Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1587/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 2n xüsusi notariusu X4 tərəfindən təsdiq olunmuş 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 faizsiz olaraq 85000 manat məbləğində pulu borc vermiş, sonuncu isə krediti 23 fevral 2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 25 sentyabr 2021-ci il tarixli sazişdən görünür ki, tərəflər qarşılıqlı razılığa gələrək 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M/1557 reyestr nömrəli kredit müqaviləsinə “borc alan krediti 23 sentyabr 2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür” məzmununda dəyişiklik etmişlər.
3. İpoteka saxlayan İddiaçı, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,15 kv.m. olan mənzili ünvan 2n notariusu Məmmədov İ.A. tərəfindən 23 sentyabr 2021-ci il tarixində 3M/1557 reyestr nömrə ilə təsdiq olunan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 100000 manat müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40.15 kv.m. olan 33 saylı mənzil ünvan 2n notariusu Məmmədov İ.A. tərəfindən xx.xx.2021-ci il tarixində 3M/1557 reyestr nömrə ilə təsdiq olunan kredit müqaviləsi üzrə İddiaçı xeyrinə 29 sentyabr 2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3913 nömrəli reyestr kitabının 365843 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyana 29 noyabr 2022-ci il tarixdə verilmiş, həmin bildirişin qeydə alınması xahiş edilmişdir.
6. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, İddiaçı həmin ərizə ilə 30 noyabr 2022-ci ildə müraciət etmişdir.
7. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsinə və digər tələblərə dair iddia ərizəsi ilə müvafiq məhkəmə instansiyasına müraciət olunacağı bildirilmişdir.
8. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin könüllü ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında həll olunacağı barədə borcalan Cavabdeh1 rəsmi xəbərdarlıq olunsa da, tələb təmin edilmədiyindən qanunvericiliyə uyğun olaraq tələbin təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlandığı bildirilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 33 saylı mənzilin bazar və likvid qiymətinin müəyyən edilməsi məqsədilə hazırki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 02 iyun 2023cü il tarixli məlumat 13 iyun 2023-cü ildə məhkəməyə daxil olmuş, məhkəmənin 14 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tərəfindən verilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 02 iyun 2023-cü il tarixli məlumatda qeyd olunmuşdur ki, iş üzrə tədqiqat obyektinə baxış keçirilən zaman, 33 saylı mənzilin faktiki olaraq söküldüyü, yerində hündür mərtəbəli yaşayış evinin tikildiyi müəyyən olunduğundan, e-2(006)-705/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 28 dekabr 2022-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır.
11. Bakı şəhəri Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsinin 19 iyul 2023-cü il tarixli 217 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 5 saylı ev 08 iyul 2021-ci ildə "xxxx" MTK tərəfindən sökülmüş, yerində yüksəkmərtəbəli ev tikilir.
12. "xxxx" MMC-nin 16 avqust 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, SS824655923AZ ştrix kodlu sifarişli-xəbərnaməli məktubun qəbul tarixi 2022-ci ilə təsadüf etdiyindən və arxiv sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun məhv edildiyindən (çatdırma vərəqi) məsələnin müfəssəl araşdırılması imkan xaricindədir. Bununla belə, sistem üzərindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, 29 noyabr 2022-ci il tarixində 22 saylı poçt şöbəsinə (PŞ) qəbul olunmuş sözügedən məktub PŞ-nin öz xidmət ərazisinə aid olmuş və 03 dekabr 2022-ci il tarixində PŞ-də şəxsən alıcıya təqdim edilmişdir. Belə ki, PŞ ilə aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh2 onun adına daxil olan poçt göndərişlərinin PŞ-də saxlanması və şəxsən özünə verilməsi barədə mövcud qaydaların tələblərinə uyğun PŞ müdirinə rəsmi ərizə ilə müraciət etdiyindən, həmin məktub da PŞ-də çatdırma vərəqi və xəbərnamə blankına imza etdirməklə şəxsən özünə təqdim edilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3, 33 saylı mənzilə dair İddiaçı ********** nömrəli 30 noyabr 2021-ci il tarixli müraciəti ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində tutmanın yönəldilməsinə dair bildiriş ilə bağlı qeydiyyat aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 85000 manat əsas borc və ödənilmiş 345 manat rüsumun Cavabdeh1 tutulması, tutulmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin iddia tələbinin ödənilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait iddia tələbinin ödənilməsi üçün yetərli olmadığı halda, cavabdehin digər əmlakı hesabına təmin edilməsi, mənzil satıldıqda cavabdehlər və onunla birlikdə yaşayan digər ailə üzvlərinin, həmçinin ipoteka müqaviləsi bağlandıqdan sonra mənzilə qeydiyyata düşən şəxslərin 1 ay ərzində evləri tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 23 sentyabr 2021-ci il tarixində kredit müqaviləsi və 25 sentyabr 2021-ci tarixli müqaviləyə dəyişiklik edilməsinə dair saziş bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ona 85000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi 25 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan ünvan 6 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən ipoteka ilə yüklü edilmişdir. Müqavilənin icra müddətinin çatmasına baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət verməyərək, hər dəfə müxtəlif bəhanələrlə krediti qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş, kredit müqaviləsinə əsasən iddiaçıdan aldığı 85000 manat pulu geri qaytarmamış, bununla da müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud surətdə pozmuşdur. Bununla da cavabdehin həmçinin iddiaçıya vurduğu zərərləri ödəmək vəzifələri də əmələ gəlmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçı 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 verdiyi 85000 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 345 manat alınaraq iddiaçıya ödənməlidir.
16. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin “tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 40,15 kv.m yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi” hissəsinin rədd edilməsini xahiş etmiş, etirazını onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında qeyd olunur ki, e-2(006)-705/2023 nömrəli mülki iş üzrə məhkəmə tərəfindən 28 dekabr 2022-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan bu barədə məhkəməyə 31 mart 2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi 02 iyun 2023cü il tarixə təyin edilmişdir. İş üzrə tədqiqat obyektinə baxış keçirilən zaman, 33 saylı mənzilin faktiki olaraq söküldüyü, yerində hündür mərtəbəli yaşayış evinin tikildiyi müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Göründüyü kimi, ipotekada olan mənzil sökülmüşdür. Bundan başqa, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə dövlət reyestrinə verdiyi 30 noyabr 2022-ci il tarixli ərizədə (tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması) göstərmişdir ki, mənzilə tutmanın yönəldilməsinə dair bildirişi ipoteka saxlayan Cavabdeh2 29 noyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Sübut kimi bildirişin surətini və poçt qəbzini əlavə etmişdir. Həmin qəbzdən görünür ki, poçta yalnız 29 noyabr 2022-ci il tarixdə İddiaçı təqdim etmişdir. Qanunun tələbinə görə poçtla verildikdən 5 gün sonra bildiriş təqdim olunmuş hesab edilir, lakin iddiaçı 29 noyabr 2022-ci il tarixdə poçta verdikdən sonra sabahı günü, yəni 30 noyabr 2022-ci il tarixdə dövlət reyestri xidmətinə müraciət etmişdir. Göründüyü kimi, qanunun tələbləri pozulmuşdur. Bildirişin surətindən görünür ki, İddiaçı bildirişi Cavabdeh2 ünvan 3, mənzil 33 göndərmişdir. Lakin sifarişli poçt qəbzində S.Vurğun küçəsi, ev 116 göstərilməklə guya 30 noyabr 2022-ci il tarixdə Cavabdeh2 aldığı göstərilmişdir. Halbuki, həmin ünvanla Cavabdeh2 heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, bildirişi Cavabdeh2 almamışdır. Dövlət reyestrinə göndərilən məktubda isə göstərilir ki, guya Cavabdeh2 bildirişi 29 noyabr 2022-ci il tarixdə almışdır.
17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə 23 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə 85000 manat əsas borcun və 345 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, kreditin tutulması Cavabdeh2 mülkiyyətində olmuş ünvan 5 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK sökərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasından verilmiş olduğu mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin iddia tələbinin ödənilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti olan ünvan 5 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK tərəfindən təqdim edilmiş mənzil satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfin sübutların təmin edilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə vəsatətlərini təmin etmədiyindən, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəmənin hazırlıq iclasında təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbinin göstərilən məzmunda dəqiqləşdirilməsi zərurəti yaranmışdır.
19. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı 05 noyabr 2023-cü il tarixdə elektron məhkəmə vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. Həmin ərizə (ərizədə dəqiqləşdirilmə yazılmasına baxmayaraq, əslində iddianın 2-ci hissəsinin dəyişdirilməsidir) icraata qəbul oluna bilməz. Belə ki, iddia tələbinin dəyişdirilməsi məhkəmənin hazırlıq iclasında mümkündür. Lakin, iddiaçı məhkəmə baxşında iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermişdir. İddiaçı ərizədə qeyd edir ki, “məhkəmə vəsatətlərimizi təmin etmədiyindən iddia tələbinin dəyişdirilməsi barədə ərizəmizi məhkəmənin hazırlıq iclasında təqdim edə bilməmişik”. Bu dəlil əsas ola bilməz, çünki mülki iş materiallarında olan 16 saylı MKTB-nin 19 iyul 2023-cü il tarixli arayışından görünür ki, mübahisəli ev "xxxx" MTK tərəfindən sökülmüş, həmin arayışdan iddiaçının məlumatı olmuşdur. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidovun məhkəməyə ünvanladığı 02 iyun 2023-cü il tarixli məlumat barəsində məktubundan görünür ki, mübahisəli olan ev sökülmüşdür və həmin məlumatı İddiaçı bilirdi, deməli, iddiaçının hazırlıq iclaslarında iddianın predmetinin dəyişməsi barədə kifayət qədər vaxtı olmuşdur. Lakin, o bundan istifadə etməmiş, baxmayaraq ki, vəkillə təmsil olunur (keyfiyyətli hüquqi yardımdan istifadə edir). Yeni iddia tələbində iddiaçı göstərmişdir ki, kreditin tutulması Cavabdeh2 mülkiyyətində olmuş ünvan 7 saylı evin 33 saylı mənzilin əvəzinə "xxxx" MTK sökərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasında verilmiş olduğu mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş vəsait iddia tələbinə yönəldilməsi üçün iddiaçıya ödənilməli, ipoteka predmeti olan ünvan 7 saylı evin 33 saylı mənzilin əvəzinə "xxxx" MTK tərəfindən təqdim edilmiş mənzil satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayan digər şəxslər mənzildən çıxarılmalıdır. Deməli, iddiaçı sübut edir ki, mübahisəli olan ünvan 7 saylı evin 33 saylı mənzili "xxxx" MTK tərəfindən sökülmüşdür və həmin ünvan 7 saylı evin 33 saylı mənzilin əvəzinə "xxxx" MTK tərəfindən Cavabdeh2 yeni mənzil verilmişdir. Lakin, İddiaçı mənzilin məhz "xxxx" MTK tərəfindən sökülməsi və Cavabdeh2 yeni mənzil verilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı Cavabdeh2 yeni mənzil verilməsini sübut edə bilməmişdir. Ümumiyyətlə, həmin MTK tərəfindən mənzilin sökülməsi mübahisəlidir və yerinə mənzil verilməmişdir. Bundan başqa, iddiaçı ümumiyyətlə iddianın həmin hissəsini qeyri-dəqiq vermişdir, çünki MPM-nin tələbinə görə iddia tələbi dəqiq olmalıdır. Hazırda İddiaçı hansı mənzilə yönəldilməsi, hansı mənzilin hərracda satılması, həmin mənzilin ünvanı, nömrəsi və sair göstərməmişdir. Həmçinin, Dövlət Reyestri Xidmətinin məktubundan məlum olur ki, Cavabdeh2 adına dövlət reyestri xidmərində qeydiyyatdan keçmiş başqa mənzil yoxdur.
20. Məhkəmə iddiaçı tərəfindən verilmiş sonuncu ərizəni və cavabdeh M.Yelena tərəfindən verilmiş etirazı nəzərdən keçirərək hesab etmişdir ki, həmin ərizənin verilməsi üçün əsasların hazırlıq iclasları zamanı yaranmasına baxmayaraq, ərizə baxış iclasında verildiyindən və ərizədə yeni bir iddia irəli sürüldüyündən, ərizə icraata qəbul edilməməlidir.
21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)- 705/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 85000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə iddia tələbinin “23 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 85000 manat əsas borcun Cavabdeh1 tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə A.Yasmin arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının A.Yasminə 85000 manat məbləğində pulu faizsiz olaraq 1 il müddətinə borc verməsi, lakin A.Yasminin müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməməsi, yəni öhdəliyini pozması işin mübahisəsiz halını təşkil edir. Belə ki, A.Yasmin bu barədə sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq, müqavilə üzrə götürdüyü borc məbləğinin hər hansı hissəsinin ödənilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin bu hissəsinin dəlilləri əsaslı olduğundan və mötəbər sübutlarla təkzib edilmədiyindən, tələb bu hissədə təmin edilməlidir. İddia tələbinin “tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi və digər” hissələrinə münasibətdə qeyd edilmişdir ki, məhkəmə araşdırmaları zamanı ipoteka predmeti olan mənzilin yerləşdiyi binanın sökülməsi, yəni ipoteka predmetinin məhv olması müəyyən edilmişdir. İpoteka predmetinin məhv olması ilə ipotekaya xitam verildiyindən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilə bilməz.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1- 269.2, 269.4-269.5, 385.1, 390.1, 390.5, 425.1, 427.3, 442, 739.1, 739.2, 740.1-740.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1, 48.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apelyasiya şikayətinin dəlillərinə görə, ipoteka predmeti cavabdehin mülkiyyətində olan mənzilin sökülərək əvəzində verilmiş mənzilə yönəldilməlidir. Məhkəmə "xxxx" MTK-nı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə bilərəkdən cəlb etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçının nümayəndəsi Vəkil2n apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
28. Cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.
29. İşə apellyasiya instansiyası mərhələsində baxılarkən "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
30. "xxxx" MTK-nın 15 aprel 2024-cü il tarixli, 23/24 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yeləşən yaşayış binaları 2021-ci ilin aprel ayında sökülmüş və yerində "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) tərəfindən çox mənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Həmin dövrdə qərardadda adı qeyd olunan Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı hər hansı müqavilə bağlamaq və sənədləşdirmə aparmaq mümkün olmamışdır. Belə ki, Cavabdeh2 məxsus mənzilin sahəsi kiçik olduğundan, həmin vaxt üçün maddi durumunu nəzərə alaraq onunla şifahi olaraq belə razılaşdırılıb ki, sökülən mənzilinin yerində yeni mənzil verilməsi məsələsinə, yalnız bina tikilib hazır olan dövrdə baxılacaqdır. Hazırda, Cavabdeh2 əlavə ödəniş edərək onlardan istədiyi sahədə yeni mənzil ala bilər. Maddi imkanı olmadığı təqdirdə razılaşmalarına əsasən ona kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam veriləcəkdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; Maddə 287. Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır;
32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 27.2. İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir. Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Maddə 32.1. İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.4. ipoteka predmeti məhv olduqda.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, iddia qismən təmin edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun dolaylı mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
37. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı apellyasiya baxışının predmetini iddia rədd olunan, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi təşkil edir.
38. İddiaçının birinci şikayət dəlili "xxxx" MTK-nı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb olunmaması ilə bağlıdır.
39. MTK hazırkı apellyasiya icraatında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş, eyni zamanda ipoteka predmetinin sökülüb-sökülməməsi barədə məlumatlar MTK-dan tələb edilmişdir.
40. 15 aprel 2024-cü il tarixli, 23/24 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanında yeləşən yaşayış binaları 2021-ci ilin aprel ayında sökülmüş və yerində "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) tərəfindən çox mənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Həmin dövrdə qərardadda adı qeyd olunan Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı hər hansı müqavilə bağlamaq və sənədləşdirmə aparmaq mümkün olmamışdır. Belə ki, Cavabdeh2 məxsus mənzilin sahəsi kiçik olduğundan, həmin vaxt üçün maddi durumunu nəzərə alaraq onunla şifahi olaraq belə razılaşdırılıb ki, sökülən mənzilinin yerində yeni mənzil verilməsi məsələsinə, yalnız bina tikilib hazır olan dövrdə baxılacaqdır. Hazırda, Cavabdeh2 əlavə ödəniş edərək onlardan istədiyi sahədə yeni mənzil ala bilər. Maddi imkanı olmadığı təqdirdə razılaşmalarına əsasən ona kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam veriləcəkdir.
41. Göründüyü kimi, ipoteka predmeti olan mənzilin sökülməsi (məhv olması) öz təsdiqini tapır ki, bu da ipoteka predmetinə xitam verilməsi üçün əsasdır.
42. Şikayətin tutmanın cavabdehin mülkiyyətində olan mənzilin sökülərək əvəzində verilmiş mənzilə yönəldilməli olması barədə dəlili əsassızdır.
43. Tutmanın yönəldilməsi yalnız rəsmiləşdirilmiş, ipoteka ilə yüklü edilmiş, barəsində hüquq dövlət qeydiyyatına alınmış ipoteka predmetinə münasibətdə mümkündür.
44. Şikayətin dəlili baxımından hüquqi əsas olan “İpoteka haqqında” Qanunun 32.1ci maddəsi ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna xitam verildiyi halda və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququnun əvəz kimi verilmiş əşyaya şamil olunmasını və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə etməsini, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldilməsini nəzərdə tutur. Lakin məhv olmuş ipoteka predmetinə əvəz verilməsi barədə nə iddiaçı tərəfindən sübut təqdim olunmuş, nə də şikayətinin dəlilləri əsasında araşdırma aparılarkən bu xüsusat təsdiqini tapmamışdır.
45. Odur ki, hazırkı halda artıq məhv olmuş əmlaka tutmanın yönəldilməsi mümkün olmadığından, və eyni zamanda əmlakın məhv olması ipotekaya xitam verilməsi üçün müstəqil əsas olduğundan, iddia tələbinin bu hissədə təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsinin tələbi baxımından ipoteka predmeti barədə sərəncam verilərkən ipoteka saxlayanın yazılı razılığı alınmalı idi. Bundan başqa, MTK tərəfindən ipoteka predmeti olan mənzil sökülərkən həmin mənzillə bağlı hüquqların, həmçinin yüklü olub – olmaması aydınlaşdırılmalı, yüklü olduğu məlum olduqda isə ipoteka saxlayanın razılığı tələb olunmalı idi. Lakin nə cavabdeh, nə də MTK tərəfindən bu tələblər yerinə yetirilmədiyindən iddiaçının zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququ vardır.
47. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
48. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)- 705/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)- 705/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.