Məhkəmə qərarları › İş №2(103)-1562/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1562/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1562/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc kimi 70000 ABŞ dolları, habelə borcun qaytarılmasının gecikdirilməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə əsasən hesablanmış 3077,08 ABŞ dolları faiz borcunun, hüquqi yardıma görə ödənilmiş 500 manat xərcin və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxxxx 2016-cı il tarixdə mövcud borcun etirafı haqqında müqavilə bağlamış, müqaviləyə əsasən cavabdeh iddiaçıya 70000 ABŞ dolları məbləğində borclu olmasını bəyan, etiraf və təsdiq etmiş və xx xxxxxx 2019-cu il tarixədək borcu tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı 70000 ABŞ dolları məbləğində pulu müqavilədə nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq hazırkı vaxtadək qaytarmamış, bununla da müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(009)- 2512/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən 70000 ABŞ dolları və həmin məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 2041 ABŞ dolları məbləğində pul vəsaiti olmaqla ümumilikdə 72041 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iş materiallarında borcun verilməsini təsdiq edən heç bir sübut olmadığı halda, əsassız olaraq iddia tələbini təmin etmişdir. İştirak etdikləri məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi isə şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(009)-2512/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2016-cı il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh İddiaçı 70000 ABŞ dolları borcunun olduğunu bəyan və tam etiraf etmiş, həmin məbləği xx.xx.2019-cu il tarixədək tam həcmdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci və 882.3-cü maddələrinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, İddiaçı və Cavabdeh arasında borcun etirafı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, onlar arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli mövcud borcun etirafı haqqında müqavilədən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməyərək, 70000 ABŞ dolları məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə, yəni xx.xx.2019-cu il tarixədək borc verən İddiaçı qaytarmamış və bununla da müqavilənin 7-ci bəndi ona izah edilməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin borcun qaytarılmasının gecikdirilməsinə gorə əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 3077,08 ABŞ dolları faiz məbləğinin tutulması hissəsini qismən, daha az məbləğdə, yəni tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (xx.xx.2019-cu il tarixdən) hazırkı vaxtadək 07 aylıq dövr üçün 70000 borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 07 ay üçün cəmi 2041 ABŞ dolları məbləğini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun cavabdehdən tutulması hissəsini təmin etməmiş, qətnamənin bu hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh apelyasiya şikayətində borc müqaviləsi real müqavilə olduğu halda, iş materiallarında iddiaçıya 70000 ABŞ dolları məbləğində borclu olması barədə heç bir sübut olmadığını bildirsə də, mövcud borcun etirafı haqqında x xxxxxx 2019-cu il tarixli müqaviləni nə üçün bağlamasını, ötən 4 il ərzində həmin müqaviləni mübahisələndirməməsini əsaslandıra bilməmiş, borc müqaviləsi ilə borcun etirafı haqqında müqaviləni qarışıq salmışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(009)- 2512/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar