Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1584/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-18/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 2(006)-18/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı3 və qeyrilərinin cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilərək 2013-2020-ci illər ərzində mübahisəli torpaq sahəsində yonca bitkisinin əkilib-becərilib satış vəziyyətinə gətirilməsi üçün 16966.92 manat, qeyd edilən illər ərzində yonca bitkisindən əldə oluna biləcək 108119.24 manat məbləğində maddi ziyan (əldən çıxmış fayda) və zəbt edilmiş 9,10 ha torpaq sahəsinin müqabilində real bazar qiyməti nəzərə alınmaqla, yəni 95.500 manat məbləğində pul vəsaiti "xxxx" QSC-dən tutularaq İddiaçı3 və qeyrilərinə ödənilməsi, iddiaçılar İddiaçı3 və qeyrilərinin mülkiyyətlərinə verilmiş 9,10 ha sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarına xitam verilməsi müəyyən edilmişdir. Qətnamə mübahisələndirilməmiş və icra edilməsi üçün 27 iyul 2023-cü il tarixdə Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra Şöbəsinin e176163/23-5-40-007 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə tələb borclu tərəfindən tam olaraq təmin ediliyi üçün iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, 25 sentyabr 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi (bundan sonra İdarə) qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulmaqla qəbul edildiyini, buna görə də şikayətin təmin edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin eyni saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti (forma və məzmuna riayət edilmədiyi göstərilməklə) hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmışdır. İdarənin həmin qərardaddan verdiyi şikayət Məhkəmənin eyni saylı, 10 oktyabr 2023cü il tarixli qərardadı ilə təmin edilməmiş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6818/23 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, mübahisələndirilən qətnamənin İdarənin hüquq və vəzifələrinə toxunub toxunulmaması halları araşdırılmadığından rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra Nəsimi Rayon Məhkəməsi eyni saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İdarəni qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan şəxs qismində tanımış və apellyasiya şikayətini baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib şikayətin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət onu verən şəxsə geri qaytarılması üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla qeyd edilməlidir ki, bundan öncə Bakı Apellyasiya Məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işi geri qaytararkən öz (xx.xx.2023-cü il tarixli) qərardadında qətnamənin İdarənin hüquq və vəzifələrinə toxunub toxunulmaması hallarının araşdırılmasına dair göstəriş nəzərdə tutmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin qərardadındakı göstərişləri nəzərə almadan hər hansı zəruri və lazımi araşdırma aparmadan və əsaslandırmadan xx.xx.2023-cü il tarixli qərardadı ilə İdarəni qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan şəxs qismində tanımış və apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir. Bununla yanaşı, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2). Nəzərdən qaçırmaq olmaz ki, birinci instansiya məhkəmələrinin, ümumiyyətlə isə bütün məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə, həmin şəxslərin dairəsinin qanunla məhdudlaşdırılması qətiyyən təsadüfi olmayıb, ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik prinsiplərinə əsaslan düşünülmüş bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktını mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənlik prinsipi ilə daban-dabana ziddiyyət təşkil etmiş olardı. İdarənin hazırkı iş üzrə 357.1-ci maddədə nəzərdə tutulmuş şikayət vermək hüququ olan şəxslər sırasına aid olmadığı mübahisəsizdir. Belə ki, o, hazırkı mülki işdə tərəf və ya üçüncü şəxs olmamışdır. Belə olan halda onun MPM-in 357.2-ci maddəsinə əsasən istinad olunan məhkəmə qətnaməsindən şikayət vermək hüququnun (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunan digər şəxs) olub-olmaması araşdırılmalıdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə desək, qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Yeri gəlmişkən, qeyd edilməlidir ki, eyni qayda apellyasiya instansiya məhkəməsinin məhkəmə aktlarını mübahisələndirmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimat verilməsi üçün müraciət etmək istəyən və işdə iştirak etməyə cəlb olunmayan şəxslərə münasibətdə də tətbiq edilməlidir. MPM-in 357.2-ci və 403.2-ci maddələrinin müqayisəli təhlilindən də aşkar şəkildə bu nəticə hasil olur. Hazırkı mülki iş materiallarından da açıq-aşkar göründüyü kimi İdarə iş üzrə tərəf olmamışdır, eləcə də yuxarıda sadalanan maraqlı şəxslər kateqoriyasına aid deyil, yəni bu şəxslərin dairəsinə düşmür. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi sözügedən (xx.xx.2023-cü il tarixli) qətnamə ilə İddiaçı3 və qeyrilərinin cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbi təmin edilmiş, qətnamə icraya yönəlmiş və icra sənədi üzrə tələb borclu tərəfindən tam icra edildiyi üçün Nəsimi rayon İcra Şöbəsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə icra işi üzrə icraata xitam verilmişdir. Həmin qətnamənin məzmunundan və “qət etdi” hissəsindən də aydın görmək mümkündür ki, məhkəmə qətnamə ilə İdarənin üzərinə hər hansı öhdəlik qoymamışdır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qətnamə İdarənin hər hansı hüquq və vəzifələrinə toxunduğu müəyyən olunmur. Bununla yanaşı, İdarə də öz apellyasiya şikayətində qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunduğunu, məhkəmə aktının hansı hissədə onun maraqlarına zidd olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə, analoji işlərdə məhkəmə qətnaməsi ilə hansısa icra orqanına müəyyən (müvafiq şəhadətnamənin verilməsi, paylara müvafiq çıxarışın verilməsi və s.) hərəkətin edilməsinin nəzərdə tutulması öz-özlüyündə həmin orqanların bu qətnamələri mübahisələndirmələri üçün əsas ola bilməz. Çünki məhkəmə qətnaməsində belə bir göstərişin olub-olmamasından asılı olmayaraq, müvafiq icra orqanı həmin hərəkətləri həyata keçirməyə qanuna əsasən borcludur. Məsələn, oturuşmuş məhkəmə praktikasına görə mirasın qəbul edilməsi faktını müəyyən edən məhkəmələr bir qayda olaraq qətnamənin nəticə hissəsində müvafiq şəhadətnamənin verilməsinin notariat orqanına həvalə olunması barədə də (göstəriş) qeyd edirlər. Və yaxud başqa bir misal, ər-arvadın daşınmaz əmlakdakı paylarını müəyyən edən məhkəmələr bir sıra hallarda daşınmaz əmlakın reyestr xidmətinə müəyyən etdiyi paylara müvafiq yeni çıxarışın verilməsinə dair vəzifə həvalə edirlər. Qüvvədə olan qanunvericiliyə görə miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi notariat orqanının, daşınmaz əmlakla bağlı hüquqların qeydə alınması isə müvafiq icra orqanının-daşınmaz əmlakın dövlət reyestr xidmətinin ərazi idarələrinin vəzifəsidir. Belə olan halda aydın olur ki, məhkəmə qərarlarında müvafiq göstərişlərin qeyd edilib-edilməməsindən asılı olmayaraq, həmin məhkəmə aktlarından irəli gələn hərəkətlərin müvafiq icra orqanları tərəfindən, həm də mütləq qaydada yerinə yetirilməsi qanunun tələbidir. Demək ki, məhkəmə aktlarındakı göstərişdən asılı olmayaraq, həmin orqanlar məhkəmə aktlarından irəli gələn müvafiq hərəkətləri etməyə borcludurlar. Bununla belə, hazırkı mülki işdə olduğu kimi, bir sıra başqa işlərdə də bunun üçün subyektiv hüquqların və qanuni əsasların olmamasına baxmayaraq, həmin qurumlar tam əsassız yerə məhkəmə aktlarını mübahisələndirirlər ki, bu da dövlət resurslarının izafi yerə itirilməsinə, eləcə də (onsuz da iş yükü çox olan) məhkəmələrin lüzumsuz yerə əlavə yüklənməsinə gətirib çıxarır ki, bu isə öz növbəsində ədalət mühakiməsinin səmərəliliyinə ciddi xələl gətirir. Bir sıra məhkəmə qərarlarında bu cür göstərişlərin qeyd olunmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu hal dövlət hakimiyyət orqanı kimi məhkəmələr tərəfindən dövlətin pozitiv öhdəliklərinin icrası kimi qəbul olunmalıdır. Hazırki işdə isə, ümumiyyətlə, həmin məhkəmə aktında şikayət verən İdarə tərəfindən hər hansı bir hərəkətin edilməsi nəzərdə tutulmamış, eləcə də İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, sözügedən məhkəmə aktına əsasən verilmiş icra sənədinə də xitam verilmişdir. Qeyd edilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, hazırki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-18/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə İdarə tərəfindən hər hansı hərəkətlərin edilməsi nəzərdə tutulmadığından, onun üzərinə hər hansı öhdəliklər qoyulmadığından, həmçinin tələbin borclu tərəfindən tam icra edilməsi əsasına görə Nəsimi İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 22 avqust 2023-cü il tarixdə xitam verildiyindən İdarə həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs hesab edilə bilməz, buna görə də onun şikayəti qeyri-mümkün sayılmalı və sonrakı prosessual hərəkətlərin (şikayətin geri qaytarılması) üçün edilməsi mülki iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.4-cü maddəsinə görə apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Nəsimi Rayon Məhkəməsinin 2(006)-18/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən DƏDKR PHŞ 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, sonrakı prosessual hərəkətlərin edilməsi (şikayətin geri qaytarılması) üçün mülki iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1584/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1584/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver