Məhkəmə qərarları › İş №2(103)-1564/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1564/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1564/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə cavabdehin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı X2 iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh birgə övladlarının – xx.xx.2014-cü il təvəllüdlü İncinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin artırılması və 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş aliment uşağın saxlanılması üçün artıq kifayət etmir. Belə ki, hazırda uşağın 9 yaşı var və uşaq 3cü sinifdə təhsil alır. Böyüdükcə uşağın məsrəfləri artır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, onun digər xərclərini ödəmir. Uşağın artmış ehtiyaclarını iddiaçı təkbaşına çəkir. İddiaçı işləmədiyi üçün uşağın xərclərinin qarşılamaqda çətinlik çəkir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnamə ilə uşağın saxlanması üçün onun qazancının 1/4 hissəsinin ondan tutularaq hazırki iş üzrə iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(007)-1766/2019) ilə alimentin məbləği artırılmış və 200 manat müəyyən edilmişdir. O, övladının saxlanılması üçün müəyyən edilmiş 200 manat məbləğində alimenti vaxtlıvaxtında ödəyir və bununla da övladının tələbatlarının təmin olunmasında maksimum səviyyədə iştirak edir. İddiaçı da, öz növbəsində uşağın maddi tələbatlarının təmin olunmasında öz səylərini əsirgəməməlidir. Bu səbəbdən onun tərəfindən ödənilən aliment məbləğinin hazırda dəyişdirilməsinə artırılmasına hər hansı hüquqi və faktiki əsas yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iş üzrə tərəflərin birgə övladlarının – xx.xx.2014-cü il təvəllüdlü İncinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə (İş № 2(007)-1766/2019) əsasən cavabdehdən iddiaçının xeyrinə hər ay tutulan sabit pul məbləğində alimentin artırılaraq 350 manat məbləğində müəyyən edilməsini, qalan hissədə iddianın təmin edilməməsini, bu qaydada alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlanılmasını qət etmişdir.

5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alınaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli qətnamə ilə tutulan alimentin məbləği artırılmalı və 250 manat sabit pul məbləğində aliment müəyyən olunmalıdır. Çünki böyüdükcə uşağın məsrəfləri artır. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbinə etirazın məzmuna uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ayda 800 manat məbləğində əmək haqqı alır və onun başqa gəliri yoxdur. Həmin məbləğ isə 250 manat məbləğində aliment ödəməyə imkan vermir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir. Cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməsi barədə nəticəni mübahisələndirir.

12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi (İş № 2(007)-1817/2015) ilə uşağın saxlanması üçün hazırki iş üzrə cavabdehin qazancının 1/4 hissəsinin cavabdehdən tutularaq hazırki iş üzrə iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(007)-1766/2019) ilə alimentin məbləği artırılması və 200 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

14. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir.

15. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, alimentin məbləği artırılaraq 250 manat müəyyən edilməlidir.

16. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, onun aylıq gəliri 800 manat təşkil edir, bu səbəbdən o, 250 manat məbləğində aliment ödəyə bilmir.

17. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

18. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir.

19. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, alimentin məbləğinin artırılmaması barədə cavabdehin təklifi uşağın mənafeyinə ziddir. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. h) apellyasiya baxışının nəticəsi

20. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə (250 – 200 =) 50 manat x 12 ay = 600 manat) 5.000 manatdan azdır.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar