Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1575/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1439/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı (sığortaçı) "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış 29 dekabr 2021ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 dekabr 2022-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh 22 dekabr 2022-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarının pozmaqda təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin "Təmir aktı" na əsasən sığortalanmış nəqliyyat vasitəsinə 9.983 AZN zərər dəymişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar 100 AZN azadolma məbləği nəzərə alınmaqla 9883 (doqquz min səkkiz yüz səksən üç) manat məbləğində sığorta ödənişi verilmişdir. Bununla yanaşı "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh mülki məsuliyyəti də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də 9883 manat sığorta ödənişinin 5000 manat hissəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə aparılmışdır. Hazırda iddiaçı verilmiş sığorta ödənişinin cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4883 (dörd min səkkiz yüz səksən üç) manat məbləğində verilmiş sığorta ödənişinin, 68,9 (altmış səkkiz manat 90 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sığortaçı) "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 noyabr 2022-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar 9883 (doqquz min səkkiz yüz səksən üç) manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edirlər ki, sığortalanmış avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalıya ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən 9883 manat məbləğində olan sığorta ödənişinin 5000 manatı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə ödəniş aparılmışdır. (Azərbaycan Respublikası Mülki Məcəllənin 931-ci maddəsinin tələbinə əsasən). Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 4883 (dörd min səkkiz yüz səksən üç) manat təşkil edir. Cavabdeh tərəfin iddia ərizəsinə etirazının dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehə məxsus avtomobilin icrbari sığortaçısı həmin hüquqi şəxs, yəni "xxxx" ASC olmaqla yanaşı, zərər dəymiş avtomobilinin sığortaçısı həmin şirkətdir. Belə olan halda iddiaçının nəinki çəkilmiş xərclərin ödənilməsi, hətta görülməmiş işlərin ödənilməsinə dair tələbin irəli sürülməsi ehtimal olunur. Belə ki, cavabdehin icbari sığortaçısı hər hansı digər şirkət olduğu halda onların arasında rəqabət, fikir ayrılığı və fərqli yanaşma həqiqəti aşkara çıxarmağa imkan verərdi. Avtomobillərin toqquşma hadisəsi xx.xx.2022ci il tarixində olmuşdur. Dərhal toqquşmadan sonra hadisə yerində iddiaçının əməkdaşının olub-olmadığı və olduğu təqdirdə sənədləşmə ilə bağlı hansı tədbir gördüyü sualına cavab verilməyib. Nəticə-toqquşma nəticəsində zərərin həcmini müəyyən edən ilkin sənəd yoxdur. Hadisə zamanı zərər çəkən və zərər vuran tərəflərin sığortaçısı fərqli olduqu halda isə, onlardan biri, öz maraqlarını müdafiə məqsədi ilə dərhal hadisə yerinə gəlib orada müvafiq sənədləşmə, foto və video çəkiliş edərdi. Amma tərəflərin sığortaçısı eyni hüquqi şəxs olduğundan dəymiş ziyanın həcmini müəyyən edən aktın tərtibatını iddiaçı şirkət hadisədən iki gün sonra həyata keçirmişdir. Nəticə - iddiaçının sənədlərində qeyd olunan qüsurların xx.xx.2022 il tarixində olan hadisə ilə səbəbli əlaqəsi yoxdur. 22.12.22-ci il tarixindən xx.xx.2022-ci il tarixədək zərər dəymiş avtomobil başqa yerdə və başqa şəraitdə də hadisəyə düşə bilərdi. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə suallar verilmişdir ki: hadisə xx.xx.2022-ci il tarixində baş veribsə niyə zərərin müəyyən edilməsi xx.xx.2022-ci ildə olmuşdur? xx.xx.2022-ci ildən xx.xx.2022-ci tarixədək zərər dəymiş avtomobil harada və hansı şərayitdə saxlanılıb, kim onu idarə edib? Həmin dövrdə avtomobilə hər hansı başqa ziyanın dəymədiyinə dair sübut var? Bu sualların heç birinə cavab verilməmişdir. İddiaçının sığorta aktından görünür ki, zərər “Dream Auto“ MMC-nin qüsur aktı ilə müəyyən edilir. “Dream Auto“ MMC-yə vəkil sorğusu göndərilmiş, lakin cavab verilməmişdir. Bununla yanaşı dəyişdirilmiş hissələrin şirkətdə olub-olmadığı və sübut kimi məhkəməyə təqdim olunmasının mümkünlüyü barədə sual da cavabsız qalmışdır. Həmin qüsur aktının və "xxxx" şirkəti ilə bağlanmış müqavilənin surətinin təqdim edilməsi tələbi cavabsız qalmışdır. Nəticə-ilkin qüsur aktı təqdim edilmədiyindən və göstərilən sualların cavabsız qalması, təmir işlərin məhz bu həcmdə görülməsinə zərurətin olub-olmadığını müəyyən etmək olmamışdır. Görülmüş işlərin həcmi iddiaçı hüquqi şəxs tərəfindən bilərəkdən şişirdilmiş formada məhkəməyə təqdim edilməsi istisna olunmur. Cavabdehə zərərin qiymətləndirməsində iştirak etmək məktubu xx.xx.2023 tarixdə göndərilib. Lakin məktub gec çatdırılıb, cavabdehin mobil telefonu məlum olduğu halda ona zəng edilməyib, iştirakı təmin edilməyib. Bu cür məktubun göndərilməsi cavabdehdə işlərin guya obyektiv aparılması fikrini yaratmaq məqsədi daşıyırdı. Belə ki, zərərin qiymətləndirməsi xx.xx.2022-ci il tarixində aparıldığı təqdirdə və xx.xx.2023-cü il tarixinə bütün işlərin qurtarmış olduğu halda (“e-qaimə” 19.01.23 tarixində “Dream Auto“ MMC tərəfindən iddiaçıya göndərilmişdir-deməli həmin tarixə işlər qurtarmışdır) cavabdehin dəvət edilməsinə heç bir zərurət yox idi. Bu halda dəvət məktubu formal və aldadıcı xarakter daşıyırdı. Cavabdeh tərəfindən məhkəməyə cavabdehin dərhal hadisə yerində çəkdiyi fotolar təqdim edilib, iddiaçı tərəfindən onlara dair heç bir etiraz edilməyib. Həmin fotolarda açıq-aşkar görünür ki, vurulmuş maşın yüngül formada zədələnmişdir və onun təmirinə 9883 manat xərclənə bilməzdi. Polis əməkdaşları tərəfindən aktın tərtib olunması zamanı iddiaçının nümayəndəsi iştirak etməmişdir. Nəticə aktda “hadisə nəticəsində zədələnmişdir” qrafasında zədələnmiş, yəni təmirə və dəyişməyə ehtiyacı olan hissələr göstərilməmişdir. Beləliklə, hadisə yerində iddiaçının nümayəndəsinin olmaması, ilkin qüsur aktının guya 48 saatdan sonra tərtib olunması, həmin ilkin aktın məhkəməyə təqdim olunmaması, iddiaçının guya gördüyü işlərin görülməsinin zərurətinə dair heç bir sübutun təqdim edilməməsi, cavabdehin zərərin qiymətləndirməsinə dəvət məktubunun yalan və aldadıcı olması, polis aktında zərərə dair dəqiq məlumatın olmaması göstərir ki, iddiaçının tələbi sübut olunmuş hesab oluna bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1439/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 4883 (dörd min səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaitinin və 68,9 (altmış səkkiz manat 90 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnməsi və baş vermiş yol-nəqliyyat hadisəsində Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdehin təqsirli bilinməsi işin mübahisəsiz halıdır. İddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində “Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 9.983,00 manat məbləğində pul vəsaitini X1 avtomobilinə dəymiş zərərin qarşılanması ilə bağlı ödədiyindən, həmin vəsaitin 5000 (beş min) manat məbləğində hissəsinin "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsinə əsasən ödənildiyindən, iddiaçı haqlı olaraq ödənilmiş əvəz miqdarının (100 manat azadolma məbləği nəzərə alınmaqla) digər hissəsi olan 4883 (dörd min səkkiz yüz səksən üç) manat vəsaitin geri tələb edilməsi ilə bağlı subroqasiya qaydasında məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş iş materiallarında olan digər sübutlarla yanaşı, qəzadan sonra çəkilmiş zərər dəymiş avtomobilin fotoşəkillərindən də avtomobilin hansı hissələrinə hansı həcmdə zərər dəyməsi aşkar görünür. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazını əsaslandırdığı hallarla bağlı məhkəməyə heç bir tutarlı və mötəbər sübut təqdim etmədiyini nəzərə alaraq, həmin dəlilləri ehtimal xarakterli olmaqla formal mülahizələr kimi qiymləndirmiş və əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5 və 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərərin əvəzi tam həcmdə ödənilməsini təmin etmək üçün onun faktiki həcmi sübutlu şəkildə müəyyən edilməlidir. Məhkəmə isə zərərin hansı həcmdə dəyməsini müəyyən etmək üçün heç bir tədbir görməmiş və yalnız iddiaçının təqdim etdiyi fotoşəkillərə baxış keçirməklə kifayətlənmişdir. Halbuki, cavabdeh və hakimin özü məhkəmə iclasında ilkin qüsur aktının (yəni hadisə yerində tərtib olunmuş akt) təqdim edilməsini tələb etmişlər, lakin bu tələb iddiaçı tərəfindən icra edilməmişdir. Yalnız iddiaçının hadisədən iki gün sonra tərtib etdiyi akt məhkəməyə təqdim edilmişdir və məhkəmə bunu iddiaçının tələbinin təmin olunması üçün kifayət əsas kimi qəbul etmişdir. Məhkəmə hadisədən sonrakı iki gün ərzində zərər dəymiş avtomobilin başqa yerdə və başqa şəraitdə də hadisəyə düşə biləcəyini nəzərə almamış, avtomobilin həmin iki gün ərzində kim tərəfindən və hansı şəraitdə idarə edildiyini və həmin günlərdə başqa yol-nəqliyyat hadisənin olubolmadığını araşdırmamışdır. Hadisə zamanı avtomobilə dəymiş ziyanın həcmini, yəni iddiaçının tələb etdiyi məbləğin həqiqi olub-olmadığını müəyyən etmək üçün şərait yaradılmamışdır. Hakim tərəfindən məhkəməyə təmir işlərini həyata keçirən şirkətin əməkdaşı dəvət olunsa da, şahid məhkəmə iclasına gəlməmişdir. Bununla işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Göründüyü kimi, hadisə yerində iddiaçının nümayəndəsinin olmaması, ilkin qüsur aktının guya 48 saatdan sonra tərtib olunması, həmin ilkin aktın məhkəməyə təqdim olunmaması, iddiaçının guya gördüyü işlərin görülməsinin zərurətinə dair heç bir sübutun təqdim edilməməsi, cavabdehin zərərin qiymətləndirməsinə dəvət məktubunun yalan və aldadıcı olması, polis aktında zərərə dair dəqiq məlumatın olmaması göstərir ki, iddiaçının tələbi sübut olunmuş hesab oluna bilməz. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmiş və baş vermiş yol-nəqliyyat hadisəsində Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh təqsirli bilinmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində “Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 9.983,00 manat məbləğində pul vəsaitini X1 avtomobilinə dəymiş zərərin qarşılanması ilə bağlı ödəmişdir. Eyni zamanda "Hyundai İX35" markalı 90XV605 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh mülki məsuliyyəti də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də 9883 manat sığorta ödənişinin 5000 manat hissəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə aparılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan vəsaitin məbləğinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş iş materiallarında olan digər sübutlarla yanaşı, qəzadan sonra çəkilmiş zərər dəymiş avtomobilin fotoşəkillərindən də avtomobilin hansı hissələrinə hansı həcmdə zərər dəyməsi aşkar görünür. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ********** saylı Təmir aktından, "xxxx" ASC-yə ünvanlanmış elektron qaimə və hesab məlumatlarından görünür ki, 77DR507 dövlət qeydiyyat nişanlı avtomobil üzrə ehtiyat hissələri, materialların dəyəri, görülmüş işlərin dəyəri ümumilikdə hesablanaraq 9983 AZN müəyyən edilmişdir. Apellyasiya şikayətinin əsas dəlili isə ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi zərərin hansı həcmdə dəyməsini müəyyən etmək üçün hər hansı bir tədbir görməmiş və yalnız iddiaçının təqdim etdiyi fotoşəkillərə baxış keçirməklə kifayətlənmişdir. Belə olan halda işin obyektiv həlli, eləcə də cavabdehin dəlillərinə qiymət verilməsi məqsədi ilə apellyasiya baxışı zamanı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Audi Q5" markalı 77DR507 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın və həmin avtomobilin avtonəqliyyat hadisəsi ilə bağlı təmir-bərpa xərclərinin dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 9/2031 nömrəli, 15 aprel 2024-cü il tarixli rəydən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Audi Q5" markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9298 manat müəyyən edilir. Aparaılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən tərtib edilmiş ********** saylı qüsur aktında göstərilən məbləğə dair şübhələr olduğundan apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "Audi Q5" markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9298 manat müəyyən edilmişdir ki, həmin vəsaitin 5000 manat məbləğində hissəsinin "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsinə əsasən ödənilməsi nəzərə alınmaqla (100 manat azadolma məbləği də nəzərə alınmaqla) cavabdehdən tutulmalı olan məbləğ (9298-5100=4198) 4198 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dəymiş ziyanın müəyyən edilməsi xüsusi bilik tələb edir və ekspert rəyinin nəticə hissəsini isə şübhə altına almaq üçün əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (ekspertiza təyin etmədən) iddia tələbini cavabdehdən tutulmalı olan məbləğə münasibətdə tam təmin etdiyindən məhkəmə kollegiyası həmin məbləğin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Cavabdeh apellyasiya şikayətinin məhkəmənin hadisədən sonrakı iki gün ərzində zərər dəymiş avtomobilin başqa yerdə və başqa şəraitdə də hadisəyə düşə biləcəyini nəzərə almaması, avtomobilin həmin iki gün ərzində kim tərəfindən və hansı şəraitdə idarə edildiyini və həmin günlərdə başqa yol-nəqliyyat hadisənin olub-olmadığını araşdırmamasına dair dəlilləri üzrə hesab edir ki, cavabdeh bu barədə mötəbər sübutlar təqdim etməmiş, həmçinin iş materialları ilə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Kollegiya bu dəlillə bağlı bir daha vurğulayır ki, yuxarıda göstərildiyi kimi baş vermiş yol-nəqliyyat hadisəsində Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh təqsirli bilinmiş və cavabdeh bu hadisədə təqsirli olmamasını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh tutulmalı olan məbləğ - 4198 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1439/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsi - Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 4198 (dörd min yüz doxsan səkkiz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı apararılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov