Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1580/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın adından onun səlahiyyətli nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bankla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış GTKR4048697A118 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.434,27 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 659,74 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 126,28 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə” əsasən cavabdeh illik 24,71 faiz dərəcəsi ilə 15.000 manat məbləğində pulu 35 ay müddətinə Bankdan borc götürmüşdür. Müqavilə şərtinə görə, cavabdeh, Banka olan borcunu aybaay və hissə-hissə Banka ödəməli idi, lakin cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu qeyd edilən qaydada ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka xx.xx.2023-cü il tarixinə iddia ərizəsində qeyd edilən növlərdə və məbləğlərdə borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə Bankın cavabdehə dəfələrlə etdiyi müraciətlər nəticə verməmiş və bu səbəbdən də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 126,28 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışıdır ki, cavabdeh, onunla Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən və bu hal sübuta yetdiyindən, iddia ərizəsində qeyd edilən borcu Banka ödəməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdehi məhkəmə iclası barədə xəbərdar etməmiş, cavabdehin iştirakı olmadan qətnamə qəbul etmişdir. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməmişdir. Rayon Məhkəməsi məhkəməyə qədər pretenziya qaydasına əməl olunmamasını nəzərə almamış, işin bütün faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) MPM-in 150.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. MPM-in 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Bundan başqa cavabdehin Banka ödədiyi vəsaitlər tam nəzərə alınmamışdır. Qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun deyildir. d) apellyasiya baxışı icraatında iş üzrə tərəflərin iştirakı və apellyasiya baxışında iştirak etmiş şəxsin izahatı barədə məlumat
7. Cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin vəkili (nümayəndəsi) ərizə ilə Məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
8. İddiaçı Bank da apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, Bankın nümayəndəsi nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə ilə Məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
9. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) iş materiallarına əlavə edilmiş sənədlər barədə məlumat
10. İddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən Bankdan illik 24,71 faiz dərəcəsi ilə 35 ay müddətinə 15.000 manat məbləğində pulu borc olaraq götürmüşdür.
11. “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti müqavilə və müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş cədvəli” üzrə Banka aybaay və hissə-hissə ödəyəcək.
12. Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışdan” görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin Banka ödənilməmiş 11.434,27 manat məbləğində əsas kredit borcu, 659,74 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu var.
13. İşdə olan xx.xx.2022-ci il tarixli “Bildirişdən” görünür ki, Bank borcun ödənilməsini cavabdehdən tələb etmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 9/7185 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin Banka ödənilməli olan əsas kredit borcu 11.982,77 manat, əsas borca hesablanmış faiz borcu isə 748,46 manat təşkil edir. f) məhkəmənin mövqeyi
15. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Banka borcunun olmadığı ümumiyyətlə iddia etməmişdir.
16. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir.
18. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinin əsassız olması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsi ilə cavabdehdən tutulması tələb olunan məbləğin əsaslı olubolmamasını yoxlamaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyini almışdır. Yuxarıda artıq qeyd edildiyi kimi həmin rəydən görünür ki, cavabdehin iddiaçı Banka olan borcu hətta iddia ərizəsində qeyd edilən məbləğdən bir qədər artıqdır.
19. Cavabdeh borcun məbləğinin düzgün hesablandığını şübhə altına alsa da, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
21. Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, Bank tərəfindən pretenziya qaydasına riayət olunmamış və Rayon Məhkəməsi tərəfindən bu hal nəzərə alınmamış, iddia ərizəsi icraata qəbul edilməklə MPM-in 150.1.6-cı maddəsinin tələbi pozulmuşdur.
22. Bununla bağlı Məhkəmə qeyd edir ki, Bank pretenziya qaydasına riayət etməli deyildi. Çünki Bank ilə cavabdehin arasında bağlanmış “Kredit müqaviləsinin” 2.8-ci maddəsinin tələblərinə görə, borcalan (cavabdeh) kreditor (iddiaçı Bank) “Kredit müqaviləsi” üzrə borcunun (əsas və faiz borclarını) ödənilməsini gecikdirdik də, kreditor borcun ödənilməsini vaxtından əvvəl tələb edə bilər.
23. İşin hallarından müəyyən edilir ki, qeyd edilən şərt müqaviləyə daxil edilmiş və cavabdeh müqavilənin həmin və digər şərtlərini qəbul etmişdir.
24. Digər tərəfdən qeyd edilməlidir ki, Bank tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvanına (dəqiq ünvan iş materiallarında var) xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilmiş, gecikdirilmiş borcun ödənilməyəcəyi təqdirdə kredit müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir (iş v. 10). Həmin bildirişin göndərilməyini təsdiq edən poçt göndərişlərinin siyahısı mülki işin 10-cu vərəqinin arxa üzündə mövcuddur.
25. Göründüyü kimi, Bank tərəfindən MPM-nin 150.1.6-cı maddəsinin tələbinə riayət edilmişdir, halbuki artıq qeyd edildiyi kimi Bank bu pretenziya qaydasına riayət etməyə bilərdi. Başqa sözlə, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsaslı deyil.
26. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmişdir. Bunun nəticəsində cavabdehin hüquqları pozulmuş və o, öz etirazını məhkəməyə təqdim edə bilməmişdir.
27. Belə ki, Rayon Məhkəməsi, məhkəmə bildirişlərini cavabdehin qeydiyyatda olduğu ünvan üzrə göndərmiş, lakin “bu ünvanda yerləşmir” qeydi ilə məktub məhkəməyə qaytarılmışdır. Rayon Məhkəməsi tərəfindən məhkəmə bildirişinin cavabdehə çatdırılması Bakı Şəhəri Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 80 saylı Mənzil- Kommunal İstismar Sahəsinə tapşırılmış, lakin məhkəmə bildirişinin cavabdehə çatdırılması barədə Rayon Məhkəməsinə məlumat daxil olmamışdır. Rayon Məhkəməsi tərəfindən həmçinin cavabdehin adına olan mobil telefon nömrələrinə sms-bildirişlər göndərilmiş və cavabdehin adına olan “070” prefiks ilə başlanan nömrəyə (dəqiq nömrə iş materiallarında var) sms-bildiriş çatdırılmışdır (iş v. 90).
28. Göründüyü kimi, Rayon Məhkəməsi məhkəmə baxışı barədə cavabdehi xəbərdar etmək üçün bütün mümkün vasitələrdən istifadə etmişdir. Cavabdehə məxsus mobil telefon nömrəsinə sms-bildiriş göndərilmişdir.
29. MPM-in 135.7-ci maddəsinə əsasən, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” İnformasiya Sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu Sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” İnformasiya Sistemində qeyd edilir.
30. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi MPM-nin “Məhkəmə baxışı” adlı 15-ci Fəslində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və bu səbəbdən işə cavabdehin iştirakı olmadan baxmağa haqlı olmuşdur. Qətnamə, çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir.
31. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
32. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi Rayon Məhkəməsi tərəfindən təmin edildiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
37. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ
Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilə bilməz.