Məhkəmə qərarları › İş №2(103)-1577/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1577/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1577/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1657/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 20.400 manat məbləğində borc pul vermiş, Cavabdeh krediti xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.

2. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Elmar Xəlilov tərəfindən İddiaçı Yusif adlı şəxsin ondan gömrüyə rüsum ödəməsi adı ilə 3000 ABŞ dolları almasına dair şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda göstərilmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci ildə notarial qaydada Bakı şəhəri 6 saylı notariat ofisində bağlanılmış kredit müqaviləsinə əsasən tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarılmaq şərtilə 20400 manat məbləğində borc verilmişdir. Qeyd olunan sonuncu vaxtdan da 7 aydan artıq müddət keçməsinə baxmayaraq Cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və qeyd olunan borcu hazırki vaxtadək qaytarmamışdır. Tərəfindən dəfələrlə borcun ödənilməsi tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Göründüyü kimi, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi və digər əlavə xərclərin çəkilməsinə səbəb olacaq ki, Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyinə uyğun olaraq, tələb olunan məbləğdən əlavə həmin çəkiləcək xərclərin də Cavabdeh xeyrinə tutulması ilə bağlı müvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda, “Hyundai” markalı avtomaşına görə 3000 ABŞ dolları ödəniş etmişdir. Həmin məbləğə görə də ayrıca Cavabdeh barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh ona olan etibarından sui-istifadə edib dələduzluq etməklə ondan qeyd olunan pulları almış, sonradan isə iş yerini də bağlayıb aradan çıxmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş 20400 manat əsas borcun və avtomaşın gətirilməsi üçün dələduzluq yolu ilə aldığı 3000 ABŞ dolları pul vəsaitinin 5 gün müddətində ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə, aidiyyəti üzrə məhkəmələrə müraciət edilməsi, vəkil ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi, hesablanmış dəbbə pulunun və digər əlavə xərclərin tutulması barədə hüquqlarının müdafiəsi ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə məhkəməyə müraciət ediləcəkəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.400 manat məbləğində borc və ödənilmiş 153 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Bakı şəhəri 6 saylı Notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək qaytarılmaq şərtilə cavabdehə 20400 manat məbəğində pul borc vermişdir. Cavabdeh müqavilə öhdəlikləri üzrə borcunu qısa müddətdə ödəməyi öhdəsinə götürməsinə, qaytarma müddətindən 10 aydan artıq müddət keçməsinə baxmayaraq, hazırki vaxtadək borcunu ödəməmiş, öhdəliklərdən yayınmağa cəhd etmiş, hər dəfə bir bəhanə ilə onu yola verməyə cəhd etmişdir. Müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı dəfələrlə tərəfindən yazılı və şifahi formada borcunu qaytarması tələb edilmiş, eləcə də pretenziya məktubu ilə xx.xx.2023-cü ildə rəsmi qaydada cavabdehdən borcunu qısa müddətdə ödəməsi tələb edilməsinə baxmayaraq, öhdəliklər hazırki vaxtadək icra edilməmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, Yusif onun oğludur. İmranı tanıyır, belə ki, oğlu Koreyadan orada istehsal edilən avtomaşınların respublikaya gətirilməsi ilə məşğuldur. Oğlunun tanışı Mehdi Həmidovun sifarişi əsasında Koreyadan 7 yerlik “Kia Sorento” markalı avtomaşın sifariş olunmuş, avtomaşın gətirilmə üçün yüklənərkən müəyyən edilmişdir ki, 5 yerlikdir. Mehdi oğlu Yusifə demişdir ki, o, avtomaşını istəmir, başqa maşın tapmışdır, onun pulu verilsin. İddiaçı həmin avtomaşını alınmasına razılıq vermiş, Mehdi tərəfindən ödənilən ümumi məbləğ avtomaşına görə 9.700 ABŞ dolları, daşıma xərci kimi 2.300 ABŞ dolları, cəmi 12.000 ABŞ dolları manat eksvivalentinə uyğun 20.400 manat pul vəsaiti İmrandan notariusda bağlanılmış kredit müqaviləsi əsasında alınmış və onun tərəfindən Mehdiyə verilmişdir. 5 yerlik “Kia Sorento”nun sənədləri isə İmranın adına dəyişdirilmiş və hal-hazırda avtomaşın iddiaçıgildədir. Lakin gömrük sənədlərini əldə edə bilməmişdir. O, şəxsən İmranla görüşəndə Yusifin ona 2.300-2.400 ABŞ dolları borcu olduğunu demişdir. 20.400 manat barədə heç bir şey deməmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 oktyabr 2023-cü il tarixli 2(009)-1657/2023 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 20.400 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 153 manat, cəmi 20.553 manat məbləğində pulun tutulması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə birgə iş fəaliyyəti ilə əlaqədar 20.400 manat məbləğində pul verilmişdir. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh müqavilə şərtlərinin yerinə yetirmədiyindən, iddiaçı həmin borc məbləğinin – 20.400 manat məbləğində pulun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 442, 443.1, 443.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən aralarında olan faktiki münasibətlər nəzərə alınmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə arasında olan razılaşma “Kia Sorento” markalı avtomobilin tərəfindən alınaraq İddiaçı təhvil verilməsindən ibarət olmuş və bunun üçün iddiaçı tərəfindən ona ödəniş edilmişdir. Lakin avtomobilin ölkə ərazisinə gətirilməsi zamanı yubanmalar olmuş və buna görə də, iddiaçı tərəfindən ödənilmiş məbləğin təmini məqsədilə xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlanılmış və avtomobil iddiaçıya təhvil verildikdən sonra onun ləğv edilməsi razılaşdırılmışdır. Göründüyü kimi, tərəflər arasında mövcud olan razılaşmanın faktiki müddəaları onlar arasında bağlanmış borc müqaviləsinin şərtləri ilə tamamilə fərqlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı olmasına qiymət verilməzdən əvvəl, tərəflər arasında mövcud olan faktiki münasibətlər ilə onlar arasında bağlanılmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin şərtlərinin işin halları ilə birlikdə araşdırılması nəticəsində borc müqaviləsinin etibarlılığı məsələsinə qiymət verilməli və xx.xx.2022-ci il tarixli borc müqaviləsi tərəflərin hüquq münasibətinə daxil olarkən mövcud olan həqiqi iradə ifadələrini əks etdirmədiyinə görə iddia tələbi rədd edilməli idi. Bundan başqa qeyd olunmalıdır ki, tərəfindən iddiaçıdan alınan pul məbləği müqabilində aralarında olan razılaşmanın şərtlərinə əsasən “Kia Sorento” markalı avtomobilin gətirilməsi və İddiaçı təhvil verilməsi ondan asılı olmayan səbəblərə görə yaranmış yubanmaya görə təminat məqsədli kredit müqaviləsinin bağlanmasına baxmayaraq, yenə də iddiaçı tərəfindən həyata keçirilmiş və İddiaçı maşını təhvil almış, lakin mövcud razılaşma şərtlərindən fərqli olaraq onlar arasında bağlanmış kredit müqaviləsi ləğv olunmamışdır. Bunun nəticəsində isə İddiaçı ilə mövcud olan razılaşma əsasında öhdəliyini icra etməyinə baxmayaraq, iddiaçı tərəfindən arasında mövcud olan qarşılıqlı inamdan sui-istifadə edilməsi onun çətin vəziyyətdə qalması ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

14. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

15. Əvvəlki məhkəmə iclaslarında cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə arasında hər hansı iş birliyi olmamışdır, müştərisi olmuşdur, belə ki, "xxxx" sosial şəbəkəsi vasitəsi ilə Şirkətin səhifəsinə yazaraq “Kia Sorento” markalı avtomobil istədiyini bildirmişdir. Ona təklif etmişdir ki, başqa müştəri üçün gətirdiyi avtomobil var, lakin 5 yerlik olduğu üçün həmin müştəri imtina edib, iddiaçı da həmin avtomobili almağa razılaşmışdır. İddiaçı ödənişi ona, o da Mehdiyə (həmin avtomobilin gətirildiyi şəxsə) vermişlər. Avtomobilin gəlməsi 5-10 gün gecikdiyi üçün İmran borc müqaviləsi bağlamağı təklif etmişdir. Avtomobil İmranın atasının adına gəlmişdir, belə ki, müqavilədə müvafiq dəyişiklik edilmişdir. Daha sonra, 2022-ci ilin noyabr ayında İmran ikinci dəfə özünə avtomobil almaq üçün müraciət etmiş, o da iki təklif göndərmişdir. İmran öz razılığı ilə avtomobil seçmiş, ödəniş etmiş və avtomobil gətirilmişdir. Lakin sonra avtomobilin tam ürəyinə görə olmadığını bildirmiş və ondan komissiya, təzminat tələb etmişdir. 3000 ABŞ dolları iddiaçıdan alınıb, kargo şirkətinə verilmişdir. Borc müqaviləsinin ləğv edilməsini istədiyini iddiaçıya bildirmiş, lakin iddiaçı demişdir ki, bir-birimizi tanıyırıq, ikinci dəfədi ondan avtomobil alır, ona problem yaratmayacaq, həmçinin iddiaçı bildirmişdir ki, borc müqaviləsinin ləğv edilməsi üçün yenidən həmin pul məbləği notariusda verilməlidir. Bununla bağlı hər dəfə cavabdehə müraciət etdikdə, sonuncu yayınmışdır.

16. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirmişlər. İddiaçının nümayəndəsi-vəkili bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2022-ci ilin əvvələrində tanış olmuşlar, avtomobillərin gətirilməsi ilə bağlı tanışlıqları yaranmışdır. Birinci dəfə 2022-ci ilin may ayında təmsil etdiyi şəxsin atası üçün avtomobil almışlar. Tərəf bildirmişdir ki, avtomobillərin gətirilməsi ilə məşğuldur və fəaliyyətini genişləndirir, avtomobilləri gətirib satılmasından gəlir verəcəyəni də bildirmişdir, 20000 manat üçün müqavilə bağlanmış, hər ay 400 manat qazanc ödəniləcəyini də razılaşmışlar, müqavilə bağlanarkən də 400 manat ilk ay üçün verildiyindən 20400 manat göstərilmişdir.

17. İddiaçı bildirmişdir ki, 2022-ci ilin aprel ayının sonları maşın almaq üçün bazara getmiş, bəyəndikləri maşın olmamış, orada belə bir Şirkət olduğunu demişlər. "xxxx" səhifəsində avtomobillərə baxmış, əlaqə saxlamış, sonra atası ilə Şirkətə getmişdir. Orada avtomobillərin şəkillərini göstərmişlər, yenə bəyəndikləri avtomobil olmamışdır. İki həftə sonra cavabdeh belə bir “Kia Sorento” markalı avtomobil olduğunu bildirmiş, baxıb bəyənmişlər, 500 manat beh vermişlər. Növbəti gün 10000 ABŞ dolları Yusifə vermişlər. Avtomobil Mehdinin adına olmuşdur. Avtomobil avqustun 22-23-ü gəlib çıxmışdır. 200 ABŞ dolları komissiya haqqı vermişdir. Avtomobil alqı-satqısı ilə məşğul olmaq istədiyi üçün cavabdehlə dostluq münasibətləri yaranmış, sonuncu bildirmişdir ki, avtomobil gətirib satmaq üçün ona pul lazımdır, hər ay 300 manat verəcək, o isə 500 manat istəmiş, nəhayət hər ay 400 manat verilməsi üçün razılaşmışlar. 30 iyun tarixində müqavilə bağlanmış, 400 manat birinci ay üçün cavabdeh ona vermiş, bundan sonra da 400 manatı iki ay ödəmişdir. Sentyabr ayında öz avtomobilini satmış, yenidən avtomobil gətirmək istəmiş, avtomobili tapıb, cavabdehə göndərmiş, sonuncu yoxlatdırıb, yaxşı maşın olduğunu, qapısının dəyişdirildiyini bildirmişdir. 4840 ABŞ dolları 10 noyabr tarixində ödəmiş, 3000 ABŞ dolları gəmi pulu, 200 ABŞ dolları isə komissiya pulu ödəmişdir. Cavabdeh bildirmişdir ki, Koreyada olan işçiləri onun əvəzinə 3000 ABŞ dolları orada verəcək, o isə həmin pulu burada həmin işçinin ailəsinə verəcəkdir. Bir müddət sonra avtomobil gəlmədiyi üçün maraqlanmış, hər dəfə gələcək demişlər. Qabil adlı şəxs ona zəng vuraraq avtomobilin yolda olduğunu, pulu kimin ödəyəciyini soruşmuş, o isə pulu ödədiyini bildirmişdir. Bundan sonra polisə şikayət etmişdir. Borc müqaviləsi bir avtomobilin gətirilməsi üçün bağlanmışdır, cavabdeh 3 ay ona 400 manat vermişdir, ondan sonrakı aylar isə verməmişdir, verəcəyini bildirmişdir. Polisə şikayət etdikdə bu müqavilənin onlara aidiyyəti olmadığını, mülki iş olduğunu bildirdikləri üçün bu müqaviləni göstərməmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

18. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir.

19. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

20. Maddə 404. Müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

26. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

27. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən

32. ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

37. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə görə borc verən xx.xx.2022-ci il tarixinədək qaytarılmaq şərti ilə 20400 manat məbləğində pul vəsaitini borc alana verir.

38. İddiaçı hazırki tələbində bu kredit müqaviləsinə əsaslanaraq borc verdiyini bildirdiyi həmin pul vəsaitini tələb etmişdir.

39. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda da borc verdiyi 20400 manatı və avtomaşın gətirilməsi üçün ödədiyi 3000 ABŞ dollarının ödənilməsini tələb etmişdir.

40. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı ilə arasında olan razılaşma “Kia Sorento” markalı avtomobilin tərəfindən alınaraq İddiaçı təhvil verilməsindən ibarət olmuş və bunun üçün iddiaçı tərəfindən ona ödəniş edilmişdir. Lakin avtomobilin ölkə ərazisinə gətirilməsi zamanı yubanmalar olmuş və buna görə də, iddiaçı tərəfindən ödənilmiş məbləğin təmini məqsədilə xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlanılmış və avtomobil iddiaçıya təhvil verildikdən sonra onun ləğv edilməsi razılaşdırılmışdır.

41. İddiaçı birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, “Yusifi dostum vasitəsi ilə tanımışam, Yusif xaricdən avtomaşınların gətirilməsi ilə məşğul olmuşdur. 2022-ci ilin may ayında Yusif vasitəsi ilə atama “Kia Sorento” markalı avtomaşın gətirdik, özümə də sonra “Hyunda Elantra” markalı avtomaşın gətirdilər, özümə gətirdiyi maşınla bağlı Yusifin mənə 3000 ABŞ dolları borcu olmuşdur. Bununla bağlı polisə şikayət etdim. 2022-ci ilin iyun ayında Yusiflə 20400 manat məbləğində kredit müqaviləsi bağladıq, pulu Yusifə o məqsədlə vermişdim ki, Yusif həmin pul müqabilində xaricdən avtomaşın gətirib satışını təşkil edəcək və qazancı böləcəyik. Yəni həmin pulu iş birliyi məqsədi ilə vermişdim.”

42. İddiaçı iddia ərizəsində, həmçinin cavabdehə göndərdiyi pretenziyada cavabdehə borc verdiyini və borcun qaytarılmadığını göstərmiş, yalnız məhkəmədə izahatında pulu iş birliyi məqsədi ilə verdiyini bildirmişdir.

43. Apellyasiya baxışı zamanı isə izahatında göstərmişdir ki, 2022-ci ilin aprel ayının sonları maşın almaq üçün bazara getmiş, bəyəndikləri maşın olmamış, orada belə bir Şirkət olduğunu demişlər. "xxxx" səhifəsində avtomobillərə baxmış, əlaqə saxlamış, sonra atası ilə Şirkətə getmiş, avtomobillərin şəkillərinə baxmış, lakin bəyəndikləri avtomobil olmamışdır. İki həftə sonra cavabdeh belə bir “Kia Sorento” markalı avtomobil olduğunu bildirmiş, baxıb bəyənmişlər, 500 manat beh vermişlər. Növbəti gün 10000 ABŞ dolları Yusifə vermişlər. Avtomobil Mehdinin adına olmuşdur. Avtomobil avqustun 22-23-ü gəlib çıxmışdır. 200 ABŞ dolları komissiya haqqı vermişdir. Avtomobil alqı-satqısı ilə məşğul olmaq istədiyi üçün cavabdehlə dostluq münasibətləri yaranmış, sonuncu bildirmişdir ki, avtomobil gətirib satmaq üçün ona pul lazımdır, hər ay 300 manat verəcək, o isə 500 manat istəmiş, nəhayət hər ay 400 manat verilməsi üçün razılaşmışlar. 30 iyun tarixində müqavilə bağlanmış, 400 manat birinci ay üçün cavabdeh ona vermiş, bundan sonra da 400 manatı iki ay ödəmişdir. Sentyabr ayında öz avtomobilini satmış, yenidən avtomobil gətirmək istəmiş, avtomobili tapıb, cavabdehə göndərmiş, sonuncu yoxlatdırıb, yaxşı maşın olduğunu, qapısının dəyişdirildiyini bildirmişdir. 4840 ABŞ dolları 10 noyabr tarixində ödəmiş, 3000 ABŞ dolları gəmi pulu, 200 ABŞ dolları isə komissiya pulu ödəmişdir. Cavabdeh bildirmişdir ki, Koreyada olan işçiləri onun əvəzinə 3000 ABŞ dolları orada verəcək, o isə həmin pulu burada həmin işçinin ailəsinə verəcəkdir. Bir müddət sonra avtomobil gəlmədiyi üçün maraqlanmış, hər dəfə gələcək deyirdilər. Qabil adlı şəxs ona zəng vuraraq avtomobilin yolda olduğunu, pulu kimin ödəyəciyini soruşmuş, o isə pulu ödədiyini bildirmişdir. Bundan sonra polisə şikayət etmişdir. Müqavilə bir avtomobilin gətirilməsi üçün bağlanmışdır, 3 ay ona 400 manat vermişdir, ondan sonrakı aylar isə verməmişdir. Verəcəyini bildirdirirdilər. Polisə şikayət etdikdə bu müqavilənin onlara aidiyyəti olmadığını, mülki iş olduğunu bildirdikləri üçün bu müqaviləni göstərməmişdir.

44. Cavabdeh isə apellyasiya baxışı zamanı göstərmişdir ki, iddiaçı ilə aralarında hər hansı iş birliyi olmamışdır, müştərisi olmuşdur, belə ki, "xxxx" sosial şəbəkəsi vasitəsi ilə Şirkətin səhifəsinə yazaraq “Kia Sorento” markalı avtomobil istədiyini bildirmişdir. Ona təklif etmişdir ki, başqa müştəri üçün gətirdiyi avtomobil var, lakin 5 yerlik olduğu üçün həmin müştəri imtina edib. İddiaçı həmin avtomobili almağa razılaşmışdır. İddiaçı avtomobilə görə ödəniş etmiş, o da həmin pulu Mehdiyə (həmin avtomobilin gətirildiyi şəxs) vermişdir.Avtomobilin gəlməsi 5-10 gün gecikdiyi üçün İmran borc müqaviləsi bağlamağı istəmişdir. Daha sonra İmran ikinci dəfə özünə avtomobil almaq üçün müraciət etmişdir, ona iki təklif göndərmiş, öz razılığı ilə avtomobil seçmiş, ödəniş etmiş və avtomobil gəlmişdir. Lakin sonra avtomobilin tam ürəyincə olmadığını bildirmiş və ondan komissiya, təzminat tələb etmişdir. 3000 ABŞ dolları iddiaçıdan alınıb, kargo şirkətinə verilmişdir.

45. İş materiallarında olan X6 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə Şirkət “Alıcıya” “Autocorea” layihəsi çərçivəsində göstərilən avtomobillərin satış prosesinə əsasən bağlanmış, müqavilə “Kia Sorento” 2013 markalı avtomobilə dair bağlanmış, ümumi məbləğ 12200 ABŞ dolları olmaqla, 9700 ABŞ dolları invoice, 2500 ABŞ dolları nağd göstərilmişdir.

46. xx.xx.2022-ci il tarixli invoice (hesab-faktura) X2 adına tərtib edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixli qəbzə əsasən 9700 ABŞ dolları X6 tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli invoice (hesab-faktura) isə artıq İddiaçı adına tərtib edilmişdir.

47. Beləliklə iş materiallarından, tərəflərin özlərinin izahatlarından müəyyən edilir ki, cavabdeh xaricdən avtomobil gətirilməsi ilə məşğul olmuş, X5 “Kia Sorento” markalı avtomobilin gətirilməsi ilə bağlı sonuncu ilə aralarında müqavilə bağlanmış, avtomobilin dəyəri Mehdi Həmidov tərəfindən ödənilmiş, 2022-ci ilin may ayında Mehdi Həmidov həmin avtomobildən imtina etdiyi üçün iddiaçı ilə aralarında razılıq olmuş və avtomobili iddiaçı almağa razılaşmışdır. 30 iyun 2022-ci il tarixdə 20400 manat pula dair 3 ay müddətinə qaytarmaq şərti ilə müqavilə bağlanmış, 05 iyul 2022-ci il tarixdə isə invoice iddiaçının adına tərtib edilmişdir. İddiaçının özünün apellyasiya baxışı zamanı verdiyi izahata əsasən avtomobil təxminən 22-23 avqust 2022-ci il tarixdə gəlmişdir.

48. Bundan sonra isə noyabr ayında iddiaçı ikinci dəfə özü üçün başqa avtomobil gətirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş və həmin ikinci avtomobillə bağlı aralarında mübahisə olmuş, bu zaman iddiaçı polisə müraciət etmiş və həmin şikayətində iddiaçı yalnız ikinci avtomobilə görə ödənilmiş 3000 ABŞ dollarını mübahisələndirmiş, kredit müqaviləsindən, yəni 20400 manat borcunun olmasından hər hansı bir şikayət etməmişdir.

49. Apellyasiya baxışı zamanı belə əsaslandırmışdır ki, Polisə şikayət etdikdə bu müqavilənin onlara aidiyyəti olmadığını, mülki iş olduğunu bildirdikləri üçün bu müqaviləni göstərməmişdir.

50. Kollegiya iddiaçının bu dəlilini əsassız hesab edir, belə ki, hər ikisi müqavilədən irəli gələn tələbdir və mülki xarakterlidir.

51. Həmçinin tərəflər arasında olan “Whatsapp” yazışmalarından da görünür ki, avtomobilin gəlməsi ilə bağlı danışıqlar olmuş, hər hansı pul məbləğindən danışılmamışdır.

52. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülkihüquq münasibətləri olmuşdur.

53. Tərəflərin izahatlarından müəyyən edilmişdir ki, may ayında aralarında bu barədə razılıq olmuş, 30 iyun 2022-ci il tarixdə Borc müqaviləsi bağlanılmış, 05 iyul 2022-ci il tarixdə invoice verilmiş, avqust ayında isə avtomobil gəlmişdir. Kollegiya hesab edir ki, tərəflərin əvvəllər tanış olmaması, aralarında qeyd edilən şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranması, kredit müqaviləsinə görə pul məbləğinin xx.xx.2022-ci il tarixədək qaytarılması nəzərdə tutulduğu halda, iddiaçının həmin vaxt pulu tələb etməməsi, hətta noyabr ayında cavabdehə yenidən avtomobil gətirilməsi üçün müraciət etməsi kimi hallar məhz birinci dəfə avtomobilin gətirilməsi ilə bağlı tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə, avtomobilin gətirilməsi üçün ödənilmiş pulun təminatı qismində iddiaçı cavabdehlə mübahisələndirilən kredit müqaviləsini bağlamış, həmin müqavilə üzrə cavabdehə müqavilədə göstərilən məbləğdə pul verilməmişdir. İddiaçı avtomobilin alınması üçün pul ödəmiş, cavabdeh isə avtomobili gətirmiş və ona təhvil vermişdir.

54. Kollegiya xüsusi olaraq qeyd edir ki, iddiaçı tərəfindən “Kia Sorento” markalı avtomobilə görə ödəniş Kredit müqaviləsi bağlandıqdan cəmi 5 gün sonra aparılması da ona dəlalət edir ki, həmin müqavilə məhz avtomobilə görə ödənilmiş pulun təminat altına almaq məqsədini güdmüşdür.

55. Belə olan halda müəyyən edilir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi yalan əqddir, yəni iddiaçı cavabdehin öhdəsinə götürdüyü tapşırığın yerinə yetirilməsini (avtomobilin gətirilməsini) təmin etmək üçün bağlanmışdır.

56. Tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuşdur (müqavilə yazılı bağlanmış, notariat qaydada təsdiq olunmuş, pul vəsaiti notariusun depozit hesabından dövr etmişdir).

57. Lakin, əqdin etibarlı olması üçün təkcə sadalanan tələblərə əməl edilməsi kifayət deyil. Zahirən əqdlərə dair tələblərə uyğun şəkildə bağlanmış müqavilənin mütləq şəkildə etibarlı olması kimi birmənalı qiymətləndirilmə «əqdlərin etibarsızlığı» institutunun əhəmiyyətsizliyinə gətirib çıxarmış olardı.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Lakin işə baxan məhkəmələr N.Əsədovanın iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıbbağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir.»

59. Göründüyü kimi, istinad olunan işdə olduğu kimi hazırki işdə də mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti deyil.

60. Kollegiya tərəflərin münasibətlərini (münasibətlərinin olmamasını), sonrakı hərəkətlərini və yuxarıda sadalanan digər xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, müqavilənin etibarsız olması faktı təkcə cavabdehin iradə ifadəsi ilə deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş yuxarıdakı hallar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

61. Beləliklə Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi yalan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə tapşırıq müqaviləsinə uyğun olaraq cavabdehə “Kia Sorento” markalı avtomobil gətirilməsi tapşırılmışdır ki, sonuncu da üzərinə düşən tapşırığı yerinə yetirmişdir. Avtomobil gətirilmiş və təhvil verilmişdir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1657/2023 nömrəli iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar