Məhkəmə qərarları › İş №2(103)-1571/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1571/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1571/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-2215/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları xx xxx 2001-ci il təvəllüdlü X2 Bakı Xoreoqrafiya Akademiyasında əyani təhsilini davam etdirdiyi üçün cavabdehdən aliment tutulmasının bərpa edilməsi, xx xxx 2001-ci il təvəllüdlü X2, xx xxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxx 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat olmaqla cəmi 570 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx xxxxxxxx 2016-cı il tarixli qətnamə qəbul edilmişdir. xx xxx 2001-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatdığına görə ona ödənilən aliment kəsilmişdir. X2 Bakı Xoreoqrafiya Akademiyasında əyani formada təhsil alır. Hazırda maddi imkanı olmadığından onun təhsilini davam etdirməsi mümkünsüz olmuşdur. Digər uşaqları üçün ödənilən alimentin miqdarı respublikamızda 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yarısından da azdır. Buna görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 2215/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(103)-6915/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, xx xxxxxx 2003-cü il təvəllüdlü X1 və xx xxxxxx 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin dəyişdirilməklə ondan hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini və ya mülki işin baxılması üçün aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normaları pozulmuş, alimentin miqdarı artırılarkən onun maddi vəziyyəti, ikinci dəfə ailə həyatı qurması və bu nikahdan da bir övladının olması nəzərə alınmamışdır. Hal-hazırda o, xidmət müqaviləsinə əsasən sürücülüklə məşğul olur və ayda 300 manat əmək haqqı alır. Buna görə də o, iki uşağa görə 240 manat məbləğində aliment ödəməyə etiraz etmir. Bundan əlavə, mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, tərəflər Oğuz rayonunda qeydiyyatda olmasına baxmayaraq, mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-2215/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh xx xxx 2001-ci il təvəllüdlü X2, xx xxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxx 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsini, ötən dövrdə respublikamızda yaşayış minimumunun artmasını nəzərə alaraq, 80 manat miqdarında aliment hazırda uşaqların maddi təminatı üçün yetərli deyil. Cavabdehin ikinci dəfə ailə qurması və həmin nikahdan bir övladının da olması halları onu hazırkı iş üzrə iddiaçı ilə birgə nikahından doğulmuş uşaqların saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx xxx 2001ci il təvəllüdlü X2 Bakı Xoreoqrafiya Akademiyasında əyani formada təhsil almaqla yetkinlik yaşına çatdığına görə atasından aliment almaq hüququnu itirmiş və hal-hazırda anasının himayəsindədir. Tərəflərin birgə nikahından doğulmuş digər uşaqlar isə 2003 və 2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmaq üzrədirlər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla, xx xxxxxx 2003-cü il təvəllüdlü X1 və xx xxxxxx 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Oğuz rayonunda qeydiyyatda olsa da, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşadığına görə iddiaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasında ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 2215/2020 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar