Məhkəmə qərarları › İş №2(103)-1562/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1562/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1562/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «nisyə satılmış mallara görə ödənilməmiş pul» tələbi barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)-1107/2020 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «nisyə satılmış mallara görə ödənilməmiş pul» tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 1863 manat məbləğində pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 4-cü küçə, 69 saylı ünvanda yerləşən ərzaq malları mağazası işlədirlər. Cavabdeh xeyli müddətdir ki, tanıyırlar. Belə ki, Fərhadın yaxın qohumu onlara zəng edərək karxanada işləyən fəhlələrlə ərzaq vermək üçün ona nisyə ərzaq malları verməyi xahiş etmişdir. Əri Rasim də bu barədə Fərhada bildirmiş və Fərhad qohumu, Vətənə nisyə mal verməsini xahiş etmiş və onlar da sonra Fərhada görə Vətənlə razılaşıb ona nisyə mal verməyə başlamışlar. Onlar Fərhadın deməsinə görə xx xxxx 2016-cı il tarixdən 2019-cu ilin avqust ayına kimi cəmi 5980 manat dəyərində nisyə ərzaq malları vermişlər. Fərhad həmin puldan onlara 4117 manat ödəmiş, lakin sonrdan onların pullarını verməmişdir. Fərhadın onlara cəmi 1863 manat borcu qalmış və onlar bu pulu tələb etdikdə o, müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Dəfələrlə onlar cavabdehdən aldıqları ərzaq mallarının pulunu tələb etsələr də cavabdeh pulu vermək istəməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)- 1107/2020 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin olunmamışdır. İddiaçı2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olması, işin obyektiv araşdırılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübut növünü məhkəmə təqdim edə bilməmişlər. Həmçinin mülki iş materiallarında olan sənədlərdən də cavabdehin iddiaçılardan hər hansı ərzaq məhsullarının alması görünmür, iddiaçılar həmin ərzaq məhsullarının verilməsinə istinad etsələr də bununla bağlı məhkəməyə qaimə-faktura, habelə onlarla cavabdeh arasında malların nisyə alğı-satqısına dair müqavilənin mövcud olmasını təsdiq edə bilən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı, cavabdehlə aralarında nisyə alqı-satqı müqaviləsinin bağlanmasını, cavabdehə nisyə ərzaq mallarının verilməsini, onların dəyərini və s. bu kimi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, tələbini formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Eyni zamanda, iddiaçı tərəf iddia ərizəsində ərzaq mallarını cavabdehin xahişi ilə sonuncunun qohumu olan Vətən adlı şəxsə verdiklərini göstərsələr də, nəyə görə tələblərini məhz cavabdehə qarşı irəli sürmələrini, cavabdehin mülki məsuliyyətinin nədən ibarət olmasını və s. bu kimi zəruri halları da əsaslandıra bidlməmişlər. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «nisyə satılmış mallara görə ödənilməmiş pul» tələbi barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)-1107/2020 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)-1107/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar