Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1586/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X5, Cavabdehlər Cavabdeh2 və onun vəkili X6, Cavabdeh1 və onun vəkili X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 384.000 ABŞ dolları, Cavabdeh2 200.000 ABŞ dolları, maddi ziyan olaraq 17.520 ABŞ dolları, mənəvi zərərə görə isə 1.000 manat olmaqla, ümumilikdə 601.520 ABŞ dolları məzənnə üzrə ödəmə gününə manatla pulun və 1.000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xeyrinə olaraq Cavabdeh2 alınan 21 mart 2013-cü il tarixli, 16 iyun 2013-cü il tarixli, 21 sentyabr 2012-ci il tarixli, 21 dekabr 2011-ci il tarixli, 27 yanvar 2012-ci il tarixli və X1 alınan 11 yanvar 2012-ci il tarixli, 25 noyabr 2011-ci il tarixli, 03 oktyabr 2011-ci il tarixli, 28 noyabr 2011-ci il tarixli, 13 dekabr 2011-ci il traixli, 03 yanvar 2012-ci il tarixli, 04 yanvar 2012-ci il tarixli, 16 iyun 2013-cü il tarixli, 16 iyun 2013-cü il tarixli, 21 mart 2013-cü il tarixli və 05 iyun 2013-cü il tarixli qəbzlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-1113/2020 nömrəli mülki iş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-9/2020 saylı mülki işlə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədi ilə həmin işlərin birləşdirilməsi, onlara birgə baxılması məsələsinin həll edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Hazırkı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək çoxsaylı ara qərardadları apellyasiya və kassasiya qaydasında mübahisələndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 196.400 (bir yüz doxsan altı min dörd yüz) ABŞ dolları məbləğində borc, Cavabdeh1 isə 384.000 (üç yüz səksən dörd min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulması qərara alınmış, iddia digər hissədə təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər qətnamədən birgə apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişlər ki, iddiaçı borc verməsi ilə bağlı sübut kimi qəbzləri təqdim etmişdir, həmin qəbzlər isə olduqca ziddiyyətlidir, çünki, iddiaçı özü izahatında da cavabdehlərə qəbzlərdə göstərilən tarixlərdə pul vermədiyini, sadəcə onlar əvvəlki borclarını toplayaraq sonradan qəbzləri imzalatdığını desə də, rayon məhkəməsi həmin qəbzlərə istinadən cavabdehlərdən pul tutmuşdur. İddiaçının öz izahatları da ziddiyyətli və mücərrəd olmuş, buna görə də həmin qəbzlərlə pulun verilməsi müəyyən oluna bilməz. Belə ki, qəbzlərdəki imza onlara məxsus olsa da, qəbzlərdəki yazı onlara məxsus deyil, çünki onlar latın qrafikasında yazırlar, qəbzdəki yazı isə kril qrafikası ilə yazılmışdır, rayon məhkəməsində müvafiq ekspertiza keçirilsəydi həmin qəbzlərin onlar tərəfindən yazılmadığı da məlum olardı, onların tələbinə baxmayaraq rayon məhkəməsi ekspertiza keçirməkdən imtina etmişdir. Bundan əlavə, rayon məhkəməsi iddiaçının sələmçi olmasını, hazırda tələb etdiyi pulun faizin faizi olmasını, buna dair təqdim olunmuş çoxsaylı sübutlara, polisdə aparılmış araşdırma materiallarına əhəmiyyət verməmiş, sübutlara qiymət verərkən isə qərəzsiz və obyektiv olmamış, maddi və prosessual normaların tələblərinə əməl etməmiş və nəticədə də onların hüquqlarını pozan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi, iddia tələbinin “pul tələbi və sair” hissədə rədd edilməsi, “qəbzlərin etibarsız hesab edilməsi” hissədə isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və E.Abdulsalamov ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və eyni məzmunlu izahat verərək göstərdilər ki, iddiaçı ilə 90-cı illərdən münasibətləri var, müxtəlif iş birlikləri olmuşdur, iddiaçı ilə 2008-ci ildə borc münasibətləri olmuş, borclarını da artıqlaması ilə qaytarmışlar, onlardan indi istənilən pul 2008-ci ildəki qaytarılmış borcun faizinin şişirdilmiş faizidir, iddiaçı faizə borc verməklə məşğuldur, onun müxtəlif şəxslərə qarşı pul tələbi ilə bağlı çoxsaylı məhkəmə aktları mövcuddur, polisdə də çoxlu tanışları var, bu səbəbdən, onların polisdə izahatları da iddiaçının mənafeyinə uyğun əks olunmuşdur, belə ki, polisdə araşdırma zamanı onlar Rafiqə əvvəlki borclarının faizi olaraq 13500 və ya 14000 ABŞ dolları borcları olduğunu desələr də, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsi tərəfindən 06 sentyabr 2014-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda həmin məbləğ 135000 və 140000 kimi gəstərilmişdir, həmin materiallarda onların adından, guya torpaq işi ilə bağlı iddiaçıdan 2011-ci ildə borc alması barədəki məlumatlar da düşünülmüş şəkildə göstərilmişdir, həmin qərardan onlar məhkəmə nəzarəti qaydasında şikayət etmiş, həmin qərarda izahatla qərardakı rəqəmlərin düz gəlmədiyi, izahatlardakı 13500 və 14000 rəqəmlərinin qərarda səhvən- yanlış olaraq 135000 və 140000 rəqəmləri kimi qeyd olunduğu məhkəmə qararı ilə təsdiq edilmişdir. İddiaçı 2008-ci ilə qədər onlara aylıq 10% olmaqla 15.000 ABŞ dolları vermiş, onlar 2008-ci ilin mart ayında Rafiqə bildirmişdilər ki, pulu faizi ilə ona qaytarmaq istəyirlər, bununla bağlı, Rafiq onları birlikdə öz evinə çağırıb bildirmişdir ki, ona olan borclarının məbləği şişərək 86.800 ABŞ dolları olub və məhz həmin miqdarda pulu ona ödəməlidirlər, onlar etirazlarını bildirdikdə, Rafiq hədə-qorxu gəlib əks halda onlardan 500.000 ABŞ dollar tələb edəcəyini bildirmişdir. Bundan sonra onlar ümumilikdə aylıq faizlərlə birgə 70.000 ABŞ dolları ödəyə biləcəklərini bildirsələr də, Rafiq yenə də razılaşmayıb oğru aləmindən başqa-başqa adamların adlarını çəkməklə onlara hədə-qorxu gəlməyə başlamışdır. Bununla da, İddiaçı onlara hədə-qoxu gəlməklə özü ilə gətirdiyi şəxslərə göstəriş verərək onların qarşısına qələm və ağ kağız qoyaraq pul almaları ilə bağlı qəbz imzalamağa məcbur etmişdir. Bu səbəbdən də, onlar məcbur olub, həmin şəxslərin diktə etdiyi kimi boş qəbzləri imzalamışlar. Bundan sonra mütəmadi olaraq Rafiq və onun gətirdiyi “oğru aləminin” (“vor v zakone”) nümayəndələri kimi sonradan tanıdıqları və özlərini “oğru aləmi”ndə “İslam” ləqəbli İsmayıl və “Arif” ləqəbli həmin İsmayılın qardaşı Anar adlandıran şəxslər tərəfindən onlara hədələyici zənglər olunmaqla, işlədikləri maqazinlərə və evlərinə gəlməklə onları hədə və təhdid edərək Rafiqə məcburiyyət qarşısında verdikləri qəbzlərdə yazılan pulları aylıq faizləri ilə birlikdə ödəməklərini tələb etmişlər. Buna görə də, onlar qorxularından məcbur olub Rafiqin evinə gələrək yenidən təhdid altında növbəti qəbzləri imzalamışlar. Bu yolla da, 2011-ci ildən başlayaraq onlar məcburiyyətdən əmlak, torpaq və avtomobilləri sataraq və başqa mənbələrdən əldə edərək İddiaçı külli miqdarda pullar ödəmişlər. Lakin bütün bunlara baxmayaraq İddiaçı onlardan əl çəkməmiş və yenidən onların üstünə gələrək faizin faizi kimi ağlasığmaz məbləğdə - 584.000 ABŞ dolları miqdarda pul ödəmələrini tələb etmişdir. Onlar izahat verdikləri təhqiqatçıların da İddiaçı yaxşı tanıdıqlarının və onu həmişə himayə etdiklərinin şahidi olmuşlar, İddiaçı onlardan borca görə 584000 ABŞ dolları tələbi tam uydurma olmaqla əsassızdır, onun təqdim etdiyi qəbzlər də iddiası kimi yalan, əhəmiyyətsiz və etibarsızdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili S.Rəsulov apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, rayon məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual normaları pozmuş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tərəflər arasında 584.000 ABŞ dolları məbləğində borc müqaviləsinin olmasına dair qənaətə gəlsə də, buna dair hər hansı mötəbər sübuta istinad etməmiş, başlıcası isə həmin müqavilənin nə vaxt, hansı şərtlərlə və hansı müddətə bağlanması müəyyən olunmamışdır, iddiaçının özü də buna dair məhkəməyə hər hansı şübhədənkənar sübut verə bilməmişdir, rayon məhkəməsi sübut kimi yalnız iddiaçının izahatı və onun təqdim etdiyi qəbzlərə istinad etmişdir, halbuki, iddiaçının bununla bağlı izahatları olduqca ümumi, qeyri-müəyyən və ziddiyyətli olmuş, məhkəmənin istinad etdiyi qəbzlərə gəldikdə isə, onların əvvəlki qəbzlərin cırılıb atılmasından sonra yenidən tərtib olunduğunu, bu səbəbdən də qəbzlərdə bir sıra ziddiyyətlərin olduğunu, ümumiyyətlə isə həmin qəbzlərdə göstərilən tarixlərdə və orada yazılmış məbləğlərdə cavabdehlərə pulların verilmədiyini iddiaçı özü təsdiq etmişdir ki, bu da əslində cavabdehlərin “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddialarının təmin edilməsi üçün tam əsas verirdi, lakin rayon məhkəməsi cavabdehlərin iddiaya etiraz dəlillərinə heç bir əhəmiyyət verməmiş, onları araşdırmamış, bununla da MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş və bunun nəticəsi olaraq da cavabdehlərin hüquqlarının pozulmasına səbəb olan düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh E.Abdulsalamovun vəkili M.Salmanlı apellyasiya şikayətini müdafiə edərək və vəkil S.Rəsulovun bildirdiklərini eyniylə təsdiqləyərək göstərdi ki, iddiaçı iddia tələbinin əsasının təsdiqi kimi sübut olaraq öz izahatı və qəbzlərə istinad etmiş, lakin onun izahatı qeyri-müəyyən, mücərrəd və tam ziddiyyətlidir, onun təqdim etdiyi həmin qəbzlər də şübhəli və ziddiyyətlidir, mötəbər sübut sayıla bilməz, rayon məhkəməsi sübutların qiymətləndirilməsində obyektiv ola bilməmişdir, iddia tələbi aşkar əsassız olduğu üçün təmin edilə bilməzdi, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək İddiaçı iddia tələbinin rədd edilməsi, “qəbzlərin etibarsız hesab edilməsi hissədə” isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, cavabdehlərlə çoxdan tanışdırlar, keçən müddət ərzində müəyyən iş birlikləri – o cümlədən dəfələrlə pul borcu ilə bağlı münasibətləri olmuşdur, cavabdehlər ona borclu olduqları pulları qaytarmaq istəmirlər, hazırkı mülki işə baxılmasına da illərdir mane olurlar, cavabdehlərlə uzun müddətdir ki, yaxın münasibətləri olmuş, onlara inanmış, tələb etdiyi pulu onlara 2011-ci il ərzində hissəhissə olmaqla ayrı-ayrı vaxtlarda vermiş, lakin konkret hansı tarixdə və cavabdehlərdən hansına nə qədər pul verməsini dəqiq deyə bilməyəcək, həmin vaxt onlara güvəndiyindən borcla bağlı yazılı müqavilə bağlamamış, yalnız hissə-hissə verdiyi borclara görə sonradan onlardan qəbzlər - “zapiskalar” almış, sonradan həmin qəbzər çox olduğundan, onların bir neçəsini birləşdirib bir qəbzdə yazmaqla onlardan yeni qəbzlər almışdır, ilkin tərtib olunmuş qəbzləri çavabdehlər cırıb atmışlar, bu səbəbdən yeni qəbzlərdə müəyyən uyğunsuzluqlar ola bilər, əslində həmin qəbzlərdə qeyd olunan tarixlərdə cavabdehlərə pul verilməmiş, təqdim etdiyi qəbzlərin cavabdehləri aldatmaqla, onlara hədə-qorxu gələrək, təsir göstərməklə imzalatması barədə deyilənlər həqiqətə uyğun deyil, cavabdehlər borclarını qaytarmamaq üçün bəhanə olaraq belə deyirlər, polisdə də bununla bağlı araşdırma aparılmış və bu deyilənlər təsdiqini tapmamışdır, onun məhkəmələrdə başqa şəxslərə qarşı da pul tələbinə dair bir neçə iddiasının olmasının hazırkı mübahisəyə heç bir aidiyyəti ola bilməz, ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Ü.İsmayılov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, tələb olunan borcun təsdiqinə dair cavabdehlərin imzaladıqları qəbzlər mövcuddur, həmin qəbzləri özləri şəxsən imzalayıblar, onlara hər hansı hədə və ya təsir olmayıb, cavabdehlərin buna dair heç bir sübutu yoxdur, polisdə aparılan araşdırmalar zamanı da onlar iddiaçıya borclu olduqlarını etiraf etmişlər, cavabdehlər aldıqları borc pulu qaytarmaq istəmirlər, 3-4 ildir ki, onlar bu mülki işə baxılmasına maneə olurlar, rayon məhkəməsi tam və hərtərəfli araşdırma aparıb və tərəflərin bütün dəlillərinə qiymət verib, iddiaçının başqa şəxslərə qarşı da pul tələbinə dair iddialarının olmasının hazırkı mübahisənin həllinə heç bir təsiri ola bilməz, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayəti əsassızdır, ona görə də şikayətin təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi dəyərləndirmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin birgə verdiyi apellyasiya şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ikinci iş, yəni iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə aid hissədə ləğv edilməli, həmin tələbə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Kollegiya qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbinin əsasına dair məhkəməyə sübut kimi qəbzlər təqdim etmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Onların həmin iddia ərizəsi icraata qəbul olunmuş, sonradan isə İddiaçı qeyd olunan iddiası ilə bağlı Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki işlə birlikdə baxılması üçün göndərilmişdir. Binəqədi Rayon Məhkəməsi hər iki iddia üzrə mülki işləri bir icraatda birləşdirərək onlara birlikdə baxaraq qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, həmin iddiaya dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması və s.” tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbinin əsası kimi istinad etdiyi hallara dair həmin qəbzləri sübut kimi təqdim etmişdir. Aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair ərizələrində məhz həmin qəbzlərin etibarsızlığını məhkəmədən xahiş etmişlər. Belə olan halda müəyyən olunur ki, bir mülki iş üzrə iddia tələbinin əsası kimi istinad olunan hallara dair iddiaçı tərəfindən təqdim olunmuş sübutlar, cavabdehlər tərəfindən iddia icraatı qaydasında mübahisələndirilmişdir ki, bu isə prosessual qanunvericiliyin hamılıqla qəbul olunan ümumi prinsipləri baxımından yolverilməzdir. Çünki MPM-ni 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur (maddə 76.1.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (maddə 80). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). Başqa sözlə, prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələbinə görə hər bir tərəfin istinad etdiyi hala dair təqdim etdiyi sübutun etibarlılığı, yəni onun aidiyyəti sübut olması, obyektiv və subyektiv baxımdan yolverilən sübut olması, qanuni yolla əldə edilib-edilməməsi, mötəbərliliyi, onun inandırıcılıq gücü, başqa sübutlarla tamamlanması kimi məsələlər həmin işə baxan məhkəmə (hakim) tərəfindən mütləq qaydada, həm də obyektiv, qərəzsiz, hərtərəfli və tam olaraq yoxlanılmalıdır. Demək ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” ilə bağlı iddia tələbi mahiyyət etibari ilə İddiaçı onlara qarşı iddiasının əsası kimi istinad etdiyi hallara dair sübutların etibarlılığı ilə bağlı olduğundan və həmin sübutların etibarlılığı məsələsi isə mütləq qaydada İddiaçı tələbinə baxılarkən qanunun tələblərinə müvafiq olaraq yoxlanılmalı olduğundan, həmin sübutların etibarlılığı ilə bağlı məsələyə ayrıca iddia icraatı qaydasında baxılması yolverilməzdir. Bu məsələ ilə bağlı hər hansı əks yanaşma hüquqi nihilizmə yol açmış olardı. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi”nə dair iddia tələbi məhkəmədə baxılmalı olmadığına görə həmin iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəticə Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ikinci iş, yəni iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə aid hissədə ləğv edilməli və həmin tələbə məhkəmədə baxılmalı olmadığından həmin iddiaya aid hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə aid hissədə ləğv edilsin, həmin tələbə məhkəmədə baxılmalı olmadığından, həmin iddia tələbinə aid hissədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilməmişdirsə, bu müddət keçdikdən sonra qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1586/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1586/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver