Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-157/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 Həsən oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəmə tərəfindən qəbul edilmiş 06 may 2019-cu il tarixli qətnamədən cavabdeh Əlibaba Məmmədovun verdiyi apellyasiya şikayətinə; iddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdeh "xxxx" QSC-yə qarşı “ipoteka müqavilələri üzrə yaranmış yüklülüyə xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2020-ci il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh olan Bankın nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birinci iş barədə məlumat: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi və “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizələrlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Əlibaba Məmmədov arasında 28.01.2014-cü il tarixdə bağlanmış 17L000003716 saylı “Kredit xətti müqaviləsi” çərçivəsində onlar arasında 11.02.2014-cü il tarixdə bağlanmış 17R000005806 saylı “Kredit razılaşması” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 123.946,26 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 37.170,70 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 89.463,94 ABŞ dolları, onlar arasında 21.02.2014-cü il tarixdə bağlanmış 17R000005914 saylı “Kredit razılaşması” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 617,21 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 13.394,61 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 77.146,86 ABŞ dolları, hər iki razılaşma üzrə ümumilikdə 341.739 ABŞ dolları, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30, ödənilmiş xidmət haqqının əvəzinin – 60 manat məbləğində pulun borcalan Əlibaba Məmmədovdan və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, tutmanın Cavabdeh3 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, bina № 2-də yerləşən 3 otaqlı 1 saylı mənzilə, Cavabdeh2 məxsus olan və Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi, bina № 14-də yerləşən 5 otaqlı 24 saylı mənzilə, Cavabdeh4 məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,328 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada ümumi qaydada tutulması, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 aydan gec olmayaraq onların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əlibaba Məmmədov ilə Bank arasında bağlanmış 28.01.2014-cü il tarixli 17L000003716 saylı “Kredit xətti müqaviləsinə” əsasən Bank tərəfindən Əlibaba Məmmədova 120 ay müddətinə, 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə X7 ilə bağladığı 11.02.2014cü il tarixli 17R000005806 saylı “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17.11.2015-ci il tarixli 17R000005806S saylı “Razılaşmaya” və ödəniş planına dəyişiklik edilmişdir. Əlibaba Məmmədov kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.04.2016-cı il tarixdən Banka qaytarmamışdır. Əlibaba Məmmədov kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02.08.2017-ci il tarixə 478 gün üçün hesablanmış faiz borcu 37.170,70 ABŞ dolları, hesablanmış cərimə borcu isə 89.463,94 ABŞ dolları təşkil edir. Bundan başqa, “Kredit xətti müqaviləsi” üzrə X7 ilə bağladığı 21.02.2014-cü il tarixli 17R000005914 saylı “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 250.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17.11.2015-ci il tarixli 17R000005914S saylı “Razılaşmaya” və ödəniş planına dəyişiklik edilmişdir. Əlibaba Məmmədov həmin müqavilə üzrə də öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun Banka 105.592,21 ABŞ dolları məbləğində kredit borcu qalmış, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02.08.2017-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 19.256,47 ABŞ dolları, hesablanmış cərimə borcu isə 67.949,72 ABŞ dolları təşkil edir. “Kredit xətti müqaviləsi” üzrə Əlibaba Məmmədovun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçı Bank ilə bağladıqları “Zaminlik müqavilələrinə” əsasən Bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər ki, borclu Əlibaba Məmmədov ilə eyni məsuliyyət daşıyırlar. Onlar həmin “Zaminlik müqavilələrinin” 1.1-ci bəndlərinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 Həsən oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bununla yanaşı kredit xətti müqaviləsi üzrə Əlibaba Məmmədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən (həm də borc alan) X7 ilə bağladığı 06.02.2014-cü il tarixli 17M000000621 saylı “İpoteka müqaviləsinə” əsasən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, Cavabdeh3 20.02.2014-cü il tarixli 17M000000633 saylı “İpoteka müqaviləsinə” əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 2 saylı evin 3 otaqlı 1 saylı mənzili, Cavabdeh2 28.01.2014-cü il tarixli 17M000000616 saylı “İpoteka müqaviləsinə” əsasən Bakı şəhəri. Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 14 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 5 otaqlı 24 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişlər. Bunlara baxmayaraq nə borcalan, nə də ki, zaminlər iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Nəticədə onların iddiaçı Banka iddia ərizəsində qeyd edilən növdə və məbləğlərdə borcları yaranmış və Bank tərəfindən onlara edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. İşə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.05.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 11.02.2017-ci il tarixli 17R000005806 №-li “Kredit razılaşması” üzrə 11.02.2017-ci il tarixə yaranmış 123.946,26 ABŞ dolları əsas, 30.616,61 ABŞ dolları hesablanmış faiz, 8.946,3 ABŞ dolları dəbbə pulu, cəmi 163.509,17 ABŞ dolları məbləğində pul vəsaitinin, 21.02.2014-cü il tarixli 17R000005914 №-li “Kredit razılaşması” üzrə 21.02.2017-ci il tarixə yaranmış 617,21 ABŞ dolları əsas, 12.727,43 ABŞ dolları hesablanmış faiz, 7.714,6 ABŞ dolları dəbbə pulu, cəmi 21.059,24 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin 20 manat məbləğində hissəsinin, “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın tərəflər arasında bağlanmış “İpoteka Müqavilələrinə” əsasən ipoteka ilə yüklü edilmiş ünvan 4 saylı evin 3 otaqlı 1 saylı mənzilinə (ilkin satış qiyməti 95.360 manat müəyyən edilməklə), Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi 14 nömrəli evin 5 otaqlı 24 saylı mənzilinə (ilkin satış qiyməti 420.000 manat müəyyən edilməklə), Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.364 ha torpaq sahəsinə (ilkin satış qiyməti 118.000 manat müəyyən edilməklə) yönəldilməsini, qeyd edilən əmlakların açıq hərraca çıxarılaraq satılmasını, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda göstərilən və Banka olan borcun ödənilməsini, bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdehlərə verilməsini, ipoteka predmeti olan əmlaklar açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində həmin əmlakların boşaldılmasını, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat vəsaitin 72,50 manat hissəsinin Bankdan, 72,50 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsini, qiymətləndirici şirkət olan “X3” MMC tərəfindən aparılmış qiymətləndirmənin xərcini təşkil edən və Bank tərəfindən ödənilmiş 800 manat vəsaitin 400 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə cavabdeh Əlibaba Məmmədov həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən dəbbə pulu yüksək məbləğdə müəyyən olunmuşdur. Rayon Məhkəməsi dəbbənin məbləği ilə bağlı ekspertiza qarşısında suallar qoymamışdır. Həmçinin Rayon Məhkəməsi dəbbə pulunu əsas borcun 10 faizi məbləğində müəyyən etməklə əsassız nəticəyə gəlmişdir. Bundan başqa ipoteka predmetlərinin bazar qiyməti də düzgün müəyyən edilməmişdir. İkinci iş barədə məlumat: İddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdeh Banka qarşı “ipoteka müqavilələri üzrə yaranmış yüklülüyə xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Əlibaba Məmmədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu S.Rəhman küçəsindəki 2 nömrəli evin 3 otaqlı 1 nömrəli mənzilinə dair ipoteka saxlayan Bank ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 20.02.2014-cü il tarixli 17M000000633 nömrəli “İpoteka müqaviləsi” üzrə yaranmış ipoteka yüklülüyünə, Cavabdeh4 mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,328 ha torpaq sahəsinə dair ipoteka saxlayan Bank ilə ipoteka qoyan Cavabdeh4 arasında bağlanmış 06.02.2014-cü il tarixli 17M000000620 nömrəli “İpoteka müqaviləsi” üzrə yaranmış ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilmiş ipoteka müqavilələri əsasında Bank və borcalan Əlibaba Məmmədov aralarında müvafiq “Ödəniş planları” tərtib edilmişdir. İddiaçılar həmin “ödəniş planları” ilə tanış olmuş və razılaşmışlar. Sonradan iddiaçılara məlum olmuşdur ki, Bank ilə Əlibaba Məmmədov arasında bağlanmış 17.11.2015-ci il tarixli 17R000005806S nömrəli saziş ilə kredit razılaşmalarına və ödəniş planlarına dəyişiliklər əlavə edilmiş və bu saziş iddiaçılar ilə razılaşdırılmamışdır. İddiaçıların razılığı olmadan müvafiq sənədlərə dəyişiliklərin edilməsi ipoteka müqavilələri üzrə ipoteka yüklülüyünə xitam verilməsi üçün əsasdır. İşə baxmış Rayon Məhkəməsi 16.01.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh3 və Cavabdeh4 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına birgə apellyasiya şikayəti vermişlər. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. İşlərin bir icraatda birləşdirilməsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin baxılması ilə bağlı məlumat: Apellyasiya baxışında iştirak edən birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) Bankın nümayəndəsi apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və Bankın iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəmələrinin qətnamələrinin əsaslarına uyğun izahat verdi. Birinci iş üzrə cavabdehlər (ikinci iş üzrə iddiaçılar) işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki iş üzrə verilmiş apellyasiya şikayətləri təmin edilməməli, bununla belə Səbail Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilməli, ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Əlibaba Məmmədov arasında bağlanmış 28.01.2014-cü il tarixli, 17L000003716 №-li “Kredit xətti müqaviləsindən” görünür ki, Əlibaba Məmmədovun müraciəti əsasında Bank tərəfindən ona 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Əlibaba Məmmədova veriləcək məbləğ və müddət ayrıca olaraq “Kredit razılaşması” ilə müəyyən edilmişdir. Qeyd olunan müqavilə üzrə X6 ilə bağladığı 11.02.2014-cü il tarixli 17R000005806 saylı “Kredit razılaşmasına” və ödəniş planına əsasən Əlibaba Məmmədov iddiaçı Bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 300.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin ödəniş planına və razılaşmaya 17.11.2015-ci il tarixli 17R000005806S saylı Sazişlə yeni 17.11.2015-ci il tarixli yeni ödəniş planına uyğun olaraq dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əlibaba Məmmədov ilə Bank arasında bağlanmış 21.02.2014-cü il tarixli 17R000005914 saylı “Kredit razılaşması” və ödəniş planı əsasında Əlibaba Məmmədov 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Bankdan 250.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 17.11.2015-ci il tarixli 17R000005914S saylı sazişlə həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. “Kredit razılaşmasının” 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. “Kredit razılaşmasının” 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. “Kredit xətti müqaviləsinin” 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bank ilə Əlibaba Məmmədov arasında bağlanmış 06.02.2014-cü il tarixli 17M000000621 saylı “İpoteka müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən X5rşısında 28.01.2014-cü il tarixli kredit müqaviləsi həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan razılaşmalar üzrə borc öhdəliklərinin təminatı kimi özünə məxsus olan və ünvan 2 ünvanında yerləşən 0,01515 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, qeyd olunan yaşayış evin ipoteka ilə yüklülüyü reyestrdə qeydə alınmışdır. Bank ilə Cavabdeh3 arasında bağlanmış 20.02.2014-cü il tarixli 17M000000633 saylı “İpoteka müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən, Cavabdeh3 28.01.2014cü il tarixli “Kredit müqaviləsi” həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan razılaşmalar üzrə X2rşısında üzərinə götürdüyü borc öhdəliklərinin təminatı kimi özünə məxsus olan və ünvan 3 ünvanında yerləşən 3 otaqlı 1 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, qeyd olunan mənzilin ipoteka ilə yüklülüyü reyestrdə qeydə alınmışdır. Bank ilə Cavabdeh2 arasında bağlanmış 28.01.2014-cü il tarixli 17M000000616 saylı “İpoteka müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən, Cavabdeh2 28.01.2014cü il tarixli “Kredit müqaviləsi” həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan razılaşmalar üzrə X2rşısında üzərinə götürdüyü borc öhdəliklərinin təminatı kimi özünə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 14 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 5 otaqlı 24 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, qeyd olunan mənzilin ipoteka ilə yüklülüyü reyestrdə qeydə alınmışdır. Bank ilə Cavabdeh4 arasında bağlanmış 06.02.2014-cü il tarixli 17M000000620 saylı “İpoteka müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən, Cavabdeh4 28.01.2014cü il tarixli “Kredit müqaviləsi” həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan razılaşmalar üzrə X2rşısında üzərinə götürdüyü borc öhdəliklərinin təminatı kimi özünə məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,328 ha torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, qeyd olunan torpaq sahəsinin ipoteka ilə yüklülüyü reyestrdə qeydə alınmışdır. İş materiallarından həmçinin görünür ki, yuxarıda qeyd edilən “Kredit xətti müqaviləsi” üzrə Əlibaba Məmmədovun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçı Bank ilə bağladıqları “Zaminlik müqavilələrinə” əsasən Bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər ki, borclu Əlibaba Məmmədov ilə eyni məsuliyyət daşıyırlar. Onlar həmin “Zaminlik müqavilələrinin” 1.1-ci bəndlərinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 Həsən oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənləri nəzərə alan Məhkəmə, birinci işin icraatının başlanmasına səbəb olmuş mülki mübahisənin həlli ilə bağlı bildirir ki, cavabdeh Əlibaba Məmmədov qətnaməni cəriməni (dəbbə pulunu) yüksək hesab edərək, cərimənin (dəbbə pulunu) məbləği hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində mübahisələndirir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 11.02.2014-cü il tarixli 17R000005806 №-li “Kredit razılaşması” üzrə 8.946,3 ABŞ dolları və 21.02.2014-cü il tarixli 17R000005914 №-li “Kredit razılaşması” üzrə 7.714,6 ABŞ dolları dəbbə pulu dəbbə məbləğinin tənasüblüyünə, iş üzrə tərəflərin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğundur. Bu baxımdan hesab edilməlidir ki, Səbail Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Birinci iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin digər bir dəlili ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlıdır. Apellyator hesab edir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti yenidən müəyyən olunmalı və hazırki bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə yenidən ekspertiza keçirilməlidir. Məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə əlaqədar bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 38.2.2-ci maddəsinin mənasına görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Qanunun 1.0.9-ci maddəsinə görə isə, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İşin materiallarından və Səbail Rayon Məhkəməsinin həmin qətnaməsindən görünür ki, göstərilən nəticəyə gəlmiş Rayon Məhkəməsi qeyd edilən qiymətləri ipoteka predmetlərinin giymətləndirilməsini həyata keçirmiş “X3” MMC-nin iş üzrə verdiyi rəylərə əsasən müəyyən etmişdir. Həmin MMC tərəfindən verilmiş rəylərdən görünür ki, yuxarıda qeyd edilən qiymətlər orta bazar qiymətləridir. Bununla bağlı Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 38.2.2-ci maddəsinin mənasına görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinin mənasına görə isə, ilkin satış qiyməti likvid qiymətidir. Göründüyü kimi, Rayon Məhkəməsi tərəfindən işin baxılması zamanı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinin tələbi pozulmuş, ilkin satış qiyməti kimi likvid qiymət deyil bazar qiyməti araşdırılmışdır. Göstərilənlərə əsasən Məhkəmə ipoteka predmeti olan əmlakların likvid qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə ekspertizası təyin etmiş və “X3” MMC-nin 09.04.2021-ci il tarixli 036/LBC, 037/LBC 038/LBC saylı rəylərindən aşağıdakılar müəyyən edilir: - ünvan 4 ünvanında yerləşən 3 otaqlı 1 saylı mənzilin hazırki dövrə olan likvid qiyməti 91.000 manat təşkil edir; - ünvan 5 ünvanda yerləşən 5 otaqlı 24 saylı mənzilin hazırki dövrə olan likvid qiyməti 410.000 manat təşkil edir; - Abşeron rayonu, Xırdalan şəhərinin ərazisində yerləşən 0,364 ha ölçülü torpaq sahəsinin hazırki dövrə olan likvid qiyməti 128.000 manat təşkil edir. Bu baxımdan hesab edilməlidir ki, ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətləri müvafiq olaraq rəydə göstərilən məbləğlərdə müəyyən edilməlidir. Apellyasiya şikayətində ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti yenidən müəyyən olunmaqla hazırki bazar qiymətlərinə uyğun müəyyən edilməsi xahiş edildiyindən, bu dəlil isə “İpoteka haqqında” Qanun tələblərinə zidd olduğundan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassız hesab edilməlidir. Birinci iş üzrə qəbul edilmiş qətnamənin qalan hissələri apellyasiya şikayətində mübahisələndirilmədiyindən Məhkəmə, MPM-nin 372.6-ci maddəsinin tələblərindən çıxış edərək qətnamənin qalan hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə ikinci işlə bağlı qeyd edir ki, həmin iş üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4 iddia tələbi, həmçinin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, sonradan kredit razılaşmalarına və ödəniş planlarına dəyişiliklər edilmiş, lakin bu dəyişiliklər onlar (ipoteka qoyanlar) ilə razılaşdırılmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh3 və Cavabdeh4 bu dəlili əsassızdır, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında ipoteka müqavilələri bağlanarkən Mülki Məcəllənin 390.1, 385.1, 448.1-ci və “İpoteka Haqqında” Qanununun 33, 34-cü maddələrinin tələblərinə əməl edilmişdir, ipoteka yüklülüyünə xitam verilməsi üçün hazırkı iş üzrə qanuni əsaslar yoxdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh4 ödəniş planına dəyişiklərin edilməsi barədə kifayət qədər məlumatlı olmuş, həmin ödəniş planı ilə tanış olmuş və imza etməklə razılaşmışlar. Ödəniş planında borcun məbləği və ödəniləcək faizlər də ətraflı və aydın şəkildə öz əksini tapmışdır. Belə olan halda hesab edilməlidir ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh4 bildirdikləri əsasla ipoteka müqavilələri üzrə yaranmış yüklülüyə xitam verilməsinin hüquqi əsası mövcud deyil. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hər iki qətnamədən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, Səbail Rayon Məhkəməsinin qətnaməsi isə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, ipoteka predmetlərinin ilkin satış qiymətləri müvafiq olaraq ekspert rəylərində göstərilən məbləğlərdə müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. - Cavabdeh3 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 2 saylı evin 3 otaqlı 64 m2 ümumi sahədən ibarət 1 saylı mənzilin ilkin satış qiyməti 91.000 (doxsan bir min) manat; - Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 14 nömrəli evin 245.5 m2 ümumi sahədən ibarət 5 otaqlı 24 saylı mənzilin ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat; - Cavabdeh4 məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,364 ha torpaq sahəsinin ilkin satış qiyməti 128.000 (yüz iyirmi səkkiz min) manat müəyyən edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsinin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni 11.02.2017-ci il tarixli 17R000005806 №-li “Kredit razılaşması” üzrə hesablanmış 8.946,3 ABŞ dolları dəbbə pulu, 21.02.2014-cü il tarixli 17R000005914 №-li “Kredit razılaşması” üzrə hesablanmış 7.714,6 ABŞ dolları dəbbə pulunun cavabdehlər Cavabdeh1 Həsən oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Səbail Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli qətnaməsinin “11.02.2017-ci il tarixli 17R000005806 №-li “Kredit razılaşması” üzrə 11.02.2017-ci il tarixə yaranmış 123.946,26 ABŞ dolları əsas, 30.616,61 ABŞ dolları faiz, 21.02.2014-cü il tarixli 17R000005914 №-li “Kredit razılaşması” üzrə 21.02.2017-ci il tarixə yaranmış 617,21 ABŞ dolları əsas, 12.727,43 ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin 20 manat məbləğində hissəsinin, “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulması, tutmanın tərəflər arasında bağlanmış “İpoteka Müqavilələrinə” əsasən ipoteka ilə yüklü edilmiş ünvan 4 saylı evin 3 otaqlı 1 saylı mənzilinə, Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi 14 nömrəli evin 5 otaqlı 24 saylı mənzilinə, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.364 ha torpaq sahəsinə yönəldilməsi, qeyd edilən əmlakların açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda göstərilən və Banka olan borcun ödənilməsi, bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdehlərə verilməsi, ipoteka predmeti olan əmlaklar açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində həmin əmlakların boşaldılmasını, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat vəsaitin 72,50 manat hissəsinin Bankdan, 72,50 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsi, qiymətləndirici şirkət olan “X3” MMC tərəfindən aparılmış qiymətləndirmənin xərcini təşkil edən və Bank tərəfindən ödənilmiş 800 manat vəsaitin 400 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı Banka ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi” hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-157/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-157/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver