Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1561/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4833/2021 saylı, 07 vdekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2600 manat məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh polis işçisi Cavabdeh 2019-cu ilin fevral ayında 2600 manat məbləğinə borc pul vermiş və dəfələrlə cavabdehin iş yeri olan Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gedərək onunla borcun qaytarılması haqqında söhbət etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. 2019-cu ilin noyabr ayında Cavabdeh DİN-ə şikayəti olub və Yasamal Rayon Polis İdarəsində şikayətə baxılaraq izahatı alınmışdır. Lakin bundan sonra da Cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Nərimanov Rayon Məhkəməsinin 07 vdekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən araşdırma natamam, səthi və birtərəfli aparılıb. Məhkəmə onun izahatlarına və məhkəməyə təqdim etdiyi sübutlara əhəmiyyət verməmişdir. Məhkəmə qətnamə qəbul edərkən iş üzrə tətbiq edilməli olan qanunu və hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə iddiaçının ona pul verməsinə dair izahatını həqiqətə uyğun hesab etmiş, lakin onun pulu iddiaçıya qaytarmağı və bank kartının iddiaçıda olmasına dair izahatına əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsiunin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tələb edilən pul məbləği cavabdehə iddiaçı tərəfindən verilmişdir. Bu halı tərəflər mübahisələndirmir, bu hal tərəflərin izahatı ilə təsdiq olunur. Cavabdeh iddiaçıdan aldığını etiraf edir, lakin həmin pulun qaytarılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı qarşısında borc pulu qaytaracağı öhdəliyini götürməsi, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, Cavabdeh apellyasiya şikayəti aldığı borcu qaytardığı ilə əsaslandırılmışdır. Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində cavabdeh aldığı borcu qaytardığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4833/2021 saylı, 07 vdekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1561/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1561/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver