Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1559/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1809/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsindən 6 sot torpaq sahəsi almaq üçün Cavabdeh ilə həmin torpaq sahəsini 14.000 manata razılaşmışlar. Cavabdehlə aralarında olan razılığa əsasən o, torpaq sahəsinə görə ödənişi bir neçə dəfəyə verəcəkdi. Bu qayda ilə cavabdehə iki dəfəyə ortaq tanışları Haqverdinin yanında 2.900 manat pul ödəmişdir. Bir müddət sonra məlum olmuşdur ki, ona satdığı 6 sot torpaq sahəsini başqa şəxsə satmışdır. Bunu görüb, Hafizdən ödədiyi 2.900 manatı geri istəmişdir. Cavabdeh razılaşmış, ondan vaxt istəmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu ödəməmişdir. Sonuncu dəfə 2019-cu ildə 600 manatı ortaq tanışları Haqverdinin vasitəçiliyi ilə ödəmişdir. Cavabdeh yerdə qalan 2.300 manatı qaytarmır. Baş verənlərdən başa düşmüşdür ki, Cavabdeh əslində etibarından sui istifadə edib pullarını ələ keçirmişdir. Bu səbəbdən, onun barəsində Azərbaycan Respublikası DİN-ə şikayət etmişdir. Şikayəti üzrə Qaradağ RPİ 38-ci PB-də araşdırma aparılmış və tədqiqatçı Elşad Mirzəyev müvafiq qərar qəbul edərək, şikayəti üzrə cinayət işinin başlanmasını rədd etmiş və məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Cavabdeh bu günə qədər söz verdiyi borcdan, bir manat da olsun qaytarmamışdır. Cavabdehin ona qarşı etdiyi bu hərəkətlərə görə mənəvi iztirab və əsəb sarsıntısı keçirmişdir və keçirməkdə davam edir. Əsəb sarsıntısı nəticəsində əsəbləri pozulmuşdur. Cavabdehin hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınması əsəb sarsıntıları və fiziki əzab çəkməyinə səbəb olur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, 2.300 manat pulun, gecikmiş vaxt üçün illik 10 % uçot dərəcəsi olmaqla 1.150 manatın, mənəvi zərərin əvəzi olaraq 5.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1809/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2.300 manat borcun və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh İddiaçı xeyrinə tutulması, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1809/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Əslində o, 6 sot torpaq sahəsini 14000 manata satmaq məqsədilə iddiaçıdan beh şəklində 2000 manat almış, qalan 12000 manat pulu isə iddiaçı 2015-ci ilin oktyabr ayının sonuna kimi tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin iddiaçı vədinə əməl etməmiş və qalan məbləği ödəyərək torpağı almamışdır. İddiaçı bilirdi ki, qalan məbləği danışıqlarına uyğun olaraq 2015-ci ilin oktyabr ayına kimi ödəməsə, beh kimi vermiş olduğu pulu ondan geri tələb edə bilməzdi. Bütün bunlardan o, zərər çəkmiş və həmin 6 sot torpağı yalnız 2019-cu ilin mart ayında başqa şəxsə 12000 manata sata bilmişdir. Bundan başqa, iddiaçı verdiyi 2000 manat pulu deyil, ondan 2900 manat pul tələb edir. O, həmin 2000 manat puldan da 600 manatını iddiaçıya artıq 2019-cu ildə tanışı Haqverdinin iştirakı ilə qaytarmışdır. Qaradağ rayon Məhkəməsinin hakimi bunları qətnamə qəbul edərkən nəzərə almamışdır. Bu da bir əsas qanun pozulması faktıdır. Hesab edir ki, əslində onun iddiaçıya hazırda cəmi 1400 manat pul borclu qalmışdır. Lakin qətnamədə göstərilən 2300 manat pul məbləği açıq-aşkar yalandır. Buna görə də məhkəmə tərəfindən bütün bu hallar araşdırılmalı və ən başlıcası da yeganə şahid Haqverdi adlı şəxsin məhkəmədə dindirilməsi təmin olunmalıdır. Birinci instansiya məhkəməsi şahidin məhkəmədə iştirakını nəzərə almamışdır. Məhz bu səbəbdən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh İddiaçı qətnamədən narazı qalaraq onun ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın yalnız təmin olunan hissəsində mübahisələndirmişdir. Həmçinin, iddiaçı Cavabdeh qətnamənin təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılmalıdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin müəyyən məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarınıa düzgün qiymət verməmiş və tərəflər arasında borc münasibətlərinin mövcud olması ilə bağlı səhv qənaətə gəlmişdir. Halbuki, işin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair qeyri-rəsmi razılaşma olmuş və həmin razılaşmaya əsasən iddiaçı cavabdehə beh qismində pul məbləği vermişdir. Lakin sonradan onların arasında torpaq sahəsinin başqa şəxsə satılması ilə bağlı mübahisə yarandığından iddiaçı əvvəlcə polis orqanlarına, daha sonra isə məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir. Deməli, tərəflər arasında borc münasibətləri mövcud olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər öz aralarında beh müqaviləsi bağlandığını bildirsələr də, bu cür müqavilələrin bağlanması üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydaya riayət etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən beh öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Göründüyü kimi beh müqaviləsinin yazılı formada bağlanması qanunvericilikdə nəzərdə tutulsa da, tərəflər bu tələbə əməl etməmiş, behin verilməsi ilə bağlı yazılı razılaşma imzalamamışlar. Ona görə də, tərəflərin öz aralarında bağlanmış hesab etdikləri həmin beh müqaviləsi məhkəmə kollegiyası tərəfindən etibarsız əqd kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiyanın qənaətinə görə, mübahisə tərəflərinin öz aralarında bağlanmış hesab etdikləri beh müqaviləsi etibarsız əqd olduğundan, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə verilmiş pul məbləği cavabdehin iddiaçının hesabına əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən müəyyən edilir ki, iddiaçının cavabdehə beh kimi vermiş olduğu pul məbləğinin geri qaytarılmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfindən cavabdehən tələb edilən pul vəsaitinin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçının müraciəti əsasında Qaradağ rayon Polis İdarəsi 38-ci PŞ tərəfindən aparılan araşdırma zamanı verdiyi yazılı izahatında cavabdeh 2900 manat pul vəsaitini beh kimi iddiaçıdan aldığını etiraf etmiş, sonradan həmin məbləğin 600 manatını geri qaytardığını, 2.300 manat qalıq borcu isə yaxın aylarda qaytaracacını bildirmişdir. Hazırda cavabdeh iddiaçıdan 2900 manat deyil, cəmi 2000 manat pul aldığını bildirsə də, birinci instansiya məhkəməsində araşdırma zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan əsassız olaraq 2.900 manat pul almış, həmin pulun 2300 manatını qaytarmamışdır və bu səbəbdən də iddiaçı qarşısında qeyd olunan məbləğdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, 2.300 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1809/2020 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. Cavabdeh 2.300 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1559/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1559/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver