilən ekspert də faranın təmirinin və xüsusilə təkər diskində olan cızığın aradan qaldırılmasının dəyəri cüzi məbləğ təşkil edən müvafiq təmir-bərpa işləri ilə mümkün olmasını bildirmişdir. Məhkəmə araşdırmasına təqdim edilmiş sonuncu ekspert rəyində isə ümumiyyətlə həmin zədələrin xarici baxışla aşkar olunması mümkün olmayan, zərbə zamanı yaranmış daxili zədələr ola bilməsi, nəqliyyat vasitələrinin zədələnmiş hissələrini dəyişdirmədən təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığı, bu barədə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatının aparılmadığı qeyd edildiyindən məhkəmə hesab edir ki, iddiaçının avtomobilin farasının və təkər diskinin yenisi ilə əvəz olunması üçün tələb edildiyini və təmir-bərpa üçün çəkdiyini bildirdiyi cəmi 7.000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələbi əsassızdır. Çünki bir daha qeyd edilir ki, bu hissələrin tam sıradan çıxması, həmin zədələrin avtomobilin təyinatı üzrə istifadə olunmasını çətinləşdirməsi və s. digər hallar sübuta yetirilmir. Sırf iddiaçının istəyinə əsasən, avtomobilə yeni ehtiyat hissəsi qoyulması məqsədilə həmin ehtiyat hissəsinin dəyəri olan məbləğin cavabdehdən tutulması isə cavabdehi əsassız yükləməkdir, çünki yuxarıda da qeyd edildiyi kimi, iddiaçı mübahisələndirdiyi məbləğin 5.000 manat həddində olan hissəsini vaxtında cavabdehin mülki məsuliyyətini icbari sığortalayan şirkətdən və ya yeni qaydalara istinadən elə öz sığortaçısından da tələb etmək hüququna malik olsa da, bunu etməmiş, müəyyənləşdirilmiş zərər məbləği ilə razı olduğunu bildirmişdir. Xüsusilə təkər diski ilə bağlı qeyd edilməlidir ki, ekspert rəyində göstərildiyi kimi, təkər diskinin içərisində zərbənin təsirindən nəsə zədə yaranması ehtimalı ümumiyyətlə ağlabatan deyildir. Buna görə də məhkəmə təkər diskinin yenisi ilə əvəz olunmasını əsassız hesab edir. İddiaçı tərəf faraya vurulmuş zərər nəticəsində faranın tərlədiyini məhkəməyə bildirsə də (hazırkı baxış iclasında), bu dəlilini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz iddialarının və etirazlarının əsaslandığı halları sübut etmək vəzifəsi qoymuşdur. Deməli, iddia etdiyi bu halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərində olsa da, o, ehtiyat hissələrinin yeniləri ilə əvəz edilməsi barədə öz dəlillərini müvafiq qaydada sübuta yetirməmiş, bu dəlillər yalnız şifahi mülahizədən ibarət olmuşdur. Həmçinin, qeyd edilməsi zəruridir ki, iş üzrə təyin edilmiş müvafiq ekspertizalar nəticəsində məhkəməyə təqdim edilmiş ekspert rəylərində də faranın tərləməsi, faranın və diskin sıradan çıxması, maşından istifadəyə maneçilik törətməsi və ya istifadəni başqa formada çətinləşdirməsi ilə bağlı heç bir fakt müəyyən edilməmişdir. Bütün göstərilənlərə əsasən iddia tələbinin “avtomobilin ön sağ farasının və təkər diskinin yenisi ilə əvəz olunması və təmir-bərpa işləri üçün tələb edilən cəmi 7.000 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsi əsassız olduğundan və iddia tələbinin dəlilləri bu hissədə müvafiq qaydada sübuta yetirilmədiyindən, tələb bu hissədə təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, təqdim olunan sübutlarla və işin digər mübahisəsiz halları ilə iddiaçının cavabdehdən deyil, sığorta təşkilatında beş min manatadək dəymiş ziyanı tələb etmək hüququ olduğu halda, sığorta təşkilatından 830 manat məbləğində pul vəsaitini almış, bununla bağlı hər hansı iradı, pretenziyası olmamış və sonradan pul tələbi ilə bağlı absurd iddia irəli sürmüşdür. Avtomobilin əmtəə bazar dəyərinin düşməsi ilə bağlı tələbi tam əsassızdır. “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinin tələbinə görə, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. İndiki halda dəymiş ziyanın məbləği barədə heç bir irad olmadığı və məbləğ qeyd-şərtsiz iddiaçı tərəfindən qəbul edildiyindən və sonradan guya avtomobilin əmtəə dəyərinin enməsi barədə əsassız tələbin təmin edilməsi qanunsuzdur. İddia tələbinin “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin əmtəə dəyərinin 3.000 manat aşağı düşməsi səbəbindən həmin məbləğin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmənin mövqeyi ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmə hesab edir ki, işdə olan ekspert rəyi əsasında baş vermiş hadisə nəticəsində avtomobilin, həqiqətən də, əmtəə dəyərini itirməsi faktı (10% azalması) təsdiq edilmişdir. Bu halı təsdiq edən heç bir mötəbər sübuta və fakta, rəsmi məlumata istinad edilmədiyi halda məhkəmənin bu cür mövqeyi anlaşılmazdır. MPM-nin 103.1.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə prosesi gedişində dəfələrlə iddiaçının nümayəndəsi və vəkilinə avtomobilin istismar olunmasına, guya əmtəə dəyərinin aşağı düşməsinə, zədələnməsinə baxmayaraq cavabdehin nümayəndəsi tərəfindən həmin avtomobilin müqavilə üzrə salondan alındığı ilkin dəyəri, yəni 83515 manat məbləği ödəyərək avtomobilin satın alınmasını təklif etsələrdə, iddiaçı tərəf müxtəlif üsullarla bu təklifi qəbul etməmişlər. Əgər hadisə nəticəsində həqiqətən də avtomobilin əmtəə dəyəri aşağı düşübsə bu təklif sıfır yürüş üçün nəzərdə tutulmuş avtomobil qiymətidir və niyə qəbul edilmir? Buradan aydın olur ki, iddiaçının müxtəlif tələbləri ekspert rəyi və ekspert dindirməsilə sübuta yetmədiyindən, əmtəə dəyərinin aşağı düşməsi tələbi də sübuta yetmir. Belə ki, iddiaçının iddia ərizəsində özünün də qeyd etdiyi və rəsmi avtomobil satışı saytlarındada (Turbo.azvə s.)həmin avtomobillə eyni markadan, modeldən, buraxılış ilindən, yürüş məsafəsindən eyni olan avtomobillərin bazar, əmtəə qiyməti 105-110 min manat arasında olmuşdur və indi də buna yaxın qiymətdədir. Belə olan halda hansı əmtəə qiymətinin azalmasından söhbət gedə bilər? Avtomobilin 2022-ci il istehsallı – yeni avtomobil olması, qanunvericiliyin tələbinə görə, əmtəə dəyərinin azalmasının icbari sığorta ilə əhatə olunmaması nəzərə alındıqda məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçı 3.000 manat məbləğində həmin ziyanı cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən, cavabdehin təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin itirilmiş əmtəə dəyəri olan və iddiaçı tərəfindən tələb edilən 3.000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya verilməli olduğu barədə düzgün olmayan nəticəyə gəlinmiş, ümumiyyətlə sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 da apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 904. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 925.1-925.3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır (hadisə baş verən tarixə qüvvədə olan redaksiyada). Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Maddə 21.1, 21.1.3. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: - sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: - fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi qeyd olunsa da şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
27. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla mübahisələndirilən hissədə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
28. Əvvəla, iddiaçının baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmtəə dəyərinin azalması iş üzrə xüsusi biliyə malik olan ekspertin rəyi ilə təsdiq olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş sübutlardan və xüsusi biliyindən istifadə etməklə rəy vermişdir. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin buraxılış ili, markası, istsmar dövrü, yürüş məsafəsi və sair hallar nəzərə alınmaqla əmtəə dəyərinin azalmasının müəyyən edilməsi üçün yenidən xüsusi biliyə malik ekspertin köməyindən istifadə etməyə ehtiyac yoxdur. Çünki bu cür hadisələr nəticəsində qeyd olunan əlamətlərə malik avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində əmtəə dəyərinin azalması avtomobil bazarında hamıya məlum olan hal sayılır. Buna görə də ekspertizanın rəyinin həqiqiliyi də hər hansı bir şübhə doğurmur. Odur ki, ekspertizasının rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsi, eləcə də əlavə yaxud təkrar ekspertiza keçirilməsi üçün də əsas yoxdur.
29. Avtomobilin əmtəə dəyənin düşməsi ilə bağlı iddia tələbinin əsassız olması barədə dəlillər özü əsaslı hesab edilə bilməz. Çünki iddiaçının bu cür tələblə məhkəməyə müraciət etməsinin qanuni əsası mövcuddur. Başqa sözlə, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əmtəə dəyərinin düşməsi nəticəsində ən azından iddiaçı itkiyə məruz qalıb. İddiaçının sığorta təşkilatından 830 manat alması da mübahisələndirilən hissədə tələb irəli sürülməsini istisna etmir. “İcbari sığortalar haqqında” Qanunun 15.1-ci maddəsində göstərilib ki, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Göründüyü kimi, əmlaka dəyən zərər anlayışına əmlakın zədələnməsi və məhv olması ilə yanaşı, həm də “və ya hər hansı digər formada itkisi” ilə bağlı əmlak mənafelərinə dəyən zərərlər də daxildir. Demək ki, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əmtəə dəyərinin düşməsi ən azından hər hansı digər formada itki anlayışı ilə əhatə olunur. Təsadüfü deyil ki, “İcbari sığortalar haqqında” Qanunun 23.1 və 23.1.3-cü maddəsində icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biri kimi, gəlir itkisi ilə bağlı olması nəzərdə tutulmuşdur. Göründüyü kimi, şikayətdə göstərilən dəlillər təsdiq olunmadığından mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilmir.
30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-211/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-211/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.