Məhkəmə qərarları › İş №2(103)-1578/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1578/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1578/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2(011)- 4914/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı 25.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1630,98 manat, faiz borcu üzrə 2356,72 manat olmaqla, cəmi 3987,70 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25.11.2013-cü il tarixli nzkk-440 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən ona illik 26% olmaqla, 12 ay müddətinə 2000 manat kredit verilmişdir. Lakin Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2(011)-4914/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 25.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1630,98 manat, faiz borcuna görə 460,56 manat olmaqla, cəmi 2091,54 manat pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyi qeyd edilsə də, əslində cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmiş, onun işdə iştirakı təmin edilməmişdir. Belə ki, cavabdeh uzun müddətdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda, Rusiya Federasiyasında yaşayır. Apellyasiya şikayəti ilə birlikdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim edilmişdir. Kredit müqaviləsi üzrə son ödəniş tarixi (öhdəliyin icrası müddəti) 25.11.2014-cü il tarixidir. 25.11.2017-ci il tarixində 3 illik iddia müddəti bitmiş, lakin iddiaçı məhkəməyə iddia müddəti bitdikdən sonra, 2020-ci ildə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasında kredit müqaviləsində qeyd edilmiş şərtlərlə müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 2000 manat kredit verilmiş, cavabdeh həmin müqavilə şərtlərini tam icra etməmiş, nəticədə onun bank qarşısında 1630,98 manat əsas, 460,98 manat faiz borcu yaranmış, cavabdeh həmin borc məbləğini ödəməkdən yayınmışdır. Nəticədə onun bank qarşısında qeyd edilən borcu ödəmək öhdəliyi yaranmışdır. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbini mülki qanunvericiliklə bu gür iddialarla bağlı məhkəmə müraciət etmək üçün müəyyən edilmiş üç illik müddəti ötürməklə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 25.11.2013cü ildə 12 ay müddətinə bağlanmış, müqavilənin icra müddəti 25.11.2014-cü ildə başa çatmışdır. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 31.08.2020-ci il tarixdə, yəni müqavilənin icrası müddəti başa çatdıqdan təxminən 5 il 9 ay sonra müraciət etmişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlamışdır. İddia müddətinin tətbiqinə dair ərizənin birinci instansiya məhkəməsində deyil, apellyasiya instansiya məhkəməsində verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin gedişindən xəbərsiz olmuş, bu səbəbdən onun məhkəmə iclaslarında iştirakı mümkün olmamış, nəticədə o, öz prosessual hüquqlarının həmin mərhələdə həyata keçirilməsi imkanlarından məhrum olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizənin birinci instansiya məhkəməsində verilməməsi üzrlü hesab edilməli, həmin ərizəyə apellyasiya instansiyaında baxılaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.» Kollegiya qeyd edir ki, tərəflər arasındakı münasibətlər onlar arasında bağlanmış kredit müqaviləsinə söykəndiyindən və bu müqavilə üzrə cavabdeh öhdəliyini aylıq ödənişlər şəklində vaxtaşırı icra etməyi üzərinə götürdüyündən, bu müqavilə əsasında yaranmış mübahisələr üzrə iddia müddəti üç il təşkil edir. Həmçinin, cavabdeh tərəfindən son üç il ərzində müqavilə üzrə ödəniş edilməsi iş materialları ilə müəyyən edilmir. İşin müəyyən edilən hallarına istinad edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsaslı hesab edir və bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi haqqında yeni qətnamə qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Hazırkı mülki iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 2(011)-4914/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar