Məhkəmə qərarları › İş №2(103)-1582/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1582/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1582/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3522/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BANK “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredi müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Bundan əlavə iddiaçı iddianı təmini tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh2 mülkiyyətində olan “Toyota-Land-Cruiser-Prado” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı və “Toyota-Land-Cruiser-Prado” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehə avtomobillərdən istifadə etmək qadağan edilməklə avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3522/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianı təmini tədbiri barədə ərizə qismən təmin edilərək, Cavabdeh2 mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Toyota-Land-Cruiser-Prado” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, BAN JTEBL29J585093115, qara rəngli, 2014- cü il buraxılışlı “Toyota Prado” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı, BAN JTEBX3FJ805076988, ağ mirvari rəngli və 2013-cü il buraxılışlı “Toyota-LandCruiserPrado” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı, BAN JTEBX3FJ90K164885, qara rəngli avtomobillərin üzərinə həbs qoyulması, ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3522/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından narazı qalan cavabdehlər tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və iddia təmin tədbiri barədə ərizənin təmin edilməməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış olan birinci instansiya məhkəməsi mübahisə predmeti olmayan və üzərinə həbs qoyulmuş Cavabdeh2 mülkiyyətində olan "Toyota-Land-Cruiser- Prado" minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prado" minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı və "Toyota-Land-Cruiser-Prado" minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyəri BANK "xxxx" ASC və Cavabdeh1 arasında bağlanan kredit müqaviləsi ilə verilən borc məbləğinin dəyərindən qat-qat yüksəkdir. Kredit müqaviləsinə əsasən borcun məbləği ümumilikdə 9120 (doqquz min bir yüz iyirmi) manat 94 (doxsan dörd) qəpikdir. Əvvəla qeyd olunmalıdır ki, borc məbləğinin dəyəri üzərinə həbs qoyulmuş əmlakın dəyəri ilə uyğun olmalıdır. Bundan başqa əsl cavabdehə qarşı bütün imkanlar bitməyibsə, zaminə qarşı hər hansı təmin tədbiri görülə bilməz. Belə ki, əsl cavabdeh borclu Cavabdeh1 olduğu halda, iddianın təmini tədbiri barədə tədbir zamin Cavabdeh2 əmlakı barəsində təmin edilmişdir. Bu isə tamamilə əsassız və ədalətsiz bir yanaşma olmuşdur. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3522/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasında iştirak edən Cavabdeh1 vəkili Vəkil şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmyaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, digər Cavabdeh2 isə kollegiya iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi, gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin tələblərindən göründüyü kimi, məhkəmə tərəfındən iddianı təmin etmə tədbiri görülməsi barədə iddia təmin ediləcəyi təqdirdə iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin tədbiri barədə ərizə qismən təmin edilməmişdən əvvəl üzərinə həbs qoyulması tələb olunan nəqliyyat vasitələrinin real bazar qiyməti müəyyən edilməlidir. Çünki hazırki iddia tələbinin həcmi ümumilikdə 9139,96 manat təşkil edir. Həmçinin cavabdehin vəkili tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin № QXM/222, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 2014-cü il buraxılış ili olan “Toyota Prado” minik markalı avtomobilin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində 2014-cü il buraxılış ili olan “Toyota Prado” minik markalı avtomobilin bazar dəyəri 50.000 (əlli min) manat müəyyən edilmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayətləri qismən təmin olunmalı, Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3522/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3522/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasmal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar