Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1585/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2071/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2071/2020 saylı məhkəmə əmri ilə xx.xx.1961-ci il tarixdə Şəki şəhərində doğulmuş, ünvan 1 ünvanda yaşayan borclu Cavabdeh kreditor İddiaçı xeyrinə 548,80 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə göstəriş verilmişdir. Borclu Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2071/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2071/2020 nömrəli məhkəmə əmri ilə borclunun ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2071/2020 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, fərdi sahibkar İddiaçı xx.xx.2019-cu il tarixli 16505 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 55 manat ödənilməsi şərti ilə 658,80 manat dəyəri olan 1 ədəd “Samsung SM” markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Cavabdeh ödəməli olduğu borcu ödəməkdən yayınmış və müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə şifahi və bir dəfə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 55 manat ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Cavabdehin hazırda ödənilməmiş qalan borcu 498,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu təşkil edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2071/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 16505 nömrəli alğısatqı və öhdəlik müqaviləsinə əsasən aldığı “Samsung SM” markalı mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 498,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu, o cümlədən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 568,80 (beş yüz altmış səkkiz manat səksən qəpik) manat pul tutularaq, İddiaçı ödənilməsi, iş üzrə ödənilməmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, onun borcunun qalan hissəsini qrafik üzrə ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, O, mobil telefonu iddiaçıdan əldə etmişdir. Həmin vaxtı bacısı oğlu X2 ona zamin durmudur. O, telefonu X1 vermiş, Ramin isə krediti ödəməmişdir. O, hal-hazırda işləmir, əldə etmədiyi mal üçün pul ödəmək imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli 16505 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 55 manat ödənilməsi şərti ilə 658,80 manat dəyəri olan 1 ədəd “Samsung SM” markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı mobil telefonun dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alınmış “Samsung SM” mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 498,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu olmaqla, cəmi 548,80 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin əzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kollegiya hesab edir ki, məhkəmə sübutlara məcmu halında qiymət verərək, iddianı təmin etməklə güzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2071/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1585/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1585/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver