Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1584/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-5470/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2079,82 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, «İddiaçı» İstehsalat Birliyi xx.xx.2020-ci il tarixli, AKX-02032xx/xx-2020 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin mənzilə **********00063 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********31 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin və «X3»nın 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, xx.xx.2017-ci il tarixində «İddiaçı» İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi faktı aşkar olunmuşdur. Sayğac çıxarılmış və tədqiq edilməsi üçün laboratoriyaya göndərilmiş, yerində isə yeni G-4 markalı, 1702AZ**********85 nömrəli sayğac quraşdırılmışdır. Lakin xx.xx.2018-ci il tarixində də mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, istehlakçı yeni quraşdırılmış qaz sayğacına da müdaxilə edərək sayğacın gövdəsinin əzildiyi və daxilində yad əşya qırıntısının olduğu aşkar olunmuşdur. Çıxarılan qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Labaratoriyasına göndərilmiş, sayqac yoxlanılarkən müdaxilə olunduqu təsdiq edilmisdir. İTRİ-nin MSK-29/1710-00071-1 saylı və 29/1710-00892-1 saylı rəyləri əsasında «İddiaçı» İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə fakta görə ******* və ******* saylı «Təbii X3nın pozulması haqqında» aktlar tərtib edilmiş, cavabdeh imzalamaqdan imtina etmişdir. Sayğaca müdaxilə nəticəsində külli miqdarda təbii qaz itirilmiş və bununla bağlı hesabat aparılaraq, cavabdehə xx.xx.2017-ci il tarixində 410,40 manat, xx.xx.2018-ci il tarixində isə 1944 manat həcmində itirilmiş qaz müəyyən edilərək dəymiş ziyan hesablanmışdır. Bundan əvvəl cavabdehin Birliyə 151,20 manat borcu olmuşdur. Cəmi borcdan 375,73 manat ödənis edilmis, 2079,82 manat borc qalmışdır. Cavabdehə 2079,82 manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafıq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Lakin, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 5470/2020 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, madi və prosessual hüquq normalarının pozulması, iddiaçının təqdim etdiyi aktların 2017 və 2018-ci illərdə tərtib olunması, lakin həmin vaxtı onun iştirakının təmin olunmaması, aktların imzalanması üçün ümumiyyətlə ona təqdim olunmaması, bu səbəbdən də aktlarda imzalamaqdan imtina etdi kimi qeydlərin əsassız olması, aktlarda qeyd edilən qüsurlarda onun təqsirinin olmaması, sayğacın ona məxsus fərdi yaşayış evinin hüdudlarından kənarda quraşdırılması, bu səbəbdən də sayğaclara istənilən şəxsin müdaxilə etmək imkanının olması, onun tərəfindən sayğaclara hər hansı qanunsuz müdaxilənin olmaması, həmin aktlara görə ona əsassız olaraq cərimələrin yazılması, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan xx xxxxx 2017-ci il tarixli, ******* nömrəli «Təbii X3nın pozulması haqqında» aktın surətindən görünür ki, qaz sayğıcının hesablama mexanizminin qoruyucu şüşəsinin sınması aşkar olunmuşdur. İşdə olan «İtirilmiş təbii qazın dəyərinin hesablanması» barədə xx xxxxx 2017-ci il tarixli hesabatdan görünür ki, xx xxxxx 2017-ci il tarixli, ******* nömrəli «Təbii X3nın pozulması haqqında» akta əsasən itirilmiş qazın həcmi kimi 2052 m3 hesablanmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli «Təbii X3nın pozulması haqqında» aktın surətindən görünür ki, qaz sayğıcının gövdəsinin əzilməsi, sayğacın daxilində yad əşya qırıntılarının mövcudluğu aşkar olunmuşdur. İşdə olan «İtirilmiş təbii qazın dəyərinin hesablanması» barədə xx xxxxxx 2018-ci il tarixli hesabatdan görünür ki, xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli «Təbii X3nın pozulması haqqında» akta əsasən itirilmiş qazın həcmi kimi 9720 m3 hesablanmışdır. İşdə olan abonent saldosundan görünür ki, cavabdehə aktlar üzrə 2017-ci ili aprel ayı üzrə 410,40 manat (2052 m3), 2018-ci ilin avqust ayı üzrə isə 1944 manat (9720 m3) əlavə sərfiyyat hesablanmıqşdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız aktların mövcudluğuna əsaslanmış, lakin iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutların qiymətləndirilməsində, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmçinin, «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşdə olan, iddiaçının iddia etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının və ya onun hər hansı ailə üzvünün iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərdən isə bu istiqamətdə Qaydaların tələblərinə tam riayət olunması halı müəyyən olunmur. İddiaçı isə tərtib olunmuş aktlara əsasən cavabdehdən pul (dəymiş ziyan) tələb edir. Halbuki, cavabdehin həmin aktlarda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, qeyd edilməlidir ki, əgər həqiqətən 2017 və 2018-ci illərdə cavabdehin təqsiri üzündən sayğacın zədələnməsi və s. aşkar aşkar edilirdisə, o zaman Qaydalara əsasən iddiaçı tərəf, həmçinin dəymiş zərərin ödənilməsi istiqamətində də tədbirlər görməli idi. Lakin, keçən uzun müddət ərzində nəyə görə zərərin tələb olunmamasını iddiaçı tərəf əsaslandıra bilməmişdir. İddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair də sübut təqdim edə bilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflər arasında «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı» barədə müqavilə xx.xx.2020-ci il tarixdə, yəni qeyd edilən aktların əksəriyyətinin tərtibindən sonra bağlanmışdır. Həmçinin, müqavilədə də əvvəlki aktlarla (müdaxilə və s.) və onlara əsasən hesablanmış pul vəsaitləri (ziyan) ilə bağlı hər hansı xüsusi qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı təşkilat 2017-2018-ci il tarixlərdə tərtib olunmuş aktlarda göstərilən pozuntulara görə cavabdehin təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. İddiaçı isə cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən aktlar üzrə özünün istinad etdiyi halları, yəni aktların qəbul edilməsi üçün əsas olmuş halları əsaslandırmaq və sübut etmək yükünü daşıyır. Əks halda, həmin aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnam ləğv olunmalı, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-5470/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-5470/2020 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1584/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1584/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver