Məhkəmə qərarları › İş №2(103)-1585/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1585/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1585/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul" tələbinə mülki iş üzrə (Açar sözlər: aiddiyat üzrə göndərilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3761/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. “Satıcı” adlanacaq İddiaçı ilə “Alıcı” adlanacaq Cavabdeh arasında 15 yanvar 2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi imzalanmış, müqaviləyə əsasən Satıcı “əmlak” adlandırılacaq müqavilənin 1.2-ci bəndində göstərilən əşyanı (avadanlığı) Alıcıya verməyi, Alıcı isə əşyanı qəbul edib bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə Satıcıya müəyyənləşdirilmiş 143540 manat məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən əmlakın qiyməti və təsviri aşağıdakı kimidir: “İndesit” markalı paltaryuyan 70 ədəd x 408 = 28.560, Zanussi markalı paltaryuyan 70 ədəd x 388 = 27 160, Çinar markalı soyuducu 140 ədəd x 335 AZN = 46 900 AZN, Elektrolux markalı kondisioner 9-luq 50 ədəd x 432 = 21 600 AZN, Zanussi markalı kondisioner 12-lik 40 ədəd x 483 = 19 320 AZN, cəmi 143 540 AZN.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan onun xeyrinə 7935 manat və 94622 ABŞ dolları ödəniş gününün məzənnəsinə uyğun məbləğdə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehi 2012-ci il tarixdən tanıyır. Şəmkir şəhərində yerləşən ona məxsus olan “Şəmkir Electronics” mağazasına kompüter avadanlıqları satmışdır. 2018-ci ildə cavabdehə bildirmişdir ki, bankdan kredit götürmək istəyir, cavabdeh isə qarşılığında qohumunun “AF Holding” şirkətlər qrupunun rəhbəri olduğunu və bankdan kredit almağına köməklik göstərəcəyini bildirmişdir. Bu məqsədlə cavabdeh ondan 2018-ci ilin yanvar ayında kredit almaq üçün lazımlı sənədləri və 500 manat pulu almışdır. Cavabdeh söz vermişdir ki, İqtisadi İnkişaf Nazirliyindən ona bank vasitəsi ilə kredit pul ayrıldacaq. Həmçinin cavabdeh demişdir ki, şirkət müdirü olan qohumuna məişət avadanlıqları lazımdır və həmin məişət avadanlıqlarını onun mağazasından almaq istəyir. Bu səbəbdən o xx.xx.2018-ci ildə bir ədədi 335 manat dəyərində “Çinar SM 111” markalı 140 ədəd soyuducu almışdır. Növbəti gün ondan bir ədədi 240 ABŞ dolları olan 70 ədəd “İndesit” markalı 6 kiloqramlıq paltaryuyan maşın almışdır. xx.xx.2018-ci il tarixdə bir ədədi 228 ABŞ dolları olmaqla “Zanussi ZVSG 710 İV” markalı 40 ədəd paltaryuyan və həmin qiymətə olan “Electrilux EMS 1064 NAU” markalı 30 ədəd paltaryuyan, bir ədəd 255 ABŞ dolları olan “Zanussi 09 HP” markalı 50 ədəd kondisioner, bir ədədi 285 ABŞ dolları olan “Zanussi 12 HP” markalı 40 ədəd kondisioner almışdır. Həmin məişət avadanlıqlarını cavabdehin qeyd etdiyi saxlanc yerinə mədaxil qəbzləri ilə göndərmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə malların dəyərini ödəyəcəyini vəd etmişdir. Lakin bu vədə əməl etməmişdir. Sonrada onunla əlaqə yaratmağa calışsa da, müsbət nəticə verməmişdir. Bu söhbətdən sonra xx.xx.2018-ci il tarixdə bir ədədi 178 ABŞ dolları olan 140 ədəd “Vestel 132” markalı televizoru mədaxil qəbzi ilə qeyd olunan saxlanc yerinə göndərimişdir. Cavabdeh aldığı malların dəyərindən xx.xx.2018-ci il tarixdə 17000 manat, xx.xx.2018-ci il tarixdə 30000 manat pul vermişdir. Lakin qalan məbləği ödəməmiş, bununlada hazırda 7935 manat və 94622 ABŞ dolları borcu yaranmışdır.

4. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3761/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehdan onun xeyrinə 7935 manat və 94622 ABŞ dolları ödəniş gününün məzənnəsinə uyğun məbləğdə və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə cavabdehin iddiaçıdan götürülmüş malların dəyərinin iddiaçıya ödəmədiyinə görə ona öz hərəkətləri ilə ziyan vurduğu təsdiq edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3761/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına cavab vermir. Mülki işin materiallarında olan 10 may 2019-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarın mətnindən müəyyən olunur ki, Bakı şəhəri Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli qərarından Cavabdeh fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq məişət texnikasının satışı ilə məşğuldur. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi mövcud olmuşdur. Həmin müqavilə üzrə götürülmüş malların bir qisminin dəyəri ödənilmişdir. Hazırda da malların dəyəri hissə-hissə ödənilməkdədir. xx.xx.2018-ci il tarixdə Cavabdeh satış adı ilə İddiaçı götürdüyü malların bir qisminin satılaraq İddiaçı qısa zaman ərzində, xx.xx.2018-ci il tarixdə 17000 manat, xx.xx.2018-ci il tarixdə 30000 manat pul ödəməsi bir daha onu göstərir ki, mallar satıldıqca onların dəyəri qaytarılır. Yəni alqısatqı üzrə mülki münasibətlər zəminində tərəflərin münasibətləri davam edir. Məlum olduğu kimi işin hərtərəfli və tam araşdırılması əsaslı qətnamə çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalıdır. Lakin məhkəmə qətnaməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırılmamışdır. İşə baxan məhkəmə işə baxan zaman onun işdə iştirakını təmin etməmiş, işin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar etməmişdir. Belə ki, ona məhkəmənin vaxtı və yeri barədə heç bir bildiriş gəlmədiyi halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi öz qətnaməsində əsassız olaraq göstərir ki, guya ona məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qənaətinə görə Azərbaycan Respublikası MPM-nin 9-cu və 185.5-cimaddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxlmasını mümkün hesab etməklə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən mülki mühakimə icraatının fundamental prinsiplərindən biri olan "çəkişmə prinsipinə" zidd olaraq tərəfi çağırmadığına, onun dəlillərini, izahatlarını nəzərə almadığına görə məhkəmənin qəbul etdiyi qərar qanuni və əsaslı sayla bilməz.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

8. Cavabdeh vəkili Vəkil3 məhkəmə iclasında bildirdi ki, iş materiallarının Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır.

9. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, işə baxılmasını və yekun qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

10. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

11. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

12. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

13. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.

15. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında bir ədədi 335 manat dəyərində “Çinar” markalı 140 ədəd soyuducu, bir ədədi 408 ABŞ dolları olan 70 ədəd “İndezit” markalı 6 kiloqramlıq paltaryuyan maşın, bir ədəd 388 ABŞ dolları olan 70 ədəd “Zanussi” markalı paltaryuyan, 1 ədəd 432 ABŞ dolları olmaqla 50 ədəd Elektrolux marlkalı kondisioner, 1 ədədinin qiyməti 483 ABŞ dolları olmaqla “Zanussi” markalı 40 ədəd kondisionerin nisyə alğı satqısı barədə müqavilə bağlanmışdır.

16. Göründüyü kimi tərəflər arasında imzalanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və bunun əvəzində gəlir əldə edilmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı məxsus ********** nömrəli, xx.xx.2006-cı il tarixli VÖEN mövcuddur. Eyni zamanda Cavabdeh məxsus ********** nömrəli, xx.xx.2012-ci il tarixli tarixli VÖEN mövcuddur.

17. Hazırda iddiaçı verilmiş mallara görə ödənilməmiş 7935 manat və 94622 ABŞ dolları borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

18. Qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında imzalanmış müqavilə ilə əlaqədar olmuşdur. Belə ki, 140 ədəd soyuducu, 140 ədəd paltaryuyan maşın, 90 ədəd kondisionerin şəxsi istehlak məqsədilə əldə edilmədiyi aşkardır.

19. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.

21. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.

22. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1əyə əsasən tərəflər düzgün olmayaraq aralarında gələcəkdə mövcud olacaq mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edilməsi ilə bağlı razılığa gəlmişlər. Cavabdehin rəsmi qeydiyyat ünvanı Şamaxı şəhəri olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

24. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüququ Şurasının 4 nömrəli, 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Şamaxı rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidir.

25. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3761/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3761/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar