Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1580/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-7204/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borc alana 148.900 manat məbləğində pul borc verilmiş, sonuncu isə krediti xx.xx.2023-cü ilədək manatın ABŞ dollarına nisbətən həmin günün məzənnəsinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
2. xx.xx.2023-cü ildə İddiaçı və Cavabdeh1 "xx.xx.2023-cü il tarixli 3M-188 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilməsi haqqında saziş" bağlamışlar və tərəflər həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilmə müddətinin xx.xx.2023-cü ilə kimi müəyyən edilməsi barədə razılığa gəlmişlər.
3. xx.xx.2023-cü ildə İddiaçı və Cavabdeh1 "Müqavilədə düzəlişə dair müqavilə" bağlamışlar və tərəflər həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilmə müddətinin xx.xx.2024-cü ilə kimi müəyyən edilməsi barədə razılığa gəlmişlər.
4. İddiaçı ilə cavabdehlər arasında xx.xx.2023-cü il tarixli "Zaminlik müqaviləsi", iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli "ipoteka müqaviləsi" bağlanmışdır. İpoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 özünə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 347a nömrəli bağ evini xx.xx.2023-cü il tarixli 3M-188 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 80.000 manatın və hazırkı iddianın verilməsi ilə əlaqədar olaraq 330 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 347a nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc bağ evinə yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh1 və orada onunla birlikdə yaşayan şəxslərin çıxarılaraq, bağ evinin boşaldılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023cü ildə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, o, Cavabdeh1 148.900 manat məbləğində borc verməyi, cavabdeh isə xx.xx.2023-cü ilədək manatın ABŞ dollarına nisbətən həmin günün məzənnəsinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər xx.xx.2023-cü ildə müqavilə bağlayaraq öhdəliyin icra müddətini xx.xx.2023-cü ilə kimi müəyyən etmiş, xx.xx.2023-cü ildə isə yeni müqavilə bağlayaraq öhdəliyin icra müddətini xx.xx.2024-cü ilə kimi uzatmışlar. Sözügedən öhdəliyin təminatı kimi xx.xx.2024-cü ildə onunla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, eyni zamanda, həmin tarixdə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən öhdəliyin təminatı olaraq borclu Cavabdeh1 özünə məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 347a nömrəli bağ evini ipoteka ilə yüklü etmişdir. Müqavilədə nəzərdə tutulan müddətin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən öhdəlik tam icra edilməmişdir. Belə ki, cavabdeh borcundan müəyyən məbləği ona ödəmiş, cavabdehin hazırda 80.000 manat (46.920 ABŞ dolları) borcu qalmışdır. Əslində borc cavabdehə ABŞ dolları ilə verilmiş və həmin gün həmin məbləğ manata uyğun olaraq 148.900 manat kimi rəsmiləşdirilmişdir.
7. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən etiraf edərək izahatında bildirmişdir ki, iddiaçıya 80.000 manat borcu vardır və o, həmin borcu tezliklə ödəyəcək. İddianın qalan hissələri ilə razı deyil. Cavabdeh1 həmçinin məhkəməyə ərizə verərək bildirmişdir ki, iddiaçıya 80.000 manat borcu var, amma 6 il ərzində Azərə 250.000 manat 4 %-dən pul ödəmişdir. Evin hərraca çıxarılmasına razı deyil. Onun da 230.000 alacağı var. Tezliklə 80.000 ödəyəcəkdir.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 7204/2024 nömrəli qərardadı ilə İddiaçı hazırkı iddia ərizəsi "tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 347a nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi" hissəsində baxılmamış saxlanılmışdır.
9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 7204/2024 nömrəli digər qərardadı ilə mülki iş üzrə icraata "borc bağ evinə yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh1 və orada onunla birlikdə yaşayan şəxslərin çıxarılaraq, bağ evinin boşaldılması" tələbinə aid hissədə xitam verilmişdir.
10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 7204/2024 nömrəli qətnaməsi ilə (hakim V.K.Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh1 80.000 manat məbləğində borcun və 330 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın 80.000 manat məbləğində borcun müştərək qaydada Cavabdeh2 da tutulması hissəsində təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş məbləğin bir hissəsinin ona ödənildiyini, 80.000 manat hissəsinin isə bugünədək ödənilmədiyni bildirərək hazırda qalan 80.000 manat məbləğin ona ödənilməsini tələb edir. Cavabdeh1 göstərilən iddia tələbini etiraf edir.
12. Lakin iddiaçı qeyd olunan məbləği təkcə Cavabdeh1 deyil, onunla müştərək qaydada həm də digər Cavabdeh2 tələb etdiyinə görə məhkəmə hesab etmişdir ki, etirafın qəbul edilib-edilməməsi məsələsinin həll edilməsindən əvvəl iddianın Cavabdeh2 aid hissəsinin əsaslılığına qiymət verilməlidir.
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, kredit müddəti zamin Cavabdeh2 razılığı olmadan artırılmış və bu dəyişdirilmə onun üçün əlverişsiz nəticəyə səbəb olmuşdur ki, bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə uyğun olaraq, zaminliyə xitam verilməsi üçün əsaslardan biridir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, İddiaçı kredit borcunun həm də Cavabdeh2 tutulmasını tələb etməkdə haqlı deyil.
14. Beləliklə, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 etirafı qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də qəbul edilməli, iddia qismən təmin edilərək, ondan 80.000 manat məbləğində pul alınıb İddiaçı ödənilməli, iddia 80.000 manat məbləğində borcun müştərək qaydada Cavabdeh2 da tutulması hissəsində təmin edilməməlidir.
15. İddiaçının 80.000 manat məbləğində pul tələbinin Cavabdeh1 münasibətdə təmin olunmasını nəzərə alaraq, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 330 manat məbləğində dövlət rüsumu həmin cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 470.1, 470.2, 472.1, 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2018-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5, 119.1, 191.1, 191.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən götürülmüş borc pul müqabilində iddiaçıya müəyyən faizlər ödənilmişdir, həmin faiz məbləğləri məhkəmə tərəfindən araşdırılmadan bu hissəyə hüquqi qiymət verilməmişdir. İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlansa da, məhkəmədə iddia tələbi müddət ötürüldükdən sonra verilmişdir. Cavabdeh tərəfindən iş üzrə əhəmiyyətli sənədlər məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, şikayət formal olaraq verilmişdir, əsassızdır və sadəcə borcun geri qaytarılması vaxtını bir az da uzatmaq xarakteri daşıyır. Cavabdeh özü məhkəmə iclasında da həqiqətən iddiaçıya 80.000 manat borcunun qaldığını (baxmayaraq ki, tərəflər arasındakı borc müqaviləsində borc məbləği 148.900 manat göstərilmiş, cavabdehin isə həmin məbləğdən hər hansı vəsaiti geri qaytarmasına dair ümumiyyətlə sübutu olmamışdır) etiraf etmiş, borcun qaytarılması üçün ona vaxt lazım olduğunu bildirmişdir. Hazırda da apellyasiya şikayəti verməklə həmin vaxtı qazanmağı planlaşdırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizəsində işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı ona xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 148.900 manat məbləğində borc pul vermişdir. Daha sonra tərəflərin yazılı razılaşması ilə borcun qaytarılmasının son müddəti xx.xx.2024-cü il müəyyən edilmişdir.
26. İddiaçı hazırda həmin kredit müqaviləsi üzrə ödənilməmiş 80.000 manat məbləğində borcun tutularaq ona ödənilməsini tələb edir.
27. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddiaçıya 80.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir.
28. Cavabdeh apellyasiya şikayətində borc pul müqabilində iddiaçıya müəyyən faizlər ödədiyini və həmin faiz məbləğlərinin məhkəmə tərəfindən araşdırılmadığını iddia etsə də, həmin müqavilə üzrə həyata keçirdiyi ödənişlərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirdiklərindən, onun iddiaçıya faizlər ödəməsi ağlabatan olmamışdır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilməmişdir. Halbuki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o, halda verilə və ərizə o, halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin.
30. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 bütün məhkəmə iclaslarında iştirak etmiş, iddia müddətinin tətbiqi haqqında yazılı ərizə təqdim etməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş, lakin bu hüququndan istifadə etməmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 7204/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.